Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:53

İsrail-Fələstin mübahisəsi: dövlətçilik, Yerusəlim, qaçqınlar


1947-ci ildə BMT-nin Fələstin üçün Bölünmə planı müharibə ilə nəticələndi.
1947-ci ildə BMT-nin Fələstin üçün Bölünmə planı müharibə ilə nəticələndi.

Ötən şənbə "Həmas"ın İsrailə qəfil hücumu ilə başlamış müharibə son 70 ildə israillilərlə fələstinlilər arasında xarici qüvvələrin də cəlb olunduğu və daha geniş Yaxın Şərqdə sabitliyi pozan münaqişə və müharibələrin sonuncusudur.

"Reuters" yazır ki, münaqişə İsrailin uzun müddətdir düşmən hesab etdiyi bölgədə təhlükəsizlik tələbləri ilə fələstinlilərin öz dövlətlərini yaratmaq istəyinin qarşıdurmasıdır.

İsrailin qurucusu David Ben-Qurion 1948-ci il mayın 14-də müasir İsrail dövlətini elan edib, təqibdən qaçan, doğma ev axtaran yəhudilər üçün təhlükəsiz sığınacaq yaradıb. Fələstinlilər isə İsrailin yaranmasını "Nakba", yaxud fəlakət sayır, onların dövlətçilik arzularının əllərindən alındığını, qarşısının kəsildiyini deyirlər.

Bundan sonra baş verən müharibədə 700 minədək fələstinli, vaxtilə Britaniyanın idarəçiliyində olan Fələstinin ərəb əhalisinin yarısı evlərindən didərgin düşüb, İordaniya, Livan, İsraildə, eləcə də Qəzza, Qərb sahili və Şərqi Yerusəlimdə məskunlaşıb.

ABŞ-ın yaxın müttəfiqi olan İsrail isə fələstinliləri evlərindən didərgin salması fikirlərini mübahisələndirir, yaradılışının ertəsi günü beş ərəb dövlətinin hücumuna məruz qaldığını deyir. 1949-cu ildə atəşkəs razılaşmaları ilə döyüşlər dayansa da, formal sülh olmayıb.

İsrail əhalisinin 20 faizə qədərini isə fələstinlilər təşkil edir, onlar "İsrailin ərəb icması" adlanır.

İsrail hərbçiləri "Altıgünlük müharibə"də. 1967
İsrail hərbçiləri "Altıgünlük müharibə"də. 1967

O vaxtdan baş vermiş böyük müharibələr

İsrail 1967-ci ildə Misir və Suriyaya qabaqlayıcı zərbə endirməklə "Altıgünlük müharibə" başladıb. İsrail o vaxtdan Qərb sahili, İordaniyadan ərəblərin yaşadığı Şərqi Yerusəlimi və Suriyada Holan Yüksəkliklərini ələ keçirib.

1973-cü ildə Misir və Suriya İsrailin Süveyş kanalı və Holan Yüksəkliklərindəki mövqelərinə hücum edib və "Yom Kipur" (Qiyamət günü) Müharibəsi başlayıb. İsrail üç həftə içində hər iki ordunu geri oturdub.

İsrail 1982-ci ildə Livanı işğal edib və Yasir Ərəfatın başçılığı ilə minlərlə fələstinli döyüşçü 10-həftəlik mühasirədən sonra dənizlə evakuasiya olunub. 2006-cı ildə "Hizbullah" silahlıları iki israilli əsgəri tutanda Livanda yenidən müharibə başlayıb və İsrail buna cavab verib.

İsrail 1967-ci ildə Misirdən ələ keçirdiyi Qəzzadan 2005-ci ildə çıxıb. Ancaq 2006, 2008, 2012, 2014 və 2021-ci illərdə Qəzzada böyük toqquşmalar olub, İsrail hava zərbələri endirib, fələstinlilər İsraili raket atəşinə tutub. Bəzən hər iki tərəfdən sərhəd müdaxilələri də baş verib.

1987-1993 və 2000-2005-ci illərdə iki dəfə "Fələstin intifadası", yaxud üsyanı da olub. İkincidə "Həmas" israillilərə qarşı intiharçı hücumları təşkil edib.

İsrailin baş naziri İshak Rabin, ABŞ prezidenti Bill Klinton, Fələstin Azadlıq Təşkilatının sədri Yasir Ərəfat Ağ evdə sülh sazişini imzaladıqdan sonra əl sıxırlar. 1993
İsrailin baş naziri İshak Rabin, ABŞ prezidenti Bill Klinton, Fələstin Azadlıq Təşkilatının sədri Yasir Ərəfat Ağ evdə sülh sazişini imzaladıqdan sonra əl sıxırlar. 1993

Sülh cəhdləri

1979-cu ildə Misir və İsrail sülh sazişi imzalayaraq 30 illik düşmənçiliyə son qoyublar.

1993-cü ildə İsrailin Baş naziri İshak Rabin və Yasir Ərəfat məhdud Fələstin muxtariyyəti üzrə Oslo sazişlərinə görə əl sıxıblar.

İsrail 1994-cü ildə İordaniya ilə sülh sazişi imzalayıb.

2000-ci ildə Kemp-Devid sammitində prezident Bill Klinton, İsrailin Baş naziri Ehud Barak və Ərəfat yekun sülh sazişi əldə edə bilməyiblər.

2002-ci ildə irəli sürülmüş ərəb planında İsrailə 1967-ci ildə tutduğu ərazilərdən tam çıxmaqla bütün ərəb ölkələri ilə normal əlaqələr təklif olunub. Planda Fələstin dövlətinin yaradılması, fələstinli qaçqınlar üçün "ədalətli həll" nəzərdə tutulub.

Ancaq 2014-cü ildə Vaşinqtonda israillilərlə fələstinlilər arasında danışıqlar iflas edəndən sonra sülh cəhdləri də dayanıb.

Fələstinlilər daha sonra ABŞ prezidenti Donald Tramp administrasiyası ilə razılaşmaları boykot ediblər. Çünki o, "iki dövlət" həllindən imtina edərək ABŞ-ın on illər boyunca sürdürdüyü siyasətin əksinə gedirdi. "İki dövlət" həlli İsrailin 1967-ci ildə tutduğu ərazidə Fələstin dövlətinin yaradılmasını nəzərdə tutur.

ABŞ prezidenti Co Bayden administrasiyası isə Yaxın Şərqdə "böyük sövdələşmə" əldə etməyə, İsraillə Səudiyyə Ərəbistanı arasında münasibətləri normallaşdırmağa çalışır. Buna görə də hazırda gedən müharibə Ər-Riyad, eləcə də İsraillə sülh sazişi imzalamış digər ərəb ölkələri üçün yöndəmsiz vəziyyət yaradır.

1948-ci ildə İsrail dövlətinin elan edilməsinə qarşı müharibədə məğlubiyyətdən sonra fələstinli qaçqınlar kəndlərinə qayıdırlar.
1948-ci ildə İsrail dövlətinin elan edilməsinə qarşı müharibədə məğlubiyyətdən sonra fələstinli qaçqınlar kəndlərinə qayıdırlar.

Əsas mübahisə qaynaqları

İsraillə Fələstin arasında əsas mübahisələri məsələlər "iki dövlət" həlli, İsrail yaşayış məntəqələri, Yerusəlimin (Qüds) statusu və qaçqınlardır.

"İki dövlət" formulu İordan çayının qərb sahilində və Qəzza zolağında İsraillə yanaşı, Fələstin dövlətinin yaradılmasını nəzərdə tutur. "Həmas" bu formulu rədd edir, İsraili məhv edəcəyini deyir. İsrail isə bildirir ki, Fələstin dövləti İsrailə təhdid yaratmamaq üçün demilitarizasiya olunmalıdır.

Bir çox ölkələr İsrailin 1967-ci ildə tutduğu torpaqlarda saldığı yəhudi məntəqələrini qanunsuz sayır. İsrail isə bununla razı deyil, bu torpaqla tarixi və Bibliyadan dolayı əlaqələrini misal gətirir. Yaşayış məntəqələrinin davamlı ekspansiyası İsrail, fələstinlilər və beynəlxalq ictimaiyyət arasında ən çox mübahisə doğuran məsələlərdəndir.

Fələstinlilər müsəlmanlar, yəhudilər və xristianlar üçün müqəddəs məkanların yerləşdiyi Şərqi Yerusəlimin dövlətlərinin paytaxtı olmasını istəyirlər. İsrail isə deyir ki, Yerusəlim onun "bölünməz və əbədi" paytaxtı kimi qalmalıdır. İsrailin Yerusəlimin şərq hissəsinə iddiası beynəlxalq səviyyədə tanınmır. Tramp isə Yerusəlimi İsrailin paytaxtı kimi tanıyaraq 2018-ci ildə ABŞ səfirliyini oraya köçürüb.

Bu gün 5.6 milyonadək fələstinli qaçqın, əsasən, 1948-ci ildə qaçanların törəmələri olmaqla İordaniya, Livan, Suriyada və İsrailin tutduğu Qərb sahili və Qəzzada yaşayır.

Fələstinlilər çoxdan tələb edirdilər ki, qaçqınlar milyonlarla sonrakı nəsillə birlikdə evlərinə qayıtmalıdırlar. İsrail isə fələstinli qaçqınların hər hansı yenidən məskunlaşmasının onun sərhədlərindən kənarda baş verməli olduğunu deyir.

XS
SM
MD
LG