Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:24

Qırmızı Xaçın yükləri Laçın və Ağdamdan keçdi


Rusiya Qızıl Xaç Cəmiyyətinin Dağlıq Qarabağa yük daşıyan maşını Ağdama hərəkət edir
Rusiya Qızıl Xaç Cəmiyyətinin Dağlıq Qarabağa yük daşıyan maşını Ağdama hərəkət edir

Sentyabrın 18-də Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus bir yük, iki minik avtomobili Ağdam-Xankəndi yolu vasitəsilə Qarabağa göndərilib. Bununla paralel BQXK-nın eyni sayda yük və minik avtomobilləri Laçın-Xankəndi yolu ilə Qarabağda erməni əhalisinə un, tibbi ləvazimatlar aparıb.

Bu barədə tərəflər arasında razılığın dünən, sentyabrın 17-də əldə olunduğu qeyd edilir.

Ağdamdan çıxan maşınlar yükü Xankəndiyə çatdıraraq artıq Ağdama qayıdıb.

Sentyabrın 12-də Rusiya Qırmızı Xaç Komitəsinin də Xankəndiyə Ağdam-Xankəndi yolu ilə göndərdiyi yüklər mənzil başına çatmışdı.

Buna baxmayaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağ ermənilərinə avqustun 29-da göndərdiyi 40 ton unun hələ də Ağdam-Xankəndi yolunda qaldığı deyilir.

Qarabağ erməniləri Laçın və Ağdam yollarının eyni vaxtda istifadəsinə razılaşıblar

Qarabağ separatçıları Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus humanitar yüklərin eyni vaxtda Laçın-Xankəndi və Ağdam-Xankəndi yolu ilə daşınmasına razılıq veriblər.

"...ölkədə davam edən təhlükəsizliyi və fəlakəti nəzərə alaraq BQXK-nın və Rusiya sülhməramlı kontingentinin komandanlığının birgə təklifini qəbul etmək qərarına gəlirik..", - separatçı rejimin bəyanatında deyilir.

AzadlıqRadiosunun erməni xidmətinin xəbərinə görə, bununla yanaşı, vasitəçilər gərgin vəziyyəti yumşaltmaq məqsədilə Qarabağ ermənilərinin təmsilçiləri ilə Azərbaycan hakimiyyəti arasında görüş təşkil etməyə çalışırlar.

Dekabrın 15-dən

Ermənistan ötən ilin dekabrın 15-dən Laçın-Xankəndi yolunun blokadada olduğunu deyir. Azərbaycan bunu təkzib edərək dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirirdi. Bu ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu bildirib. Bu addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib. Ermənistan isə bu ittihamı qəbul etmir.

Üstəlik, Azərbaycan Laçın-Xankəndin dəhlizinə alternativ Ağdam-Xankəndi yolunu təklif etmişdi. Amma Qarabağdakı separatçılar bunu qəbul etmirdi.

Ermənistan rəsmiləri isə deyirlər ki, üçtərəfli bəyanatda Qarabağla əlaqə ilə bağlı yalnız Laçın dəhlizindən bəhs edilir.

ABŞ və bir sıra Qərb ölkələri Azərbaycanı Laçın -Xankəndi yolunda gediş-gəlişi bərpa etməyə çağırmışdı. ABŞ həmçinin, hər iki yoldan istifadəni məqbul sayırdı.

Xatırlatma

  • Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib. Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.
XS
SM
MD
LG