Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:50

'Sədərək' sahibinin keçmiş ev xidmətçisi: 'İmkanlı bir ailə qisas almaq üçün məni məhv edir'


“Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin evindən 800 min manatlıq oğurluqda suçlanan Ruzan Cabbarovaya 11 il həbs cəzası kəsilib. Bakı Ağır Cinayətlər Məhkəməsi belə hökm çıxarıb.

Qədimbəylilərin evində 5 il xidmətçi çalışmış R.Cabbarova deyir ki, bu ailə öz imkanlarından yararlanıb, onu məhv etməyə çalışır. Onun sözlərinə görə, cəzasını ağırlaşdırmaqdan ötrü, ümumiyyətlə, mövcud olmayan, oğurlamadığı qızıl-bəzək əşyalarını da onun boynuna qoyurlar.

R.Cabbarovanın 44 yaşı var və o, Qədimbəylilərin evindən oğurluq elədiyini təsdiqləsə də, oğurlanan əşyların sayca çox şişirdildiyini söyləyir:

“Şeytana uyub, nəfsimə hakim olmayıb, o evdən bir neçə dəfə telefon, xırda zinət əşyası, saat götürmüşəm. Götürdüklərimin hamısını qaytarmışam. Ancaq imkanlı bir ailə qisas məqsədi ilə məni məhv edir, götürmədiyim qızılları da mənim boynuma qoyur. Məqsəd də ziyanın məbləğini çox göstərib, daha ağır maddə ilə məni uzun müddət həbsdə saxlamaqdır”.

İttiham ağırlaşdırlıb

R.Cabbarova vurğulayıb ki, öncə Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsilə ona ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulub. Digəl, istintaqın sonunda ittiham ağırlaşdırılıb və Cinayət Məcəlləsinin 177.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsinə tövsif olunub. Bu maddədə isə cəza müddəti 10 ildən 14 ilədəkdir.

Ziyanın məbləği 500 min manatdan çox olanda xüsusilə külli miqdar sayılır.

“O ailənin əlində oyuncağa çevrilən müstəntiq onların təzyiqilə mənim ittihamımı ağırlaşdırdı. Onların yazdığı qızılları götürsəydim, daha artıq həbsdə qalmamaq üçün qaytarardım. Mənim 4 övladım var, ən kiçiyi 11 yaşındadır. Məsələ burasındadır ki, onları mən götürməmişəm. O qızıllar satılsa, ya da başqa yerdə saxlansaydı, istintaq onu tapardı”, - R.Cabbarovanın son sözündə dedikləridir.

O, təxminən 300 min manatlıq əşya oğurladığını və onları da qaytardığını bildirir.

Ana və oğul məhkəməyə gəlmirlər

Bu cinayət işində “Sədərək” sahibinin həyat yoldaşı Fəridə Qədimova və oğlu Orxan Qədimbəyli zərərçəkmiş qismində tanınıblar. İddia olunur ki, O.Qədimbəylinin də saatı oğurlanıb.

Bir ildən çox sürən məhkəməyə zərərçəkmiş ana və oğulun heç biri gəlməyib. Təqsirləndirilən şəxs və onun vəkili dəfələrlə vəsatət qaldırıb ki, onlara veriləsi suallar olduğundan, zərərçəkmişlər məhkəməyə gəlsinlər.

Ana və oğul məhkəmənin çağırışıyla gəlmədiklərindən, hakimlər onların haqqında məcburi gətirilmə qərarı çıxarıblar. Ancaq məhkəmənin bu qərarı da icra olunmayıb – F.Qədimova və oğlu yenə gəlməyiblər. Onların nümayəndəsi ölkədən kənarda olduqlarını söyləyib.

R.Cabbarovanın vəkili Günay İsmayılova müdafiə çıxışında vurğulayıb ki, bir tərəfdən nümayəndə zərərçəkmişlərin ölkədə olmadığını bildirir, digər tərəfdən F.Qədimova özü Bakıdan məhkəməyə teleqram göndərir:

“Təəssüf ki, məhkəmə onların ölkədə olub-olmadığını araşdırmadı, Dövlət Sərhəd Xidmətinə sorğu göndərməkdən imtina elədi. İrəli sürülmüş ittihamlar əsassız olduğundan, zərərçəkmişlər məhkəmədə iştirakdan yayındılar. Axı danışdıqları yalanlar ortaya çıxacaqdı...”

Prokuror çıxışında deyib ki, R.Cabbarovaya qarşı 803 min manatlıq oğurluq ittihamı məhkəmədə təsdiqini tapıb. Dövlət ittihamçısı onun CM-in 177.4-cü maddəsilə cəzalandırılmasını və 11 il azadlıqdan məhrum olunmasını təklif edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Səbinə Məmmədzadənin sədrlik etdiyi hakimlər kollegiyası prokurorun təklifiylə razılaşıb və R.Cabbarovaya 11 il həbs cəzası kəsilib.

XS
SM
MD
LG