Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:42

İranda rejissor və arvadının qətlində ‘əsas şübhəli’nin həbs edildiyi bildirilir


Rejissor Dariyuş Mehrcuyi və arvadı Validə Məhəmmədifar
Rejissor Dariyuş Mehrcuyi və arvadı Validə Məhəmmədifar

İranın hakimiyyət orqanları bildirirlər ki, məşhur kino rejissoru və arvadının qətli ilə bağlı “əsas şübhəli” həbs olunub.

Dariyuş Mehrcuyi və arvadı Validə Məhəmmədifərin meyitləri Tehran kənarındakı villalarında aşkar edilmişdi.

Rəsmi IRNA agentliyi oktyabrın 19-da polisə istinadla bildirib ki, müstəntiq və xəfiyyələrin “çevik texniki təhqiqatı” nəticəsində “əsas şübhəli” artıq həbsdədir.

Polis bildirir ki, bu işlə bağlı mümkün başqa şübhəlilərin aşkarlanması üçün istintaq işləri davam etdirilir.

83 yaşlı Mehrcuyi 1960-cıp illərdə müasir İran kinosunun əsasını qoyanlardan sayılır.

Bəzi fəallar və müxalifət fiqurları isə diqqəti keçmişdə baş vermiş belə qətllərlə paralellərə çəkirlər.

Həmin qətllərin siyasi sifarişlə törədildiyinə inanılır.

Mehrcuyi və arvadının dəfn mərasimdə bir çox kino sənətçiləri iştirak ediblər. Mərasimə qatılanlardan bəziləri “Qadın, Həyat, Azadlıq” şüarını səsləndirirdilər.

Mehrcuyi hökumətin senzura siyasətini dəfələrlə sərt tənqid etmişdi.

1998-ci ildə siyasi fəallar – Dariyuş Foruhər və arvadı Pərvanə İskəndəri Foruhər qətlə yetirilmişdilər.

Onların hər ikisi İran ruhani hakimiyyətinin sərt tənqidçiləri kimi tanınırdı.

Hadisə

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Avropa kino festivallarında bir çox mükafatlar almış rejissor Dariyuş Mehrcuyi və arvadı Vahidə Məhəmmədifarın meyitləri Tehran yaxınlığındakı villalarında aşkar edilib.

AzadlıqRadiosunun İran xidməti yazır ki, 83 yaşlı rejissor dəfələrlə dövlət senzurasına qarşı çıxışlar edib və bəzi müxalifətçilərin fikrincə onun və arvadının qətli siyasi sifariş ola bilər.

Mehrcuyi İran kinematoqrafının 1960-cı illərdən başlanan yeni dalğasının nümayəndəsi idi.

Bəzi rəvayətlərə görə 1979-cu il inqilabından sonra islamçılar hakimiyyətə gələndə Ruhulla Xomeyni kinematoqrafı məhz Mehrcuyinin “İnək” adlı filmindən təsirlənərək qadağan etməyib.

Bu film Venesiya və Berlin kino festivallarında mükafatlara layiq görülmüşdü.

“Bu da mənim sinəm, vurun!”

Rejissor habelə 2022-ci ildə polisdə vəfat etmiş 22 yaşlı Məhsa Əmininin ölümünə görə qalxan etirazlara dəstək bildirmişdi.

O 2022-ci ilin yazında dərc etdiyi videoda hökuməti onun “La minor” filmini senzura etməsinə görə sərt tənqid etmişdi.

Həmin videomüraciətdə rejissor deyirdi:

“Mən yenidən döyüşmək istəyirəm, ya da məni öldürün. Bu da mənim sinəm, vurun!”

Rəsmi məlumatlarda ər və arvadın kəsici alətlərlə qətlə yetirildiyi, onlara çox sayda yara vurulduğu deyilir.

Hökumət bildirir ki, prezident İbrahim Rəisi bu qətllərin istintaqını şəxsi nəzarətinə götürüb.

XS
SM
MD
LG