Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:42

Trampa rəsmi ittiham irəli sürülüb


Donald Tramp
Donald Tramp

Menhettendə Böyük jüri ABŞ-ın keçmiş prezidenti Donald Trampa (Donald Trump) ittiham aktının təsdiqlənməsinə səs verib. İlk dəfədir Birləşmiş Ştatların vəzifədə olan, yaxud keçmiş prezidentinə cinayət ittihamı irəli sürülür.

Menhetten dairə prokuroru Elvin Breqin (Alvin Bragg) ofisi bildirib ki, ittihamların elanı üçün Trampın Menhetten Prokurorluğuna gətirilməsini razılaşdırmaqdan ötrü onun vəkilləri ilə əlaqə saxlayıblar. “The New York Times” Trampın vəkili Syuzan Neçelesə istinadla yazır ki, keçmiş prezident aprelin 4-də ittihamların irəli sürülməsi üçün prokurorluğa gedə bilər.

Prokurorluqda keçmiş prezidentin barmaq izlərinin götürüləcəyi, şəklinin çəkiləcəyi, bundan sonra məhkəmədə ilk dinləmənin keçiriləcəyi gözlənir.

Azı 30 bənd üzrə ittiham

Tramp baş verənləri “siyasi təqib, seçkilərə tarixdə ilk dəfə ən yüksək səviyyədə müdaxilə” adlandırıb.

İttiham aktının detalları Tramp məhkəməyə gedəndən sonra açıqlanacaq. CNN mənbələrə istinadla yazır ki, keçmiş prezidentə biznes dələduzluğu ilə bağlı 30-dan çox bənd üzrə ittiham irəli sürülə bilər.

Bir istintaq Trampla yaxın əlaqəsi olduğunu iddia edən pornoaktrisa Stormi Danielsə (Stormy Daniels) susması üçün 130 min dolların verilməsi ilə bağlı olub. Tramp özü bu ittihamı rədd edib. İşin materiallarına görə, Tramp vergi sənədlərini saxtalaşdırıb, Danielsə ödənən pulu hüquqi xidmət haqqı kimi sənədləşdirib. Bu isə Nyu-York qanunlarına görə qanun pozuntusu sayılır.

Tramp 2022-ci ilin noyabrında 2024-cü il seçkisində Respublikaçı partiyasından prezidentliyə namizədliyini elan edib. Ancaq ittihamın irəli sürülməsi onun seçki kampaniyası aparmasına mane ola bilməz.

Özünü “tamamilə günahsız” sayır

“Tamamilə günahsız” olduğunu deyən Tramp seçki kampaniyasından çəkilməyəcəyini bildirib. O, Demokrat partiyasından olan Breqi onun Demokrat Prezident Co Baydenə (Joe Biden) qarşı yenidən seçilmək şanslarına zərbə vurmaq cəhdində ittiham edib.

Tramp hüquqi müdafiəsinə pul yığmaqdan ötrü tərəfdarlarına müraciət edib. Seçki kampaniyasının məlumatına görə, artıq 2 milyon dollardan çox vəsait yığılıb. Tramp martın 18-də deyirdi ki, dörd gün sonra həbs oluna bilər.

Hazırda keçmiş prezidentlə bağlı azı iki istintaq da aparılır, onlar da ittiham irəli sürülməsilə nəticələnə bilər. Federal prokurorluq onun Ağ evdən qanunsuz çıxarılan, Trampın Floridadakı rezidensiyasında aşkarlanan gizli sənədlərdən necə istifadə etdiyini təhqiq edir.

Corciya dairə prokuroru isə Trampı bu ştatda prezident seçkisinin nəticəsinə təsir göstərmək cəhdində şübhəli bilir, araşdırma gedir.

XS
SM
MD
LG