Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:57

Tofiq Yaqublunun məhkəməsində çəkilişə qadağa: 'İfşa olunacağınızdan qorxursunuz?'


Tofiq Yaqublu
Tofiq Yaqublu

Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun işi üzrə bundan öncəki iki məhkəmə iclasında foto və video görüntülər çəkməyə icazə verilsə də, artıq qadağan edilib. İyulun 26-da məhkəmədə çəkilişə qadağa qoyulduğu bildirilib. Siyasətçi də buna etiraz edib:

“Necə olur, (Prezident Administrasiyasının keçmiş başçısı) Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin məhkəməsindən canlı yayım verilirdi?! Ailəsinin bütün üzvlərini qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun hər məhkəməsində çəkiliş aparılır, televiziyalar yayımlanır. Mənim məhkəməmdə niyə icazə vermirsiniz? İfşa olunacağınızdan qorxursunuz?”

İttiham aktında yazılanlar

T.Yaqublunun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İyulun 26-da keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib. Orada iddia olunur ki, Elşən Hüseynov adlı şəxs Almaniyaya siyasi mühacir kimi gedib, orada vətəndaşlıq almaq istəyib. Bu işdən ötrü Elnur Məmmədova müraciət edib. O da öz növbətində T.Yaqubluya üz tutub və onlar həbsdəki ictimai-siyasi fəallardan birinin məhkəməsi keçirilən vaxtı məhkəmə binasının önündə görüşüblər.

İttihama görə, T.Yaqublu bu məsələni “Azadlıq” qəzetinin mühacirətdə olan baş redaktoru Qənimət Zahidin həll edəcəyini və 25 min avro, 10 min manata başa gələcəyini deyib. Hazırda zərərçəkmiş qismində tanınan E.Hüseynov da bu məbləği E.Məmmədova verib, o isə T.Yaqubluya çatdırıb. Almaniyaya siyasi mühacir kimi gedə bilməsindən ötrü E.Hüseynova prokurorluğun adından saxta çağırış vərəqəsi də verildiyi bildirilir. İddiaya görə, son nəticədə o, saxta sənədlə getməkdən ehtiyatlanıb və pulu verəndən dərhal sonra da polisə şikayət edib.

Prokuror ittihamı elan etdikcə T.Yaqublu orada yazılanların yalan olduğunu vurğulayıb. Həmçinin onun həbsi üçün bu yalanı düzüb-qoşan və prosesdə iştirak edən hər kəsin ünvanına kəskin fikirlər səsləndirib.

O da məlum olub ki, hazırda T.Yaqublu ilə birlikdə mühakimə olunan və “Elnur Vaqifoğlu” kimi tanınan E.Məmmədovun adı əvvəllər bir sıra cinayət işlərində keçib, həmçinin dəfələrlə dələduzluğa görə məhkum olunub. O, ittihamda yazılanların həqiqət olduğunu və özünü təqsirli bildiyini deyir:

“Eşitmişdim ki, Tofiq bəy bu işlərlə məşğuldur, ona dedim. 25 min avro Qənimətə verəcəkdi, 7 min özünə götürəcəkdi”.

“Qənimət Zahid Almaniya vətəndaşlığı verəcəkdi?”

T.Yaqublu isə əksinə, özünü qətiyyən təqsirli bilməyib. O vurğulayıb ki, illərdir hüquq-mühafizə orqanları E.Vaqifoğludan müxtəlif adamları şərləmək üçün yararlanır, bu dəfə isə ona qarşı təxribatda istifadə olunub:

“(Prezident) İlham Əliyevin şərləyib həbs elətdirdiyi insanların məhkəməsinin önünə mübarizə adamları toplaşır. Biz bilirik ki, həmin vaxt orada olanları polis bir tərəfdən, DTX o biri tərəfdən çəkir. Bunu bilə-bilə məhkəmənin qarşısında bundan pul almışam? Deyir ki, guya mənə verdiyi sənədlər arasında Elşən Hüseynovun pasportunun sürəti olub. Pasportun surətilə hansı səfirlik adama viza verir? Üstəlik, vaxtı keçmiş pasportla...”

Təqsirləndirilən siyasətçi deyir ki, ittihamda E.Hüseynova Almaniya vətəndaşlığı vəd olunduğu yazılıb, bu isə absurddur:

“Qənimət Zahidin heç özünün vətəndaşlığı yoxdur, Fransada oturum icazəsilə yaşayır. O, Almaniya vətəndaşlığı verəcəkdi? Elşən Hüseynova da “zərərçəkmiş” deməyin, o da bu işdə üzə durub “xeyirgörəndir”.

Ailə üzvlərini zaldan çıxarıblar

E.Məmmədov dindirilərkən onun dedikləri və gülə-gülə danışması T.Yaqublu və məhkəmə zalında olan ailə üzvlərinin etirazına səbəb olub. Hakim Elnur Nuriyev siyasətçinin bacısı, qızı və kürəkəninin zaldan çıxarılmasına göstəriş verib. Bu üzdən məhkəmə prosesində qalmaqal yaranıb.

“Sizə desələr ki, “qonşunun toyuğunu oğurlamısan”, dünyanı dağırdarsınız. Məni dəfələrlə murdarcasına şərləyiblər. İndi də Elnur (Məmmədov) kimisindən istifadə edirsiniz. Utanın... Adamlar necə sakit yanaşsınlar buna?”, - T.Yaqublu hakimlərə belə deyib.

Yaranmış gərginliyə görə prosesi davam etdirmək mümkün olmayıb və məhkəmə avqustun 9-na qədər təxirə salınıb.

Xatırlatma

Tofiq Yaqublu 2023-cü il dekabrın 14-də saxlanılıb. Ona qarşı dələduzluq, saxta sənəddən istifadə kimi ittihamlar irəli sürülüb. Siyasi fəala ittiham verilən maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.

T.Yaqublu bundan öncə də bir neçə dəfə həbsdə olub. O, 2013-cü ildə İsmayıllıda kütləvi iğtişaşların təşkili, 2020-ci ildə xuliqanlıq və başqa ittihamlarla həbsdə olub. Siyasi fəal bütün ittihamları rədd edir, şəxsən prezident İlham Əliyevin sifarişiylə cəzalandırıldığını bildirir.

Bir sıra yerli və beynəlxalq insan haqları təşkilatları onun adını siyasi məhbus siyahılarına daxil edib.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

XS
SM
MD
LG