Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:23

Ukrayna ordusu Rusiyanın böyük hücuma hazırlaşdığını deyir


Baxmutda dağıdılmış körpü, 1 fevral, 2023-cü il
Baxmutda dağıdılmış körpü, 1 fevral, 2023-cü il

Ukrayna ordusu bildirir ki, Rusiya qüvvələrinin ölkənin şərqində böyük hücuma hazırlaşmasının aydın əlamətləri görünür.

Kramatorskun fevralın 1-də axşam atəşə tutulması nəticəsində azı 3 nəfər öldürülüb, 20 nəfər yaralanıb.

“Düşmən aktiv kəşfiyyat aparır, müəyyən istiqamətlərdə hücuma hazırlaşır”, – Silahlı Qüvvələrin Baş Qərargahı fevralın 2-də səhər bildirib.

“Ağır itkilər verməsinə baxmayaraq, Donetsk vilayətinin Lıman, Baxmut, Avdiyevka və Novopavlovka ərazilərində hücum cəhdləri davam edir”, – açıqlamada deyilir.

Ukrayna Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov da xəbərdarlıq edib ki, Rusiya müxtəlif istiqamətlərdən böyük hücum planlaşdırır və bu, fevralın 24-ü, Rusiyanın işğala başlamasının birinci ildönümü ərəfəsində baş verə bilər.

“Rusiya maksimum eskalasiyaya hazırlaşır”, – Danilov yanvarın 31-də Britaniyanın “Sky News” televiziyasına bildirib.

“O mümkün hər şeyi cəmləyir, məşqlər, təlimlər keçir”, – deyən Danilov növbəti iki, ya üç ayın “müharibədə həlledici aylar olacağını” sözlərinə əlavə edib.

Müdafiə naziri Aleksey Reznikov isə Moskvanın əsgər yığdığını, işğalın ildönümünə “nəsə etməyə çalışdığını” söyləyib.

Fransanın BFM televiziyasına danışan Reznikov qeyd edib ki, Rusiya əsgərləri sərhədə cəmlənir və Ukrayna ordusunun dəyərləndirməsinə görə, onların sayı sentyabrda səfərbərliyə cəlb edilən 300 mindən çoxdur.

İsrail Ukraynaya Dəmir Günbəz göndərə bilər

İsrail Ukraynaya hərbi yardım göndərməkdən imtina etmir. Bunu İsrailin Baş naziri Benyamin Netanyahu fevralın 1-də CNN televiziyasına müsahibəsində deyib. O qeyd edib ki, Kiyevə hərbi dəstək göstərməyi “şübhəsiz nəzərdən keçirir”.

Neyanyahu onu da deyib ki, İsrail Ukraynaya Dəmir Günbəz raketdən müdafiə sistemi göndərmək məsələsinə baxmağa hazırdır. Baş nazir Rusiya və Ukrayna arasında danışıqlarda, hər iki tərəf və ABŞ razılıq verəcəyi halda, vasitəçi rolunu oynamağa hazır olduğunu vurğulayıb.

Rusiya isə İsrailə Ukraynaya silah göndərmək niyyətilə bağlı xəbərdarlıq edib.

Rusiya ötən ilin fevralında Ukraynaya hücum edəndən İsrail neytrallığını saxlayıb, Moskvayla bağlı ehtiyatlı mövqe tutub. Təl-Əviv keçmiş Sovet ittifaqı ərazisindən bir milyondan çox vətəndaşın İsraildə yaşadığını vurğulayıb.

“Vəziyyət ağırlaşıb”

Ukrayna Prezidenti Volodimir Zelenski isə fevralın 1-də ölkənin şərqində cəbhə xəttində vəziyyətin ağırlaşdığını bildirib. Rusiya qüvvələri Donetsk vilayətində şəhərləri tutmağa çalışır, eyni zamanda digər vilayətlərə hava zərbələrini davam etdirir.

“İşğalçıların ölkəmizin şərqində cəbhə xəttində hücum əməliyyatlarında artım qeydə alınır. Vəziyyət ağırlaşıb”, – Zelenski videomüraciətində deyib.

Prezidentin sözlərinə görə, rusiyalılar fevralın 24-də müharibənin başlamasının birinci ilində cəbhədə əldə etdikləri uğurları göstərmək istəyirlər.

Kramatorskda azı iki nəfər öldürülüb, yeddi nəfər yaralanıb. Donetsk vilayəti regional hərbi administrasiyasının başçısı Pavlo Kirilenkonun dediyinə görə, fevralın 1-də axşam Kramatorskda yaşayış binası Rusiya raketi ilə vurulub.

Baxmut mühasirədədirmi?

Yanvarın 31-də isə Baxmutun Rusiya qüvvələri tərəfindən atəşə tutulması nəticəsində azı beş dinc sakin öldürülüb, 10 nəfər yaralanıb.

Moskvanın Donetskə təyin etdiyi hakimiyyət Rusiya əsgərlərinin Baxmutu “mühasirəyə saldığını” iddia etsə də, Kremlin nəzarətində olan yarımhərbi Vaqner qrupu Baxmutun mühasirədə olduğunu inkar edib.

Ötən həftə ABŞ və Almaniya Ukraynaya müasir tank göndərmək vədi verib. Kreml isə xəbərdarlıq edib ki, hərbi texnikanın göndərilməsi münaqişənin qızışdırılması demək olar.

Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Moskva digər ölkələrin verdiyi bütün silahları “Rusiya silahlı qüvvələri üçün legitim hədəflər” sayacaq.

XS
SM
MD
LG