Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:38

Paşinyan toqquşmadan, İran dronundan və statusdan danışıb


N.Paşinyan
N.Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, Azərbaycan ordusunun Teğ kəndi rayonuna çıxışı ilə bağlı təhlükəsizliyin təminatı üçün onun verdiyi bir sıra tapşırıqlar yerinə yetirilməyib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Paşinyan bunu aprelin 12-də parlamentdə keçirilən “hökumət saatı”da deyib.

Ermənistan tərəfindən dörd hərbçinin həlak olduğu və daha 6 hərbçinin yaralandığı insident barədə şərh verərkən baş nazir bildirib ki, Azərbaycan bu ərazi barədə Ermənistanla əldə olunmuş razılaşmanı pozub.

Lakin Paşinyan vurğulayıb ki, Ermənistan Bakının özünü başqa cür aparmayacağına ümid bağlaya bilməzdi və bu səbəbdən konkret adamlara konkret tapşırıqlar verilmişdi:

“Əlbəttə bunun ardınca inzibati nəticələr olmalıdır, amma biz həm də başa düşməliyik ki, nə və nə üçün baş verib”.

Azatutyun xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti sərhəd qoşunlarının komandanı Arman Maralçıyan vəzifəsindən azad edilib.

İran dronları barədə iddialar

Parlamentdə Paşinyana verilən suallardan birində söhbət Ermənistanın son toqquşmada İran dronundan istifadə etməsinə dair Azərbaycanın iddialarından gedirdi.

Baş nazir deyib ki, Ermənistanın İran dronlarından istifadəsinə dair iddialar Azərbaycanın Ermənistana qarşı təxribatının bir hissəsidir.

Paşinyanın fikrincə Azərbaycanın iddiaları Ermənistana missiya göndərmiş Avropa İttifaqına ünvanlanıb. Bakı Aİ-nin diqqətini Ermənistanın onunla problemi olan və üzərinə sanksiyalar qoyulmuş bir ölkə ilə əməkdaşlığına yönəldir:

“Yadınıza bir başqa halı salmaq istəyirəm. 2022-ci ilin fevralında, ya da martında eyni informasiya mənbələri Ermənistanın Su-30SM təyyarələrinin Ukrayna əleyhinə istifadə üçün göndərildiyini bildirmişdilər. Bu dezinformasiyanı hətta bir çox nüfuzlu KİV-lər tirajlamışdıdılar”.

Paşinya bildirirb ki, informasiya hücumlarına mütəşəkkil cavab verilməlidir.

Laçınla sərhəddəki toqquşmadan sonra Ermənistan sərhəd qoşunlarının komandanı işdən çıxarıldı
Gözlə

No media source currently available

0:00 0:04:22 0:00

“Beşinci kolon” barədə

Millət vəkilləri baş nazirdən onun Ermənistan ordusunda “beşinci kolonun” olmasına dair bəyanatına aydınlıq gətirməsini istəyiblər.

Paşinyan bildirib ki, döyüş əməliyyatlarının gedişində bəzi yüksək rütbəli hərbçilər ələ keçirilmiş mövqelərdən çəkilməyi əmr edir və hərbçilər arasında panika yayırdılar.

Baş nazir qeyd edib ki, hazırda davam edən istintaqda bu adamlar təqsirlərini etiraf etsələr də, hərəkətlərinin motivlərini açmırlar.

“Əgər motiv izah edilməyibsə, deməli cinayət açılmayıb. Məsələn mənim heç bir hüquqi əhəmiyyəti olmayan ekspert rəyimi bilmək istəsəniz, mən bundan da hay-küylü bəyanatlar verə bilərəm. Məsələn, mən düşünürəm ki, bəlkə bunlar başqa ölkələrin agentləridir? Mən bunu təsdiqləmirəm, sadəcə məntiqi fikrimi bildirirəm. Məsələn o (yüksək rütbəli hərbçi-red) yuxarıdan əmr almalıydı. Mən belə bir əmr verməmişəm. Deməli onun əmr aldığı başqa “yuxarılar” var”.

Paşinyan: “Mənim ən böyük səhvim...”

Azatutyun yazır ki, parlamentdə keçirilən hökumət saatında Paşinyana Qarabağ və onun “müstəqillik uğrunda mübarizəsi” barədə də suallar verilib.

Baş nazir bu kimi suallara cavabında deyib:

“Məncə bu məsələ iki hissədən ibarətdir: Madrid prinsiplərindən əvvəl və sonra. Bu prinsiplərə qədər erməni tərəflərinin mövqeyi belə idi ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayıb və SSRİ-nin çökməsi kontekstində öz müqəddəratını təyinetmə hüququnu reallaşdırıb və SSRİ-nin başqa subyektləri kimi Qarabağ da müstəqillik əldə edib. Amma 2007-ci ildə hakimiyyətin transferi zamanı Serj Sarkisyan baş nazir, Robert Koçaryan prezident olan vaxtlarda Madrid prinsipləri ortaya çıxıb. Bu prinsiplərdə ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququ var idi. Qeyd olunurdu ki, Dağlıq Qarabağın statusu dəqiqləşdirilməlidir və dəqiqləşdirmə mexanizmi Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır. Beləliklə, erməni tərəfinin qərarı ilə Dağlıq Qarabağın statusu mexanizmi Azərbaycanla birlikdə həll olunmalı idi. Onda belə bir sual doğur: Əgər Dağlıq Qarabağ Azərbaycanın bir hissəsi sayılmırdısa, niyə status Azərbaycanla razılaşdırılmalı idi”.

Paşinyan qeyd edib ki, Madrid prinsiplərinə qədər Qarabağ SSRİ tərkibindən, sonra isə Azərbaycanın tərkibindən çıxmışdı.

Baş nazirin sözlərinə görə onun və komandasının ən böyük səhvi 2018-ci ildə hakimiyyətə gələndə bunun ictimailəşdirilməməsi olub.

Xatırlatma

Aprelin 11-də Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiya olunmamış hissəsində, Ermənistanın Teğ kəndi yaxınlığında iki tərəfin orduları arasında silahlı toqquşma baş verib.

Atışmada Azərbaycan tərəfindən 3, Ermənistan tərəfindən 4 hərbçinin həlak olduğu xəbər verilib.

Tərəflər qanlı insidentə görə qarşılıqlı ittihamlar səsləndirirlər.

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırıldı, Laçın dəhlizində (Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır.

Amma, hələlik, tərəflər arasında sülh sazişi imzalanmayıb.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG