Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:48

Müharibə Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsini kəskin azaldıb


Dollar və iqtisadiyyat, illustrasiya
Dollar və iqtisadiyyat, illustrasiya

Rusiyanın Ukraynaya savaş açmasından bir il ötür. Aralıqsız sürən hərbi toqquşmalar yalnız ciddi insan itkilərinə deyil, danılmaz iqtisadi itkilərə də yol açıb. Ukraynanın mülki infrastrukturuna da zərbələr endirildiyindən, iqtisadi fəaliyyət xeyli daralıb. Ukraynadakı durum qlobal iqtisadiyyata da təsir göstərib.

Unutmaq olmaz ki, Ukrayna Azərbaycanın da önəmli iqtisadi tərəfdaşları sırasındadır. Müharibənin davam etdiyi son bir ildə Ukrayna ilə Azərbaycanın da ticarət əlaqələrində dəyişikliklər baş verib.

33 faizlik azalma

Dövlət Gömrük Komitəsinin (DGK-nın) açıqladığına görə, ötən il Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsinin həcmi cəmi 618 milyon dollar olub. Daha bir il öncə həmin göstərici 922 milyon dollar idi. Bu o deməkdir ki, müharibə nəticəsində Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 300 milyon dollardan çox və ya 33 faiz azalıb. 2021-ci ildə Ukrayna ticarət dövriyyəsinin həcminə görə Azərbaycanın ticari əlaqələr qurduğu 188 ölkə arasında 7-ci yeri tutmuşdu. Ötən il bu həcm heç ilk 15-liyə daxil ola bilməyib. Rəsmi rəqəmlərdən aydın olur ki, Azərbaycanın həm Ukraynaya ixracı, həm də Ukraynadan idxalı azalıb. Azərbaycanın Ukraynaya göndərdiyi məhsulların dəyəri 2022-ci ildə 452 milyon dollardan 358 milyon dollara enərək, 21 faiz azalıb. Azərbaycanın Ukraynadan gerçəkləşdirdiyi idxal daha çox azalıb. Əgər 2021-ci ildə Azərbaycan Ukraynadan 470 milyon dollarlıq məhsul almışdısa, ötən il bu göstərici 260 milyon dollar olub. Deməli, müharibə nəticəsində Ukraynanın Azərbaycana satdığı məhsullar 210 milyon dollar və ya 45 faiz azalıb.

Ukraynadan idxal necə dəyişib?

Ukrayna Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələrdən idi. Müharibədən öncəki 2021-ci ildə Ukrayna Azərbaycanın ən çox məhsul idxal etdiyi 5-ci ölkə sayılırdı. Ukraynadan həm kənd təsərrüfatı məhsulları, həm də çeşidli sahələrdən fərqli məhsullar gətirilirdi. Dövlət

Statistika Komitəsinin (DSK-nın) açıqladığı rəqəmlərdən aydın olur ki, müharibə dövründə Ukraynadan idxal edilən, az qala, bütün məhsulların həcmi azalıb. Məsələn, 2021-ci ildə Azərbaycanın Ukraynadan idxalına ən çox vəsait xərclədiyi məhsul tütün idi. Həmin il Ukraynadan 4 min 467 ton tütünün gətirilməsinə 65 milyon 300 min dollar ödənmişdi. Ötən il Azərbaycanın Ukraynadan idxal edə bildiyi tütünün həcmi cəmi 1 min 122 ton olub, yəni 4 dəfə azalıb. Bu üzdən, Azərbaycanın tütün idxalı üçün Ukraynaya ödədiyi vəsait də 50 milyon dollara yaxın azalaraq, 17 milyon dollar olub. Beləcə, tütün Azərbaycanın Ukraynadan ən çox idxal etdiyi məhsul ünvanını da itirib. Ötən il Azərbaycan Ukraynaya ən çox dondurulmuş toyuğa görə vəsait ödəyib – 22 milyon dollar.

Müharibənin gedişində Ukraynada tütün ixracı ilə bağlı yaranan problem Azərbaycanın siqaret istehsalçılarını pis duruma salmışdı. Hətta bəzi siqaret brendlərinin mağazalarda tapılmaması üzündən tütün istehsalçısı olan şirkət mətbuata açıqlama verərək, bunun müharibə səbəbindən daşıma çətinliklərindən qaynaqlandığını açıqlamışdı. 2021-ci ildə Ukraynadan idxalın həcminə görə ilk yerlərdə olan digər məsulların da idxalında ciddi azalmalar var. Məsələn, son bir ildə Ukraynadan polad prokatı idxalı 20 milyon dollardan 4 milyon dollara, kərəyağ idxalı 15 milyon dollardan 7 milyon dollara, hazır siqaretlər 12 milyon dolalrdan 955 min dollaradək azalıb. Ötən il Ukraynadan Azərbaycana daha az iribuynuzlu diri heyvan gətirilib. Əgər 2021-ci ildə Ukraynadan Azərbaycana 5 min 145 diri iribuynuzlu heyvan gətirilmişdisə, 2022-ci ildə bu say 110-a düşüb. Az sayda olsa da idxalı artan məhsullar da var. Məsələn, 2021-ci ildə Ukraynadan 18 min ton həcmində və 11 milyon dollar dəyərində soya gətirilmişdi. Ötən il həmin məhsulun idxalı 26 min tona, dəyəri isə 17 milyon dollara yüksəlib.

Bəs Azərbaycanın ixracı?

Neft mancanağı, Azərbaycan, arxiv foto
Neft mancanağı, Azərbaycan, arxiv foto

2021-ci ildə Ukrayna Azərbaycanın ən çox məhsul ixrac etdiyi 12-ci ölkə idi, 2022-ci ildə isə, ilk 15-liyə daxil ola bilməyib. DSK-nın açıqladığı rəqəmlərdən aydın olur ki, 2021-ci ildə Azərbaycanın Ukraynaya ixracının əsas bölümü neftdən ibarət olub (bütün ixracın 82 faizi). 2021-ci ildə Azərbaycan Ukraynaya 373 milyon dollarlıq xam neft satmışdı. Ötən il bu rəqəm 305 milyon dollar olub, yəni 20 faizə yaxın azalıb. Ancaq ixrac edilən neftin həcmindəki azalma daha yüksəkdir. Belə ki, son bir ildə Azərbaycandan Ukraynaya satılan neftin həcmi 850 min tondan 506 min tona düşərək, 40 faiz azalıb.

Azərbaycanın Ukraynaya satdığı digər məhsulların da həcmində azalma gözə çarpır. Məsələn, 2021-ci ildə Azərbaycan Ukraynaya 11 milyon dollarlıq polietilen satmışdısa, ötən il həmin rəqəm 5 milyon dollara düşüb. Xurma ixracı isə 30 min tondan 14 min tonadək azalıb. Demək olar, kənd təsərrüfatı məhsullarının hamısında bu azalma müşahidə edilir.

Pul köçürmələri də azalıb

Müharibə Ukraynadan Azərbaycana göndərilən pul köçürmələrinin də həcmini kəskin azaldıb. Bu azalma ortaya çıxan iqtisadi problemlərdən və Ukraynada yaşayan azərbaycanlıların bir hissəsinin ölkəyə təxliyəsindən qaynaqlanıb. Mərkəzi Bankın açıqladığı rəqəmlərə görə, ötən ilin ilk 9 ayında Ukraynadan Azərbaycana təxminən 6 milyon dollar göndərilib. 2021-ci ilin eyni dövründə bu rəqəm 20 milyon dolları aşırdı. Başqa deyimlə, müharibə Ukraynadan Azərbaycana göndərilən pul köçürmələrinin həcmini üç dəfədən çox azaldıb. Azərbaycandan Ukraynaya göndərilən pul vəsaitinin həcmində isə nisbi artım qeydə alınıb. 2022-ci ilin ilk 9 ayında Azərbaycandan Ukraynaya göndərilən pul köçürmələrinin həci 4 milyon dollar artaraq, 22 milyon dollara yüksəlib.

XS
SM
MD
LG