Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:53

Keçmiş rektora qətl sifarişinə görə 15 il cəza istəndi


Müşfiq Atakişiyev
Müşfiq Atakişiyev

Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun icraçı direktoru, Təfəkkür Universitetinin keçmiş rektoru Müşfiq Atakişiyevə 15 il həbs cəzası istənilib. Martın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib.

Atakişiyev “Təfəkkür”ün prorektoru Tariyel Əhmədovun qətlini sifariş verməkdə ittiham olunur. Prokuror 15 illik həbs tələbini əsaslandırarkən deyib ki, Atakişiyevə verilən ittiham məhkəmədə sübuta yetirilib.

İqtisad elmləri namizədi olan 58 yaşlı M.Atakişiyev bacısı oğlu Dəyanət Quliyev və onun İmişli rayonunda qonşusu olmuş Samir Quliyevlə birlikdə mühakimə olunur. Prokuror bu iki nəfərin də hər birinə 15 il cəza istəyib.

Cinayət işinin materiallarında iddia edilir ki, M.Atakişiyev prorektoru öldürməyi bacısı oğluna sifariş verib. O da öz növbəsində bu işi 40 min dollar qarşılığında həmyerlisi S.Quliyevə həvalə edib. İttihama görə, S.Quliyev 2011-ci il sentyabrın 16-da səhər saat 5 radələrində T.Əhmədovu idman elədiyi meydançada dəmir boru ilə öldürüb.

“Onun ölümü mənə sərf eləmirdi”

M.Atakişiyev məhkəmədə etiraf edib ki, rektor olduğu dövrdə T.Əhmədovla aralarında ciddi problemlər varmış. Dediyinə görə, prorektor onun vəzifəsindən uzaqlaşdırılmasına, hətta həbs olunmasına çalışırdı. Bu səbəbdən, o da T.Əhmədovun özünün bir müddət işdən kənarlaşdırılmasını istəyib:

“Onun öldürülməsini yox, bir müddət işdən kənar qalması üçün xəsarət yetirilməsini, xəstəxanalıq olmasını istəmişəm. Onun ölümü mənə sərf eləmirdi, aramızda problemlər vardı deyə, şübhələr mənə yönələ bilərdi. Əvvəllər dost olmuşduq, sonradan münasibət kəskinləşmişdi. Yerimdə özü oturmaq istəyirdi, rektorluq müddətimin uzadılmamasına çalışırdı. Eşitdim ki, hətta maliyyə məsələlərilə əlaqədar məni həbs elətdirmək istəyir. Yuxarı orqanlarla əlaqələri vardı, bilirdim ki, eləyər...”

M.Atakişiyev prorektoru qətlə yetirməkdən ötrü 40 min dollar verməsi haqda ittihamda yazılanları da təkzib edib.

Həbs olunanadək taksi sürücüsü işləmiş S.Quliyev prorektoru öldürdüyünü məhkəmədə təsdiqləyib. Amma deyir ki, bu işi pula görə yox, dostu və qonşusu olan Dəyanətin xahişinə görə eləyib. O, törətdiyi cinayətin əvəzində 40 min dollar almasının da doğru olmadığını söyləyir.

Dəyanat Quliyev keçmiş polis zabitidir. O, 2000-2022-ci illərdə daxili işlər orqanlarında, o cümlədən Binəqədi rayonu, 7-ci polis bölməsində mayor rütbəsində, əməliyyat müvəkkili kimi xidmət edib.

T.Əhmədovun qətlinin üstü 12 il sonra – ötən ilin mayında açılıb. D.Quliyev Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, 2011-ci ildə prorektoru qətlə yetirdiyini xəbər verib, amma cinayəti təkbaşına törətdiyini deyib.

Onun həbsindən sonra həyat yoldaşı, qızı qohumlarla söhbətlərində, telefon danışıqlarında D.Quliyevin dayısına görə cəza çəkdiyini bildirərək, M.Atakişiyevi günahlandırıblar. Narazılıqlar böyüyüb, hüquq-mühafizə orqanları da bundan xəbər tutub və 2023-cü ilin noyabrında M.Atakişiyevlə S.Quliyev də həbs olunublar.

“Aramızda öldürmək söhbəti olmayıb”

D.Quliyev məhkəmədə bildirib ki, dayısı ondan prorektoru öldürməyi yox, ona xəsarət yetirməsini istəmişdi:

“Dayımla aramızda onu öldürmək söhbəti olmayıb. Ya maşınla, ya daşla vurub, xəstəxanalıq eləmək fikrimiz vardı. Samirlə də İmişlidə qapı qonşusu və dost olmuşuq. Ona dedim ki, belə bir problem var. Bu adamı güclü əzişdirmək lazımdır...”.

Zərərçəkmişin hüquqi varisi kimi, məhkəməyə mərhum prorektorun oğlu Zaur Əhmədov qatılıb. Təqsirləndirilən şəxslərə veriləcək cəza barədə hakim onun da fikrini soruşub. Z.Əhmədov prokurorun tələbiylə razılaşdığını bildirib.

Vəkillər müdafiə çıxışından ötrü məhkəmədən vaxt istəyiblər. Aprelin 6-da vəkillərin çıxışından sonra təqsirləndirilənlər son sözlərini deyəcək, ardından hökm oxunacaq.

M.Atakişiyev 2008-2010-ci illərdə Ali Attestasiya Komissiyasının iqtisadiyyat üzrə ekspert komissiyasının sədri olub. O eyni zamanda, 2000-2014-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri vəzifəsində çalışıb. 2022-ci ildənsə İqtisadiyyat İnstitutunun icraçı direktoru idi.

XS
SM
MD
LG