Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:47

İlham Əliyev: 'Nümayəndə heyətimiz qayıtmalıdır, qadağa da götürüləcək'


İlham Əliyev
İlham Əliyev

Avropa Şurası Parlament Assambleyası (AŞPA) üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa ölkənin nümayəndə heyətinin bu təşkilata qayıtmasından sonra ləğv ediləcək.

AZƏRTAC-ın xəbərinə görə, bunu prezident İlham Əliyev sentyabrın 6-da Beynəlxalq Çernobbio Forumunda moderatorun suallarını cavablandırarkən deyib.

"Əgər qərarlarını (Azərbaycan nümayəndə heyətinin mandatının təsdiqlənməməsi-red.) dəyişib bizim haqqımızı bərpa etsələr, o zaman bu embarqo deyilən şey də aradan qaldırılacaq. Nümayəndə heyətimiz qayıtmalıdır, bundan sonra qadağa da götürüləcək", - dövlət başçısı əlavə edib.

27 avqust

AŞPA prezidentindən Bakıya reaksiya: 'Bu, Azərbaycanın Avropa Şurasındakı mövqeyini çətinləşdirir'

Avropa Şurası Parlament Assambleyasının prezidenti Teodoros Rusopulos Azərbaycan XİN-in AŞPA-nın müəyyən üzvlərinin Azərbaycanda arzuolunmaz şəxs hesab ediləcəyinə dair bəyanatına reaksiya verib: "Bu, Azərbaycanın Avropa Şurasındakı mövqeyini yalnız çətinləşdirəcək, təəssüf doğuran siqnaldır. Üzv ölkələr demokratiya standartlarına hörmət edəcəklərinə dair öhdəlik götürüblər. Öz vicdanına uyğun səs verənlərin qara siyahıya salınması yalnız əks-nəticə verə bilər".

Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan AŞPA-da nümayəndə heyətinin əleyhinə səs verənləri ölkəyə buraxmayacaq

Bundan əəvvəl verilən xəbərdə deyilirdi ki, "Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyəti əleyhinə səs vermiş şəxslər "arzuolunmaz şəxslər" siyahısına salınıb".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə avqustun 23-də Almaniya parlamentinin üzvü Frank Şvabenin AzadlıqRadiosuna müsahibəsinə cavab verərkən bildirib.

F.Şvabe həmin müsahibədə demişdi ki, Azərbaycan Avropa Şurasında üzvlükdə maraqlı deyil. O, habelə bildirmişdi ki, Azərbaycan Avropa Şurasının təbliğ etdiyi dəyərlərə sadiq deyil: "Əgər sən Avropa Şurası üzvü olmaq istəyirsənsə, demokratiyaya, qanunun aliliyinə və insan haqlarına hörmət etməlisən".

Eyni zamanda, o, Azərbaycan-Rusiya yaxınlığından bəhs edib. Vurğulayıb ki, "Siz Almaniyanın Bakıda noyabrda keçiriləcək COP29 iqlim konfransından əvvəl bəzi tədbirlər planladığını görəcəksiniz".

O habelə əlavə edir ki, "biz Sovet İttifaqına oxşar bir avtoritar rejimlə üz-üzəyik".

F.Şvabe COP29-da iştirak üçün Azərbaycana gəlmək niyyətində olduğunu bildirib.

Almaniyalı deputat: 'Azərbaycan Avropa Şurasının üzvü olmaq istəmir'
Gözlə

No media source currently available

0:00 0:17:20 0:00

A.Hacızadə isə həmin müsahibədə səslənən bir sıra fikirlərə cavab verərkən vurğulayıb ki, AŞPA-da nümayəndə heyətlərinin mandatı bərpa olunmayanadək sözügedən şəxslər Azərbaycana gəldikləri təqdirdə, onlara ölkə ərazisinə daxil olmağa icazə verilməyəcək.

"Siyasi sabitlik, iqtisadi inkişaf və tərəqqi göstəricilərinə görə lider ölkələrdən olan Azərbaycanın siyasi rəhbərliyinə qarşı səslənən fikirlər ilk növbədə ölkənin uğurlarına qarşı qərəz kimi dəyərləndirilir", - o bildirib.

A.Hacızadə Azərbaycan-Rusiya münasibətlərinə də toxunub: "Azərbaycanın Rusiya ilə münasibətlərindən narahatlıq ifadə edən Şvabenin Almaniyada və AŞPA-da Rusiya ilə əməkdaşlıqda olan, hətta bu gün Rusiyanın "Qazprom" şirkəti ilə yaxından əməkdaşlıq edən şəxslərdən danışması yerinə düşərdi".

+++

AŞPA-nın üzvü Frank Şvabe XİN-in bu qərarını tənqid edib.

"Demokratik ölkələrdə səyahət qadağaları yalnız ekstremistlərə və zorakı cinayətkarlara şamil edilir. Fikrimcə, Azərbaycana girişimin qadağan olunması qüsursuz diktaturanın daha bir göstəricisidir", – o, X sosial şəbəkəsində yazıb.

Xatırlatma

Bu ilin əvvəlində Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) mandatı təsdiqlənməyib. Buna səbəb kimi Azərbaycanın qurum qarşısında insan hüquqları və digər bir çox məsələlərlə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi göstərilib.

Azərbaycan da iradları qəbul etməyərək buna cavab olaraq qurumda fəaliyyətini dayandırdığını açıqlayıb.

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Həmin vaxt Azərbaycan insan hüquqları və bir sıra başqa məsələlərlə bağlı qurum qarşısında öhdəlik götürüb. Ölkə hələ də AŞPA-nın monitorinqi altındadır.

XS
SM
MD
LG