Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:38

İran Ukrayna səfirinə etiraz bildirib


İsfahandakı hərbi zavoda dron zərbəsi endirilib
İsfahandakı hərbi zavoda dron zərbəsi endirilib

Tehran Ukrayna səfirini İran obyektlərinə dron zərbələri ilə bağlı Ukrayna rəsmilərinin bəyanatlarına görə Xarici İşlər Nazirliyinə dəvət edib.

Reuters yazır ki, söhbət ilk növbədə İsfahandakı hərbi zavoda dron zərbəsi endirilməsindən gedir.

Ukrayna İranı Rusiyaya yüzlərlə ölümcül dron verməkdə ittiham edir. Kiyev bildirir ki, Rusiya ölkənin mülki infrastrukturuna və enerji obyektlərinə məhz İran istehsalı Şahed kamikadze dronları ilə zərbələr endirir.

Ukrayna prezidenti Volodimir Zelenskinin müşavirlərindən Mixaylo Podolyak Twitter-də yazdığı postda İran obyektlərinə zərbələri Ukrayna müharibəsi ilə əlaqələndirib.

O yazıb ki, “müharibənin məntiqi müəlliflərə və onların əlbirlərinə hesab göndərir”.

Podolyak habelə qeyd edir ki, Kiyev Tehrana Moskva ilə əməkdaşlığın neqativ nəticələrinin olacağı barədə xəbərdarlıq etmişdi.

Rəsmi Kiyev İsfahandakı zavoda dron zərbələrini şərh etməyib.

İran mediası ötən həftə şənbədən bazar gününə keçən gecə paytaxt Tehranda, habelə Təbriz və Dizful şəhərlərində baş verən yanğınlar və partlayışlar barədə xəbər vermişdi.

İran rəsmiləri Təbrizdəki neft emalı zavodunda yanğının baş verdiyini təsdiqləsələr də, səbəblərin hələki məlum olmadığını demişdilər.

Rəsmi Tehran bundan başqa İsfahandakı hərbi zavoda dron hücumunu təsdiq edib və bildirib ki, zərbələr nəticəsində obyektə “kiçik ziyan” dəyib. Hadisə nəticəsində ölən və yaralanan olmadığı bildirilib.

İran Müdafiə Nazirliyinin məlumatına görə hücum edən üç PUA-dan ikisi hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

İran hakimiyyəti hadisəni “qorxaq hücum” adlandırıb və bəyan edib ki, bu hücum İranı “dinc nüvə proqramının inkişaf etdirilməsi yolundan çəkindirməyəcək”.

Sözü gedən zavodda nə istehsal olunduğu məlum deyil. Lakin İsfahan ostanında İranın nüvə proqramı ilə bağlı bir sıra obyektləri var.

Zərbəyə məruz qalmış binanın qonşuluğunda İran kosmik mərkəzi yerləşir. Burada ballistik raketlərin istehsal olunduğu məlumdur.

İsrail izi

İran obyektlərinə zərbələrə görə hələlik heç kim məsuliyyəti öz üzərinə götürməyib.

Lakin The Wall Street Journal qəzeti ABŞ administrasiyasında adları çəkilməyən mənbələrə istinadən zərbələrin arxasında İsrailin ola biləcəyini yazır.

İsrail bundan əvvəllər də İranın nüvə proqramı ilə bağlı obyektlərinə hava zərbələrini rəsmən təsdiq etməyib.

İsraildə çıxan Jerusalem Post qəzeti bu barədə yazarkən qeyd edir ki, İsrailin Mossad məxfi xidmətindən başqa bütün dünyada belə mürəkkəb və dəqiq zərbələri endirmək iqtidarında olan təşkilatlar çox azdır.

Qəzet habelə yazır ki, sözü gedən dron zərbələri İranın obyektlərinə Tehranın etiraf etdiyindən qat-qat böyük ziyan vurub.

Rusiya İran silahlarından istifadə ittihamlarını rəsmən rədd etsə də Müdafiə Nazirliyi yanında İctimai Şuranın nümayəndəsi RBC telekanalındakı canlı yayımda bunu etiraf edib. O, bunu deyəndə həmin anda mikrofonun söndürüldüyünü zənn edib.

Tehran isə bu xəbərləri nəhayət təsdiqləyərək bildirib ki, İran “az sayda” PUA-nı Rusiyaya Ukraynaya hücumundan aylar əvvəl çatdırıb.

Ukrayna hərbiyyəsi İran dronlarının böyük əksəriyyətini vurduğunu bəyan edir.

XS
SM
MD
LG