Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:24

Kamil Əfsəroğlu "Xəzri" (Povest)


Mənbə: "Azərbaycan" jurnalı


“Azərbaycan” jurnalının oxucularına təqdim etdiyim bu povest 5-6 il öncə qələmə aldığım bir hekayəmin işlənmiş povest variantıdır.

O yazı mətbuatda yaxşı qarşılansa da, bir müəllif kimi məni bir o qədər də qane etmirdi, hiss edirdim ki, demək istədiyim bəzi mühüm mətləblər hələ qalıb.

Onlar mənə yaxın keçmişimizə bugünün prizmasından baxmaq, vaxtilə kölgədə qalmış bir çox məsələlərə işıq salmağa imkan verir.


Müəllif


Möcüzə baş verəcəyini gözləmək ağılsızlıq olardı. Xilas yolu qalmadığını dumanlı da olsa, dərk eləyirdi. Qatıb-qarışdırdığı içkinin havası beyninə vurmuşdu, yıxılmasın deyə, əlindəki nazik ağaca dayaqlanmışdı. Başını dikəldib yamaca sığınmış "Şanxayın" miskin mənzərəsini qəmli-qəmli seyr elədi. Alçaq damlı, yastı-yapalaq evlərin, ağacsız həyətlərin arasında nəyisə seçib ayırmaq istəyirdi elə bil. Ayaqlarının altındakı qalın qatran layı yavaş-yavaş yumşalırdı.

Dərindən, sinədolusu nəfəs aldı. Doluxsundu. Onu bu cəhənnəm girdabından qurtarmaq cəhdimin əbəs olduğunu görüb, kirimişcə durub baxırdım, qollarım yanıma düşmüşdü. Yolda bizə ürcah olmuş yava it halımıza yanırmış kimi təlaşla zingildəyir, ora-bura çovuyurdu. Köpəkdən bir kar aşmasa da, dar ayaqda yanımızda qaraltı olmağı hardasa təsəlliydi...

* * *

Damı qır örtülü xırda evlərin sığındığı darısqal həyət "Şanxayın" qəlbisindəydi. Aralıdan yeddibaşlı əjdahanı andıran yöndəmsiz Xar tut ağacı, lakmus kağızı rəngindəki taxta darvaza bu həyəti başqalarından ayıran yeganə nişanəydi. Sakinlərin bəxti gətirməmişdi: həyətin darısqallığı bir yana, bu kiçicik məkanın yeganə yaşıllığı olan Xar tut ağacı da barsız-bəhərsiz idi. Ancaq ağacın qısırlığını heç kəs dərd eləyib ürəyinə salmırdı. Yoğun gövdəsini örtmüş cod qabığı çat-çat, çopur-çopur idi, timsah dərisini xatırladırdı. Şah budağı da yox idi, hara gəldi qol-qanad atmışdı. Şirəsiz yarpaqları sərt, qalın idi və bu suyumsuz ağac səhnə dekorunu xatırladırdı.

Obaşdan, qoltuğumda dəftər-kitab, darvazadan çıxanda, günləri sayıram. Bir aydır həyətdə yeganə rus olan, təqaüdçü Polina xalanın kirənişiniyəm. Bir aydır şəhərin Şanxay deyilən bu ucqar məhləsində tələbə həyatının qayğılarıyla yaşayıram. Əsl sakinlər kimi mən də "şanxaylı" olmağımla öyünürəm, özüm də bilmirəm niyə. Səliqəsiz gecəqondularıyla ürək sıxan bu miskin məhlənin öyünüləsi heç nəyi yoxdu - adından savayı. Çalın-çarpaz, adsız-ünvansız dalanlar, döngələr darısqal və dolanbacdır. Taxta hasarlı, daş barılı bu dalanlar, döngələr o qədər ensizdir ki, buradan keçən it-pişik quyruğunu yelləyə də bilmir. Cin düyünü təki qarmaqarışıq küçələrdən şeytan da baş açmaz. Əslində, bunlar küçə də deyil, "şanxaylıları" evlərindən aparan, evlərinə qaytaran çala-çuxurlu cığırlar, yollar-yolağalardır. Hardasa uzaqlarda - Sakit okean sahilindəki Şanxaydan fərqli, burada səhər təzə ovlarını dükan-bazara çıxaran balıqçıların cır səsi, çığır-bağırı ilə açılmır. Bu məhlənin adamları balıq kimi bir nemətin varlığından xəbərsizdilər sanki. Gözüqıyıq, kökəsifət çinlilər kimi hər gün nazik bambuq çubuqlarıyla qaynadılmış düyü tıxanlar, həlim içənlər də yox idi. Düşəndə, bir də ki bayram günləri plov ətri gəlirdi evlərdən.

* * *

Çəhrayı rəngli, ensiz taxta darvaza həyətin yeganə çıxışı və yeganə girişiydi. Axşam işdən qayıdanlar iri ağızlı nəhəng qıfı xatırladan yarıaçıq darvazadan kölgə təki səssizcə sürüşüb içəri keçirdilər. Hərə bir qırımda gəlirdi - baxırdı işin-gücün gətirməyinə. İşi gətirdi-gətirmədi, təkgöz otaqda tək-tənha yaşayan Şıxəlinin kefi yüz biri vururdu. Bu dəfə də dünya-aləm vecinə deyildi, Araz aşığından idi, Kür topuğundan. Vərdişindən qalmadı, oxuya-oxuya həyətə girdi:

“Tapançanı almışam ki, atmağa,

Almamışam, patronların satmağa...”

- Ay Şıxəli, ayıbdı axı!.. - ikinci mərtəbədəki eyvanda çay içən Bayandur kişi onun sözünü ağzında qoydu. - Oxumağa mahnı qəhətdi? - soruşdu. Görünür, mahnının nə sözlə bitəcəyini bilirdi, yoxsa ona nə düşmüşdü, dursun qonşusuna yol göstərsin. Bir də, Şıxəli uşaq deyildi axı, özü demiş, vaxtında evlənsəydi, oğlu "morexodkanı" çoxdan bitirmişdi. Ancaq mənə elə gəlirdi ki, Bayandur kişi dinməsə belə, törə-tösmərək bu adam oxuduğu mahnının dalını gətirməzdi. Əslində, onun söylədiyi mahnı da deyildi, ara-bərə meyxanasıydı. Deyəsən, "kefkom" qonşum kiminləsə çənə vurmağa bir bəhanə axtarırdı və cənginə Bayandur kişi keçmişdi.

- Nolub, nə qəbahət eləmişəm, qədeş? - Şıxəli höcətindən qalmadı, başını dikəldib altdan yuxarı Bayandur kişini gileyli-gileyli süzdü. - Xalq mahnısıdı da, oxuyuram özümçün, - dedi. - Bunu filarmoniyanın artisti oxuseydi, ona gözün üstə qaşın var deyən olmazdı, mən ölüm. Şıxəli kimdi? Kakoy-nibud yetim piyaniskə...

Xar tutun altında kitab oxuduğumu görüb, xırda, qıyıq gözlərini üzümə dikdi. Məni özünə havadar bilirmiş kimi, ərklə dedi:

- Görürsən də, student, ağzımı açmağa bəndəm, hərə bir yannan üstümə düşür ki, filan oldu, bəhmən oldu. Göz-görəsi vətəndaşın hüququnu tapdayırlar. Alə, mən külbaş, neynirəm? Heç nə, oxuyuram özümçün. Ürəyim doludu, maşallah, qaynıyır köhnə "polutorka" radiatoru təki... Qədeş, kim deyib bunu - "İncəsənət millətə məxsusdu".

- Lenin, - mən əlüstü cavab verdim. - Amma millətə yox, "xalqa məxsusdu" deyib. - Qonşumun sualına cavab tapmaqdan ötrü baş sındırmağa gərək yox idi. Bu fikri şüar eləyib hər yanda asmışdılar.

- Sağ ol, student! - minnətdarlıq elədi. - Sən deyən düz olar, oxumuş cayılsan. Amma bir yannan da nə fərqi - millət olsun, ya xalq. Mənə od qoyan alayı şeydi, qədeş. Bəgəm, ağsaqqalımız belənçik söbətlər eliyəndə, yetim Şıxəlini fikirləşmiyib?

Lenini ağsaqqal adlandırmağı nəsə mənə yapışmadı, gülməli gəldi, ancaq özümü ələ aldım.

- Əlbəttə, fikirləşib, - dilləndim. Bu sözləri özümdən uydurmamışdım, məktəbdə bizi belə öyrətmişdilər - öyrətmişdilər ki, proletariatın rəhbəri özünü yox, həmişə başqalarını düşünüb, bütün bəşəriyyətin dərdini çəkib. Bəşəriyyət deyəndə, təbii ki ora Şıxəli də aid idi.

Mənim sözlərimdən qonşum lap ürəkləndi.

- Deyilənə görə, o yazıq elə kasıb-kusuba dayılıq eliyib, - dedi. - Şıxəli kimdi, xalq deyil bəgəm? Talant belənçiginə batıb gedir də... Mənim də böyüyüm, ağsaqqalım olseydi, səsim filarmoniyadan gələrdi, Şanxaydan yox. Bir müğənni var ey, "Ağ paltardasan"ı oxuyur - mənim yanında olardı "patsan", qərdeş canı.

Qonşum üzünü mənə tutub danışsa da, deyilənləri Bayandur kişi özünə götürdü.

- Şıxəli, - dedi, - gəl, əyri oturaq, düz danışaq. Əvvəla, heç kim sənin hüququnu tapdamır. Təzə kvartirant da Allah şahididi, - məni göstərdi. - İkincisinə qalan yerdə, ağzını bağlayan yoxdu, oxu. Ancaq abırlı-başlı oxu, həyətdə arvad-uşaq var. Nə çox xalq mahnısı - məsələn, "Asta yeri, kəmər düşər belinnən".

Bayandur kişinin nəsihətamiz sözləri bəlkə də Şıxəlinin beyninə batardı, ancaq mahnının adı onu qıcıqlandırdı. Qaşları çatıldı, üzünün ifadəsi dəyişdi. Deyəsən, yaşca özündən böyük, ahıl qonşusundan belə söz-söhbət gözləmirdi.

- Bu nə danışır, alə? - təəccübünü gizlətmədi. - Kəmər düşsə, tuman da düşəcək də, söbəti yoxdu. Tuman da düşdü, avtomatik olur anadangəlmə lüt-üryan. Öz aramızdı, sən də az aşın duzu deyilsən a, Bayandur qədeş. Necə yəni "asta yeri, kəmər düşər belinnən"? Besplatnı konsertsən, Ətağa... "İncəsənət xalqa məxsusdu" - amma yetim əntiqə deyib, mən ölüm...

Şıxəli dil boğaza qoymurdu. Dediyinə görə, onun dilini açan içkidi və o da içir ki, dili açılsın. Qəribədir, bu bir ayda mən onu həmişə beləcə dilli-dilavər görmüşəm. Doğrudur, hərdən ağzını Allah yoluna qoysa da, bədniyyətliyi yox idi. Şıxəlisiz həyətin ab-havası bəlkə də başqa cürə - cansıxıcı və sönük olardı. Başqalarını deyə bilmərəm, mən belə düşünürdüm. Bəlkə günlər keçdikcə, bu qılboyun, nanıq adama bələd olduqca, o məndən ötrü adiləşəcək, digər sakinlərdən seçilməyəcəkdi. Qonşular deyir ayıq vaxtı onu tanımazsan, halı-xasiyyəti tamam dəyişir, qaraqabaq, hətta uşaq kimi utancaq olur. Ağzından kəlbətinlə də söz çəkə bilmirsən... Maraq məni boğurdu, bircə dəfə də olsa, qonşumun o halını görmək istəyirdim. Deyirdim, kaş içki dükanlarını bir günlüyə bağlayaydılar. Bax, onda darvazadan yəqin ayrı Şıxəli girərdi - özgə qılıqda, özgə qırımda... Belə çıxırdı ki, bu darısqal, uzunsov həyətdə iki Şıxəli yaşayırdı: biri az-çox mənim bildiyim, o biri isə hələlik tanımadığım. Tanımadığım o Şıxəlini özlüyümdə başqa cür təsəvvür edirdim: başqa qiyafədə, başqa sur-suyumda, həm də müəmmalı.

- Öz aramızdı, Lenin də hara gəldi, özünü dürtüb ha, - Şıxəli dilotu yemişdi elə bil. - Soruşan gərək, qədeş, sən özün mandalinadan-balalaykadan bir instrumentdə çala bilirsən bəgəm, durub sənətdən yazırsan. Əlbət, heç səsi də olmuyub oxusun.

Bayandur kişi bayaqdan təmkinini pozmasa da, daha hirsini cilovlamadı. Özündən çıxdı, elə bil atabaanasını söymüşdülər.

- Gəda, sən antipartiyasan! - səsini qaldırdı. - Bircə o qalmışdı, dünya proletariatının rəhbərinə sataşasan?! 37-ci il olsaydı, sənin başına bir oyun açardılar, yetişmişin qala-qala kalın tökülərdi. Göndərərdilər Sibirə, ya da pryamoy qəbirə. Bəs nə bilmişdin?.. Elə indinin özündə də başını tumarlamazlar - boynunun ardınnan basıb salallar ağzıbirə, qalarsan bəyirə-bəyirə.

Qonşusunun qəfil hücumundan Şıxəli özünü itirdi. Çaşıb qalmışdı, üzündə tər puçurlanmışdı. Sifətinin ifadəsi bir andaca dəyişmişdi, elə bil sərxoşluğu ruh kimi vücudunu tərk edib harasa qeyb olmuşdu. Dili topuq vururdu:

- Qədeş, mən yetim nə dedim ki? Lenin babanın qadasını alım, partiyanın da başına dönüm...

Əlinin arxasıyla üzünün tərini sildi, daha nəsə demək istədi, ancaq səsi titrədi, sözünün dalını gətirə bilmədi. Onun bu halını görüb, Bayandur kişi burnunu dikəltdi, dorçununu dartdı. Bu vəziyyətdə o, rəqibini yerə sərmiş qoca Roma qladiatorunu xatırladırdı, bir o qalmışdı, enliağız qılıncını yıxdığının ürəyinə saplasın.

- Bax belə, sözünə sərhəd qoy, danışığını bil! - Bayandur kişi təşərləndi, stəkan-nəlbəkini götürüb içəri keçdi. Elə bunu gözləyirmiş kimi, Şıxəlinin pusquda durmuş sərxoş qırımı, nəşəsi özünə qayıtdı, ovurdları batmış ətsiz sifəti yenə əvvəlki ifadəni aldı.

- Sən buna bax, alə, qoca vaxtında mənə politikadan dərs verir, - Bayandur kişinin qarasınca mırtdandı. - Millətin başına biz ağıl qoyuruq... Bilirsən, nöş cavabını vermədim, qədeş? - məndən soruşdu.

Mən çiyinlərimi dartıb, başımı buladım. Şıxəlinin ağlında nələr dolaşdığını hardan biləydim? Belə baxanda, onun fikrini bilmək mənə maraqlıydı.

- Ona görə ki, beləsinə etibar yoxdu, gedib adamı baqaja qoyar, - gileyləndi, - politiçeski statyaynan basallar qazamata, gedərəm çala-çala. Yetim oğlanam, dalımda duranım da yoxdu ki, bərk ayaqda vəkil tutub məni qurtarsın... Bayandur - sən bunun adına baxginən, özü kimi fistirinkədi. Dayandur olseydi, deyərdin bir mənası var. Özünü elə aparır, guya həyətin komendantıdı, Lenin babanı da mənnən çox istiyir. Başınnan böyük danışmağına baxma, belənçiklərin bərkdə əli yoxdu. Uşaq deyilik, görə-görə gəlmişik. Alə, məni alayı şey yandırır e - bu hüştülümün yetmişə yaxın yaşı var, fəhlə-gənclər axşam məktəbini dünən bitirib, kamal attestatı alıb. Soruşan gərək, məhlə uşağı, atam-qərdeşim, bu yaşda attestat sənin nəyivə lazımdı, bir ayağın burdadı, o birisi gorda. Komediyadı, mən ölüm... Bayandurdu, Dayandurdu-nədi, durub mənə ağıl verir. Söbət deyil ki... Arvadı, rəhmətlik Bikəxanım, bakılı qızıydı, onun sayəsində kişi olub.

Həyətdə az-çox tanıyıb təmas qurduğum iki-üç nəfərdən biri də Bayandur kişiydi. Ortaboy adamdı, yeriyəndə sağ ayağını çəkirdi, davada yaralanmışdı. Üzdə qanısoyuq görünsə də, elə quruluğu yox idi, içi nurlu, işıqlıydı. Bayandur kişiylə mən ayrı-ayrı bölgələrdəndik, amma o məni "eloğlu" deyib çağırırdı. "Eloğlu" sözü ürəyimə yatırdı və qonşumun bu bircə kəlməsi, istiqanlılığı təzəcə məskunlaşdığım həyətdə mənə qəribliyimi unutdururdu. Qızı və iki nəvəsiylə eyvanlı mənzildə yaşayırdı. Dediyinə görə, yeznəsi Seyidalı bivecin biridi, iki ildir qazanc dalınca Rusiyaya gedib. Qızıl mədənlərində işləyir. Uşaqlardan ötrü atalarının nə qulluqda çalışmağının mənası yox idi, ancaq anaları Zəriş bununla açıqdan-açığa öyünürdü. Arvadlarla söhbət eləyəndə yerli-yersiz ərinin işini gözə soxurdu. Elə öyünürdü, guya Rusiyanın qızıl mədəni onlara işləyirdi. Hər dəfə poçtdan göndəriş kağızı gələndə sevincindən quş olub uçurdu. Həyətə car çəkirdi ki, əri "posılka" göndərib, gedir almağa. Poçt bağlamasında nə olduğu onun özündən də çox qonşuları maraqlandırırdı. Hamı elə bilirdi ki, Seyidalı pal-paltar yerinə nə vaxtsa bir yeşik saf rus qızılı göndərəcək və bu sovqatdan onlara da pay düşəcək.

Poçt şöbəsi uzaqda deyildi, Hərbi Dəniz Donanmasına yaxın yerdə, "Admiralski dom" deyilən binanın yanındaydı. Xanlar küçəsindən üzüaşağı dümdüz, enli daş artırma uzanırdı. Bu dik artırmanı enmək elə bir əziyyət deyildi, ancaq buranı qalxmaq cəhənnəm əzabıydı. Zəriş, qoltuğunda fanerka qutu, pilləkənləri qalxanacan əldən-ayaqdan düşürdü, nəfəsini çiyinlərindən alırdı. Amma yorğunluğunu unudurdu, bəlkə də elə bilirdi ki, qutunun işıldayan mıxlarını söküb qapağını açanda ger-geyim yox, başqa sovqat görəcək. Nə görmək istədiyini özü bilirdi. Ondan da çox, bağlamayla Bilqeyis arvad maraqlanırdı. Uzaq Sibirdən gələn uzunsov balaca yeşik ondan ötrü sirli-sehirli mücrüydü.

Sonuncu bağlama dünən gəlmişdi. Zərişin hıqqıldaya-hıqqıldaya həyətə girdiyini görüb Bilqeyis arvad eşiyə çıxdı. Mkıçın arvadı Zoya pəncərədən boylandı. Daha kiminsə qapısı cırıldadı. Bayaqdan həyətdə elə sakitlik vardı, deməzdin ki, burada adam yaşayır.

- Ağez, ərin yenə şmotkə göndərib? - Bilqeyis arvad marağını boğmadı.

- Nə bilim, hələ açmamışam, - Zəriş könülsüz-könülsüz dilini sürüdü.- Başqa nə göndərəcək?

- Qızıl göndərsin də, nə vaxtacan şmotkəynən baş aldadacaq?

Bilqeyis arvad elə danışırdı, guya poçt bağlamasında qızıl olub-olmamağının ona bir isti-soyuğu vardı.

Zəriş dilini saxlamadı:

- Ay arvad, sənin nə borcuna qalıb, ərim pal-paltar göndərir, ya qızıl.

- Həri?! Düz deyirsən, nə işimə qalıb, ər sənin, sər sənin. - Bilqeyis arvad ağzını büzdü. Özlüyündə qət elədi ki, yeşikdəki qızıl deyil. Qızıl olsaydı, ağır olardı və o boyda qutunu Zəriş təkbaşına daşıya bilməzdi. Deyəsən, Zoya da bu qənaətdəydi, pəncərənin qabağından çəkildi. Kiminsə qapısı cırıldayıb örtüldü.

Yenə sakitlik çökdü. Hərdən Bayandur kişigilin mənzilindən nəvələrinin şən çığır-bağırı gəlirdi. Atalarının göndərdiyi sovqatı bölüşürdülər. Bağlamadan qızıl yox, pal-paltar çıxmağına yalnız onlar sevinirdi. Ekiz oğlan uşaqlarıydı. Yeddi yaşları tamam olmadığından məktəbə getməkləri qalmışdı gələn ilə. Həmişə dəst geyinirdilər. Anası onları necə seçib ayırırdı, baş açmırdım. Zahiri bənzərlikdən savayı uşaqların təbiətində, xasiyyətlərində də eynilik vardı: biri kefsizləyəndə o birinin də qırımı dəyişirdi. Ağızlarının dadı da bir idi, südlüsıyığın ölüsüydülər, eyvanda oturub elə iştahla qaşıqlayırdılar, deyirdin bəs dünyanın naz-nemətini yeyirlər. Alma şirəsindən isə zəhlələri gedirdi. Anaları onlara yarımca stəkan şirə içirdənəcən dindən-imandan olurdu.

Bir yol Zəriş uşaqlarını yenə dilə-tova tutanda məni göstərdi, ekizlərə dedi, alma şirəsi içsəniz, tez böyüyəcəksiniz, təzə kvartirant kimi institut oxuyub mühəndis olacaqsınız. Qonşumun danışığından bəlliydi ki, mənim harda oxumağımdan xəbərsizdi. Bir də ondan ötrü bunun nə mənası vardı?.. Ekizlər əvvəl bir ağızdan etiraz elədilər ki, mühəndis yox, kosmonavt olmaq istəyirlər. Sonra da başladılar analarını sorğu-suala tutmağa ki, bəs köhnə kvartirant hara gedib? Zəriş özündən nələr uydurmadı? Dedi köhnə kvarirant institutu bitirib, diplom alıb, hal-hazırda işləyir, qurur-yaradır... Zavallı qadın elə bildi ki, bununla da canını qurtaracaq. Ancaq uşaqlar dil boğaza qoymadılar. Uydurdular ki, köhnə kvartirant, əlbət, marojna düzəldilən yerdə işləyir. Anaları onları başdan eləmək üçün tezcənə övladlarının fikriylə razılaşdı. Nəfəs dərməyə macal tapmamışdı ki, təzə sorğu-sualla qarşılaşdı: "Köhnə kvartirant yaxşıydı, yoxsa təzə kvartirant? - uşaqlar bir ağızdan soruşdular. Zəriş qaldı çaşbaş, bilmədi nə cavab versin. Belə söhbəti ortaya atmağına peşman olmuşdu. Mənə sarı boylandı, bildi ki, uşaqları maraqlandıran sualı qulağım alıb. Məni yalnız üzdən tanısa da, "əlbəttə, təzə kvartirant yaxşıdı" - deyib candərdi dilini sürüdü. Halına-xasiyyətinə bələd olmadığı adam haqqında fikir söyləməkdən özü xəcalət çəkdi. Elə mən də deyilənləri ciddi qəbul eləmədim.

O söz-söhbət Zərişə dərs olmuşdu: alma şirəsi içirtməkdən ötrü ekizləri dilə-tova tutanda ta məni nümunə göstərmirdi. Məni heyrətləndirən bir də başqa şey idi: ətirli meyvə şirəsini bəyənməyən ekizlər iyli balıq yağını həvəslə, su təki içirdilər. Təkcə uşaqlarda deyil, böyüklərdə də ikrah doğuran bu dərmanı ekizlərin necə içdiyini görməyim deyə, üzümü çevirirdim.

Səhərlər babalarının "Qalxın!" əmriylə uşaqlar yuxudan oyanıb eyvana çıxırdılar. "Boysırası düzlən!" - Bayandur kişinin bu əmri gülməli görünürdü, çünki bir almanın iki yarısı olan uşaqların nə boy-buxunu bir-birindən seçilirdi, nə də sir-sifəti. "Bir-iki, bir-iki!.." - əmriylə uşaqlar hıqqıldıya-mıqqıldıya oturub-durur, əllərini havada oynadırdılar. Yuxulu gözləri yumulmaqdan ötrü sino gedirdi. Sonra taxta qılınc, qalxan yerinə isə qazan qapağı götürüb vuruşurdular. Bax, onda yuxuları qaçır, üzlərinin ifadəsi dəyişirdi. Elə döyüşür, bir-birinə elə zərbələr endirirdilər, onların doğma qardaş olduğuna adamın inanmağı gəlmirdi. Bəlkə də belə tərbiyə ekizlərə ekiz olduqlarını unutdurmaq və onların içindəki təbiətən mövcud ruhi bağlılığı qırıb, hər birində "mən" eqosu yaratmaqdan ötrüydü. Bayandur kişi deyirdi, yeznəsinin o işi yaxşıdı ki, uşaqların tərbiyəsiylə uzaqdan-uzağa - məktubla da olsa, məşğuldur. Sibirdə başı daşa dəyəndən sonra həyatı dərk eləyib. Övladlarına Sparta tərbiyəsi verməyi də o yazıb göndərib.

Bayandur kişinin mənzilindən hərdən qaynadılmış düyü ətri gəlirdi. Qıyıqgöz olsaydı, görən deyərdi kişinin qanında çinli qarışığı var. Söz düşəndə öyünürdü ki, əsl şanxaylı Allahın verən günü düyü yeməlidir, cana xeyirdi, ömrü uzadır. Çinlilər o qədər düyünü boşuna yemirlər ki...

Şıxəli ayaqda qalmaqdan yorulmuşdu, üzbəüzdəki kətildə oturdu. Boğazını uzadıb Bayandur kişinin eyvanına sarı boylandı, onun bayıra çıxmağını gözləyirdi. Deyəsən, söz savaşındakı məğlubiyyətiylə barışa bilmirdi.

Üst-başı kir-pasaq olan Volodya yırtıq qaloşlarını sürüyə-sürüyə həyətə girməsəydi, Şıxəli bəlkə də Bayandur kişini səsləyib çağıracaqdı.

Volodya yaşlı adam idi, Şanxayın dəlisiydi. Döyükə-döyükə həyətə girirdi, bir gözü darvazada olurdu, elə bil qorxurdu ki, bu iri taxta qapını bağlayıb dalının rəzəsini vuracaq, onu küçəyə buraxmayacaqlar. Bağlı, qapalı həyət qala divarları təki onu sıxır, ürpəndirirdi. Əlbət, ondan yana çəhrayı darvazadan bəri üzə çox az hallarda adlayırdı.

Təlaşla bir Şıxəliyə baxdı, bir mənə, büzüşüb yerindəcə hərəkətsiz qaldı. Bulanıq ala gözlərinin sönük işartısı olmasaydı, deyərdin dirrikdə-bostanda qarğa-quzğun perikdirən müqəvvadı. Ona yazığımız gəldiyini üzümüzdəki ifadədən duyub ürəkləndi. Yaxınlaşdı, "Ay şabaş, day şabaş" - deyib, çırtıq vurub oynamağa başladı, atılıb düşdü. Şıxəli onun cındır pencəyinin cibinə pul qoydu. Mən də bir neçə xırda qəpiyi Volodyanın ovcuna basdım. Volodyaya elə bu lazım idi, oyununu saxladı, səhnədəymiş, kimi sakitcə təzim elədi, qaloşlarını sürüyə-sürüyə, dalı-dalı həyətdən çıxdı. Mən bu fındıqburun rusu Şanxaya köçdüyümün səhərisi görmüşdüm. İri zibil yeşiyinin arxasında, taxtadan düzəldilmiş sığınacaqda gecələyirdi. Lal-dinməz gəzib dolaşır, adamlara ürək qızdırmırdı. Heç vaxt heç kimə əl açmırdı, yalnız atıla-düşə oynayanda şabaş götürürdü. Səhərin korunda məhləyə gələn zibil maşınının yolunu səbrsizliklə gözləyirdi. Zibilyığanın kor zurnasının səsi aləmi başına alırdı. Bu səs məhlə sakinlərini zibil atmağa çağırırdı. Maşın məhləyə er gəldiyindən adamları yuxudan eləyirdi. Volodya sığındığı yerdən çıxır, mağardaymış kimi qol götürüb dingildəyirdi, "Ay şabaş, day şabaş!" - deyib yerində hoppanır, ayaqlarını yerə vura-vura o baş-bu başa gedirdi. Əl-qolunun hərəkəti kor zurnanın yeknəsəq züyültüsünə yatmırdı, hətta adama elə gəlirdi o, çalınanı eşitmir, ovsunçu neyinin hərəkətinə uyuyan ilan kimi, sadəcə, başını tərpədir, ora-bura yelləyirdi. Yazığı gəlib Volodyaya şabaş verən olurdu. O isə hamıya - pul verənə də, verməyənə də eyni cür təzim eləyir, maşın məhlədən gedənəcən ortalıqdan yığışmırdı.

Bir yol məhlənin ayağından qoşa zurna səsi eşidildi. Hamı çaşıb qalmışdı. Zibil maşınından on-on beş addımlıqda təptəzə süd maşını dayanmışdı. Qəribə oydu ki, zibilyığanla südsatanın pülədiyi dəmir düdüklər eyniydi, hər ikisindən də bir avaz gəlirdi. Bu nəfəsli alətlərin xanələri yox idi, yəqin bilərəkdən elə düzəltmişdilər ki, hər kəs durub istədiyini çala bilməsin. Maşınlar da eyniydi, fərq ondaydı ki, birinin arxasında “MOLOKO” yazılmış iri, mavi çən, digərində üfunətli iri zibil bunkeri vardı. Qoşa zurna sədası dəli Volodyanı da çaşdırmışdı. Qol qaldırıb ortalıqda gəzindi. Bilmək olmurdu kimin çalğısına oynayır - zibilyığanın, yoxsa südsatanın. Obaşdan məhləyə gələn maşınlar bu ixtiyar adamdan ötrü oyuncaq idi, uşaq kimi onu ovundurub əyləndirirdi...

Şıxəli başını bulayıb Volodyanın qarasınca heyfsləndi:

- Bu bədbəxtin "istoriyası" alayıdı, uzun zırıltıdı. Qədeş, sən onun elənçik olmağına baxma ha, savadlı adamdı, generalmış.

Eşitdiyimə ürpəndim, tüklərim biz-biz oldu. Məhlə uşaqlarının bu havalını "General" çağırdıqlarını qulağım almışdı, ancaq kir-pasaq içində olan, üzü-başı tüklü, fındıqburun rusun nə vaxtsa həqiqi general olduğunu ağlıma gətirməzdim. Elə bilirdim bu adı ona ayama yaraşdırıblar.

- Yazıq niyə bu vəziyyətə düşüb? - soruşdum. Hiss elədim ki, sualı verəndə səsim titrədi.

- Nə bilim, - Şıxəli dedi, - bəgəm təkcə Volodyadı? Belələri o qədər olub ki... Stalin vaxtı heç nəyin üstündə adamın başına oyun açırdılar. Bayandur qədeş demiş, göndərirdilər Sibirə, ya da pryamoy qəbirə. Bu bədbəxt heç nədən, arvadının güdazına gedib. Müharibədən sonra o yannarda - Şimali Qafqazda voyennidə xidmət eliyirmiş. Arvadı özündən cavanmış, özü də dünya gözəliymiş. NKVD naçalnikinin onun arvadına gözü düşür. Nəsə elə düzüb qoşur ki, bu bədbəxti "vraq naroda" - xalq düşməni çıxarırlar. Paqonlarını söküb özünü də basırlar türməyə. Ordan da ki, belənçiyinə çıxıb, havalı. Görünür, qisməti buymuş...

- Yazıq, - mən təəssüfləndim.

- Çoxdanın əhvalatıdı, - Şıxəli sözünün dalını gətirdi. - Bir kərəm bizim küçədən bir rus ofiseri keçirdi - yadımda deyil, polkovnik idi, ya podpolkovnik. Ucaboy adam idi. Volodyanı görəndə tanıdı, yaxınlaşıb qucaqladı. Soruşdu ki, “tovariş general, vı menya ne uznali, çto s vami, Vladimir Qeorqieviç? General Ponkratov, çto oni sdelali s vami?” Volodya isə key-key durub onun üzünə baxırdı, heç nə xatırlamırdı. Deməginən, bir məktəbdə kursant olublar, Krımda vuruşublar. Volodyanın istoriyasını da bizə o ofiser danışdı... Yaxçı adama oxşuyurdu. Nöşün ki, başqası olseydi, bəlkə də özünü tanımazlığa vurar, keçib gedərdi. Deyərdi əyibdi, dəliyə nöş baş qoşum? O, elənçik eləmədi. Köhnə dostunun cibinə pul qoymaq istədi, amma Volodya götürmədi. Dedim, “tovariş ofiser, sən bu adamın belənçik olduğuna baxmaginən, yolçuluq eləmir, ancaq şabaş götürür”. “Kazbek” papirosunun tənbəkisini boşaldıb zurna düzəltdim. Məşhur "Katyuşa" mahnısı var e, onu çaldım, Volodya girdi ortalığa, "ay şabaş, day şabaş" deyib oynadı özüçün. Ofiser özünü saxlaya bilmədi, hönkürüb ağladı. Ayrılanda general hüzurundaymış kimi, Volodyanın qabağında "smirno" diyandı, əlini gicgahına aparıb "çest" verdi... O "kartina" indi də gözlərimin qabağınnan getmir - kinoydu elə bil.

Eşitdiyim söhbətdən yamanca duyğulanmışdım, gözlərim nəmlənmişdi. Bunu gizlətməyə çalışsam da, deyəsən, qonşumun nəzərindən yayınmamışdı.

- Baxıram, gözlərin doldu, student, - dedi. - Belənçik haqq-hesablar məni də birtəhər eliyir. Qədeş, baş açmıram, axı nöş belə olmalıdı? - gileyləndi. - Qurban olduğum Allah dünyanın işlərini nöş nizamlamır, görmür bəgəm? Soruşan gərək, bu günahsız yetimi nöş belə kökə salırsan? Bunun ailəsini dağıdan o "podonokun" ağlını başınnan al, onun cəzasını verginən də... Nöş belə olmalıdı?

Şıxəlinin sualı adi sual deyildi. Kökünü axtarsan, gedib qədimlərə, bəlkə də lap daş dövrünə çıxar. Əlbət, bu sual insan oğlunu o vaxtlardan düşündürüb...

Qonşumun səsinə qapıldığım düşüncələrdən ayrıldım.

- Özümü tərifləmək olmasın, mən elə adamam, yeri gəldi sözümü deyirəm, söbəti yoxdu, - öyündü, - heç kimnən, heç nədən də çəkinmirəm. Bəs necə? Lələşivi sonra tanıyaceysən. Qədeş, sən bizim məhlədə təzəsən. Bir şeyi bilginən: Şanxayda "yek" Şıxəli var, ikincisi yoxdu, ola da bilməz. Buralarda sənə sataşıb eləsələr, çəkinmə, deginən qərdeşivə. Bizim həyətin kvartirantına ilişənin yeddi başı gərək. Qərdeşivin vesini sonra göreceysən. Uçastkovı da öz uşağımızdı, o günnəri kafedə məniynən pivə içirdi - qonşu stolda oturmuşdu. Axır vaxtlar aramız soyuyub, yoxsa lap can-cigərdik. Bir balaca söbətimiz düşmüşdü. Həyatda belənçik şeylər olur.

- Nə söhbət? - özüm də bilmədən soruşdum. Böyükləri sorğu-suala tutmağın yersiz olduğunu bilsəm də, sözləri qəsdən deyil, lapdan ağzımdan qaçırmışdım. Gözləyirdim ki, Şıxəli məni tənbeh edib soruşacaq ki, məktəbdə səni belə öyrədiblər? Peşmanlığım çox sürmədi, qonşum elə bil bayaqdan bu sualı gözləyirdi.

- Bir kərəm məni çağırmışdı yanına, otdeleniyə, - bayaqkı həvəslə söhbətinə davam elədi. - Mən də kak vseqda, yaxşıca vurmuşdum, yerin məlum. Uçastkovı gördü ki, dəməm, özü də necə lazımdı. Dedi, alə, qaranoy, get, ayılanda gələrsən. Dedim, rəis, qısası, deginən gəlmə, ayıq vaxtım olur ki?.. Soruşdu, Şıxəli, Sovet milisi haqqında xalqın fikrini, əlbət, bilirsən? Dedim, rəis, nöş bilmirəm, şəhər uşağı deyilik bəgəm? Amma bir az nalayiq sözdü, dilim dönmür deyim. Fikrimi göydə oxudu, uşaq deyildi, neçə ildi çiynində paqon daşıyır. Şəhərdə çoxları ağzıgöyçəklik eliyib milislərə "it" deyir.

- İt? - heyrətə gəldim.

- Həri... Baxdım ki, yetim özünü artistliyə vurur, guya belənçik haqq-hesablardan xəbəri yoxdu. "Mənim milisim məni qoruyur", eşitmisən? - soruşdu. Dedim, nöş eşitməmişəm? Belənçik şuar da var, otdelenninin qapısından asılıb. Gördüm, söbətim ürəyinnən oldu. - Sağ ol, - dedi, - yaxçı, sənin milisin səni qoruyursa, sən neyləməlisən? - soruşdu. Burda ilişdim, bilmədim nə cavab verim. Qaldım mıqqıldıya-mıqqıldıya. Qorxdum, ağzımdan lişni söz-söbət çıxar, rəisin dınqırına dəyər, sonra gəl bunun könlünü al, görüm necə alırsan... Dedim, mənim milisim məni qoruyursa, mən də əvəzində ona daş daşımalıyam...

- Daş niyə, Şıxəli? - marağımı boğmadım. Bu yerdə qonşum söhbətinə ara verdi. Cibindən siqaret çıxardıb damağına aldı, alışdırdı. Acı tüstünü acgözlüklə ciyərinə çəkdi. Siqareti sümürəndə az qalırdı ovurdları bir-birinə yapışsın, ətsiz-əzasız üzü lap arıq görünürdü. Bir qullab da vurub mənim sualımı cavablandırdı:

- Nöşün ki, daş daşımaqdan savayı ağlıma alayı fikir gəlmədi, - dedi. - Otdelenni üçün miyana bir bina tikirdilər, düşündüm ki, yəqin, kömək lazımdı. Sözüm böyük çıxmasın, milis olsun, pojarnik olsun, ya jeleznodorojnik, dəxli yoxdu, hamıya əl tutmuşam. Allah məni də belənçik yaradıb. Hə... Gördüm, cavabım uçastkovını açmadı. Dedi, Şıxəli, daşı özüvə daşıyarsan, mən sahə tikinti mühəndisi deyiləm, sahə milis müvəkkiliyəm... Nəsə, bala-bala gəldi mətləbə. Dedi, sənin kimilərinin köməyi olmasa, milis gücsüzdü, bir şey eliyən deyil. Biz milislər sizin kimi cayıllara arxalanırıq, kürəyimizi söykəmişik xalqa. Sən özün mənnən yaxşı bilirsən, Şanxay qarışıq məhlədi, burda it yiyəsini tanımır, gündə bir hadisə olur. Dünən sizin həyətdən aşağıda biri özünə ev tikirmiş, gedib uçurduq, sənədi yox idi. Belənçik şeylər görsən, tez milisə xəbər ver. Bunun əvəzində sənin də qazancın olar... Nəsə, naxodu oxudum Muradovu, nə demək istədiyini göydə tutdum, yəni işverənlik - "şestyorkalıq" elə. Yamanca tutuldum, bilmədim nə cavab verim, qalmışdım oddana-oddana. Ağır söz deyəcəm, xətrinə dəyəcək, demiyəcəm, o da olmur. Qeyidib dedim, rəis, bağışla, mən getməliyəm, bu gün ikinci smendə işliyirəm. Həm də içkiliyəm, ayıq vaxtı gələrəm. O da uşaq deyildi, bildi ki, kulturnı "otkaz" getdim, yəni mənnən əlivi üz, qədeş. Çao, bambino! Hə, o günnən bu yana aramız soyuqdu. Olsun də, podumaeş, Şanxaylı Şıxəli heç kəsin qabağında gözükölgəli deyil...

- Niyə qoymullar camaat özünə ev-eşik tiksin? - soruşdum. Qonşum mənə elə baxdı ki, elə bil məni indi görür və bayaqdan mənimlə yox, başqa bir adamla söhbət eliyirmiş.

- Qədeş, - dedi, - oxumuş adamsan, bu sualı mən sənə verəceydim, sən mənnən soruşdun. Özüm də çaşbaş qalmışam. Pis çıxmasın, bu necə quruluşdu: ev yıxanı da tuturlar, ev yapanı da. Götür bizim bu həyəti - ailə var, beş-altı adam bir otaqda yaşayır. Bəgəm, bunlar evdi, binadı? Toyuq hinidi. Bax, bu dirəyə təpik vursam, Bayandur qədeşin mənzili balkonlu-zadlı yumalanıb duracaq neft buruqlarının yanında...

Qonşum danışığına son qoymaq fikrindən uzaq idi. Söhbətinin mövzusu tez-tez dəyişirdi və mən hər eşitdiyimdə nəsə maraqlı bir şey tapırdım. Mühazirə dinləyirmiş kimi, cınqırımı çıxarmadan qulaq asırdım. Yeganə yaşıllığı Xar tut ağacı olan darısqal həyət mənim universitetim, şən əhval-ruhiyyəli Şıxəli isə kürsüdən mühazirə söyləyən çəlimsiz "professor" idi. Onun üdülədiyi "fənnin" adını bilməsəm də, dediklərini ötürmürdüm, elə bil "professorun" borcunu nə vaxtsa imtahanda qaytarmalı olduğumun məsuliyyətini bilirdim. Belə götürəndə, həyatın özü də bir universitetdir və insan ömrü sınaqlardan, imtahanlardan keçir. Bilmirdim ki, bu darısqal, miskin həyət sonradan birdəfəlik bağlanacağım "şəhər həyatı" deyilən ömür yolumun ilk pilləsidir. Bilmirdim ki, bu həyət barsız-bəhərsiz, qısır Xar tut ağacıyla, bir-birinə bənzəməyən sakinləriylə nə zamansa yazacağım povest və hekayələrə köçəcək... Bu balaca həyətdə hələ rastlaşmadığım qonşular da vardı. Amma, nədənsə, mənə elə gəlirdi, üzünü görmədiyim o insanları da tanıyıram. Özlüyümdə fikirləşirdim ki, qapısı qıfıllı mənzillər də elə onlarınkıdı. Qatar bələdçisi Bahar xalayla, Neft daşlarında işləyən Tahirlə yəqin ki, bu gün-sabah rastlaşacağam. Çapıq Xudamı görmək isə mənə qismət olmayacaq. Onun mənzilinin qapısındakı qıfıl illərlə beləcə paslı-pasaqlı qalacaq, ona açar salan olmayacaq. Eşitdiyimə görə, şəhərin məşhur oğrularından sayılan Koverkot ləqəbli bu adamın türmədən çıxmağına hələ çox vardı. O vaxtacan mən tələbəlik illəriylə, həm də kirənişin həyatıyla vidalaşmış olacağam. Hələlik isə şəhərin bu ucqar məhləsində həyatın miskin həyəti öz darısqal qoynunu mənə də açmışdı.

- Qədeş, sənin bəxtin xozeyka sarıdan yaxçı gətirib, - Şıxəli siqaretinə qullab vurdu. - Tyotya Polina əntiqə adamdı, Allah ona ömür versin. Mənim xətrimi də alayı cür istiyir. Əlim aşağı olanda borca beşdən-üçdən verir, deyir get boğazıvı yaşla, beş günlük dünyadı. Sən özüvə götürmə, amma kvartirantları fərli çıxmır, vuranşik olmullar. Vurmaq bir yana, hamısı əfəl olur. Sənnən əvvəl bir student yaşıyırdı, rayonnarının adı quş adıdı - ruslar pavlin deyir.

- Tovuz? - soruşdum.

- Hə, o rayonnan idi. Bir kərəm mənə dedi, Şıxəli, rus qızıyla tanış olseydim, mənə rus dili öyrədərdi. Dedim, alə, söbəti yoxdu, belənçik şeylər xırda məsələdi... Sən də məni bağışla, mənnən kiçiksən, tanışım Natalya Sergeevnanın Tanya adında bir qonşusu var, studentkadı. Fikirləşdim, bunlarınkı yaxşı tutar, ikisi də tələbədi. Nəsə, qızla danışdım, o da sağ olsun, "otkaz" getmədi. Dedi evdə yox, troleeybusda öyrədərəm. Gəlsin, hər səhər dərsəcən məni "provojat" eləsin. Belə götürəndə, şəhərdə cayılların rus qızlarıyla tanışlığı elə tramvaydan, troleeybusdan başlıyır. Nə isə, oğlana dedim, qədeş, ta nə istiyirsən: nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım, sabah tezdənnən Tanya səni ostanovkada gözləyəcək, necə lazımdı. Alə, bu da qeyidəsən ki, Şıxəli, qalsın başqa vaxta, çəkmələrim köhnədi, təzəsini alım, sonra tanış olaram... Çəkmə alana kimi, şalvar köhnəldi, şalvar alanacan pencək ... Gah dedi plaşım yoxdu, gah saatım... Baş açmırdım, ger-geyimin dil öyrənməyə nə dəxli? Nəsə, o yetim qardirobunu dəyişəneycən gördüm Tanya 1 nömrəli troleybusda AZİ-də oxuyan zənci oğlana rus dili öyrədir... Yoxam da əfəl adamnan, oğul gərək şustrı, diribaş olsun. Düz deyil, qədeş?

davamı
XS
SM
MD
LG