Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:53

Rusiya Ukraynada əlinə keçən Qərb silahlarını niyə İrana göndərir?


Ukrayna hərbçisi Javelin silahı ilə
Ukrayna hərbçisi Javelin silahı ilə

Ukraynaya tammiqyaslı hərbi müdaxilə başlanandan bəri Rusiya Ukraynada ələ keçirdiyi ABŞ və NATO silahlarını bir neçə dəfə İrana göndərib.

Bunu mənbələrə istinadla CNN xəbər verib.

CNN-nin mənbələri bildiriblər ki, son bir il ərzində NATO və ABŞ-ın rəsmi strukturları Ukraynaya müttəfiqlər tərəfindən verilmiş silahların Rusiya qüvvələrinin əlinə keçməsinə dair məlumatları bir neçə dəfə qeydə alıblar.

Bu da qeyd olunur ki, söhbət ilk növbədə ABŞ istehsalı olan Javelin və Stinger raket-zenit komplekslərindən gedir.

CNN bildirir ki, əksər hallarda Rusiya qənimət silahları İrana onların öyrənilməsi məqsədilə göndərir.

Mənbələrin məlumatına görə İran hərbçiləri sözü gedən silahların versiyalarını hazırlamağa cəhd göstəriblər.

Onlar bildirirlər ki, Rusiya bu hərəkəti ilə həm də İranı Ukraynaya hücumu daha güclü dəstəkləməyə təhrik edəcəyini düşünür.

İran silahların “surətini” çıxara bilirmi?

Eyni zamanda ABŞ rəsmiləri və məmurları bu problemin miqyaslı və sistemli olmadığını düşünsələr də, bu qənaətdədirlər ki, belə transferlər nəzarət altında saxlanmalıdır.

CNN-nin məlumatına görə Ukrayna hərbçiləri Rusiyanın əlinə keçən ABŞ silahlarına dair məlumatı dərhal Pentaqona ötürürlər.

Hazırda İranın bu silahların surətini çıxarıb istehsal edə bildiyinə dair dəqiq məlumatlar yoxdur.

CNN qeyd edir ki, Tehran keçmişdə buna nail ola bilib.

İddia olunur ki, məsələn, İranın tank əleyhinə idarə olunan Tufan raketləri ABŞ-ın BGM-71 TOW sistemi əsasında yaradılıb.

Artan hərbi əməkdaşlıq

İranla Rusiya arasında hərbi sahədə əməkdaşlıq Ukrayna müharibəsi başlanandan daha intensiv şəkil alıb.

Ukraynanın, habelə bir sıra Qərb ölkələrinin kəşfiyyatları İranın Rusiyaya müntəzəm qaydada kamikadze dronları göndərdiyini bildirirlər.

Rusiya İran silahlarından istifadə ittihamlarını rəsmən rədd etsə də, Müdafiə Nazirliyi yanında İctimai Şuranın nümayəndəsi RBC telekanalındakı canlı yayımda bunu etiraf edib. O, bunu deyəndə həmin anda mikrofonun söndürüldüyünü zənn edib.

Tehran isə bu xəbərləri nəhayət təsdiqləyərək bildirib ki, İran “az sayda” PUA-nı Rusiyaya Ukraynaya hücumundan aylar əvvəl çatdırıb.

Ukrayna hərbiyyəsi İran dronlarının böyük əksəriyyətini vurduğunu bəyan edir.

ABŞ, Avropa İttifaqı və Britaniya İranın dron istehsalı ilə bağlı olan şəxs və şirkətlərə sanksiyalar qoyub.

XS
SM
MD
LG