Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:20

Tehran və Yerevan 500 milyon dollarlıq hərbi müqaviləyə dair iddiaları rədd edirlər


AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, rəsmi Yerevan və rəsmi Tehran aralarında hər hansı hərbi razılaşmanın olmasına dair iddiaları rədd edirlər.

Azatutyunun məlumatına görə Londonda mənzillənən Iran International TV saytı iyulun 24-də Ermənistan və İran arasında 500 milyon dollarlıq hərbi-texniki müqavilənin imzalanmasına dair məlumat yayıb.

Saytın məlumatında bu da iddia olunur ki, bu müqavilənin çərçivəsində Tehran Yerevanı “Şahed 136”, “Şahed 129”, “Şahed 197” dronları, hava hücumundan müdafiə raket sistemləri və başqa hərbi texnika ilə təchiz etməlidir.

Azatutyun yazır ki, İranın Yerevandakı səfirliyi onun sorğusu əsasında sözü gedən məlumatları təkzib edib. Səfir Mehdi Sübhani deyib ki, məlumat həqiqəti əks etdirmir.

Səfir inanır ki, bu informasiyanın mənbəyi İran barədə birtərəfli təhlillər verən və düzgün olmayan xəbərləri yaymaq reputasiyasına malik mediadır.

Sübhaninin sözlərinə görə belə informasiyanın yayılmasından məqsəd İran və onun regiondakı qonşuları arasında dost münasibətləri təsirləndirməkdir.

İran səfirliyi vurğulayıb ki, Tehran Cənubi Qafqaz regionunda sülh, sabitlik və iqtisadi inkişafın bərqərar olmasını dəstəkləyir.

Azatutyun yazır ki, iyulun 26-da sözü gedən məlumatı Ermənistanın Müdafiə Nazirliyi də təkzib edib.

Iran International TV jurnalistinin verdiyi məlumata görə Tehran və Yerevan arasında hərbi razılaşma bir neçə ay bundan əvvəl imzalanıb.

Azatutyun qeyd edir ki, bundan əvvəl Azərbaycan mediasında İranın Ermənistana 500 milyon dollarlıq silah və hərbi avadanlıq satışını nəzərdə tutan müqavilə barədə məlumatlar dərc olunmuşdu.

İddialar

Lakin Iran Internatioanl saytındakı yazının müəllifi, Kanada-İran ikili vətəndaşlığı olan Nigar Müçtəhid iddia edib ki, sayt İranın yaxın gələcəkdə Ermənistana verməli olduğu silahların siyahısını əldə edib.

Yaxın Şərqdə yüksək rütbəli zabitə istinad edən jurnalist iddia edib ki, sözü gedən müqavilə bir neçə hissədən ibarətdir.

Saytın məlumatına görə müqaviləyə silah satışından başqa, həm də Tehranla Yerevan arasında kəşfiyyat informasiyalarının mübadiləsi və hətta Ermənistan ərazisində İran hərbi bazalarının yerləşdirilməsi planları daxildir.

Azatutyun yazır ki, ekspertlər bu informasiyanın həqiqiliyinə şübhə edirlər.

İran məsələləri üzrə rusiyalı ekspert Nikita Smagin öz teleqram kanalında yazıb ki, Iran International televiziya stansiyası Londonda mənzillənib, İran hakimiyyətinə müxalif təbliğat mövqeyi tutur və bu səbəbdən etibarlı mənbə sayıla bilməz.

Ekspertin fikrincə, İranın Xordad 3, Xordad 15, Məcid, Arman antitəyyarə raketləri, habelə Şahed dronlarının dəyəri, əslində 500 milyon dollardan çox olmalı idi.

The Guardian qəzetinin araşdırması

Azatutyun diqqəti belə bir məqama çəkir ki, bundan bir neçə il əvvəl Iran International kanalının xəbərlərinə Britaniyanın nüfuzlu The Guardian qəzeti də münasibət bildirmişdi.

Qəzetin yazdığına görə onun apardığı araşdırma nəticəsində məlum olmuşdu ki, Londonda mənzillənən Iran International kanalı rəhbəri Səudiyyə Ərəbistanından olan bir biznesmenin ofşor şirkəti tərəfindən maliyyələşdirilir. Həmin biznesmeninin Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla sıx əlaqələrə malik olması vurğulanırdı.

The Guardian yazmışdı ki, bu fakt Iran International kanalının müstəqillik və bitərəfliyinə şübhələr yaradır.

Rəsmi Bakı bu məlumatlarla bağlı hələ ki, heç bir münasibət bildirməyib.

XS
SM
MD
LG