Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:39

Rusiyada messencer istifadəçilərini izləyən proqram hazırlanıb - The New York Times


Rusiyada hökumətin sifarişi ilə Telegram, WhatsApp və Signal messencerlərindən istifadə edənlərin izlənməsinə imkan verən proqramlar hazırlanıb.

40-dək sübut sənədi əldə etdiyini bildirən The New York Times yazır ki, bu proqramlardan polis və FTX istifadə edə bilər.

Rusiyada telekommunikasiyaların monitorinqi texnologiyalarının bazarına Sitadel şirkəti nəzarət edir. Bu şirkət 2022-ci ilədək qismən milyarder Alişer Usmanova məxsus olub.

Sitadelin törəmə şirkətləri arasında NetBeholder alətini hazırlayan MFI Soft şirkəti də var.

Bu proqram messencerlərdə kimin kimlə, nə vaxt və harada danışmasını, habelə məlumata fayl əlavə olunub-olunmadığını müəyyən edə bilir.

Qəzet vurğulayır ki, bu proqram məlumatın məzmununa müdaxilə edə bilmir.

Proqram nəyi bacarır?

Bundan başqa NetBeholder gün ərzində iki telefonun yerini müəyyən edə bilir. Bunun vasitəsi ilə iki telefonun hardasa yanaşı olduğunu müəyyən etmək mümkündür.

Proqram habelə telekommunikasiya şəbəkələri abunəçiləri haqqında məlumat əsasında onların hansı ölkədən və ya Rusiyanın hansı regionundan olmalarını müəyyən edir.

Bundan əvvəl hakimiyyət orqanları bu kimi məlumatların əldə edilməsi üçün messencer sahibi olan şirkətlərə müraciət etməli idi. Belə sorğuları alan şirkətlər məlumatı verib-verməmək barədə qərarı özləri qəbul edirdilər.

Sitadel şirkəti The New York Times qəzetinin sorğularına cavab verməyib.

Usmanovun nümayəndəsi isə bildirib ki, biznesmen artıq bir neçə ildir şirkətin idarəçilik qərarlarının qəbulunda iştirak etmir.

Messencerlər nə deyir?

Telegram və Signal bildiriblər ki, trafiki pərdələmək mümkün deyil, amma messencerlərin özündəki funksiyalardan istifadə etməklə onun izlənməsini çətinləşdirmək olar.

WhatsApp-ın bəyanatında deyilir ki, izləmə alətləri “şəxsi həyat üçün təhlükə” təşkil edir və o şəxsi söhbətlərin məxfiliyini qorumaqda davam edəcək.

Qəzetin məlumatına görə bir sıra Rusiya istehsalçıları bu kimi proqramları Şərqi Avropa, Mərkəzi Asiya, Yaxın Şərq, Afrika və Cənubi Amerika ölkələrinə satmağa cəhd göstəriblər.

Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya FTX-si və polisinə tezliklə yeni proqram verilə bilər.

Bu proqram anonim teleqram-kanalların sahiblərini və administratorlarını aşkar etməyə imkan verməlidir.

XS
SM
MD
LG