Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:44

Ərdoğan İsveçi Quranın yandırılmasına görə ittiham edir


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçi Stokholmda keçirilən kiçik bir aksiyada Quranın yandırılmasına imkan verdiyinə görə kəskin tənqid edib.

Reuters agentliyi bildirir ki, Ərdoğanın iyunun 29-da verdiyi bu bəyanatdan sonra İsveçin NATO üzvlüyü məsələsi daha da mürəkkəbləşə bilər.

Stokholmdakı ən böyük məscidin yaxınlığında keçirdiyi aksiya zamanı bir iraqlı kürd Quranı yandırıb.

İsveç polisinin bu aksiyanı qadağan etmək cəhdlərinə baxmayaraq İsveç məhkəməsi aksiyaya icazə verib.

"Ədabaz qərblilərə..."

Ərdoğan televiziya ilə yayımlanan çıxışında deyib:

"Biz əvvəl-axır ədabaz qərblilərə başa salacağıq ki, müsəlmanların təhqir edilməsi düşüncə azadlığı deyil”.

Türkiyə və Macarıstan hələ ki, İsveçin NATO üzvlüyü üçün qəbul protokollarının imzalanmasını dayandırıblar.

Ərdoğan deyib ki, Ankara bu alçaq hərəkətə ən güclü şəkildə reaksiya verəcək.

Macarıstanda isə parlament İsveçin NATO-ya qəbulu üçün sənədlərinə gələn həftə baxılmasına dair müvafiq komitənin təklifini rədd edib.

İsveç NATO-nun 11-12 iyulda Vilnüsdə keçiriləcək sammitində alyansa üzv olmağa ümid bəsləyir.

***

Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 28-də İsveçdə keçirilən aksiyada Quranın yandırılmasını pisləyən bəyanat verib.

O özünün Twitter səhifəsində yazıb:

“Mən Qurban bayramının ilk günündə İsveçdə müqəddəs kitabımıza, müqəddəs Qurana qarşı edilmiş bu alçaq hərəkəti pisləyirəm. Söz azadlığı bəhanəsi altında belə anti-İslam hərəkətləri yolverilməzdir”.

İsveç polisi Quranın yandırılması aksiyasına icazə verib

Bundan əvvəl verilən xəbərdə deyilirdi ki, İsveç polisi iyunun 28-də Stokholmdakı məscidlərdən birinin qarşısında Quranın yandırılması gözlənilən aksiyaya icazə verib.

Reuters yazır ki, bu hadisə Türkiyəni qəzəbləndirə və İsveçin NATO üzvlüyü məsələsini çətinləşdirə bilər.

Bu aksiyada yalnız iki nəfərin iştirak edəcəyi gözlənilir, amma təşkilatçılar bildiriblər ki, piket zamanı Quranın vərəqlərini cıracaq və yandıracaqlar.

Bundan əvvəl İsveçdə İslam əleyhinə və kürdlərin hüquqları üçün keçirilmiş bir neçə etiraz aksiyaları Türkiyəni qəzəbləndirmişdi.

İsveç NATO üzvlüyü üçün müraciət edib və Ankara hələ ki, qəbul protokollarını ratifikasiya etməkdən imtina edir.

İsveç NATO üzvlüyünə Rusiyanın Ukraynaya əsassız və səbəbsiz müdaxiləsindən dərhal sonra müraciət edib.

Lakin alyans üzvü Türkiyə İsveçin üzvlüyünə qarşı çıxır və Stokholmu terrorçu hesab etdiyi şəxsləri himayə etməkdə günahlandırır.

Məhkəmə polisin qadağanını ləğv edib

Reuters yazır ki, polis bundan əvvəl anti-Quran aksiyaları üçün verilmiş əraziləri rədd etsə də, məhkəmələr bu qərarları ifadə azadlığını məhdudlaşdırığına görə ləğv ediblər.

İsveçin baş naziri Ulf Kristersson iyunun 28-də keçirilən mətbuat konfransında Quranın yandırılmasının İsveçin NATO üzvlüyü prosesinə təsiri barədə suala cavab olaraq deyib ki, spekulyasiya etmək istəmir:

"Bu qanuni, amma uyğun olmayan hərəkətdir. Mən inanıram ki, yaşadığımız zəmanədə hər kəs təmkinli olmalı və İsveçin uzunmüddətli maraqları barədə düşünməlidir”.

Məhkəmə iyunun 28-də aksiya üçün verdiyi icazədə bildirir ki, “bu hadisənin mənfi xarici siyasət nəticələrinin ola bilməsinə baxmayaraq, Quranın yandırılması ilə bağlı təhlükəsizlik riskləri və mümkün nəticələri aksiya üçün ərizənin rədd edilməsinə əsas vermir”.

“Quranın qadağanına çalışan İraq kürdü...”

Polis bildirib ki, aksiyada yalnız iki nəfərin iştirak edəcəyi gözlənilir. Onlardan biri – Salvan Momika bir qəzetə müsahibəsində özünü “Quranın qadağanına çalışan İraq kürdü” kimi təqdim edib.

Reuters Momika ilə əlaqə saxlaya bilməyib.

Türkiyə ötən yanvarın axırlarında Danimarkanın ifrat sağçı Sərt Xətt partiyasının lideri Rasmus Paludan Stokholmdakı Türkiyə səfirliyinin yaxınlığında Quranı yandırdığına görə İsveçlə NATO üzvlüyünə dair danışıqlarını dayandırmışdı.

Paludanın iyunun 28-də keçirilən aksiyada iştirak edəcəyi gözlənilmir.

Səudiyyə Ərəbistanı, İordaniya və Küveyt də daxil bir neçə ölkəsi Quranın yandırılmasını pisləyən bəyanat verib.

Stokholmdakı Türkiyə səfirliyindən münasibət öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG