Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:50

Separatçılar Laçın dəhlizinin bağlandığını deyirlər


Həkəri körpüsündə Azərbaycan keçid məntəqəsi
Həkəri körpüsündə Azərbaycan keçid məntəqəsi

Azərbaycan və Ermənistan Baş prokurorları Rusiyada görüşüb

Bu gün, iyunun 15-də Azərbaycan, Rusiya və Ermənistanın baş prokurorları arasında üçtərəfli görüş keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə iyunun 15-də Laçın dəhlizində atəşkəsin pozulması məsələsindən də bəhs edilib.

Tərəflər Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladıqları bəyanatların icrası və hüquqi sahədə gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Eyni zamanda gələcəkdə gərginliyə səbəb ola biləcək halların qarşısının alınması üçün preventiv tədbirlərin gücləndirilməsi ilə bağlı əldə olunan razılaşmanı bir daha dəstəklədiklərini açqılayıblar.

Son illər Azərbaycan, Rusiya, Ermənistan rəhbərliyi həm bölgədə atəşkəs, həm də iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı bir neçə bəyanat imzalayıblar.

***

Həkəri körpüsündə bu gün, iyunun 15-də atışmadan sonra Azərbaycanın Laçın dəhlizi ilə bütün humanitar sərnişin və yük daşımalarına qadağa qoyduğu bildirilir.

Qarabağda separatçı rejimin məlumatına görə, Beynəlxalq Qızıl Xaç Komitəsi iyunun 15-də 25 xəstə və onların qohumlarını oradan Ermənistana aparmaq istəyib. Lakin bildirildiyinə görə, Laçın dəhlizində fəaliyyət göstərən Azərbaycan nəzarət-buraxılış məntəqəsində nəqliyyat vasitələrinin hərəkətinə qadağa qoyulub və onlar geri qayıtmağa məcbur olub.

Hələlik, bu məlumata Azərbaycanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

"Bayraq sancmaq məqsədi ilə..."

"Azərbaycanlıların Həkəri körpüsünə doğru irəliləmək cəhdinin qarşısı alınıb". Bu məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) yayıb.

Məlumata görə, iyunun 15-də saat 08:40 radələrində Azərbaycan sərhəd xidmətinin bir qrup hərbi qulluqçusu Ermənistan ərazisində bayraq sancmaq məqsədilə Həkəri körpüsünə doğru hərəkət etməyə cəhd göstərib.

MTX-nin əlavə etməsinə görə, onlar tərəfdən həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan hərbçilərinin irəliləməsinin və Ermənistan ərazisində bayraq sancılması cəhdinin qarşısı alınıb.

MTX-nin məlumatına görə, saat 10:00-a vəziyyət nisbətən stabildir.

Laçındakı yeni sərhəd məntəqəsindən keçən erməni sakinlər danışdı
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

Azərbaycan hərbçisi yaralanıb

Azərbaycan Ermənistanın Laçın sərhəd-keçid məntəqəsini atəşə tutduğunu bildirir. Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Məlumata görə, iyunun 15-i, saat 08:45-də Ermənistan ərazisindən açılmış atəş nəticəsində buraxılış məntəqəsində xidmət aparan DSX hərbi qulluqçusu yaralanıb.

Rəsmi açıqlamada qarşı tərəfə cavab verildiyi vurğulanır.

Azərbaycan Ermənistanla sərhəddə Laçın sərhəd-keçid məntəqəsini bu ilin aprelində quraşdırıb. Ermənistan tərəfi isə bu addımı 2020-ci il üçtərəfli razılaşmaya (Azərbaycan, Ermənistan və Rusiya arasında) zidd sayıb.

Son günlər həm Qarabağda, həm də Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulması ilə bağlı məlumatlar yayılır. Tərəflər atəşkəsin pozulmasına görə bir-birlərini günahlandırırlar.

Zavodun tikintisi atəşə tutulub

Bundan əvvəl, iyunun 13-də Ermənistanın Müdafiə Nazirliyi bildirmişdi ki, Azərbaycan Silahlı Qüvvələrinin Yerasx istiqamətində onların ərazisini atəşə tutması nəticəsində mülki avtomobilə və bir obyektə ziyan dəyib.

Bu ölkənin Xarici İşlər Nazirliyi (XİN) də məlumat yaymışdı ki, Azərbaycan Yerasxda xarici kapitalın cəlbi ilə tikilməkdə olan metallurgiya zavodunu atəşə tutmaqla Ermənistanın beynəlxalq aləmdə tanınmış sərhədlərinə, insan haqlarına və beynəlxalq hüquqa etinasızlıq nümayiş etdirir.

Rəsmi Bakı isə, öz növbəsində, bildirib ki, bu ərazidə razılaşdırılmamış fəaliyyətlə Ermənistan beynəlxalq ekoloji standartları pozur.

Üstəlik, Azərbaycan XİN də qarşı tərəfi təkzib etmişdi. Qurum Azərbaycanın Ermənistanda tikilməkdə olan metallurgiya zavodunu məqsədyönlü şəkildə hədəfə alması barədə Ermənistan XİN-in bəyanatını qəbul etmədiyini vurğulamışdı.

ABŞ-ın narahatlığı

Amerika Birləşmiş Ştatları (ABŞ) iyunun 14-də Azərbaycan-Ermənistan sərhədində iki mülki şəxsin yaralanması ilə nəticələnən atışmadan narahatlığını bildirib.

"Biz Ermənistanda ABŞ-a bağlı şirkətin iki mülki əməkdaşının Azərbaycan tərəfdən atəşə tutulması nəticəsində yaralanmasından dərin narahatıq. Tərəflər davamlı və balanslaşdırılmış sülhə nail olmaq üçün çalışdığı zamanda biz sərhədlər boyu təmkinli olmağa çağırışımızı bir daha təkrar edirik", - ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Twitter hesabında yazıb.

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 9-da (10-da) imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında illərdir sülh danışıqları getsə də, hələlik, müsbət nəticə əldə edilməyib.

XS
SM
MD
LG