Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:58

Türkiyə Ukraynaya bağışlanmış iki gəminin boğazlardan keçməsinə icazə vermir


Türkiyə dəniz donanmasının Akcay minatəmizləyən gəmisi (Arxiv fotosu)
Türkiyə dəniz donanmasının Akcay minatəmizləyən gəmisi (Arxiv fotosu)

Türkiyə bəyan edib ki, Ukraynaya Britaniyanın bağışladığı iki minatəmizləyən gəmini boğazlardan Qara dənizə buraxmayacaq.

Ankara iddia edib ki, bu gəmilərin Qara dənizə buraxılması müharibə zamanı gəmilərin boğazlardan keçidinə dair beynəlxalq paktı pozmuş olardı.

Britaniya ötən ay bildirmişdi ki, kral dəniz donanması Kiyevin Rusiya əleyhinə Qara dənizdəki əməliyyatlarına kömək məqsədilə iki minatəmizləyən gəmini Ukraynanın dəniz donanmasına verəcək.

Reuters yazır ki, NATO üzvü olan Türkiyə müttəfiqlərinə xəbərdarlıq edib ki, sözü gedən gəmilərin Bosfor və Dardanel boğazlarından keçməsinə yol verməyəcək.

Türkiyə prezidentinin kommunikasiyalar müdiriyyətinin X platformasında yaydığı postda deyilir:

"Biz müvafiq müttəfiqlərimizi məlumatlandırmışıq ki, Birləşmiş Krallıq tərəfindən Ukraynaya bağışlanmış iki minatəmizləyən gəmi müharibənin davam etdiyi müddətcə Türkiyə boğazlarından Qara dənizə buraxılmayacaq”.

Rusiya 2022-ci ildə Ukraynaya tammiqyaslı müdaxilə edəndə Türkiyə bildirmişdi ki, 1936-cı ilin Montrö Konvensiyasına uyğun olaraq müharibə tərəfi olan ölkələrin gəmilərinin boğazlardan keçidinə icazə verilməyəcək.

Ankara “son söz sahibidir”

Reuters yazır ki, bu Konvensiyaya görə daimi baza limanlarına qayıdan gəmilər üçün istisna edilir.

Amma müharibə başlanandan bəri nə Rusiya, nə də Ukraynanın hərbi gəmiləri boğazlardan keçməyə cəhd göstərməyiblər.

Türkiyə həm də Qara dəniz ölkəsi olmayan dövlətlərə boğazlara öz gəmilərini göndərməmələri üçün xəbərdarlıq etmişdi.

Montrö Konvensiyasına görə müharibə tərəfi olmayan ölkələrin gəmiləri Türkiyə boğazlarından müharibə zamanı da keçə bilər.

Amma Konvensiyada bu da qeyd olunur ki, Türkiyə özünün də münaqişəyə cəlb olunacağından ehtiyat edirsə, hərbi gəmilərin boğazlardan keçidi məsələsində son söz sahibidir.

Türkiyənin öz planları var

Türkiyə prezident administrasiyası bir daha vurğulayıb ki, Ankara Qara dənizdə eskalasiyanın qarşısının alınması məqsədilə Montrö Konvensiyasına tərəfsiz və ciddi şəkildə əməl edir.

Türkiyə, Rumıniya və Bolqarıstan dekabrın ortalarında bildirmişdilər ki, 2024-cü ilin yanvar ayında Ukrayna müharibəsi səbəbindən Qara dənizdə üzən minaların təmizlənməsi üçün birgə plan imzalayacaqlar.

Qara dəniz ölkələri olan Türkiyə, Rumıniya və Bolqarıstan Gürcüstan, Polşa və Ukraynadan olan rəsmilərlə 2022-ci ilin aprelində görüşərək dəniz minalarının təmizlənməsi məsələsini müzakirə etmişdilər.

Üç ölkənin müdafiə nazirləri habelə ötən oktyabrda NATO-nun Brüsseldəki qərargahında minaların təmizləınməsi ilə bağlı planı müzakirə etmişdilər.

İmzalama yanvarın 11-də olacaq

Həmin vaxt Türkiyənin müdafiə naziri Yaşar Güler müxbirlərə demişdi ki, sözü gedən “üçtərəfli təşəbbüsə” yalnız Türkiyə, Rumıniya və Bolqarıstan daxil olacaqlar və bu ölkələrin müdafiə nazirləri yanvarın 11-də İstanbulda razılaşmanın imzalanma mərasiminə qatılacaqlar.

Türkiyənin müdafiə naziri bunu da demişdi ki, dəniz minaları həm Rusiya, həm də Ukrayna limanlarında var və onlar çox vaxt açılaraq su axını ilə boğazlara doğru üzürlər.

Güler bildirmişdi ki, Türkiyənin minatəmizləmə gəmiləri Rumıniya sərhədinin qurtaracağına qədər dəniz ərazisində patrul keşiyi çəkəcək.

Ankara müharibə başlanandan bəri həm Kiyev, həm də Moskva ilə yaxşı münasibətlər saxlamağa çalışır.

XS
SM
MD
LG