Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:33

'Zəlzələyə davamlı' evlərin zəlzələdə dağılması


Türkiyə, Hatay vilayəti
Türkiyə, Hatay vilayəti

Reuters agentliyinin reportajında deyilir ki, Türkiyənin cənubundakı dəbdəbəli yaşayış kompleksindəki binalar sıralı domino daşları kimi aşanadək burada ev alanlar mənzillərinin “zəlzələyə davamlı” olduğunu düşünürdülər.

Bir vaxtlar “cənnətin bir guşəsi” kimi reklam edilən Ronesans Rezidans yaşayış kompleksi hazırda ictimai qəzəbin hədəfinə çevrilib.

Reportajda deyilir ki, zəlzələdən sağ çıxanlar 249 mənzillik kompleksin uçqun qalaqlarının yanına toplaşaraq itkin sayılan doğmalarından xəbər gözləyirlər.

47 yaşlı zərgər Hamza Alpaslan Reuters agentliyinə deyib:

"Mənim qardaşım on il bu binada yaşayıb…Bu binanın zəlzələyə davamlı olduğunu demişdilər…Amma indi özünüz görürsünüz…Buranı bütün dünyada ən gözəl yaşayış kompleksi kimi reklam etmişdilər. Amma indi məlum olur ki, dəhşətdir. Sanki nə normal sement, nə də armaturdan istifadə olunmayıb. İndi bura cəhənnəmə bənzəyir”.

İtkin futbolçu da burda yaşayırdı

Zəlzələdən keçən 11 gündə məlum olub ki, Türkiyə və Suriyada bu günə olan məlumata görə 43 min nəfər həlak olub.

Bundan başqa milyonlarla insan evsiz qalıb və türklərin fikrincə korrupsiyalı və qüsurlu tikinti və şəhərsalma praktikası insanların hiddətinə səbəb olub.

Türkiyənin Şəhərsalma Nazirliyi bildirir ki, ölkədə zəlzələ nəticəsində 84 min 700 bina ya uçub, ya da yaşamaq üçün yararsız hala gəlib.

Məsələ burasındadır ki, tamamilə uçub dağılmış Ronesans Rezidans kompleksinin yaxınlığında bir neçə daha köhnə bina salamat qalıb.

İki qızı uçqunların altında qalmış Sevil Karaabduloğlu Reuters-ə deyib ki, “biz buranı elit və təhlükəsiz bir yer kimi kirayə üçün seçmişdik”.

Hazırda itkin sayılan qanalı futbolçu Kristian Atsu (Christian Atsu) da bu kompleksdə yaşayırdı.

Qurbanlıq quzu axtarışı

Reuters agentliyi yazır ki, onun Hatay şəhərində danışdırdığı onlarla insan inşaatçıları ucuz və yararsız tikinti materiallarından istifadə etməkdə günahlandırıb.

Onlar bildirirlər ki, hakimiyyət orqanları isə belə tikinti podratçılarının yarıtmaz işinə səhlənkar yanaşıb.

Bu yaşayış kompleksini tikən Mehmet Yaşar Coşkun ötən həftə Monteneqroya uçan təyyarəyə minərkən saxlanıb.

Amma inşaatçının vəkili Kübra Kalkan Çolakoğlu prokurorlara deyib:

"Camaat cani, günahkar axtarır. Mənim müştərimi belə bir günahkar kimi seçiblər”.

Coşkun özünə qarşı bütün ittihamları rədd edir. O prokurorlara deyib ki, binalar möhkəm idi və bütün lazımi lisenziyaları var.

Ərdoğanın tikinti bumu

Türkiyə hökuməti bildirib ki, uçmuş binalarla bağlı cinayət işləri açılıb və indiyədək 246 şübhəli cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 27-si polis tərəfindən saxlanıb.

Türkiyənin ədliyyə naziri Bekir Bozdağ deyib:

"Heç bir xarabalıq sübutlar toplanmadan təmizlənməyəcək. Hazırda tikinti və onun təftişi üçün məsuliyyət daşıyan hər bir kəsin əməli araşdırılır”.

Prezident Recep Tayyip Ərdoğanın hakim AKP partiyası tikinti sahəsinin inkişafına xüsusi diqqət verib. Bu sahə partiyanın 20 illik hakimiyyəti dövründə artımla işləyib. Hərçənd son beş ildə iqtisadiyyatın ümumi durumu ilə bağlı bu sahə də axsamağa başlayıb.

Müxalifət hökuməti tikinti qaydalarına əməl olunmasına nəzarət etməməkdə, 1999-cu ilin zəlzələsindən sonra binaların zəlzələyə daha davamlı olması üçün alınan xüsusi vergidən təyinatı üzrə istifadə etməməkdə günahlandırır.

Reuters yazır ki, 2022-ci ilədək olan 10 il müddətində Türkiyə Transparency International təşkilatının Korrupsiyanın Qavranması indeksində 47 pillə geriləyərək 101-ci yerə düşüb. Halbuki Türkiyə bu indeksdə 2012-ci ildə 174 ölkə arasında 54-cü yerdə idi.

Sübutlar dağıntıların altında qalıb

Ərdoğan iddia edir ki, müxalifət hökumətə qara yaxmaq və investisiyaları əngəlləmək məqsədilə yalan danışır.

Maraqlı məqam budur ki, Renaissance Residence yaşayış kompleksinin üç kilometrliyində Şəhərsalma Nazirliyinə məxsus binalardan biri də zədələnib və yerli sakinlərlə fəallar deyirlər ki, binaların təhlükəsizliyi və keyfiyyəti ilə bağlı sənədlər xarabalığa səpələnib.

İstanbullu vəkil Ömer Meşe deyir ki, o gələcəkdə sübut kimi lazım ola biləcək sənədləri mümkün qədər toplamağa çalışır.

Onun sözlərinə görə sənədlərdən bəziləri məhv olub, bəzilərini isə soyuqdan daldalanmaq istəyən evsizlər yandırıblar.

Vəkil bildirir ki, o uçmuş binalarla və bunlarla bağlı həbs olunan insanlar haqqında mətbuatın yazdığını, telekanalların göstərdiyini izləyir. Vəkil deyir ki, indiki dağıntıların miqyasına görə indiyədək saxlananlardan daha çox adamlar həbs olunmalı idi.

Tikinti sahəsinin rəsmiləri deyirlər ki, Türkiyədəki 20 milyon evin təxminən 50 faizi tikinti standartlarına cavab vermir.

'Azərbaycan Türkiyə zəlzələsinin nəticələrindən dərs çıxarmalıdır'
Gözlə

No media source currently available

0:00 0:09:21 0:00

Tikililərə amnistiya

Bu da qeyd olunur ki, 2018-ci ildə hökumət “zonalaşdıma amnistiyası” deyilən bir qərar qəbul edib. Bu qərar qeydiyyatdan keçməmiş tikinti işlərinin “leqallaşdırılmasını” nəzərdə tutur.

Mühəndislər və memarlar belə addımların insan həyatı üçün təhlükəli olduğunu vurğulayırlar.

Reuters yazır ki, sözü gedən “amnistiya” üçün indiyədək 10 milyon nəfər müraciət edib və bunlardan 1.8 milyonu artıq qəbul olunub.

Hökumət bildirir ki, sözü gedən qərar vətəndaşlarla dövlət arasındakı narazılığın aradan qaldırılması və tikintilərin leqallaşdırılması üçün zəruri idi.

Vəkil Ömer Meşe deyib:

"Təəsüsüf ki, bizim ölkədə zonalaşdırma amnistiyası ictimaiyyət tərəfindən xeyirxahlıq kimi qəbul olunub. Biz buğünün işini sabaha qoymağa yaxşı baxan bir cəmiyyətə çevrilirik. Amma nəticədə belə yanaşmanın altında qalıb əzilirik. Problem budur”.

XS
SM
MD
LG