Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:34

Laçın yolu ilə bağlı Ermənistan parlamentində qızğın mübahisələr


Ermənistan parlamenti, Laçın yolu ilə bağlı dinləmələr, 3 fevral 2023-cü il
Ermənistan parlamenti, Laçın yolu ilə bağlı dinləmələr, 3 fevral 2023-cü il

Müxalifət Paşiyanı Qarabağı unutmaqda, hakim partiya nümayəndəsi isə müxalifəti ölkə deyil, öz maraqlarını güdməkdə ittiham edir

Laçın yolu ilə bağlı Ermənistan parlemntində Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikayel Ajapaxyanın xeyir-duası ilə başlayan müzakirələr sonradan qızğın mübahisələrə çevrilib.

Azərbaycanlılar niyə Laçın dəhlizini tərk etmirlər?

Nikol Paşinyan hakimiyyətinin siyasəti buna necə kömək etdi?

Dağlıq Qarabağı xarici dünya ilə birləşdirən yeganə yolu açmaq üçün hansı yollar var?

Bu məsələlər bir iqtidaryönlü deputatın qatıldığı parlament toplantısında müzakirə edilib.

AzadlıqRadiosunun erməni xidməti Azatutyun-un yazdığına görə, müxalifətçi deputat Andranik Tevanyan hakimiyyətin problemi həll etmə planın olduğunu deyib.

“Hakimiyyət belə bir tezisi dövriyyəyə buraxıb: Ermənistanı xilas etmək üçün Qarabağı təslim etməliyik”, – müxalifətçi deputat bildirib.

Onun sözlərinə görə, Paşinyan Qarabağın taleyini ötən ilin sonunda Praqada Ermənistan, Azərbaycan, Fransa və Avropa Şurası liderlərinin dördtərəfli görüşü zamanı həll edib.

“Həmin görüşdə Nikol Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi hesab etməyə razılaşdı”, - deyə müxalifətçi bildirib.

Deputat bildirib ki, Paşinyanın mübahisəli söz və hərəkətlərinin təhlili belə bir nəticəyə gətirib çıxarır ki, “Laçın dəhlizi Ermənistanda siyasi dəyişikliklər olana olana qədər vaxtaşırı bağlanacaq".

Deputata görə, bu siyasət dəyişikliyi də hakimiyyətin dəyişməsi deməkdir.

Hakimiyyət dəyişikliyi ilə Ermənistanı və Qarabağı təhlükədən qurtarmağın mümkün olduğunu deyən keçmiş respublikaçı deputat Artak Zakaryan Qarabağ məsələsinin qaranlıq tərəfləri olduğunu deyib.

O əlavə edib ki, ilk növbədə Paşinyanın Azərbaycana nə vəd etdiyini üzə çıxarmaq lazımdır.

Azatutyun yazır ki, zalda olan yeganə hakim fraksiya üzvü, deputat Qurgen Arsenyan Qarabağı və qarabağlıları təhdid edən təhlükələrdən bəhs edən çıxışları sakitliklə dinləyib. Amma bu çıxışlar hakimiyyət dəyişikliyi ilə bağlı nəticələrlə bitəndə o qəzəblənib. Arsenyan tribunaya yaxınlaşaraq müxalifətçiləri qınamağa başlayıb.

“Siz nə danışırsınız, Ermənistanın indiki hakimiyyətinə, qanuni hökumətinə hansı təhdidləri göndərirsiniz? Sözünüzə görə cavabdehsinizmi?.. Seçki zamanı xalq sizin haqqınızda hökm çıxardı... Həmişə 120 minlik Qarabağ sakinlərindən, 3 milyonluq Ermənistan əhalisindən danışırsız, o insanlara görə, ölkəmizə biz cavabdehik" -deyən hakim fraksiya üzvü müxalifəti ölkənin maraqlarına xidmət etməməkdə günahlandırıb.

Bu çıxışından sonra deputat zalı tərk edib.

Azatutyun müzakirələrə onlayn qoşulan hakim komanda üzvü Ruben Rubinyanın Facebook-dakı fikirlərinə toxunur.

Qeyd olunur ki, o, müxalifət nümayəndələrinin çıxışlarından belə nəticəyə gəlib ki, onlar 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı pozan tərəfləri məsuliyyətdən azad etməyə çalışırlar.

Azatutyun məsələyə konstitusiya hüququ üzrə mütəxəssis Vardan Poqosyanın fikirlərini də öyrənib. O da məsələni baş nazirin 2021-ci il sentyabrın 2-də dediklərinə istinad edərək şərh edib. Bildirb ki, baş nazir həmin çıxışında açıq şəkildə bəyan edib ki, "Artsax [Dağlıq Qarabağ] xalqının öz müqəddəratını təyin etmək hüququ müqəddəsdir”.

Lakin onun sözlərinə görə, bir il sonra Paşinyan birdən Qarabağın öz müqəddəratını təyinetmə hüququnu unudub. Hüquqşünas bu yanaşmanın ilk növbədə konstitusiyaya zidd olduğunu deyib.

Yazıda hökumətyönlü deputatlar səsvermədə iştirak etmədiyi üçün müxalifətin Qarabağla bağlı birinci layihəsinin uğursuz olduğu xatırladılır.

Buna baxmayaraq müxalifətin hələ müzakirə olunmayan ikinci bəyanat layihəsi hazırladığı bildirilir.

Xatırlatma

Ötən ilin dekabrın 12-dən Şuşa şəhəri yaxınlığında Laçın-Xankəndi yoluna toplaşıb özlərini eko-fəallar kimi təqdim edən Azərbaycan vətəndaşları növbəli aksiya keçirirlər.

Etirazçıların sözlərinə görə onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Onlar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirdilər.

Ermənistan tərəfi isə Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG