Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:24

Rusiyanın hərbi aerodromunda yanğın, yoxa çıxan təyyarələr


Krasnodardakı aerodromun martın 3-də peykdən çəkilmiş fotosu
Krasnodardakı aerodromun martın 3-də peykdən çəkilmiş fotosu

Rusiyanın Krasnodar diyarındakı aviasiya məktəbinin və hərbi aerodromun yerləşdiyi ərazidə yanğın baş verib.

Yerli sakinlər bundan əvvəl partlayışa bənzər güclü səslər eşitdiklərini deyirlər.

Rusiya Fövqəladə Hallar İdarəsi bildirir ki, yanğın məktəbin özündə yox, onun yaxınlığındakı “çöllükdə” baş verib.

Maraqlıdır ki, idarə yanğının onun yox, Müdafiə Nazirliyinin balansındakı ərazidə baş verdiyini bildirib.

Müstəqil xəbər mənbələri yanğının Krasnodardakı A.K. Serov adına Ali Hərbi Aviasiya Məktəbinin ərazisində qeydə alındığı bildirir.

Yanğının çox güclü olduğu, hətta meşə yanğınlarını müşahidə edən NASA peyklərinin kameralarına düşdüyü xəbər verilir.

"Осторожно, новости" adlı teleqram kanalında dərc olunmuş fotoşəkillərdə məktəb ərazisi üzərindən tüstü qalxdığı görünür.

93.ru saytı yerli sakinlərə istinadən burada yanğından əvvəl güclü partlayışların baş verdiyini, “divarların titrədiyini” yazır.

Şəhər adminsitrasiyasında partlayış səsinin təyyarənin səs sürəti baryerini yararkən yarana biləcəyini bildiriblər.

Amma Planet.com saytında martın 3-də yanğının baş verdiyi “çöllükdə” çəkilmiş peyk fotoları dərc olunub.

Bu fotolarda hərbi texnikanın möhkəmləndirildiyi, torpaq vallarının qazıldığı görünür.

Bu da qeyd olunur ki, müdafiə valları Ukrayna müharibəsindən əvvəl qazılmışdı.

Əvvəllər “Mərkəzi Krasnodar” aerodromunda Rusiya hərbi hava və hava hücumundan müdafiə qüvvələri 4-cü ordusunun 1-ci qvardiya aviasiya diviziyasının tərkibinə daxil olan 461-ci hücum aviasiya polku yerləşirdi.

2018-ci ilin məlumatına görə bu polkun ixtiyarında Su-27, Su-30, Su-35, MiG-29 və MiG-35 qırıcıları, habelə Su-25 və MiG-31 hücum təyyarələri olub.

Yerli və hərbi hakimiyyət orqanları aerodroma hər hansı hücumun olduğunu inkar edir.

Bundan əvvəl fevralın 28-də gecə Krasnodar diyarının Tuapse şəhərindəki neft bazasına dron hücumunun edildiyi xəbər verilmişdi.

Daha bir dronun Adıge Respublikasındakı çölə düşdüyü deyilirdi.

Bu arada Krasnodar diyarındakı Yeysk aerodromundan 6 ədəd Su-34 bombardmançısının yoxa çıxdığı xəbər verilir.

Su-34 təyyarələrinin çoxunun aerodromda olmaması fevralın 28-də yerli sakinlərin diqqətini cəlb edib.

Bundan əvvəl AzadlıqRadiosu Ukrayna xidmətinin Sxemı layihəsinin jurnalistləri fikir vermişdilər ki, aerodromun həndəvərinin yeni fotoşəkillərində çöllüyün yanğından qaralması görünür.

Bu çöllük Rusiya hava hücumundan müdafiə 726-cı təlim mərkəzinin ərazisindədir.

Bəzi ehtimallara görə yanğını yerə düşən Ukrayna dronu törədə bilərdi.

XS
SM
MD
LG