Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:17

Prezident Bayden Ermənistan-Azərbaycan münaqişəsinin həllindən ötrü 'qəti addımlar' atılmasını təklif edib


Baş nazir Nikol Paşinyan ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmisi Maykl Karpenteri qəbul edir.
Baş nazir Nikol Paşinyan ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmisi Maykl Karpenteri qəbul edir.

Ermənistanla Azərbaycan arasında sülhə nail olmaq üçün ABŞ "qəti" təşəbbüslərə hazırdır, - ABŞ prezidenti Co Baydenin (Joe Biden) Ermənistan baş naziri Nikol Paşinyana ünvanladığı məktubda belə deyilir.

Baydenin xüsusi köməkçisi və ABŞ Milli Təhlükəsizlik Şurasının yüksək rütbəli rəsmisi Maykl Karpenter (Michael Carpenter) Yerevana səfəri zamanı həmin məktubu Paşinyana çatdırıb. Bu səfər Karpenterin bir gün əvvəl Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi danışıqlardan sonra baş tutub. Həmin danışıqlarda Karpenter Baydenin Əliyevi Ermənistanla sülh müqaviləsini bu ilin sonunadək imzalamağa çağırdığını bildirib.

Baydenin xüsusi köməkçinin Paşinyana çatdırdığı məktubda ABŞ prezidenti öz məqsədini belə ifadə edib: "Köməkçim atmaq istədiyimiz addımlar barədə sizi qısaca məlumatlandıracaq və Azərbaycanla müzakirələr barədə rəyinizi öyrənəcək".

Ermənistan tərəfinin görüşlə bağlı məlumatında ABŞ rəsmisinin Bakıya səfərinin nəticələri və sözügedən addımlar barədə bilgi verilmir. Sadəcə deyilir ki, Ermənistan baş naziri tərəflər arasında 16 maddəli sülh sazişinin böyük bir bölümünü əhatə edən razılaşmanı imzalamağa hazır olduğunu yenidən səsləndirib.

Rəsmi Bakı bu təklifi ciddilikdənuzaq adlandırıb və dəfələrlə rədd edib, qonşu ölkənin əsas qanununda özünə qarşı ərazi iddiaları olduğunu bildirərək sülh sazişinin imzalanmasını Ermənistan Konstitusiyasına dəyişikliklər edilməsi ilə şərtləndirirb. Mediada yayılan bilgilərə görə, Əliyev Karpenterlə görüşdə də bu şərti təkrar dilə gətirib.

ABŞ prezidenti noyabrın 11-də Bakıda işə başlayacaq COP29 dünya iqlim sammitini "dünya ictimaiyyəti qarşısında sülhə sadiqliyi nümayiş etdirmək üçün unikal imkan" adlandırıb.

Ermənistan rəsmiləri sammitdən sonra Azərbaycanın hərbi müdaxilə edə biləcəyindən təlaşlarını dilə gətiriblər. Oktyabrın əvvəlində prezident Əliyev rəsmi Yerevanı "təhlükəli oyunlar" oynadığı üçün yenidən hərbi əməliyyatlarla hədələyib.

Prezident İlham Əliyev ABŞ prezidentinin xüsusi köməkçisini qəbul edir.
Prezident İlham Əliyev ABŞ prezidentinin xüsusi köməkçisini qəbul edir.

Əliyevə Baydenin məktubu çatdırılıb

"Dünyanın diqqəti COP29 ilə bağlı Bakıya yönəldiyi bir vaxtda qlobal ictimaiyyətə sülhə sadiqliyinizi nümayiş etdirmək üçün misilsiz imkana maliksiniz. Sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək. Lakin əminəm ki, bu imkandan yararlanmağa davam edəcəksiniz. Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm". AZƏRTAC xəbər verir ki, bu fikirlər ABŞ prezidenti Cozef Baydenin (Joe Biden) Azərbaycan prezidenti İlham Əliyevə məktubunda yer alıb.

Məktubu prezident Əliyevə oktyabrın 21-də ABŞ prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenter (Michael Carpenter) təqdim edib.

Xəbərdə bildirilir ki, Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarının sülh müqaviləsinin imzalanması yolunda başlıca maneə olduğunu vurğulayan prezident Əliyev ölkəsinin prosesin irəli aparılması üçün bundan sonra da qəti addımlarını davam etdirəcəyini söyləyib.

Ermənistan tərəfi isə ölkə konstitusiyalarını sülh sazişinin imzalanmasına problem saymırlar. Onlar son aylar dəfələrlə bəyan ediblər ki, sülh sazişinin tezliklə bağlanmasına tərəfdardırlar.

Alen Simonyan
Alen Simonyan
18 oktyabr

Alen Simonyan: '13 bənd tam, qalan üçü yarıyacan razılaşdırılıb'

Ermənistan parlamentinin spikeri Alen Simonyan deyir ki, Azərbaycanla sülh müqaviləsinin 13 bəndi tam, qalan üçü isə yarıyacan razılaşdırılıb. Spiker bu barədə oktyabrın 18-də AzadlıqRadiosuna müsahibəsində danışıb. Dediyinə görə, razılaşdırılan maddələrin içində bir-birinin ərazi bütövlüyünü tanımaq kimi mühüm məsələlər var.

"Digər üç maddə isə yarıyacan razılaşdırılıb. Amma biz onların razılaşdırılmasına çox yaxınıq. Buna görə də ümumiləşdirmə apararaq deyə bilərik ki, ortada müqavilənin, demək olar ki, tam şəkildə razılaşdırılmış 16 maddəsi var. Əgər siyasi iradə olacaqsa, müqaviləni hətta bu gün, ya sabah imzalamaq olar. Elə bir nümunə yoxdur ki, sülh müqaviləsinə bütün mümkün variantlar və interpretasiyalar daxil edilsin. Amma bizim əlimizdə artıq razılaşdırılmış əsas prinsiplər var", - A.Simonyan sözlərinə əlavə edib.

+++

A.Simonyan bu həftə demişdi ki, Bakı və Yerevan sülh sazişini əldə etməyin astanasındadır. Spiker Cenevrədə Parlamentlərarası İttifaqın 149-cu assambleyası çərçivəsində danışıb.

"Bir neçə ay öncə sülh prosesi başlayanda Azərbaycan beynəlxalq səviyyədə qəbul olunmuş beş müddəa üzrə bizim razılığımızı istəyirdi. Biz bu gün artıq 16 müddəa üzrə tam razılıq əldə etmişik", – Ermənistan parlamentinin mətbuat xidməti Simonyana istinadla yazıb.

O, Azərbaycanı siyasi iradə göstərərək fürsətdən yararlanmağa, mümkün olanı reallışdırmağa çağırıb.

"Ermənistan elə bu gün sülh sazişini imzalamağa hazırdır", – A.Simonyan söyləyib.

Baş nazir Nikol Paşinyan təxminən bir ay öncə deyirdi ki, saziş layihəsinin 16 müddəasından 13-ü üzrə razılıq əldə olunub, qalan üçü barədə isə qismən razılaşma var. N.Paşinyan BMT-də çıxışında sülh sazişinin 80 faizinin razılaşdırıldığını, sazişi bağlamağı, qalan məsələlər üzrə danışıqları davam etdirməyi təklif edib.

Azərbaycan prezidenti İlham Əliyev isə deyib ki, "sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz". O, Yerevanın təklifini "tamamilə reallıqdan kənar" saydığını dilə gətirib.

Alen Simonyan və Sahibə Qafarova Cenevrədə (Foto arxiv)
Alen Simonyan və Sahibə Qafarova Cenevrədə (Foto arxiv)

Milli Məclisin spikeri ermənistanlı həmkarı ilə görüşdən imtina edib

Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova ermənistanlı həmkarı Alen Simonyanla bazar ertəsi – oktyabrın 14-də Cenevrədə baş tutmalı olan görüşdən son anda imtina edib.

Bu barədə ilk olaraq Simonyanın sözçüsü Movses Harutyunyan bildirib. AzadlıqRadiosunun erməni xidməti – "Azatutyun" yazır ki, Azərbaycan tərəfi görüşə niyə məhəl qoymadığı barədə dərhal izahat verməyib.

"Ermənistan Milli Assambleyasının spikeri görüşün ləğvi səbəbləri ilə bağlı əlavə detalları Yerevana qayıdandan verəcək", –Harutyunyan öz Facebook səhifəsində yazıb.

Qafarova ilə Simonyan Parlamentlərarası İttifaqın Cenevrədəki sonuncu sessiyasının kuluarlarında görüş keçirmək planlaşdırırdı. Beynəlxalq təşkilatın sözçüsü bildirib ki, görüşdə regional sülh səyləri müzakirə olunacaq.

Hər iki ölkənin spikerləri bu ilin mart və mayında Cenevrədə iki dəfə görüş keçirib. Ermənistan tərəfi mart görüşünü "konstruktiv" adlandırmışdı.

Sonuncu görüşün keçirilməməsi ikitərəfli sülh sazişi üzrə danışıqların dalana dirənməsi fonunda baş verir. Son həftələr rəsmi Bakı Ermənistanın iki tərəf arasında fikir ayrılıqlarına səbəb olan məsələlərin salınmadığı aralıq razılaşmasını imzalamaq təkliflərini rədd edib.

Simonyan bazar ertəsi Cenevrədə türkiyəli həmkarı Numan Kurtulmuşla görüş keçirib. Rəsmi Ankara son həftələr Ermənistanla birbaşa ünsiyyəti bərpa edib. Bununla belə, Ankara Türkiyə-Ermənistan münasibətlərinin normalaşmasını rəsmi Bakının dəstəklədiyi Ermənistan-Azərbaycan razılaşmasının həllinə bağlayır.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə, 2023-cü ildə birgünlük əməliyyatla ərazi bütövlüyünü bərpa edib. Son bir neçə ildə hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Danışıqların detalları açıqlanmır. Ötən ildən başlayaraq isə tərəflər sərhədlərin delimitasiyası ilə bağlı birbaşa danışıqlara başlayıblar.

XS
SM
MD
LG