Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:41

Zelenski NATO sammitində: 'Bundan sonra Avropada heç bir işğal olmayacaq...'


Ukrayna prezidenti Volodimir Zelenski Vilnüsdəki Lukiş meydanında çıxış edir
Ukrayna prezidenti Volodimir Zelenski Vilnüsdəki Lukiş meydanında çıxış edir

Ukrayna prezidenti Volodimir Zelenski onun NATO-nun Vilnüsdə keçirilən sammitinə gələcəyinə dair xəbərlərdən sonra Alyansı kəskin tənqid atəşinə tutub.

Onun sözlərinə görə NATO Ukraynanın təşkilata üzvlüyü məsələsində qətiyyətli mövqe tutmayıb.

O bildirib ki, “Vilnüsə yolda olarkən müəyyən formulların Ukraynanın iştirakı olmadan müzakirə olunmasına” dair siqnallar alıb:

"Vurğulamaq istəyirəm ki, bu formullar Ukraynanın üzvlüyünə yox, yalnız təşkilata dəvətə aiddir. Nə dəvət, nə üzvlük üçün heç bir vaxt çərçivəsinin olmaması misilsiz və absurd hadisədir. Bu ona bənzəyir ki, Ukraynanın nə NATO-ya dəvət olunmasına, nə də onun üzvlüyünə hazırlıq var”.

Ukrayna prezidentinin fikrincə belə olduğu halda ölkənin NATO-da üzvlüyü Rusiya ilə danışıqların predmetinə çevrilir:

"Rusiya üçünsə bu, terroru davam etdirmək üçün motivasiyadır. Qeyri-müəyyənlik zəiflikdir və mən bunu sammitdə açıq şəkildə müzakirə edəcəyəm”.

Liderlərin mövqeyi

Eyni zamanda ABŞ prezidenti Co Bayden bildirib ki, NATO müttəfiqləri Ukraynanın Alyansa qoşulmasının formuluna dair razılığa gəliblər.

Bundan əvvəl Qərbin bəzi mediaları Alyansdakı mənbələrə istinadən bildirirdilər ki, Ukraynaya Vilnüs sammitində NATO üzvlüyünə dəvət verilməyəcək.

Almaniyanın Spiegel jurnalı NATO-nun Ukraynaya dair hazırlanmaqda olan bəyanatına istinadla yazırdı ki, hazırkı sənədin mətnində Ukraynanın üzvlüyə dəvət və ya qəbuluna dair konkretlik yoxdur.

Amma Belçikanın baş naziri Aleksander Kroo demişdi ki, Ukrayna NATO-ya bütün üzvlərin razılığı olduğu və şərtlərə əməl edildiyi təqdirdə dəvət oluna bilər. Söhbət ilk növbədə Ukraynada demokratiya sahəsində islahatlar və NATO-nun əməliyyat sisteminə uyğunluqdan gedirdi.

Buna baxmayaraq NATO-ya üzv bir sıra ölkələrin liderləri Ukraynanın “Alyansa gedən yoluna” dəstək bildiriblər.

Məsələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, “Ukrayna heç şübhəsiz NATO üzvü olmağa layiqdir”.

NATO-Ukrayna Şurası yaradılacaq

Bu arada NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, Alyansa üzv ölkələr Ukrayna üçün “üzvlük hərəkəti planını” ləğv etmək barədə razılığa gəliblər.

O bu bəyanatı NATO-nun Vilnüsdə keçirilən sammitində verib.

Onun sözlərinə görə bu razılaşma NATO üzvlüyünə qəbulun vaxtı barədə heç nə demir:

"Biz Ukraynaya NATO üzvlüyünə qəbul üçün dəvəti bütün müttəfiqlər razılığa gələndə və şərtlər yerinə yetiriləndə verəcəyik”.

Müttəfiqlər habelə Ukraynaya uzunmüddətli dəstək və NATO-Ukrayna Şurasının yaradılması barədə razılığa gəliblər.

Üzvlük üçün hərəkət planı adlı sənəd 1999-cu ildə qəbul edilib və Alyansa yeni üzvlərin qəbulu üçün proqramdır.

Ötən il İsveç və Finlandiyaya NATO üzvlüyünə dəvət bu sənədsiz verilib. Finlandiya ötən apreldə NATO-nun 31-ci üzvü olub.

Bundan əvvəl Ukrayna üçün də hərəkət planının ləğv olunacağı barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba məlumat vermişdi.

Zelenskinin çıxışı daha yumşaq olub

Ukrayna prezidenti Volodimir Zelenskini NATO sammitinin birinci iş günündən sonra Vilnüsdəki Lukiş medanında çıxış edərək deyib ki, bundan sonra Avropada heç bir işğal olmayacaq:

“Bugün Baxmutun döyüş bayrağı Vilnüsdədir. Bu o deməkdir ki, litvalılar bir daha Rusiya əsgərlərinə qarşı vuruşmalı olmayacaqlar. Bu o deməkdir ki, bundan sonra Baltik ölkələrindən Sibirə deportasiyalar olmayacaq, Praqada bir daha heç vaxt tanklar görünməyəcək”.

Bir çox ekspertlər Zelenskinin Vilnüsdəki çıxışının sərt olacağını gözləyirdilər, amma o Qərb partnyorlarına verdikləri dəstəyə görə təşəkkürünü bildirib və deyib ki, o Vilnüsə tərəddüd keçirməyən və Moskvaya tərəf boylanmayan müttəfiqlərə və qüdrətli NATO-ya ümid edərək gəlib.

"Mən istərdim ki, bu inam qərarlardakı qətiyyətə çevrilsin. Bizim hər birimiz buna layiqik və bunu bizim hər bir döyüşçümüz və vətəndaşımız gözləyir”.

Ukraynaya uzaqvuran raketlər veriləcək

Fransa Ukraynanın əks-hücumunu dəstəkləmək məqsədilə Kiyevə böyük vurma radiusuna malik raketlər vermək qərarına gəlib.

Bu barədə bəyanatı Vilnüsdə keçirilən NATO sammitində Fransa prezidenti Emmanuel Makron verib.

Xəbər verilir ki, söhbət “göy-yer” tipli SCALP idarə olunan raketlərindən gedir.

Bu raketlər uzaq məsafədən yerdəki stasionar obyektləri vura bilir.

SCALP raketlərinin rəsmi vuruş məsafəsi 250 kilometrdir, lakin onlar modifikasiyasından asılı olaraq 500 kilometri də vura bilər.

Bundan əvvəl Paris Ukraynanın bu raketlərlə Rusiya ərazisini vuracağından çəkinərək onların Kiyevə verilməsini istisna etmişdi.

2023-cü ilin mayından Britaniya Ukraynaya uzaqmənzilli Storm Shadow raketləri verir.

Ukrayna onlardan ilk dəfə Luhanskda cəbhə xəttindən 100 kilometr arxanı vurmaq üçün istifadə edib.

Almaniyadan 700 milyon avroluq hərbi yardım paketi

Almaniya kansleri Olaf Şolts və bu ölkənin müdafiə naziri Boris Pistorius NATO sammitində bildiriblər ki, Almaniya Ukraynaya 700 milyon avro dəyərində yeni hərbi yardım paketi verəcək.

Süddeutsche Zeitung qəzeti mənbələrə istinadla yazır ki, bu paketə Bundesverin cəbbəxanasından iki Patriot zenit-raket kompleksi, 25 Leopard tankı, 40 Marder PDM-i, 20 min artilleriya sursatı daxildir.

2023-cü ilin mayında prezident Zelenskinin Almaniyaya səfəri zamanı kansler Şolts Ukraynaya yeni hərbi yardım paketi vəd etmiş və demişdi ki, Berlin Ukraynanı “zəruri olduğu müddətdə dəstəkləyəcək”.

Həmin paketə 20 Marder PDM-i, 30 modernləşdirilmiş Leopard 1 A5 tankı, 18 təkərli haubitsa, artilleriya sursatı, zenit sistemləri üçün raketlər və 4 IRIS-T SLM hava hücumundan müdafiə sistemləri daxil idi.

Zelenski öz növbəsində Almaniyaya təşəkkürünü bildirib və deyib ki, Ukrayna müttəfiqlərinin köməyi ilə elə bu il “Rusiyanın məğlubiyyətini qaçılmaz edəcək”.

Və F-16 pilotları

Bu arada Ukrayna və daha 11 ölkə Ukrayna pilotlarının F-16 qırıcı təyyarələrində təliminə dair memorandum imzalayıblar.

Bu barədə iyulun 11-də Ukraynanın müdafiə naziri Aleksey Reznikov məlumat verib.

NATO-nun sammitində iştirak edən Reznikovun sözlərinə görə pilotların təlimlərinə gələn ilin əvvəllərindən başlanacaq.

Ukrayna hakimiyyəti bu ilin mayında bildirmişdi ki, ölkə səmalarının etibarlı müdafiəsi və yerüstü əməliyyatlara havadan dəstək verilməsi üçün Kiyevə azı 48 F-16 qırıcısı lazımdır.

NATO-nun Rusiyaya qarşı vahid planı

NATO-ya daxil ölkələr Vilnüs sammitinin ilk günündə Rusiya ilə birbaşa münaqişə şəraitində birgə plan barədə razılığa gəliblər.

Bu planda hansı kritik mühüm ərazilərin qorunmasının detallı təsviri verilir.

Sənəddə hansı hərbi qabiliyyətlərin lazım gələcəyi məsələsinə də toxunulur.

Planda yer, göy və dəniz əməliyyatları ilə yanaşı kibernetik vasitələrdən və kosmik qüvvələrdən istifadə də nəzərdə tutulur.

NATO-nun planına üzv ölkələrin hərbi büdcələrinin artırılması, silahların çoxaldılması və Alyasın zəif üzvlərinin güclü üzvlər tərəfindən müdafiəsi daxil edilib.

NATO rəhbərliyinin fikrincə Alyansa üzv ölkələrinin hər biri öz hərbi büdcəsini ən azı ÜDM-in 2 faizinə çatdırlmalıdır.

Sənəddə vurğulanır ki, mümkün təcavüzlərə cavab vermək üçün bütün üzvlər hazır olmalıdır.

Türkiyə daha bir güzəştə gedib

Belə bir plan Soyuq Müharibədən sonrakı illərdə ilk dəfədir ki, müzakirə olunur.

Reuters bildirir ki, bundan əvvəl bu kimi planların qəbulunu Türkiyə Kipr və başqa mübahisəli ərazilərlə bağlı bloklayırdı.

Türkiyə diplomatlarından biri Reuters agentliyinə deyib ki, Türkiyə bu məsələdə güzəştə getməyə hazır olduğunu bildirib.

Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsinin ardınca NATO özünün strateji konsepsiyasında Rusiyanı “başlıca təhlükə” kimi müəyyən etmişdi.

Bununla əlaqədar NATO-nun Madriddə keçirilən ötənilki sammitində Alyansın şərq cinahını möhkəmləndirmək və Mərkəzi Avropa ölkələrindəki qoşun sayını artırmaq barədə razılaşma əldə olunmuşdu.

Buna paralel olaraq NATO özünün çevik reaksiya qüvvələrinin sayını 40 min əsgərdən 300 min əsgərə çatdırmalı idi.

XS
SM
MD
LG