Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:26

İmişli sakini: 'Zibilqabı o qədərmi bahalı matahdır ki, küçələrə düzə bilmirlər?'


İmişlidə zibillik
İmişlidə zibillik

İmişli rayon mərkəzinin sakinləri zibilliklərdən şikayətçidirlər. Onların deməsinə görə, bu problemdən ciddi əziyyət çəkirlər:

“Məhəlləmizdə yaşayanlar zibilə görə əziyyət çəkirlər. Həftələrlə, aylarla yığışdırılmadığından məişət tullantıları yerindəcə çürüyür, ətrafı üfunət bürüyür. Yay aylarında vəziyyət lap dözülməz olur. Nə uşaqlar bayırda oynaya bilir, nə də böyüklər təmiz hava qəbul edə. Qapı-pəncərəni açıq saxlaya bilmirik”.

“Nəinki zibil qabı vermirlər...”

Bunları İmişli şəhərinin Əli Məmmədov küçəsində yaşayan Sevinc Cəfərova danışır. Onun sözlərinə görə, dəfələrlə yerli icra hakimiyyətinə müraciət etsələr də, bu küçəyə zibilqabı qoyulmasına nail olmayıblar:

“Kommunal müəssisədən deyirlər ki, biz sizə xidmət göstərməyə borclu deyilik. Nəinki zibilqabı vermirlər, heç yol kənarına tökülən zibili də yığışdırmaq istəmirlər. Sonuncu dəfə ölkənin ərazi bütövlüyü uğrunda həlak olan bir şəxsin ildönümü qeyd olunanda sakinlərin köməyi ilə bura təmizlənib. Sahibsiz itlər zibilliyə daraşıb”.

İmişlidə zibillik
İmişlidə zibillik

Şəhərin Xiyabani, Hüseyn Cavid və başqa küçələrində zibilqabı qoyulmadığından yol kənarlarında dərin quyu qazılıb. Sakinlər də zibillərini həmin quyuya atırlar.

Sakin Mərhəmət Həsənov da deyir ki, bununla bağlı dəfələrlə yerli icra hakimiyyətinə müraciət olunub: “Tək-tək gedib şikayətini edənlər də olur, qrup şəklində də. Başçılar dəyişir, amma nə sirdirsə, bu problem həllini tapmır. Mən başa düşə bilmirəm ki, zibilqabı o qədərmi bahalı matahdır ki, onu alıb küçələrə düzə bilmirlər?”

İmişli şəhərinin mərkəzi hissəsindən keçən MTS (magistral təsərrüfat suvarma) kanalı da çirklənməyə məruz qalıb. Yaxınlıqda yerləşən fərdi yaşayış evlərindən, iaşə obyektlərindən hər cür tullantılar kanala və onun ətrafına atılır. Şəhər sakini Qardaşəli Rzayev deyir ki, müxtəlif vaxtlarda təmizlik işi aparılsa da, tullantılar üçün yer ayrılmadığından ərazi yenidən çirklənir:

“Birdəfəlik dərk olunmalıdır ki, evlərdə, kafe və mağazalarda yeni tullantı yaranacaq. Onların atılması üçün yerlər təşkil olunmalıdır. Bu, olmadıqca, kim hara gəldi zibilini atacaq.”

Ailəsini yaşatmaq üçün tullantı yığan qadının hekayəsi: 'Çörəkpulumuza görə dözürük'
Gözlə

No media source currently available

0:00 0:06:10 0:00

Rəsmilərin cavabı...

İmişli rayon İcra Hakimiyyəti başçısının İmişli şəhəri üzrə nümayəndəsi Fuad Kərimov isə təqsiri sakinlərin özlərində görür:

“Bir zibilqabı 650 manata başa gəlir. Avtomobillərin istismarı, yanacaq, fəhlələrin əməkhaqqı kimi xərclər var. Tullantıların yığışdırılmasına görə, ev başına cəmi 2 manat haqq müəyyənləşdirmişik. Amma xidmətdən istifadə etmək üçün çoxları müqavilə bağlamır, bağlayanlar da bir neçə aydan sonra ödəniş etmirlər”.

İmişli Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Ceyhun Süleymanov isə Əli Məmmədov və digər küçələrdə zibillərin vaxtında yığışdırılmaması ilə bağlı deyilənlərə çox qısa münasibət bildirdi: “Qeyd olunan yerlər bizim xidməti ərazi deyil. “Çalaaltı” deyilən yaşayış massivi Əli Məmmədov küçəsinə aid edilsə də, Yalavac kəndinin inzibati ərazisinə daxildir. Biz şəhər icra nümayəndəliyinin müəyyənləşdirdiyi ərazi hüdudları daxilində işimizi görürük”.

Mövzu ilə bağlı Yalavac kəndinin rəsmi şəxsləri ilə isə danışmaq mümkün olmayıb.

XS
SM
MD
LG