Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:28

Rəsmilər çimərliklərin dadını çıxarır, sadə türkmənlərsə cəhənnəm istisində həm də aclıq çəkirlər


İnsanlar Aşqabadda ərzaq mağazasının qarşısında növbəyə dururlar ki, subsidiyalı bitki yağı, şəkər və un alsınlar.
İnsanlar Aşqabadda ərzaq mağazasının qarşısında növbəyə dururlar ki, subsidiyalı bitki yağı, şəkər və un alsınlar.

Çoxu qadın olan yüzlərlə etirazçı bu həftənin əvvəlində Türkmənbaşı şəhərinin meri ilə üz-üzə gəlib. Söhbət Türkmənistandakı subsidiyalaşdırılmış (pulunu qismən dövlətin ödədiyi -red.) ərzaq sisteminin dağılması ilə bağlı bugünədək müşahidə olunan ən böyük nümayişdən gedir.

Sadə vətəndaşlar etirazlarını dilə gətirərkən Prezident Sərdar Berdiməhəmmədovla digər yüksək vəzifəli rəsmilər həmin ərazidən 15 kilometr uzaqlıqdakı dəbdəbəli otellərdə dincəlirdilər. Dövlət rəsmilərinə Xəzər sahilindəki məhz həmin kurortda istirahət etmək tapşırılıb.

AzadlıqRadiosu türkmən xidmətinin əməkdaşı avqustun 7-də həmin etirazları öz gözü ilə görüb. Müxbirin sözlərinə görə, şəhər meriyasında öncə etirazçılara mer Amangəldi İsayevin iş dalınca getdiyi və yerində olmadığı deyilib.

İllərboyu görülən ən böyük etiraz

Etirazçılar Berdiməhəmmədovun dincəldiyi Avaza kurortunadək yürüş edəcəklərini bildirəndən sonra mer İsayev qəfildən peyda olub. Təlaşlı görünən mer sakinləri qarşıdakı həftələrdə ərzaqla təmin edəcəyinə söz verib.

Bu olay hər hansı etiraza olduqca dözümsüz yanaşılan Türkmənistan üçün çox qeyri-adidir. Sözügedən etiraz dünyanın ən təcrid olunmuş və repressiv dövlətlərindən birində insan həyatının dözülməz hala gəldiyini göstərən və son zamanlarda daha çox görülməyə başlanan hadisələrdən biridir. Üstəlik, illərboyu görülmüş ən böyük etirazdır.

İllərlə sürən iqtisadi böhran insanları ölkədən kütləvi şəkildə çıxmağa meylləndirir. Hökumət miqrasiyanı öz varlığına təhlükə kimi gördüyündən ölkədən çıxmaq getdikcə daha çətin və daha baha başa gəlir. Bir yandan da həddindən artıq subsidiyalaşdırılmış ərzaq qıtlaşır və bu durumun doğurduğu kiçik etirazlar çoxalır.

Türkmənistan sakinləri dövlətin ərzağı subsidiyalaşdırma siyasətindən uzun müddət asılı olublar. Ancaq indi bu sistem ləğv edildiyindən insanlar ərzaq məhsullarını bazar qiymətləri ilə almağa qalıblar. Ölkə sakinləri bu gedişatla razılaşmadıqlarını etirazlarla nümayiş etdirirlər.

Etirazçılar Berdiməhəmmədovun dincəldiyi Avaza kurortunadək yürüş edəcəklərini bildirəndən sonra mer İsayev qəfildən peyda olub.
Etirazçılar Berdiməhəmmədovun dincəldiyi Avaza kurortunadək yürüş edəcəklərini bildirəndən sonra mer İsayev qəfildən peyda olub.

"Kisəsi 300 manata un almağa imkanımız haradan?"

AzadlıqRadiosunun əməkdaşı bu həftə ölkənin cənub-şərqindəki Marı əyalətində kəndlilərin un ala bilmədiyinə dair xəbər vermişdi. Yazdan bəri bu kəndlilərə ayda 5 kilo subsidiyalaşdırılmış un vermək nəzərdə tutulmuşdu.

"Un satılmayanda biz onu bazar qiymətinə almağa məcbur qalırıq. Dövlət mağazalarında unun keyfiyyəti aşağı olsa da, biz onu qəbul edirik, axı kisəsi 300 manata un almağa imkanımız haradan?", - Marı əyalətində yaşayan bir kəndlinin Azadlıq Radiosuna dediyi sözlərdir.

Türkmən manatının qara bazardakı dəyəri rəsmi məzənnədən qat-qat azdır. Bu üzdən, aşağı keyfiyyətli un sakinlərə bazar qiymətindən dörd dəfə ucuz satılır.

Belə çox sakinin subsidiyalaşdırılmış ərzaqdan asılı olması son 10 ildə alıcılıq qabiliyyətinin nə qədər aşağı düşməsinin daha bir göstəricisidir. Neftin ucuzlaşması və Rusiyanın türkmən qazını almaqdan imtina etməsi Türkmənistan hökumətini büdcə böhranı ilə üz-üzə qoyub.

İyun ayında, yenə Türkmənbaşıda AzadlıqRadiosu türkmən xidmətinin əməkdaşı yerli sakinlərin dövlət dükanına hücumunu görüb. İnsanlar fevralda çatdırılmalı olan unun hələ də gətirilmədiyinə görə etiraz səslərini ucaldıblar.

Ərazisinin çox hissəsi səhralıq olan Türkmənistanda yay çox isti keçir. Son bir neçə ildə bu istilik daha da artıb. Son həftələr termometrlər tez-tez 40ºC-dən yuxarını göstərir.

Bu yay su qıtlığı da ayrıca diqqət çəkir. Amudərya çayının səviyyəsi öncəki illərlə müqayisədə gözəçarpan dərəcədə aşağı düşüb.

Bu həftə AzadlıqRadiosu ölkənin şərqində suvarma suları üstündə fermerlər arasındakı münaqişədən də xəbər verib. Hadisənin baş verdiyi Lebap əyaləti çəltik və pambığın yetişdirildiyi önəmli kənd təsərrüfatı mərkəzidir. Yerli rəsmilər problemlə maraqlanmadığından çəltik fermerləri çaydan suyun çəkilməsi üçün avadanlığı öz vəsaitləri hesabına maliyyələşdirməli olublar. Beləcə, daha dəyərli su israfına yol verilir.

Aşqabadın Qaraşsızlıq parkındakı fəvvarələrin çoxu işləmir.
Aşqabadın Qaraşsızlıq parkındakı fəvvarələrin çoxu işləmir.

Ölkədə şəhər həyatı bundan o qədər də fərqli deyil

Paytaxt Aşqabadda elektrik şəbəkəsi isti havalarda artan tələbata cavab verə bilmir. AzadlıqRadiosunun müxbiri şəhərdə mənzillərin tez-tez, həm də saatlarla işıqsız qaldığını deyir. Tərslikdən işıqlar axşam sönür və işdən evə qayıdan insanlar nə çimib fenlə saçını quruda bilir, nə də kondisioneri işə salıb sərinləyə.

Müxbirin sözlərinə görə, şəbəkə əməkdaşları bir yaşayış blokuna işıq verincə, qarşıdakı blok sönür; sakinlər sərinləməkdən ötrü başlarını yaş dəsmalla örtməli olurlar. Hökumətsə, həmişəki kimi, elektrik kəsintiləri ilə bağlı heç bir açıqlama vermir.

Bilgili ekspertlər anonimlik şərtilə AzadlıqRadiosuna bildiriblər ki, problem şəhər kənarında yerləşən, sovet dövründə tikilmiş Buzmeyin Elektrik Stansiyasının tam gücü ilə işləməməsindən qaynaqlana bilər. Ekspertlərdən biri deyib ki, Buzmeyində Amerikada istehsal edilmiş qaz turbinlərindən istifadə olunub. Hökumət hələ də həmin turbinlərin ehtiyat hissələrini almağa pul tapa bilmir.

Dünyanın ən pis ölkəsi?

"The Economist" dərgisinin Türkmənistanı yaşamaq üçün dünyanın ən pis ölkəsi elan etməsindən 20 il ötüb. Dərgi ölkələrə bu "fəxri" adı çoxsaylı tədqiqatçı komandası ilə məsləhətləşdikdən sonra verir.

O zaman hələ ölkəni özünü "Türkmənbaşı" adlandıran avtokrat Saparmurat Niyazov yönəldirdi. Niyazovun ölümündən sonra hakimiyyətə gələn keçmiş səhiyyə naziri, diş həkimi Qurbanqulı Berdiməhəmmədov sistemdə hər hansı bir gözədəyən dəyişiklik etmədi.

Ötən il prezidentliyi oğlu Sərdara təhvil versə də, hələ də güc, əsasən, ata Berdiməhəmmədovun əlindədir.

Türkiyə miqrasiya həyatlarını yaxşılaşdırmaq istəyən türkmənlərin ənənəvi qurtuluş yolu idi. Ancaq ötən il rəsmi Aşqabadın xahişi ilə Ankara Türkmənistan vətəndaşlarına viza rejimi tətbiq etməyə başlayıb.

Avqustun 7-də Bolqarıstanda fəaliyyət göstərən Türkmənistan Helsinki İnsan Haqları Fondu Türkiyə hökumətinin minədək türkmən vətəndaşını təyyarələrlə Türkmənistana deportasiya etdiyini bildirib. Fondun açıqlamasında deyilir ki, avqustun 5-də uçan belə reyslərdən birinin sərnişinləri araşdırılıb. Çoxu gənc olan türkmən vətəndaşlarının Türkmənistan hökumətinə qarşı siyasi fəaliyyətlə məşğul olduğu üçün deportasiya edildiyi təsdiqlənib. Daha öncə AzadlıqRadiosunun türkmən xidməti də bu barədə məlumat vermişdi.

Berdiməhəmmədovların üç nəsli: (soldan sağa) Sərdar, Qurbanqulı və Kərimqulı
Berdiməhəmmədovların üç nəsli: (soldan sağa) Sərdar, Qurbanqulı və Kərimqulı

"Ekspress xidmət"ə 750 dollar ödəməlisən

Türkiyə hökumətinin iyul ayına aid ən son məlumatına görə, ölkədə 208 mindən çox türkmən yaşayır və bu, viza rejiminin tətbiq edildiyi ötən ilin sentyabrı ilə müqayisədə 20 min nəfər az türkmən mühacir deməkdir.

Türkmənistanın özündəsə vətəndaşlara pasport verilməsi prosedurunun vaxtları uzadılır. Vətəndaşlar 20 günlük "ekspress xidmət"dən yararlana bilər, ancaq bundan ötrü 750 dollar ödəməlidirlər. Dövlət müəssisəsində çalışan adamın aylıq maaşının 400 dollar civarında olduğu ölkədə bu məbləğ çoxları üçün əlçatan deyil. Hətta içində təptəzə türk vizalı yenilənmiş pasportunuz olsa da, ölkədən çıxa biləcəyinizə təminat yoxdur.

Bu ayın əvvəlində Aşqabaddan İstanbula uçan təyyarənin 150 sərnişinindən 40-ının təyyarəyə minməsinə imkan verilməyib. Aşqabad hava limanında çalışan bir mənbə AzadlıqRadiosuna, adətən, yaşı 45-i aşanların, daha öncə Türkiyədə olub qısa müddət qalandan sonra geri dönənlərin uçmasına icazə verildiyini deyib.

Hökumət bu qadağalarla bağlı da heç bir açıqlama verməyib.

XS
SM
MD
LG