Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:53

Rusiyanın böyük desant gəmisinin dron hücumundan ciddi zədələndiyi deyilir


Dəniz dronunun zərbədən öncə çəkdiyi videodan kadr
Dəniz dronunun zərbədən öncə çəkdiyi videodan kadr

Ötən gecə Rusiyanın Qara dənizdə ən böyük donanma bazasına və qanunsuz ilhaq etdiyi Krıma dron zərbələri dəf olunub. Amma Rusiyanın ən böyük kommersiya limanlarından birində gəmilərin hərəkəti müvəqqəti dayandırılıb.

Rusiya Müdafiə Nazirliyinin avqustun 4-də bildirdiyinə görə, ötən gecə Qara dənizdəki Novorossiysk donanma bazasına iki dəniz dronuyla zərbə endirilib.

“Heyətsiz katerləri bazanı qoruyan Rusiya gəmiləri aşkarlayaraq atəşlə məhv edib”, – nazirlik bəyanatında bildirib.

Bundan öncə Telegram kanalları ərazidə partlayışlar və atəşlə bağlı xəbər yayıblar.

Lakin “Ukrainskaya Pravda” qəzeti Ukrayna Təhlükəsizlik Xidməti – SBU-dakı mənbələrə istinadla yazır ki, suüstü dronlardan biri limanda lövbərlənmiş böyük desant gəmisini ciddi zədələyib.

Qəzet habelə “Olenoqorski qornyak” gəmisinə hücum edən dronun çəkdiyi videonu dərc edib.

Videoda 450 kiloqramlıq partladıcı daşıyan dəniz dronunun gəmiyə səmtləndiyi və yaxınlaşdığı görünür.

Rusiyanın hərbi profilli teleqran kanallarından biri – “Voyennıy osvedomitel” yanı üstə çökmüş həmin gəminin başqa bir gəmi tərəfindən yedəkləndiyini göstərən fotolar dərc edib.

Bu, desant gəmisinə ciddi zədə dəydiyini göstərir. Rusiya Müdafiə Nazirliyi gəmini hücumdan sonra göstərməyib.

Böyük desant gəmisi

Ukrayna hərbiyyəsindəki mənbələrdən biri AzadlıqRadiosuna deyib ki, “xüsusi əməliyyat hərbi dəniz donanması ilə birgə həyata keçirilib”:

"Nəticədə “Oleneqorski qornyak” gəmisinin gövdəsində böyük dəlik açılıb və gəmi hazırda heç bir döyüş funksiyasını icra edə bilmir. Odur ki, rusiyalıların hücumun dəf edildiyinə dair bəyanatları saxtadır”.

Bu iddiaları müstəqil qaydada təsdiqləmək mümkün deyil.

Oleneqorski qornyak gəmisi müharibədən əvvəl Neva çayında keçirilən paradda
Oleneqorski qornyak gəmisi müharibədən əvvəl Neva çayında keçirilən paradda

“Olenoqorski qornyak” böyük desant gəmisi 1976-ci ilə Qdansk tərsanəsində tikilib.

Gəmi Rusiya hərbi dəniz donanmasının – Şimal donanmasına aiddir. Bu desant gəmisi 500 tonadək texnika və başqa yükləri, habelə 225 desantçını daşıya bilir.

Ukrayna silahlı qüvvələri öz hücumları barədə məlumatları şərh etmir. Ukrayna dəniz dronları bundan əvvəl Sevastopoldakı hərbi dəniz bazasına bir neçə dəfə hücumlar edib.

Britaniya kəşfiyyatı: Rusiya NATO-nu qıcıqlandırmamağa çalışır

AzadlıqRadiosu yazır ki, Qara dəniz və onun ətrafında hücumlar Rusiya, vasitəçiliyi Türkiyə və BMT tərəfindən edilmiş Qara Dəniz Təşəbbüsü sazişini uzatmaqdan imtina etdikdən sonra intensivləşib.

Bu saziş Ukrayna taxılının Qara dəniz limanlarından ixracına imkan verirdi.

Britaniya hərbi kəşfiyyatının avqustun 4-də yayılmış məlumatına görə Rusiya NATO ərazilərinin yaxınlığındakı hədəflərə qanadlı raketlərlə yox, dronlarla zərbə endirməyə çalışır.

Məlumatda deyilir ki, İran istehsalı dronlar nisbətən dəqiq vursalar da, qanadlı raketlər qədər dağıntı yaratmırlar.

Britaniya kəşfiyyatı bu nəticəyə gəlib ki, Rusiya NATO ilə birbaşa qarşıdurma yaranacağından ehtiyat edir.

Bu arada Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, ölkənin şərqində “çox amansız” döyüşlər gedir.

Ukrayna silahlı qüvvələri baş qərargahının avqustun 4-ə olan məlumatında deyilir ki, son sutka ərzində bütün cəbhə xətti boyunca 40-dək döyüş toqquşması olub, lakin Ukrayna ordusu cənub istiqamətində hücumu davam etdirir.

“RIA” xəbər agentliyi Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyevə istinadla bildirir ki, hücumda xəsarət alan olmayıb, ziyan dəyməyib.

Ancaq Novorossiyskdə neft terminalı işlədən “Caspian Pipeline Consortium” bildirib ki, limanda bütün gəmilərin hərəkəti müvəqqəti dayandırılıb, ancaq qurğulara ziyan dəyməyib, neftin yüklənməsi davam edib.

Müdafiə Nazirliyi Krım üzərində 13 dronun vurulduğunu, itki, ziyan olmadığını açıqlayıb.

Sosial mediada yayılan postlarda isə Feodosiya limanında neft deposunun alışdığı, bəzi partlayışlar baş verdiyi xəbər verilir.

Rusiya Ukrayna taxılının ixrac sazişini uzatmaqdan imtina edəndən sonra Qara dənizə və ətrafına hücumlar artıb.

Rusiya həftənin əvvəlində Ukraynanın taxıl ixracı üçün istifadə etdiyi Dunay limanlarından İzmailə hücum edib. İzmail Rumıniyanın Tulça limanının 15 kilometrliyində yerləşir.

XS
SM
MD
LG