Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:45

'Bizim savaşımız deyil': İranlılar İsrail-HƏMAS savaşında Fələstin məsələsinə az dəstək verirlər


Tehranın Fələstin Meydanında "Hizbullah"ın komandiri İmad Muğniyənin öldürülməsinə qarşı nümayişdə iştirak edən şəxs İran və Livan "Hizbullah"ının bayraqlarını daşıyır.
Tehranın Fələstin Meydanında "Hizbullah"ın komandiri İmad Muğniyənin öldürülməsinə qarşı nümayişdə iştirak edən şəxs İran və Livan "Hizbullah"ının bayraqlarını daşıyır.

İranın klerikal hökuməti on illərdir Fələstin məsələsini durmadan qabardır və İsraili tanımır. Di gəl, İran toplumunda Fələstinin dövlətçilik uğrunda mübarizəsinə dəstək azdır. Əksinə, bir çox iranlı Fələstin silahlı qruplarını dəstəklədiyi üçün hökuməti tənqidə tutub, Tehranın əzəli düşməni İsrailə dəstək ifadə edib.

Bu ay yenidən baş qaldıran İsrail-HƏMAS münaqişəsi bütün Yaxın Şərqdə Fələstinə dəstək nümayişlərinin keçirilməsi ilə müşayiət olunur. Ancaq İranda Fələstinlə həmrəylik nümayişləri, əsasən, dövlətin sifarişi ilə keçirilən tədbirlərlə məhdudlaşıb.

İran rəsmiləri bayram ovqatındaymış

"Xalq səviyyəsində iranlılarla Fələstin məsələsi arasında az əlaqə var. Bu ona görə deyil ki, insanlar fələstinlilərin halına biganədir, sadəcə adi insanlar …hökumətin regional siyasətinə qarşıdırlar", - Londonda fəaliyyət göstərən "Chatham House"un Yaxın Şərq və Şimali Afrika proqramının direktoru Sənəm Vəkil deyir.

AzadlıqRadiosunun müxbiri Frud Bejan yazır ki, ABŞ-ın dəstəklədiyi şah hakimiyyəti dövründə Tehran İsraillə dostca münasibətlər saxlayırdı. Ancaq 1979-cu ildə baş verən İslam inqilabından sonra İran İsrailin məhv ediləcəyinə and içib.

İranlı qadın Fələstin Meydanındakı divar rəsminin yanından keçir.
İranlı qadın Fələstin Meydanındakı divar rəsminin yanından keçir.

Son 40 ildə İran İsrailə qarşı "dirəniş oxu" formalaşdırıb və Qəzza zolağındakı HƏMAS və Livandakı "Hizbullah" silahlı qruplarına hərbi dəstək verib.

Oktyabrın 7-də HƏMAS İsrailə hücum edərək min 400-dən çox insanı qətlə yetirəndə İran rəsmiləri bayram ovqatı yaşayıb. Tehranda hökumət Fələstin ərazilərinin "böyük qurtuluş"unun, İsrailinsə məhvinin başlanğıcını müjdələyən bilbordlar quraşdırmışdılar. İran rəsmiləri bu hücumda İranın hər hansı rolu olduğunu inkar ediblər.

Oktyabrın 13-də İranın bir çox yerində Fələstin xalqına dəstək aksiyaları keçirilib. Dövlətin təşkilatçılığıyla keçirilən aksiyalarda İsrailin HƏMAS idarəçiliyindəki Qəzza zolağını bombalamasına etiraz şüarları səsləndirilib. Yerli hökumət nümayəndələri bu hücumlarda 6 mindən çox insanın həlak olduğunu bildirirlər.

Bu etirazlar İran xalqının reaksiyası ilə güclü təzad yaradı

İranlıların çoxu İsrailə qarşı döyüşən regional proksiləri Tehranın maliyyələşdirməsinə etirazını bildirir. Bir çoxları düşünür ki, hökumət həmin pulları İranda dərinləşməkdə olan iqtisadi böhrandan çıxmaq istiqamətində xərcləməlidir. Ölkə illərdir artan inflyasiya, işsizlik və yoxsulluqla üz-üzədir.

İranın Qərbin terrorçu təşkilat kimi tanıdığı silahlı qruplara dəstəyi Tehranın beynəlxalq aləmdən təcrid edilməsinə və ABŞ-ın ağır sanksiyalarına məruz qalmasına səbəb olub.

Arəş Əzizi
Arəş Əzizi

"İranlılar, əsasən, rejimin xarici siyasətinə nifrət edirlər. Səbəbsə sadədir: bu siyasət onlara səfalət, beynəlxalq aləmdən təcrid və iqtisadi çətinliklərdən başqa heç nə gətirməyib", - "The Shadow Commander: Soleimani, The U.S., And Iran's Global Ambitions" kitabının müəllifi Arəş Əzizi deyir.

"Onlar onu da bilirlər ki, rejim əslində Fələstin məsələsini yox, terrorçu islamçı təşkilatları dəstəkləyir. Bu da onu iranlıların gözündən daha çox salır", - ABŞ-dakı Klemson Universitetinin də müəllimi olan Əzizinin sözləridir.

Son illərdə hökumətə qarşı etiraz aksiyalarında nümayişçilər "Fələstindən çıx. Ondansa bizi düşün" və "Qəzzaya yox, Livana yox, canım İrana fəda olsun" kimi şüarlar səsləndiriblər.

"Yerli problemlər dura-dura…"

"Artıq on illərdir, özəlliklə İran küçələrində şüarların eşidildiyi etirazlar zamanı iranlılar hökumətin yerli problemlər dura-dura xarici məsələlərə pul ayırmasından məyusluqlarını göstərirlər", - Sənəm Vəkil deyir.

Bəzi iranlılar sosial mediada İsrailə dəstək bildirib. İsraildə on minlərlə İran əsilli yəhudi yaşayır. Eyni zamanda İran İsrail xaricində ən çox yəhudinin yaşadığı Yaxın Şərq ölkəsidir.

"Bir çox iranlı, rejimin antiisrail və antisemit xəttini paylaşmadığını göstərmək üçün İsraillə həmrəy olduğunu dilə gətirir. Onlar rejimin tutduğu bu antiisrail yönünün ölkəni qorxulu dərəcədə təcrid etməyə yol açdığını da görürlər", - Əzizinin sözləridir.

Oktyabrın 20-də Tehranın "Azadi" stadionundakı oyundan öncə Qəzza xalqı üçün birdəqiqəlik sükut elan olunanda minlərlə futbol azarkeşi səsini yüksəldərək narazılığını bildirib.

Oktyabrın 8-də yenə "Azadi" stadionunda "Persepolis" futbol klubunun azarkeşləri meydanda Fələstin bayrağının olmasına etiraz edərək şüarlar səsləndiriblər.

Tanınmış iranlı ictimai fəal və ziyalılar Tehranın İsrailə qarşı düşmən mövqeyinin ölkəyə gətirdiyi ağır nəticələri dilə gətiriblər.

Tehranlı universitet professoru Sadeğ Zibakəlam X sosial şəbəkəsində deyib ki, "İran rəsmiləri və parlament üzvləri HƏMAS-ın hücumlarına açıq və ictimai dəstək nümayiş etdiriblər. İran xalqının maraqlarına bu hücumların xidməti nədən ibarətdir?".

İnsan haqları fəalı, keçmiş siyasi məhbus Atena Daemi oktyabrın 8-də deyib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) "yaraqlıları və terrorçu qrupları silahlandırdığından bölgədəki bütün qarışıqlığa görə məsuliyyət daşıyır".

XS
SM
MD
LG