Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:56

Rusiyada çar mifinin getməsi üçün... 'nəsillər dəyişməlidir'


Andrey Zorin
Andrey Zorin

Oksford Universitetində çalışan rusiyalı tarixçi Andrey Zorin AzadlıqRadiosunun gürcü xidmətinə müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin çar olmaq üçün gərəkən meyarlara cavab verib-veməməsindən, Rusiyanın avtoritar hakim ənənəsindən, Putinin Ukraynaya hücumuyla Ukrayna və Rusiyanın slavyan xalqlarını “birləşdirmək” niyyətinin əlaqəsindən danışıb.

“Nəsillər dəyişməlidir”

“Çar fenomeni Rusiya tarixində son dərəcə əhəmiyyətlidir. Bəlkə 500 ildən çoxdur ki, o, Rusiyanın mədəni mifologiyasında dərin kök atıb.

…Məndən soruşurlar ki, bu mifin getməsi üçün nə lazımdır. Birincisi, uzunmüddətli sosial dəyişiklik lazımdır. Xüsusən də Sovet İttifaqının dağılmasından sonra gedən proseslərdən biri şəhərli, gənc, qərbyönlü orta sinif insanlarının formalaşmasıdır. İki-üç nəsil içərisində bəlkə də bu mifologiya tamamilə dəyişə bilər. Bu, bir çox ölkədə baş verib. Rusiya bu baxımdan unikal deyil. Ancaq burada on illərlə davam edən sosial dəyişiklik lazımdır. Çünki, məsələn, çar mifologiyasının dərin kökləri kəndli mentalitetindədir. Ancaq siz kənddən şəhərə köçəndə bu mentalitetdən dərhal qurtulmursunuz. Bunun üçün nəsillər dəyişməlidir.

Digər imkansa dərin kök salan mədəni şok [ola bilər]. Yaponiyaya atom bombası atılması onların milli mifologiyasını tamamilə dəyişdi. Nüvə bombası hər şeyi yerindəcə dəyişdi. [Bu halda] nəsillərin [dəyişməsi] lazım deyil. Bu elə bir şokdur ki, hər şey tam dəyişməsə də xeyli dəyişir.

…Almaniya daha bir nümunə ola bilər. Əsrlərlə alman mədəniyyətini müəyyən edən tevton (Orta əsrlərdəki Tevton ordeninə aidiyyətdən söhbət gedir – tərc.), güclü kişi [obrazı] birdən-birə cazibəsini itirdi. Bəli, ucqarlarda bəzi adamlar hələ də buna meyl edirlər. Ancaq bu çox ucqar təfəkkür tərzidir”, – Zorin deyir.

Polyaklarla oynanılmış oyun...

O hesab edir ki, Putin hakimiyyətinin ilk 20 ilində özünü həqiqi çar kimi sübut edib: “Zəngin adamlar yoxa çıxmır, çox əhəmiyyətli olmağa başlayır, ancaq eyni zamanda onların öz səsi qalmır. Bəzi oliqarxlar elə belə də deyiblər: "Çar Putin tələb etsə, biz hər şeyimizi verəcəyik…”

İndiki müharibəyə gəlincə, … Ukrayna nöqteyi-nəzərindən bu çox klassik və ənənəvi, dərsliklərdə olan milli azadlıq [müharibəsidir]. Millət öz azadlığı uğrunda keçmiş imperiyaya qarşı vuruşur. Rusiya nöqteyi-nəzərindənsə, bu, məsələn, Çeçenistan müharibəsi kimi imperiya müharibəsi deyil. Çünki heç kim heç vaxt çeçenlərin rus xalqının bir hissəsi olduğuna inanmayıb. Bu müharibədə, ən azı başlanğıcda – indi vəziyyət dəyişməyə [başlayıb] – belə bir hiss var idi ki, millətin keçmiş birliyi bərpa ediləcək; ruslar və ukraynalılar bir xalqdır, ancaq parçalanıb. Rusiya özünün bir hissəsi olan bir şeyi geri almasa, böyük ola bilməz …bizim bir hissəmiz Qərb tərəfindən qoparılıb və indi öz hissəmizi yenidən özümüzə birləşdirmək üçün vuruşuruq.

Bu artıq 200 il əvvəl polyaklarla oynanılmış, yumşaq desək, uğur qazanmamış oyundur. İlkin inanc bu idi ki, biz polyakları geri qaytarırıq. Əlbəttə, [polyakları] Vatikandakı katolik rahiblər yoldan çıxarıb. İndi biz onları slavyan birliyinə qaytarırıq. Sonra, əlbəttə ki, nifrət [yaymağa] başlayırsan, çünki onlar satqındır. Vuruşursan, sonra da sülh bağlayırsan, çünki səninlə döyüşmək düşmən legitim hala gəlir.

Biz bir millət olmalıyıq. Onlar bunu istəmir. Deməli satqındırlar. Onda biz yəqin onları öldürəcəyik. Nəhayət onlar başa düşəcəklər ki, biz eyni millətik. Məncə, müharibənin ilk ilindən sonra bu [düşüncə] solmağa başlayır. Rus millətinin yenidən birləşdirilməsi uğrunda müharibə hissi klassik ərazi müharibəsinə keçir. …Sonra da anlayırsan ki, mübahisə sərhədin haradan keçməsi üstündə imiş”.

XS
SM
MD
LG