Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:42

Qış və rusların yeni həmləsi yaxınlaşsa da, Ukrayna cənub bölgəsini bərpa edir


Luçun mərkəzindəki yaşayış binasında mətbəx bombalanmış damın dağıntıları altında qalıb.
Luçun mərkəzindəki yaşayış binasında mətbəx bombalanmış damın dağıntıları altında qalıb.

Mikola və Natalya Andryuşenkoların Ukraynanın cənubundakı Xerson və Nikolayev şəhərləri arasında yerləşən Luç kəndindəki evinə mərmi düşəndən sonra ailə əvvəl qonşularının zirzəmisində yaşamalı olub, ardındansa Nikolayevə köçüb.

AzadlıqRadiosunun Ukraynada çalışan müxbiri Kollen Post yazır ki, Luç kəndi Rusiyanın hücuma başladığı ilk aylarda ağır döyüşlərin getdiyi yerdir. Top və havadan zərbələr kəndi, o cümlədən Andryuşenkoların yaşadığı binanı xarabalığa çevirib.

Sakinlər deyirlər ki, 70 illik bu bina sökülüb yenidən tikilməlidir, axı indi heç kim sovet dönəmindən qalma ikimərtəbəli evləri təmir etmir. Ötən ilin payızında, Rusiya ordusu Dnepr çayının o biri sahilinə keçməyə məcbur qalandan sonra Luç kəndi nisbətən güvənli görünür və sakinlər qayıtmağa ümidlənirlər.

Rusiya ordusu müharibənin ilk aylarında cənub cəbhəsində ciddi irəliləmiş, Melitopolu tutmuş, Mariupolu mühasirəyə almış, Xerson civarına qoşun yığmışdı. Ruslar Nikolayev vilayətinin bir bölümünü ələ keçirsələr də, şəhərin özünü tuta bilməmişdilər.

Nikolayevdə regional administrasiyanın dağıdılmış qərargahı.
Nikolayevdə regional administrasiyanın dağıdılmış qərargahı.

"Nikolayev ard-arda səkkiz ay hər gün atəş altında qalıb"

Cənub cəbhəsində Rusiyanın irəliləyişi məhz bu nöqtədə dayandırılıb.

Ötən ilin payızında Ukrayna sürətli əks-hücumla öncə Nikolayev bölgəsinin cənub bölümünü, noyabrda isə Xerson şəhərini azad edib.

Dneprin qarşı sahilində qərar tutan Rusiya qoşunları hələ də Xersonu aramsız top atəşinə tutur. Nikolayev və civarları tez-tez raket hücumlarına məruz qalsa da, top atəşlərini görmür.

Rusiya ordusunun hədələdiyi, ancaq heç vaxt tuta bilmədiyi digər böyük şəhərlər kimi, Nikolayevdə də ağır dağıntılar var. Üstəlik, bu şəhər şimaldakı Çerniqov və şərqdəki Xarkovdan daha uzun müddət mühasirədə qalıb.

"Nikolayev ard-arda düz səkkiz ay hər gün atəş altında qalıb", - QHT-ləri və xarici yardımı əlaqələndirən Ukrayna Dəstək Komandasının yerli əməliyyatlarına rəhbərlik edən Dmitro Tarasenko deyir.

BMT İnkişaf Proqramında (UNDP) çalışan, nikolayevli Anna Bilyavska deyir ki, burada bərpaya ehtiyacı olan 130 bina var. Ukrayna Dəstək Komandası Nikolayev bölgəsində min 279 təhsil, tibb və enerji qurumunun dağıdıldığını bildirir. Bilyavska deyir ki, hər şeydən öncə "beyinlərin bərpasına" ehtiyac var.

Nikolayev dəmiryol vağzalı hələ də işləyir.
Nikolayev dəmiryol vağzalı hələ də işləyir.

"Biz təkcə insanları geri qaytarmalı deyilik, həm də onların qalmasına şərait yaratmalıyıq. Hətta müharibədən əvvəl də bura Ukraynanın ən inkişaf etmiş yeri deyildi", - UNDP-nin rəhbəri Nils Kristensen belə deyir.

"Nikolayev həmişə insanların tərk etdiyi şəhər olub. İndi özümüzə reputasiya yaradırıq. Hələlik, alınır", - buranın yerli sakini olan Tarasenkonun sözləridir.

Daim yaxınlıqdakı Odessanın kölgəsində qalan Nikolayev 1991-ci ildə - Sovetlər Birliyi dağılandan sonra çətin günlər görüb.

Şəhər dənizçilərin hamisi sayılan müqəddəs Nikolayın adını daşıyır

Nikolayevin Cənub Buq və İnqul çaylarının mənsəbində yerləşən mövqeyi onu gəmi tərsanələri üçün ideal yerə çevirir. SSRİ-nin "Slava" raketdaşıyan gəmisi burada tikilib. "Slava"nın adı sonradan dəyişdirilərək "Moskva" qoyulub. Bu, Rusiyanın genişmiqyaslı hücuma başlamasından bir müddət sonra bütün dünyada batırılması ilə məşhurlaşan gəmidir.

1789-cu ildə salınan şəhərin bayraqlarını lövbər və kompas rəsmləri bəzəyir.

Sahibsiz it Nikolayevin məşhur Qara dəniz gəmiqayırma zavodlarının qarşısında yuxulayır.
Sahibsiz it Nikolayevin məşhur Qara dəniz gəmiqayırma zavodlarının qarşısında yuxulayır.

Sovetlər dönəmində bu şəhər hərbi istehsal zonası sayıldığından əcnəbilərə qapalı olub. O zaman gəmi tərsanələri şəhərin əsas iqtisadi gücü idi. SSRİ-nin dağılmasından sonra tərsanələr işsiz qalıb, onların yerini heç nə ilə doldurmaq mümkün olmayıb.

"Çox adam, özəlliklə yaşlı nəsil belə deyir: "Görmürsünüz, o vaxt hər şey necə yaxşı idi? Hamı işləyirdi", - Bilyavska deyir.

O, tərsanələrin hələ SSRİ-nin son illərindən bəri yüksək səviyyəli korrupsiya və aşağı səviyyəli oğurluğun tüğyan etdiyi zona olduğunu söyləyir.

Ukraynanın dəniz donanmasının bərpası barədə söhbətlər ənənəvi gəmiqayırma şəhəri olan Nikolayevin üzünü güldürür. 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən, daha sonra ötən il Ukraynaya qarşı tammiqyaslı müharibəyə başlamasından sonra ölkə öz dəniz donanmasının xeyli hissəsini itirib.

Şəhər və bütün ölkə xarici təşkilat və hökumətlərdən yardım umur. Prezident Volodimir Zelenski bu regiona xarici yardımın cəlb edilməsi üçün lobbiçilik işində fəal iştirak edir. Danimarka və Niderland bu işdə ayrıca fərqlənir. Bu ölkələrin ikisində də gəmiçilik və gəmiqayırma çox gəlişib.

Suyun üzərində yerləşən Nikolayev ötən ilin aprelində kəsilmiş su təchizatı şəbəkəsini bərpa etməkdə çətinlik çəkir. Şəhərin uşaqları hələ də məsafədən təhsil alır, axı məktəblərə hücum təhlükəsi realdır.

XS
SM
MD
LG