Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:23

Mustafa Çəmənli. Ruhların üsyanı (3)


əvvəli


Nə­sə, lə­nət şey­ta­na. Mil­yon­çu qı­zı Sa­ra xa­nım­dan da­nış­dı­ğım yer­də bu dün­ya pro­le­ta­ri­at­la­rı­nın da­hi­si ya­dı­ma hardan düş­dü, bil­mi­rəm. Am­ma bu Le­nin ki­şi bi­zi Al­lah­sız, pey­ğəm­bər­siz elə­miş­di, ci­bi­mi­zə Al­lah­sız­lar cə­miy­yə­ti­nin bi­le­ti­ni qoy­muş­du. Al­la­hı­mı­zı da­nır­dıq­sa, Al­la­hın ya­nın­da mil­yon­çu­lar kim idi ki... Hə­lə bir gəl var-döv­lə­ti əlin­dən alın­mış Sa­ra xa­nım ola. Biz Sa­ra xa­nı­mın qo­lu­na gi­rib, ge­dək bir qis­mət çö­rək kə­sək - de­mək o ya­na qal­sın, ona heç qu­ru­ca sa­lam da ver­mir­dik. Sa­ra xa­nım da ya­nın­dan ke­çib-ge­dən küt­lə­yə əhə­miy­yət ver­mir­di. Çiy­nin­də köh­nə çan­ta­sı qa­pı-qa­pı dü­şüb mə­mur­la­ra sü­but et­mə­yə ça­lı­şır­dı ki, ata­sı­nın xal­qı, mil­lə­ti üçün elə­dik­lə­ri­ni yaz­dıq­la­rı ta­rix ki­tab­la­rın­da heç ol­ma­sa in­kar elə­mə­sin­lər. Onu ka­bi­ne­ti­nə bu­rax­ma­yan­lar, qa­pı ağ­zın­da sax­la­yan­lar var­dı. Am­ma o, ütün bu acı­la­ra, bi­ga­nə­lik­lə­rə dö­zür­dü. Hər­dən əyil­miş qəd­di­ni dü­zəl­dib üzü­nü gö­yə tu­tur­du və yə­qin ki, Al­la­hı kö­mə­yə ça­ğı­rır­dı.

Muz­dur­lar öl­kəsi gü­nü-gün­dən tə­nəz­zü­lə ge­dir­di. Kom­mu­nistlər baş­la­rı­nın üs­tün­də as­dıq­la­rı Le­ni­nin portre­ti al­tın­da rüş­vət al­maq­dan da­ha qorxmur­du­lar. İn­di nə Xruş­şov var­dı, nə də Brej­nev (əs­lin­də heç on­lar­dan da qorxma­mış­dı­lar). İn­di ha­ki­miy­yət­də ba­şı xal­lı Qor­ba­çov idi. Kim isə onun o bə­zək­li ba­şı­na ye­ni­dən­qur­ma ide­ya­sı­nı sal­mış­dı. Al­lah bi­lir, bəl­kə bu da ge­cə-gün­düz Qor­ba­ço­vun ba­şı­na fır­la­nan hay­la­rın işi idi. Qor­ba­ço­vun ye­ni­dən­qur­ma­sı baş tut­ma­dı. Bir sə­hər də ye­ri­miz­dən du­rub bal­ko­na ha­va al­ma­ğa çı­xan­da gör­dük ki, hay­lar - Qa­ra­bağ bi­zim­dir! - de­yib qış­qı­rır. Biz də elə­mə­dik tən­bəl­lik qaç­dıq Azad­lıq mey­da­nı­na. On­da bu­ra Le­nin mey­da­nı de­yir­di­lər. Bu­ra­da da Le­ni­nin əli­nin bi­ri irə­li uzan­mış hal­da hey­kə­li var­dı. Biz Le­ni­nin hey­kə­li al­tın­da qış­qı­rı­şır­dıq ki, elə şey yox­du, Qa­ra­bağ bi­zim­di, onu kim­sə­yə ver­mə­rik!

Mil­yon­çu qı­zı Sa­ra xa­nı­mın əl­lə­ri göy­dəy­di. İn­di də mil­lət - Azad­lıq, Azad­lıq - de­yə hay­qı­rır­dı. Bir sə­hər də eşit­dik ki, So­vet hö­ku­mə­ti öz öm­rü­nü ba­şa vu­rub. 70 yaş­lı So­vet im­pe­ri­ya­sı da­ğıl­mış­dı. 70 yaş­lı So­vet hö­ku­mə­ti mil­yon­çu qı­zı Sa­ra xa­nı­mı qo­cal­dıb ta­qət­dən sal­mış­dı. Am­ma vax­ti­lə Sa­ra xa­nı­mın ya­nın­dan say­maz­ya­na ke­çib-ge­dən muz­dur uşaq­la­rı in­di tez-tez onun qa­pı­sı­nı dö­yür­dü­lər...

***

«Qul ba­za­rı»na ça­tan­da gö­züm kəl­lə­mə çıx­dı. Bur­da ya­lan ol­ma­sın, bir za­vo­dun ada­mı var­dı. Ma­şın­dan düş­dü­yü­mü gör­düm. Azı yüz adam mə­ni döv­rə­yə al­dı.

- Nə la­zım­dı? - de­yə yer-yer­dən dil­lən­di­lər.

- Qar­daş­lar, mə­nə us­ta la­zım­dı, us­ta. Su ba­kı­mız de­şi­lib, qay­naq­çı la­zım­dı. - Bəl­kə on yer­dən səs gəl­di: - Qay­naq­çı mən.

Axır ki, bir nə­fə­ri ma­şı­na otur­da bil­dim. Qa­ra­ya­nız, qırx, qırx beş yaş­la­rın­da bir ki­şiy­di. Ar­xa­ya qan­rı­lıb adı­nı so­ruş­dum:

- Şəm­səd­din, - de­yə ca­vab ver­di.

Sən bir tə­sa­dü­fə bax, bü­tün günü Şəm­səd­din El­də­ni­zi an­mış­dım. İn­di də bu mü­a­sir Şəm­səd­din çıx­mış­dı qar­şı­ma.

- Nə­çi­sən, qar­daş, nə sə­nə­tin sa­hi­bi­sən?

- Mən əs­lin­də in­şa­at­çı­yam. İşim də çox yax­şı ge­dir­di. So­vet hö­ku­mə­ti da­ğı­lan­dan son­ra çox­la­rı ki­mi mən də iş­siz qal­dım.

- Ge­dib şir­kət­lər­dən bi­rin­də iş­lə­yə bil­məz­si­niz­mi?

- Elə bi­lir­si­niz şir­kət­də iş­lə­mək asan­dı?

- Çə­tin­di, elə­mi?

- Əl­bət­tə, çə­tin­di. Yax­şı ki, bu svar­şik­li­yi ba­ca­rı­ram, yox­sa uşaq­la­rım acın­dan ölər­lər.

- Al­lah elə­mə­sin.

- Al­lah heç nə elə­mir, mü­əl­lim, ada­mı adam ki­mi ya­şa­ma­ğa onun çe­şid-çe­şid in­san­la­rı qoy­mur. Elə-be­lə heç nə yox­du, mü­əl­lim, hər sa­hə­nin öz sa­hi­bi var. Pu­lu­nu bal­ta kəs­mə­yən adam­lar var ki, beş ay evin­də qul ki­mi iş­lə­yir­sən, am­ma zəh­mət haq­qı­nı on­dan alın­ca ca­nın çı­xır.

- Da­rıx­ma, ke­çid döv­rü­dür, mü­vəq­qə­ti çə­tin­lik­di.

- Bu nə ke­çid­di bil­mi­rəm, val­lah, onu ke­çib qur­ta­ra bil­mi­rik. Pu­lu olan an­caq ev ti­kir, ay mü­əl­lim. İyir­mi­mər­tə­bə­li ev­lər. Gör bir­cə nə­fər fab­rik, za­vod işə sa­lır. Yox, an­caq ev ti­kir. De­yir­lər, fi­lan yer­də ev tik­mək ol­maz, sü­rüş­mə zo­na­sı­dı. Ki­mə de­yir­sən, bir ay­dan son­ra gö­rür­sən ora­da iyir­mi­mər­tə­bə­li bi­na­nın bü­növ­rə­si qo­yu­lub.

- Yax­şı, sən ki in­şa­at­çı­san, ni­yə ge­dib bu ev­ti­kən­lə­rin ya­nın­da iş­lə­mir­sən?

- Elə bi­lir­si­niz ora­da mə­nə bö­yük və­zi­fə ve­rə­cək­lər. Yox, hər kə­sin öz ada­mı var. İn­di bi­lik çox da va­cib de­yil. Şərt sə­nin kim­li­yin­di. Ki­min pu­lu var, hər şe­yi var. Yox, yo­xun­dur, get çıx Qız qa­la­sı­na, ora­dan ba­şı üs­tə özü­nü at ye­rə. Ne­cə ki, atan­lar var.

Şəm­səd­din sus­du. De­mə­yə söz tap­mır­dım. Hər kə­sin öz hə­qi­qə­ti, öz mən­ti­qi var. Bu yaş­da ki­şi­yə ağıl öy­rət­mə­yə­cək­dim ki... Yə­qin bu­nun ata­sı vax­ti­lə ona ad ve­rən­də elə bi­lib oğ­lu öz zə­ma­nə­si­nin Şəm­səd­din El­də­ni­zi ola­caq... An­caq bu ya­zıq­da nə gü­nah var, ney­lə­sin, əlin­dən nə gə­lir... Hə, am­ma Dər­bənd ba­za­rın­dan alın­mış bir qul El­də­niz­lər döv­lə­ti­ni ya­rat­mış­dı.

***

Sultan Məsud sözünün ağası olmuşdu, II Toğrulun dul qalmış xanımı Möminə Xatunla danışıb onu Eldənizə ərə getməyə razı salmışdı. Doğrudan da, Eldənizin həyatında möcüzə baş vermişdi, dünənə qədər hökmü az qala dünyanın yarısına çatan II Toğrulun sevimli xanımı aylı-ulduzlu bu yaz axşamında onun arvadı olacaqdı. Eldəniz hələ zifaf axşamı ərəfəsindəydi. Bilmirdi yerdədi, bilmirdi göydədi, eləcə hiss-həyəcan içindəydi. Elə bil canından od qalxırdı. İndi bu an Möminə onun yanında olsaydı, Eldənizin alovuna bələnərdi. Ancaq o ana hələ vardı. Möminə Xatun da, Eldəniz də axşamın düşməsini gözləyirdilər. Gecə sirr saxlayan, gündüz faş edəndi. Gecənin yorğanı zülmət kimi qaranlıq, gündüzünkü nurdur.

Qaravaşlar Möminə Xatunu, nökərlər Eldənizi hamama apardılar. Gəlini bəzəndirdilər, bəyi geyindirdilər. Məclislər quruldu. Musiqiçilər ud çalır, rəqqasələr oynayır, müğənnilər oxuyurdular. Bütün bu toy-büsat Eldənizdən çox Möminə Xatunun şərəfinəydi. Möminə hər kəsin atmadığı addımı atmışdı. O, oğlunun Atabəyinə, Dərbənddən alınıb gətirilmiş bir qula ərə getməyə razılıq vermişdi. Doğrudur, əri II Toğrul hələ sağlığında ona əmir titulu vermişdi, amma hər halda, Eldənizin keçmişini bilənlər, eşidənlər vardı. Doğrusu, Möminə Xatun qəlbinin dərinliyində heç vaxt Eldənizə qul gözüylə baxmamışdı, əksinə, onun daim ehtirasdan yanan bir cüt odlu baxışlarını öz üstündə hiss eləmişdi.

.. Nəhayət çal-çağır bitdi. Xanımlar, qaravaşlar gəlin otağını tərk elədilər. Möminə tək qaldı. İndi Eldəniz gələcəkdi. Ər görmüş Möminə Xatunu həyəcan bürümüşdü. O, neçə vaxt idi yas içində idi, az qala kişi nəfəsinə yadırğamışdı... Qapı açıldı. Gələn Eldəniz idi. Yaxşıca geyinib-kecinmişdi. Həmişəkindən yaraşıqlı görsənirdi. Möminə Xatun başına salınmış qırmızı çarqatın altından Eldənizin hərəkətlərini izləyirdi. Qadının qəlbindən: "Darıxma, Eldəniz, mən səni sultanlar sultanı eliyəcəm" fikri keçdi.

Eldəniz asta addımlarla Möminəyə yaxınlaşdı, salam verdi. Tanrı onun taleyinə dul bir qadın — amma sultanlara layiq bir qadın yazmışdı. Otaqdakı şamdanların hamısı yanırdı, ona görə də otaq nur içindəydi. Eldənizin dünənə qədər xanım dediyi, əlçatmaz, ünyetməz bildiyi, gecələr xəyalı ilə yaşadığı Möminə indi onun yanında idi. O, əl atıb al-qırmızı çarqatı Möminənin başından götürdü: - Mən dünyanın xoşbəxtiyəm, Möminə! Çox xoşbəxtəm! - deyə Eldənizin həyəcanlı pıçıltısı sükutu pozdu.

Möminə susurdu. Gözləri yarıyumulu idi, elə bil Eldənizə baxmağa utanırdı. Qadının yanaqları lalə kimi qızarmışdı, bədəni od içindəydi. Eldəniz Möminənin sürüşüb gərdəninə tökülmüş şəvə saçlarına sığal çəkdi. Ah, saçın nə gözəl rayihəsi varmış... Oğlan sanki bu xoş qoxudan məst olmuşdu. Qadının odlu baxışları bir an Eldənizin baxışlarıyla toqquşdu. Eldəniz daha dözmədi, Möminəni qucaqlayıb öpüşlərə qərq elədi. Möminə sanki lal olmuşdu, səsi çıxmırdı. O, sadəcə bu anların çox, lap çox uzanmasını istəyirdi. Bu xoş bahar gecəsində bu gözəl qadın kişi nəvazişindən vəcdə gəlib çiçəkləyirdi (Təkcə ağaclar çiçəkləmir ki...). Eldənizin qüvvətli əlləri onun sinəsində, gərdənində dolaşırdı.

Şamdandakı şamların son şöləsi titrəyib söndü. Həya pərdəsi aradan götürüldü. Eldəniz tələsmədən bir-bir Möminənin paltarlarını çıxarırdı. Onun bu cür təmkinliyi ehtiras içində yanan qadını daha da alovlandırırdı. Artıq onun əynində heç nə yox idi. Möminənin ağappaq bədəni qaranlıq otaqda aydınca görünürdü. Eldəniz qadını arxası üstə uzandırdı... Ömrə yazılası bir an keçdi. Möminə ehtirasdan Eldənizin sinəsi altında inildədi. II Toğrulun ruhu pəncərədən baxırdı.

... Qaynaqçı Şəmsəddin bakın deşilmiş hissəsini kəsib atdı, yerinə başqa dəmir parçası qaynaq elədi. O, işini bitirib əlini yudu. Çox üz vursam da yeməyə oturmadı, bir stəkan çay içib haqqını alıb evdən çıxanda dedim, tələsmə, gəlirəm. Mən onu maşına oturdub götürdüyüm yerə apardım. Şəmsəddin mənim ona göstərdiyim qayğıdan çox razı qaldı. Həmişə qulluğunuzda hazıram dedi. Onunla sağollaşıb maşına oturdum. Başqa bir işim yoxdu. Güllünün çoxdan bəri müzakirəyə çıxartdığı bak məsələsini axır ki, müsbət həll eləmişdim. "Əşi, qadın var ev tikir, qadın da var ev yıxır". Maşallah, bizim bu Güllü ev tikənlərdəndi. Ürəyimdən keçənləri onun üzünə deməsəm də (axı biz dədə-babadan qadını üzünə tərifləməyə adət etməmişik), nə gizlədim, haqqında çox müsbət fikirdəyəm. Kişi o zaman xoşbəxt olur ki, qadını onu başa düşür. Bu mənada, ailə xoşbəxtliyim vardı. Mən Güllünü gəncliyimin lap qaynar çağında tapmışdım. O, məni, mən də onu yarı yolda qoymamışdıq. Güllü olduqca evcanlı, ailə qədri bilən qadındı. Hərdən fikirləşirəm ki, o olmasaydı mən neyləyə bilərdim. Hər qadın ağır günün dostu olmur axı. Güllü isə ən ağır günlərimin yol yoldaşıydı. Həyatın çiynimizə qoyduğu yükü birlikdə çəkmişdik. Biz ev-yurd olana kimi bu işıqlı dünyada kirpiklərimizlə od götürmüşdük. Bu illər ərzində həyatın min bir üzünü görmüşdük, ev yıxmağa, qan tökməyə hər an hazır olan, həsəd, paxıllıq içində alışıb-yanan insan cildinə girmiş nə qədər "heyvanla" rastlaşmışdıq.

Rəhmətlik nənəm bir gün gedib Güllünü görəndən sonra elə hey onun barəsində mənimlə danışmaq istəyirdi. Mən isə utandığımdan Güllü haqqında danışmaq istəmirdim... Can, ay nənə, kaş o günlər olaydı, Allahımdan razıyam ki, sənə mənim toyumu görməyə ömür verdi. O, mənim toyumu görməkdən ötrü nələrdən keçməmişdi. Bütün el-oba mənim toyuma — babama, nənəmə, anama gözaydınlığı verməyə gəlmişdi. Mən bu diqqətdən, bu təmənnasız ülfətdən riqqətə gəlib kəndimizin bu safqəlbli insanlarını bağrıma basmaq istəyirdim. Bu insanlar mənim qəlbimdə insanlara qarşı əbədi məhəbbət, mərhəmət, sədaqət işığı yandırmışdılar. Onlar öz doğmalıqları, saflıqlarıyla mənim boynuma el yükünü qoymuşdular. Mən bu ağır, amma şərəfli yükü ömrüm boyu çəkməyə hazır idim.

Mənim toyum elə bil elin toyuydu. Əlbəttə, mənə olan bu məhəbbət dünyadan vaxtsız köçmüş atama, vaxtsız qocalmış babama, nənəmə, anama görəydi... Mənim nənəm əhdinə əməl elədi. O, mənim toyumda başına qırmızı yaylıq örtüb, əyninə qırmızı tuman geyinib oynadı. Onun ağ birçəyi qızılgül içində ağ zanbaq kimi görünürdü. Nənəm qol götürüb mənim qarşımda oynayırdı. Nənəm oynaya-oynaya yasdan çıxırdı, bircə gün də olsa qəm-kədər şələsini yerə qoymuşdu. Nənəm düz 25 il bu günü gözləmişdi. Nənəm oynayırdı, babam göz yaşlarını gizlətmək üçün başını aşağı dikmişdi.

Nəhayət, "Vağzalı" çalındı, Güllü evimizə gəlin gəldi...

***

Səhərimizi günəşli bir günlə açdıq. Dünənki soyuq havadan əsər-əlamət yoxdu. Elə bil yaz günüydü. Qışın ömrünə lap az qalmışdı. Balkona çıxdım, Güllü də ardımca gəlib yanımda durdu. Hava xoş olduğundan küçədə canlanma vardı, maşınlar ora-bura şütüyürdü. Qonşumuz Qəmər xanım səhər-səhər hardansa gəlirdi. Şəfqət bacısı işləyirdi. Onu evlərə çağırtdırıb iynə vurdururdular. Başıaşağı qadındı, amma bir eybi var: həmişə qaş-qabaqlı gəzib-dolanır.
- Güllü, - dedim, - bu Qəmərin bircə dəfə üzünü gülən görmədim də. Elə bil əri ölüb.

- Boy... ölüb də. Yasına getmişdin ki...

- Yazıq kişi elə onun niyabətlik yağan üzündən öldü.

- Danışdın da.

- Vallah, doğru sözümdü. Zalımın qızı ömründə bir dəfə kişinin üzünə gülmədi. Elə bil dünyanın xərcini-borcunu bundan alıblar.

- Mətləb, heç kəs heç kəsin içini bilmir. Biz hardan bilirik o nə çəkir. Hələ bilmək olmaz, bəlkə onun sir-sifətindəki bu qaş-qabağı elə o ölən kişi verib gedib bu dünyadan.

- Nə deyim, bəlkə də haqlısan... Amma arvad ki, sosur oldu, apar qaytar.

- Qaytara bilsə. Ağızda demək asan gəlir, - deyə duruxdu: - Mən onun kimi olsaydım, qaytarardın? - soruşdu.

- Qaytara bilməsəydim, yəqin ki, indiyə qalmazdım.

Güllü ürəkdən güldü. Hiss elədim ki, fərəhlənir. O, otağa keçib televizoru açdı. Neyləsin, zəmanəmiz bu qutusuz keçmir. Bu boyda dünya artıq bu balaca qutunun içindədir. İstədin, istəmədin sevdiklərini də, sevmədiklərini də görəcəksən. Çağırılmamış qonaqdı bu televizor. Qapını döymədən açıb girəcək evinə, təzə əxlaq, mədəniyyət, sevinc-kədər... gətirəcək sənə. Bu möcüzəli qutu evdə adamların bir-birilə danışmaq ünsiyyətini də əlindən alıb. Bizdən çox o danışır. Maşallah, televiziya kanalları da çox. Seriallar da baş alıb gedir. Belə getsə braziliyalı olacağıq. Göz dəyməsin, biz də gördüyümüzü dərhal götürürük. Daha olar, olmaz, bizə yaraşar, yaraşmaz söhbəti yoxdur. Niyə beləyik, bilmirəm.

- Boy... kül olsun bu qızın başına, ay Mətləb, uzundraz gözəlçəmiz gedib Almaniyaya, iki qabırğasını çıxartdırıb gəlib. Bu həkimlərdə də insaf yoxdu ey, Allahın yaratdığının əleyhinə gedir, qızın iki qabırğasını çıxarıb veriblər əlinə. Allah, sən sonrakı gündən saxla. Hələ çox hoqqalar görəcəyik.

Güllünün heyrət dolu səsi məni televizorun qabağına gətirmişdi. Ona görə gətirmişdi deyirəm ki, son zamanlar söz vermişəm bu qutudan uzaq olum, az-az baxım. Vaxtımı alır, hərdən də bu qutuda gördüklərim məni əməlli-başlıca əsəbiləşdirir. Həkimlər də deyir ki, bütün xəstəliklərin başında əsəb dayanır. Doğrusu, mən də əsəbdən xəstələnmək istəmirəm. İndi xəstəxanaya düşənin gərək bir anbar pulu olsun, dava-dərmanı da adamın özünə aldırırlar... Mən yazıqda isə bu pul yoxdu.

Güllü dediyini bir də təkrar elədi:

- Mətləb, bax, bu müğənni qız gedib Almaniyada iki qabırğasını pul verib çıxartdırıb. Biz ağrıyan dişimizi çıxartdırmağa ürək eləmirik. Sən bunun əlli yaşına çatanda halına baxarsan, özünə səkkiz qabırğa axtaracaq. Qurban olduğum, insanda heç nəyi artıq yaratmayıb, o da ola qabırğa.

- Balam, sənin ürəyin doluymuş ki...

- Əşi, görmürsən nə oyunnan çıxırlar. Burnunu düzəltdirən kim, başını qırxdırıb saqqal saxlayan kim, ayaqqabısını taydəyişik geyinən kim, əyninə arvad paltarı geyinib qulağına sırğa taxan kim. Bizimkilər də bu matah işləri elə qəşəng nümayiş etdirirlər ki... Bu qabırğasını çıxartdırana desən ki, yaralı bir əsgərimizə yüz qram qan vermək lazımdı, məni bağışla, tumanını başına keçirər.

- Onun kimilərinə Qarabağ yox, özünü göstərməyə boş meydan lazımdı. İstəmirsən qanın qaralsın, televizoru söndür.

- Mən söndürdüm, bəs başqası... Bilirsən indi bu gülməşəkərdən neçəsi dərsini aldı. Baxarsan, qabırğasını çıxardanların sayı necə artacaq.

- Səhnə qurban tələb eləyir, Güllü, özünü yorma, qabırğa onların, məsləhət onların. Bu şou əhlinin işi Allaha qalıb. Çoxunun savadı yox, sözü yox, di gəl ki, toylarda, ekranda, efirdə at oynadırlar. Əsl sənət, sənətkar abrına qısılıb qalıb bir tərəfdə. Doğrusu, dözülməz haldı. Amma nə etmək, çoxlarının dediyi kimi — bu da günümüzün reallığıdır.

- Olmaz belə reallıqdan, - deyə, Güllü televizoru söndürüb ayağa qalxdı.

- Mətləb, bazar günüdü, dur get bazarlıq elə.

- Yaxşı, nə lazımdı yaz bir kağıza, - deyib qalxdım.

Mən lap uşaqlıqdan bu bazar gününü sevirəm. Yaddaşımda bazar günü ilə bağlı çox əziz, unudulmaz xatirələrim var. Bazar deyən kimi Ağdam bazarı yadıma düşür. Bütün bazarlar bir-birinə bənzəyir, ancaq nədənsə mənə elə gəlir ki, Ağdam bazarı öz gurluğu, zənginliyi, əlvanlığı ilə seçilirdi. İlahi, nələr yoxdu o Ağdam bazarında. Bazar özü də millətin mənəvi, maddi sifətidi, pulsuz teatrıdı, tamaşasıdı, cürbəcür xasiyyətli alıcının, satıcının ünsiyyət yeridir. Qəribədir ki, Ağdam bazarının daimi sakinlərinin — qaymaq satan, pendir-şor, təndir çörəyi satan uşaqlar, qadınlar, dərzilər, dəmirçi, papaqçı kişilər — bu sadə peşə adamlarının simaları gözlərim önündən getmir. Neyləyək ki, bu bazara, bu bazardakı insanlara qənim kəsildi yağı düşmən. Kaş o Ağdam bazarını bir də görəydim, o təbii, rəng-boyasız, məkrdən, hiylədən uzaq insanlarla alış-veriş eliyəydim. Ey gidi dünya...

Mən gözümü açanda qapımızda sürüylə qoyun, qoşa-qoşa inək, camış və nəhayət bir cüt kəhər at görmüşdüm. Mən təbiətin qoynunda böyüdüyümdən təbiət aşiqiydim. Bağça-bağ, meşə, yamyaşıl çəmənlər, səs-səsə verən İsaq-Musaq quşları, bülbüllər, qaratoyuqlar ... ömrümün bir parçasıydı. Mən morçumlu (onların boğazında gözoxşayan sırğaya bənzər bir cüt təbii qotaz olardı) qoçların, bir də atların vurğunuydum. At çapmaqdan aldığım zövqü, ləzzəti heç nədən almırdım. Axı bizim keçmişimiz at belində keçmişdi. At igidin yaraşığıdı demişik. Mən kiçik yaşlarımda kəndimizdə at ilxısı da görmüşdüm. Bir də Sovet hökuməti qurulmamışdan qabaq kəndimizdə Firidun bəyin at ilxısından nağıla bənzər söhbətlər eşitmişdim. Deyirdilər ki, Firidun bəyin beş yüzə qədər atı varmış. O, bu at ilxısını yerlə-göylə əlləşən bir qara ayğıra etibar eləmişimiş. Yazağzı atları yaylağa ötürərmişlər, bir də qırov düşəndə atlar kəndimizə qayıdarmış. Atlar Əsgərandan keçəndə ayaqlarının səsi kəndimizdə eşidilərmiş. Amma Sovet hökuməti qurulandan sonra əvvəl Firidun bəyin atlarını əlindən almışdı, sonra kolxozun at ilxısının da axırına çıxmışdı.

Bir dəfə bağçamızda ağac əkmək üçün çala qazanda pas atmış bir qılınc tapmışdım. Mən bu paslı qılınca görə o qədər sevinmişdim ki... Bu o çağlardı ki, "Koroğlu" kitabı bizim kəndimizə də gəlib çıxmışdı. O zaman adamlar nağıla, dastana yaman maraq göstərirdilər. Mən bu "Koroğlu" dastanını bir dəfə oxuyub başa çıxmışdım. Qış gecələri qonum-qonşu qadınlar bizim kəllayı evə toplaşırdılar. Qadınlar isti peçin altında qurudulmuş pambığı didirdilər ki, əyirib nəsə toxusunlar. Mən isə onlara Koroğlunun səfərlərindən oxuyurdum. Mən o günlərdə Koroğlunun qəhrəmanlıqlarına o qədər bənd olmuşdum ki, at belinə qalxanda özümü Koroğlu sanırdım. Həyətimizdən tapdığım paslı qılınc da əlimə lap göydən düşmüşdü. Gecə-gündüz onu daşa, bülövə sürtüb ağartmaqla məşğul idim. Nəhayət, onu əvvəlki halına sala bilməsəm də, parıldada bilmişdim, hətta qılınca qın da düzəltmişdim. Qılıncı belimə bağlayıb kəhəri ora-bura çapanda elə bilirdim ki, Koroğluyam. Amma mən Koroğlu ola bilmədim, çünki koroğluluğun dövranı keçmişdi. İndi niyyətinin saflığından asılı olmayaraq, soyuq silah saxlamağa görə də adama iş düşürdü. Amma o zaman özlüyümdə bir şeyi yəqin elədim ki, koroğluluq bizim ruhumuzdadır...

Bizim dördtəkərli furqonumuz vardı. Mənim çox sevdiyim kəhər atları babam tez-tez furqona qoşardı. O, furqonla bazara, dəyirmana, ot-ələf dalınca gedərdi. Furqon ikitəkərli arabaya nisbətən daha rahat idi. Mən biləndə ki, babam bazar günü bazara gedəcək, gecə gözlərimə yuxu getməzdi. Biz bir yerdə bazara gedəndə ona köməyim də dəyirdi. Babam hərdən furqonu bacısıgilə — Sürəyya mamam (bibim) gilə sürərdi. Sürəyya mamam çox istiqanlı qadın idi, mən onu lap çox istəyirdim. Həm də ona görə çox istəyirdim ki, nənəmin mənə söylədiyi nağıllarında həmişə Sürəyya mama da olardı. Həmişə atamın körpə çağını onun qucağında təsəvvür eləyirdim. Sürəyya mamamın taleyi əvvəl gətirməmişdi, əri Musa ilə xoşbəxtliyi çox çəkməmişdi. Sovet hökuməti kənddə kolxoz qurmağa başlayanda qürurlu, şücaətli Musa dayı kolxoza üzv yazılmamışdı. (Musa anamın doğmaca dayısı idi). Kəndimizdən Musa dayı gücdə, şücaətdə başqa birisi yoxmuş. Musa dayı torpağından, mal-davarından keçmir, buna görə adı Sovet hökumətinin qara siyahısına düşür. Hökumət də çarəni onda görür ki, Musa dayını "kulaq" eləyib göndərir Sibirə. Bu əhvalat mənim yaşımdan çox-çox illər qabaq olub. Kəndimizdə Musa dayının şəxsiyyətindən, şücaətindən indi də danışırlar. Nəsə, Sürəyya mamam onun yolunu çox gözləyir, amma Musa dayıdan bir xəbər-ətər çıxmır. Başına gələnləri bir özü bilir, bir də Allahı. Musa dayının anası Yaxşı qocamı isə yaxşı xatırlayıram. Yaxşı qocam (mən ona nənə yox, qocam deyərdim) tez-tez bizə gələrdi. Onun yetmiş-yetmiş beş yaşı olardı. Çox azdanışan, həlim təbiətli qarıydı. Başı daim qara yaylıqla örtülü olardı. Oğlunun dərdi onu yumağa döndərmişdi. Qış günlərində isti odun peçinin böyründə oturub hərdən burunotu çəkərdi. Yazıq arvad bir gün kimdənsə eşidir ki, Sibirdən Yevlağa gətirilən şalbanlarda dustaqlar adlarını yazırlar. Deyirdilər ki, Musa dayı da Sibir meşələrində ağac kəsməklə məşğuldur. Yaxşı qocam bir gün yanına üç-dörd qadın alıb Yevlağa — şalban ağaclarının üstünü oxutmağa aparmışdı. Amma Yevlaxda üst-üstə qalaqlanmış minlərlə şalbana nəzər salmaq onlara nəsib olmamışdı. Şalbanların üstündə Musa dayının adına rast gəlməmişdilər. Yaxşı qocamın sonuncu ümidi də, beləcə, puç olmuşdu.

Yaxşı qocam yaxşı urf tuturdu. Hərdən başım ağrıyanda Yaxşı qocam urfuma baxardı, həmişə də - səni rəhmətlik dədənin urfu tutub, - deyərdi. Ata nənəm dərhal atamın ruhu üçün qazan asardı, doğrudan da az sonra başımın ağrısı kəsərdi. Yaxşı qocam Musa dayımın yolunu gözləyə-gözləyə çox yaşadı, amma oğlundan xəbər-ətər çıxmadı, axırda da oğul həsrətiylə dünyasını dəyişdi.

Sürəyya mamam da ərinin yolunu 1946-cı ilə qədər gözləmişdi. Elə bu zamanlar Sovet hökuməti İrandan qoşununu çıxartmışdı. Şahın ordusuyla Güney Azərbaycandakı Milli hökuməti üz-üzə qoymuşdu. Şah qoşunu Mir Cəfər Pişəvəri hökumətini məğlub eləmişdi. Beləcə, bir il fəaliyyət göstərən Mir Cəfər Pişəvəri hökuməti süqut edir, qaçan qaçır, tutulan tutulur, bir dəstə demokrat da (onlara kəndimizdə demokratlar deyirdilər) bizim kəndə gəlir. El-oba o taylı qardaşlarımızın qayğısına qalıb, dərdlərinə şərik olurlar, əl tuturlar. Sürəyya mamam da artıq ata evinə qayıdıbmış. Demokratların arasında ərgən oğlanlar da varmış. Demokratlardan Xəlil adlı birisi Sürəyya mamama vurulubmuş. Mamam da ona biganə deyilmiş. Bir dəfə mamam Xəlilgilə isti xörək aparanda Xəlil fürsət tapıb ürəyini ona açır. Mamam onunla ailə qurmağa etiraz eləmir, amma deyir ki, qorxuram qardaşım bu işə qol qoymasın. Qardaşım ata əvəzidi, sözündən çıxa bilmərəm. Bir müddət keçir, Xəlil mamamı qaçırmaq fikrinə düşür. Bir axşam ona da əsgər şineli geyindirib çıxır yola, piyada Ağdama sarı gedirlər. Təsadüfən Ağdam bazarından kəndə qayıdan babam qarşısından keçib gedən bir cüt əsgəri görür, amma qaranlıq olduğundan onları tanımır. Kişi kəndə çatıb həyətə girəndə bacısı qabağına çıxmır, dalağı sancır, atların başını döndərib el yolu ilə Ağdama sarı çapır. O, bu cavan "əsgərlərə" elə Ağdamın həndəvərində çatır. Bacısına bircə dəfə: - Otur furqona, - deyir. Qorxusundan səsini çıxartmayan Sürəyya mamam çıxıb oturur furqonda. Babam yolun ortasında donub qalmış Xəlilə — mənim papağımı yerə soxmaq istəyirsiniz, sabah elçini göndər... - deyib atların üzünü döndərir kəndə tərəf. Yol boyu bacısıyla bir kəlmə də danışmır. Səhər Xəlilin elçiləri gəlir bizə. Babam Allahın əmrilə Sürəyya mamamı verir Xəlilə ərə. Onlar toy eləyib köçürlər şəhərə.

Xəlil dayı çox mehriban, suyuşirin bir kişiydi. O, Təbriz ləhcəsiylə danışdığından diqqəti dərhal cəlb eləyirdi. Əlindən də hər iş gəlirdi. Gözəl ayaqqabılar, başmaqlar tikirdi. Ancaq toxuduğu xalçaların əvəzi yoxdu. Xalça ustası kimi bütün şəhərdə məşhur idi. Xəlil dayı hərdən dədə-baba yurdunu yada salıb kövrələrdi. Mən onda hələ bilmirdim ki, bizim ölkəmizi iki yerə parçalayıblar. Təbrizimiz, Mərəndimiz, Ərdəbilimiz, Urmiyamız, Zəncanımız bizdən iraq düşüb... Müharibə vaxtı açılan yollar təzədən bağlanıb. Bütün bu acı həqiqətləri mən çox-çox sonralar bildim.

Sən demə, insan yaşa dolub böyüdükcə dərdi də böyüyürmüş. Bizi Təbrizsiz, Zəncansız qoyan qüvvələr indi də ermənilərin əlilə bizi Qarabağsız qoymuşdular. Budur, mən Ağdam bazarından danışıram. Hayların, Ağdamı işğal eliyən hayların o qədər ağır günlərini görmüşük ki... Qapı-qapı düşüb iş axtarardılar, bənnalıq, dülgərlik eliyərdilər. Ot çalardılar, taxıl biçərdilər. Görəsən onlar niyə o ağır günlərini, əl tutduğumuz çağları unutdular? Meşələrimizdən cır armud, əzgil yığıb taxıla dəyişən kirvələr, nə üçün torpaq iddiasına düşdülər?

Cavanşirlər tayfasından Abbasqulu ağa adlı bir tarçalan olub. O, bir axşam bir karvansarada gecələmişmiş. Kişi görür ki, onunla bir otaqda gecələyən erməni kirvəmiz heç cür yata bilmir, ah-uf eləyir. Soruşur, kirvə, nə olub, nə baş verib? Kişi az qala ağlaya-ağlaya deyir ki, bəs, Ağdam bazarında balta sapı düzəldib satırdım, sapın birini oğurlayıblar. Abbasqulu ağa yerindən dik qalxır. Deyir ə, köpək oğlu, Sovet hökuməti ata-babamdan qalma meşələrimi əlimdən alıb verib sənin kimi sarsaqlara, heç mən ağlamıram, sən bir balta sapına görə gözüyün qorasını tökürsən. Səsini kəs! Sənin o balta sapın da mənim meşəmin ağacındandı.

Kirvə səsini kəsir.

Bax, ay Buş müəllim, indi həmən balta sapı satan hayların ucbatından Ağdam bazarına həsrət qalmışıq.

Mən xəyalən o Ağdam bazarından heç cür çıxa bilmirdim, fırlana-fırlana qalmışdım. Ağdamda babamı tanımayan yoxdu. Mən bunu ondan bilirdim ki, kişi tez-tez ayaq saxlayıb adamlarla hal-əhval tuturdu. Babam öz uca boyuna, iri əl-ayağına, fiziki gücünə görə də ətrafındakılardan dərhal seçilirdi. Babam çox zarafat sevən, sərrast danışan, Allahını tanıyan, amma mollaları sevməyən bir adamdı.

Bizim rayonda qəribə-qəribə, heç kəsə bənzəməyən kişilər olmuşdu. Çoxunun da peşəsinə görə öz ayaması vardı. Dünyanın ən uzun adamı da bizim rayonumuzda yaşayırdı. Yalan-gerçək danışırdılar ki, Sovet hökuməti onunla şərt kəsib, müqavilə bağlayıb, canını bəri başdan sığorta elətdirib ki, dünyasını dəyişəndə basdırılmasın. Babalı deyənlərin boynuna, Sovet hökuməti istəyirmiş ki, dünyanın ən uzun adamının dünyasını dəyişəndən sonra skeletini saxlasın (amma bəri başdan deyim ki, Sovet hökumətinin bu sevdası baş tutmadı). Bu kişinin uca boyu ilə tən gəlməyən zərifdən zərif ürəyi vardı. Mən bilmirdim ki, dünyanın bu ən uzun adamı nə barədə fikirləşir, dünyasını dəyişəndən sonra skeletinin bu dünyada qalmasına necə baxır, fərəhlənir, yoxsa kədərlənir. Bütün bunları bir özü, bir də Allahı bilirdi. Amma mənim bildiyim bu idi ki, dünyanın ən uzun adamı bu dünyada ən zərif xasiyyətin sahibi idi. Elə ki, birisinin toyu olurdu, əlində bir dəstə güllə gələrdi, dəvətsiz-filansız, toy sahibini təbrik eliyər, bir qismət çörək yeyib çıxıb gedərdi. Bazara girəndə bu kişinin uca boyu lap uzaqdan adamın diqqətini cəlb eləyirdi. Mənə elə gəlirdi ki, dünyanın bu ən uzun adamı danışıb-eləmir, danışsa da ürəyində danışır. Hər halda, mənə belə gəlirdi. İndi kirvələrin kəramətindən mən Ağdam bazarına gedə bilmirəm. Getsəm belə, orada minadan, qumbaradan başqa nə tapa bilərəm? Vaxtilə qapımızda turp əkənlər, indi mina əkiblər. Görən necə oldu o sıralanmış dərzi, papaqçı dükanları, dəmirçixanalar, o sadə peşə adamları? Yay vaxtı günorta saatlarında radioda muğamat konserti verilərdi. O boyda bazar, şəhər sükuta qərq olardı. Hamı xanəndəyə qulaq asardı. Ax, necə xoş günlər idi. Nə deyim kirvələrə, nə deyim daşnaklara... Görəsən o köçhaköçdə dünyanın ən uzun adamı neylədi? Şəhərdən salamat çıxa bildimi, sağ-salamatdımı? Aman, İlahi, torpaq həsrətilə necə kişilər getdi bu dünyadan...

Vaxt-vədə ötürdü, mən isə mikrorayon bazarından çıxa bilmirdim. Elə bilirdim Ağdam bazarındayam, bu alış-veriş eliyən adamlar da elə o bazarda gördüyüm adamlardı! Amma bu belə deyildi...

***

Qapını Güllü açdı.

- Şükür, gəlib çıxdın, bir getsən nə vaxt gələrsən?

- "Düz sözə nə deyəsən" - Vallah, fikir-xəyal məni aparmışdı Ağdam bazarına.

- Mətləb, səni başa düşürəm. Amma hamı necə, sən də elə, dözmək lazımdı.

- Görəsən biz dözmək sözündən ayrı söz bilirik? Niyə dözməliyəm, nəyin naminə dözməliyik? Yurdsuzun, yolsuzun biri sənin torpağında dövlət qurur, bayrağını ucaldır, sən də dözürsən. Nə qədər can bəsləmək olar?

- Əlimizdən nə gəlir, neyniyə bilərik?

- Könlümüzdə olsa çox şey. Pul qazanıb milyarder olan görürsən nə oğlan­larımız var. Amma Qarabağın ərazisini xəritədə göstərə bilməyənlərimiz də istənilən qədərdir.

- Mətləb, vallah, belə getsə, sən xəstələnəcəksən. Nə qədər fikir-xəyal eləmək olar?

- Deyirsən hələ bir fikir də eləmiyək?

- Bu daşnaklar yeyib-içdiyimizi burnumuzdan gətirdi də. İndi də "Sarı gəlin" mahnısını öz adlarına çıxıblar, deyir hələ muğamat da bizimdi. Yaxşı ki, muğamat oxuya bilmirlər.

- Bizim xanəndələrin böyründə Danel, Saşa, Karapet, Nefton oturub kamança çalanda tökülənləri yığışdıracaqdılar də. Oxumağı öyrənə bilməsələr də, çalmağı öyrəniblər. Amma Allah bizə verdiyi boğazı onlara verməyib. Bunlara deyən yoxdur ki, "Bayatı-Şiraz", "Bayatı-türk" ...hara, siz hara? Bir də bizim muğamlarda Quran sədası var. A kişilər, insaf eləyin, siz hara, Quran hara?

- Bayaq televiziyada deyirdilər ki, bəstəkar Qara Qarayevi də öz bəstəkarları kimi Avropa ölkələrinə sırımaq istəyirlər. Bizimkilər də bəyanat verib.

- Bəyanat vermək azdı, bütün dünyaya varlığımızı göstərməliyik. Qaldı ki, onlar birinci dəfə deyil ha, bizim bəstəkarlarımızın əsərlərini öz adlarına çıxırlar. İstedadsızların peşəsi çırpışdırmaqdır. Amma birdən elə ağ eləyirlər ki, adamın damarlarında qanı donur. Hələ Üzeyir bəyin sağlığında Ruben Mamuliyan adlı birisi dünyaca məşhur "Arşın mal alan"ı Hollivudda klassik erməni komediyası kimi səhnəyə qoyubmuş. Axırda o zaman bu işə Stalin də qarışıb. Müharibənin o şiddətli vaxtında "Arşın mal alan" filmini çəkib dünyaya göstəriblər ki, ayıbdı, kirvə, elə şey yoxdu.

- Dünyanın da elə bil gözü kordur.

-Şərəfsizlər bildiyini eləyirsə, oğru cəzasız qalırsa, dünya neyləsin.

Qapının zəngi çalındı. "Xeyir ola", gedib qapını açdım. Məmiş idi. Məmiş bizə gələndə kefimiz açılardı. Baməzə adamdı. Özü də harda nataraz, qəribə, gözlənilməz işlər vardı onun başına gəlirdi. Bilmirdim bu onun xarakterindən irəli gəlirdi, ya Allahın qismətiydi...

Məmişə xoş gəldin deyib qonaq otağına apardım. Onu doğma bildiyimdən neçə dəfə demişdim ki, Məmiş, adını dəyiş. Məmiş də etiraz eləmişdi ki, dayı (mənə dayı deyirdi), adımı rəhmətlik dədəm verib, dəyişə bilmərəm. Məmiş elə bərkdən danışıb-gülərdi, elə hay-küy qoparardı, nə gizlədim, mən də cana gələrdim. O, həmişə evimizə xoş ovqat gətirərdi. Ona görə də onun hər gəlişinə sevinərdik.

- Nə var, nə yox, ay Məmiş? Çoxdandı görükmürsən.

- Şükür Allaha, birtəhər dolanırıq.

- Tanış-tunuşa rast gəlirsənmi heç?

- Hərdən rastlaşıram, Kefin çəkən də var, dünyasını dəyişən də.

- Məmiş, həmişə istəmişəm soruşam, sonra yadımdan çıxıb. Bizim rayo­nun o binəva dəlisi necə oldu?

- Dəlimiz çoxdu, ay dayı, kimi deyirsən?

- Ə, genə ağlına gələni danışma, bizim Qarateli deyirəm.

- Qaratelin nəyi dəlidi?

- Ağıllıydı? Əyninə yeddi taxta tuman geyinib, əlinə taxta çömçə alıb o kolxoz bazarında nə oyunlar çıxartmırdı.

- O dəli deyildi, ay dayı, onu dəli eləyib çöllərə salan vardı.

- Yaxşı qoy oturmuşuq.

- Doğru sözümdü. Onun başına gələni bir mən, bir Allah, bir də Qaratel bilirdi. Bir gün dedim bu Qarateli güdəcəm. Qarabaqara onu izləyirdim. O, gedib balaca bir həyətə girdi. Xeyli gözlədim, həyətə girməyə ürək eləmirdim. Bilmirdim orda ondan başqa kim yaşayır. Amma maraq məni öldürürdü. Həyət qapısını azca aralayıb keçdim içəri. Gördüm səs-soraq yoxdu. Bir az da ürəkləndim, irəli gedəndə ayağım divara söykənmiş belə toxundu. Səsə bir xanım çıxdı. Gözlərimə inanmadım, Qaratel idi. Saçları topuğundan, əynində qəşəng xalat, ayağında yumşaq tapışqa... Qaratel məni görüb yerindəcə donub qalmışdı.

- Qaratel...

O, asta səslə: - Gəl içəri, - dedi. Mən də çaşıb qalmışdım. Bəs bu nə dəli oynuydu Qaratel illərlə çıxartmışdı. Qaratel düşdü qabağa, mən də onun arxasınca. Həyətdə tut ağacı vardı, kölgəsində də iri bir taxt qoyulmuşdu. Gedib taxtda oturdum. Nə o danışırdı, nə də mən.

Qaratel həyətdəki balaca samovara od salırdı.

- Zəhmət çəkmə, Qaratel, - dedim. O, çönüb mənə baxdı, gözləri dolmuşdu.

- İndiyə kimi heç kəs mənim evimə gəlməyib, bu halımı görməyib, hamı məndən uzaq qaçıb. Ağlıma gəlməzdi ki, kimsə məni izləyib dalımca gələr.

- Sən ki belə gözəlsən, ağıllısan, özünü niyə dəliliyə qoymusan, Qaratel? - soruşdum.

Qaratel cavab vermədi, başını aşağı salıb çay dəmləyirdi. Bir az keçmiş iki stəkan çay gətirdi. Özü də oturdu.

- İç, - dedi.

Qulağıma inanmırdım. Deyirdim, balam, bu Qaratelin nə qəşəng səsi var. Mən çayı içib yerimdən qalxmaq istəyəndə Qaratel dedi ki, otur, gəlirəm. Evə keçib, tez də qayıtdı. Əlində kitab vardı. Quranı ipək dəsmalın üstünə qoyub dedi:

- And iç ki, bu sirri kimsəyə açmayassan.

- Dedim, - burda nə sirr var ki, məni Qurana and içdirirsən? And pis şeydi. Arxayın ol, gördüyümü heç kəsə danışmaram. Dedi, yox, and iç, mən sənə başıma gələnləri danışacam. Qoy barı bir nəfər mənim dərdimi bilsin.

Əlimi Qurana basıb and içdim. - Dayı, indi Quran məni bağışlasın, bu sirri sənə danışıram. Bilirəm ki, sən söz danışan deyilsən. Hə, Qaratel başladı dərdini mənə danışmağa. Dedi ki, hökumət istəyirdi ki, qızlar da mexanizator olsunlar. Başımızı piyləmişdilər, guya ölkədə oğlan çatışmırdı... İndi fikirləşəndə az qalıram özümü öldürəm. Ə, bütün günü traktor sürən qızdan kişiyə arvad olar, dünyaya uşaq gətirə bilər?! Gecəmiz, gündüzümüz yoxdu. Hər qız da yazılmırdı ha, mexanizatorluğa, Amma mən yazılmışdım. Qəhrəman olmaq eşqinə düşmüşdüm. Maşınla pambıq yığıb qəhrəman olacaqdım. Kişilərin arasında tək idim. Bir gün maşın sahədə qırıldı. Düzəldə bilmirdim. Axşam düşmüşdü. Mənimlə bir traktorist də işləyirdi. Cavan oğlandı. Amma yaman şitəngiydi. Mənə tez-tez söz atırdı. Gecə keçdi, maşını düzəldə bilmədik, elə orada qoyub el yolu ilə şəhərə doğru gəlirdik. Bərk yorulmuşduq. Yolda su dəyirmanına çatanda oğlan dedi, baxaq görək kim var burda. Dəyirmanda kimsə yoxdu. Dəyirmanın böyründə ot tayası vardı. Ot bağlamalarından ikisini çəkib üstündə oturduq. Oğlan mənə lap yaxın oturmuşdu. Dedim bir az kənara çəkil. O, elə bil mənim sözümə bənd imiş. Bir göz qırpımında məni qucaqlayıb ot bağlamasının üstünə yıxdı. Ayı kimi güclüydü, altında çapalayırdım. Vallah, üzüm ayağının altına, - dedi, - kasıbçılıq, aclıq tüğyan eləyirdi, əynimdə heç alt paltarı da yoxdu. Mən onu üstümdən itələyib yerə salmaq istəsəm də bacarmırdım. Ətraf zülmət içindəydi, bir kimsə yoxdu. Nə gizlədim, mən onunla çarpışsam da, canıma elə bil od düşmüşdü. Mən sustalıb arxası üstə düşəndə o, mənim bakirəliyimi pozdu... Ağladım. O da indi tutduğu əməldən peşman olmuşdu. Yaxşı deyiblər ki, ehtirasın gözü kor olur. Amma iş işdən keçmişdi. Lap əvvəldən bilirdim ki, o, məni almayacaq. Onu məhkəməyə verməyimin nə xeyri olacaqdı? Day da adım dildə-ağızda gəzəcəkdi. Nəsə, gecəyarısı gəlib çıxdım evə. Ağlıma hardansa gəldi ki, özünü qoy dəliliyə. Sabah el-obada rüsvay olmaqdansa, dəli ol, düş şəhərin küçələrinə. Düz iyirmi beş ildi hamı məni dəli hesab eləyir. Mən iyirmi beş il itin zülmün çəkmişəm. Alçaldılmışam, çoxlarını alçaltmışam, amma hər əziyyətə dözmüşəm. Demişəm qoy mənə dəli Qaratel desinlər, ancaq qəh... Qaratel deməsinlər. - Sözünü qurtarıb gözümün içinə baxdı. - Cavan oğlan, indi bildin dəliliyimin səbəbini? Dərdimi gördün?

Dedim - gördüm, bacım, gördüm.

- Məmiş, indi hardadı o bədbəxt?

-Eşitmişəm ki, şəhəri ermənilər işğal edəndə dözməyib, özünü tankın altına atıb. O, şəhərsiz yaşaya bilməzdi, bizə baxma.

- Məmiş, vallah, səni belə bilməzdim. Nə səlis danışırsan. Ağıllı, dilavər, iti zehnli oğlansan, niyə ali məktəblərin birində oxumadın?

- Əvvəl imkanım olmadı, sonra da həvəsim. İndi də oxumağın nə mənası, təyinat yox, təminat yox. Belə diplom mənim nəyimə gərəkdi?

- Elə fikirləşmə, oxumaq vacibdir. Nəsə, indi hardasan, nə işlə məşğulsan?

- Bir işin qulpundan yapışmışam da.

- O nə işdi elə, çox məxfidi?

- Məxfi niyə olur?

- Bəs niyə gizlədirsən?

- Gizlədiləsi işi gizlədərlər də, dayı.

- Köhnə adətini aldın əlinə, yenə başladın qaravəlli danışmağa.

- Qaravəlli danışmıram, dayı, desəm inanmayacaqsan.

- Niyə inanmıram?

- Onda bil, ay dayı, indi mənim sənətim it otarmaqdı.

- Başladın da yenə.

- Görürsən, inanmırsan. Doğru sözümdü. İndi mən qəşəng bir avçarkanın sürücüsüyəm.

- Allah sənə ağıl versin, bizi biabır elədin.

- Heç kəsi biabır-zad eləməmişəm, ağlım da başımdadı. İş axtarırdım. Döymədiyim qapı qalmamışdı. Bir sahibkara rast gəldim. Kişi bərk gedən kommersantlardandı. İndi bilirsən dayna, Sovet hökumətinin qorxusundan Kubinka bazarında alver eliyənlər hamısı sahibkardı. Bir pul saymağı yaxşı bilirlər, bir də qol çəkməyi. İncimə, sənin nəyin var, dayı? Vur-tut bu evindi, oxumaqdan gözüyün də şövqü gedib. İncimə, düz olub hara nə qoymusan? Beş-üç manat qazanırsan, onu da aparıb verirsən dost-tanışın toyuna. Amma gör mənim əyriboyun kommersantım pulun çoxluğundan necə qudurubsa, bir "Jiquli"nin açarını verib mənə ki, mənim avçarkamı gəzdir. Kişi mənə ayda 100 dollar pul, 40 litr də benzin verir. Deyir get özün üçün kef elə, nədənsə ürəyimə yatmısan. Mən də dedim, baş üstə, ağa nəçənnik, sənin əziz itini necə lazımdı gəzdirərəm. Bir də indi çoxları özünə cangüdən saxlayır, elə bu avçarka da mənim cangüdənimdi. Özü də sahibini gəzdirməkdənsə itini gəzdirmək yaxşıdı. Budu ey, bir saatdı maşında şonquyub gözləyir, heç səsini də çıxartmır. Amma özü olsaydı, indi bağırtısından bina uçmuşdu. Bax, belə-belə işlər, dayı,

- Məmiş, dayının sənə daha sözü yoxdu...

- Mənə də it otarmaq xoş deyil, dayı. Özümü alçaldılmış, təhqir olunmuş hesab eləyirəm. Amma hamı bilməsə də, sən gözəl bilirsən ki, toxun acdan xəbəri yoxdur. Gör necə qudurğanlar peyda olub ki, itinə şofer tutur. Gör dünyanın harasıdı, dayı? Bu cür adamlarla torpağı kirvələrdən geri almaq olmaz, dayı. Olmaz, dayı, olmaz...

Məmiş birdən qəhərlənib susdu.

- Torpağı millətimizin qeyrətli oğulları alacaq, darıxma.

- Torpağın, yurdun qədrini bilməyən adamlar birdən ağızlarına nə gəldi danışırlar, adam qırıla-qırıla qalır. Bəzi gülməşəkərlər deyirlər, sabah Qarabağ alınsa, çoxu geri qayıtmayacaq. Di gəl danış da belələriynən.

- Elə adamların sözünə əhəmiyyət vermə. Onlar nə bilir yurd həsrəti nədi. Biz Qarabağa ellikcə qayıdacağıq. Özün bilirsən ki, mən köçkün deyiləm, amma Qarabağ alınanda hökmən el-obamızla bir yerdə olacam.

- Allah qoysa, dayı. İcazə ver, gedim.

Güllü onun səsini eşidib gəldi:

- Heç hara gedib-eləmirsən, çörək gətirirəm, biz də acıq, - dedi.

Məmişi yarı xoş, yarı zor süfrə başında oturtduq. Çay-çörəkdən sonra çıxıb getdi. Onun yarı gülməli, yarı ağlamalı söhbəti məni uzun-uzadı düşündürdü.


***

... insan düşünməsə, görünür, yaşaya bilməz. Bəs görəsən bu nə sirdir ki, doğmalarının, əzizlərinin yanında oturmusan, amma fikrin dağda-bağda gəzir. Xəyalımız nə qədər azad, nə qədər sərbəstdir. Heç bir sərhəd tanımır. Haqqında düşünmədiyin, bir kərə üzünü görmədiyin insanlar gecəyarısı doğan ulduzlar sayaq yaddaşında doğub-sönürlər. Atabəy Şəmsəddin Eldəniz də öz qiyafəsində son vaxtlar tez-tez yaddaşımda şimşək tək çaxırdı. Eldənizin doğrudan da bəxti üzünə gülmüşdü. Ağıllı bir qadınla evlənmişdi. Möminə Xatun onun evinə doğmalıq, istilik gətirmişdi. Qadın pərvanətək onun başına fırlanırdı. Möminə Xatunla bir damın altında olmaq çox xoş idi. Ona görə ki, onunla hər barədə söhbət etmək olurdu. Eldəniz onunla bir yerdə olanda yorulub bezmirdi. Ailə həyatında bu çox böyük xoşbəxtlik idi. Möminə Xatunun ayağı ona çox düşərli oldu. İllər keçdi Möminə Xatunun iki oğlu oldu. Böyüyünün adını Məhəmməd, kiçiyinin adını isə Arslan qoydular. Sultan onu yanına çağırtdırıb demişdi ki, səni Arrana hakim təyin eləyirəm. Eldəniz axşam sevinə-sevinə evə gəlmişdi. Möminə Xatun ərinin sifətindəki işıqdan duymuşdu ki, nə isə şad xəbər var.

- Eldəniz, xeyirdimi? - soruşdu.

- Sultan məni Arrana hakim təyin elədi. Biz günü sabah yola düşməliyik, etiraz eləmirsən ki?

- Qətiyyən. Mən çox şadam ki, Sultan sənə böyük bir ölkəni idarə etməyi etibar eləyib. Sənin günəşin doğub artıq.

Eldəniz beləcə ailəsi, qul-qaravaşıyla Bərdəyə gəlmişdi. O, taxta oturar-oturmaz öz adına pul da kəsdirdi. Çox keçmədən ölkənin hər yerində öz hökmünü göstərə bildi. O, oğulluğu Arslan şahın təlim-tərbiyəsini də bir an unutmurdu. Onun ürəyində niyyət vardı. Haçansa oğulluğunu sultan taxtına oturdacaqdı. O, təkcə Azərbaycanı yox, böyük bir imperiyanı bu yolla idarə eləmək fikrinə düşmüşdü.

... İllər gəlib-keçdi, Eldəniz bir-bir bütün niyyətlərini həyata keçirməyə başladı, oğulluğu Arslan şahı sultan taxtına oturtdu. Artıq o, sadəcə Eldəniz deyildi, Şəms-əd-din (dinin günəşi) Eldəniz idi. Onun böyük oğlu Məhəmməd Cahan Pəhləvan sultanın hacibi, kiçik oğlu Qızıl Arslan qoşun böyüyü oldu. Şəmsəddin Eldəniz Naxçıvanı özünə paytaxt seçdi. Beləcə, vaxtilə Dərbənd bazarında qul kimi satın alınmış çirkin, cılız, kiçik bir uşaq öz dərrakəsinin gücünə Azərbaycan Eldənizlər — Ağabəylər dövlətinin banisi oldu.

***

- Mətləb! Mətləb!!! Nə bərk yatmısan, oyan. Eşitmirsən, Qarabağda ruhlar üsyan eləyiblər!

- Nə eləyiblər deyirsən?

- Üsyan baş verib ey, üsyan...

- Orada kimimiz qalıb, kim eləyəcək üsyanı?

- Bəs demədim ruhlar üsyan eləyiblər. Səni yuxu tutub, baş verənlərdən xəbərin yoxdur. Millət ayağa qalxıb. Uşaqlı-böyüklü hamı Qarabağa üz tutub.

- Güllü, bəlkə səhv eşitmisən, bizim camaat alver eləməyə gedər, Qarabağa yox.

- Sən də zarafat eləməyə vaxt tapdın da. Alver nədi? İndi xalqın yadına alver düşür? Hamının dünyadan köçəni var da, balam. Başımıza gələni görürsən də. O qədər yolumuzu gözlədilər ki, axırda ruhlar dözməyib yurdlarına qayıdıblar. İnanmırsan mənə? Niyə mənə elə baxırsan? - deyə Güllü yerindən qalxdı: - Tez elə, qalx, qatara gecikirik.

- Nə qatar, ay qız? Sən hansı qatardan danışırsan?

- Boy, necə yəni hansı qatar? Bakı - Ağdam qatarını deyirəm də. Ağdama həmişə bu qatarla getmirdik?

- Əvvəllər hə, on beş ildir kirvələrin kəramətindən daha Ağdama qatar getmir.

Güllü gəlib qolumdan yapışdı:

- Qalx, qalx! Yollar açılıb, qatara gecikirik. Maşını qoy qarajda qalsın, vağzala taksi ilə gedərik. Uşaqlara da bərk-bərk tapşırmışam, evdən bayıra çıxmasınlar.

- Yaxşı, gedək, - deyib yerimdən durdum. Pal-paltarımızı götürüb evdən çıxdıq. Az qala uçurduq.

... Vağzalda adam əlindən tərpənmək olmurdu, arı pətəyitək qaynaşırdı. Hamı Qarabağda ruhların üsyanından danışırdı. Gedənlər o qədər çox idi ki, bütün qatarların üstünə Bakı - Ağdam yazılmışdı. Adamlar tələsə-tələsə vaqonlara doluşurdular. Cavanlar əllərində üçrəngli bayrağımız vaqonların üstünə çıxmışdılar. Deyəsən Güllü yanılmamışdı. Xalq Qarabağa qayıdırdı.

Fikirləşdim ki, bu qayıdış gərək çoxdan, lap çoxdan baş verəydi. Nahaqdan bir belə vaxt itirdik, itki verdik. Biz gərək özümüzə qayıdaq, kəndimizə qayıdaq, torpağımıza qayıdaq. Biz gərək dünyaya səs salaq, qazanc dalınca gedənlər, incik düşənlər, küsənlər yurda dönsünlər.

Dispetçerin yorğun səsi eşidildi:

- Diqqət, diqqət! Hörmətli sərnişinlər, Bakıdan Ağdama gedən 656 nömrəli Bakı - Ağdam qatarına birinci platformadan minik başlanır.

Güllünün əlindən tutub vaqonlardan birinə tərəf yeridim. Əməlli-başlı basabas idi. Hamı birinci qatarla getmək istəyirdi. Yurda birinci çatıb torpağı öpmək səadəti görəsən kimə qismət olacaq?

- Dayı! - Məmişin səsi idi.

- Məmiş, hardasan?

- Burdayam, dayı, beşinci vaqonda. Gəlin, sizə yer saxlamışam. - Məmiş vaqonun balaca pəncərəsindən bizə əl eləyirdi. Onu görəndə çox sevindim. Məmişin "Qaratel" nağılı bir meh kimi xəyalımdan keçdi. Yazıq Qaratel! Özünü erməni tankının altına atan bədbəxt Qaratel! Kaş sən bu günü görəydin, ay Qaratel.

Birdən mənə elə gəldi ki, Şəmsəddin Eldəniz də, arvadı Möminə Xatun da, nənəm, babam da mənimlə birgə vaqona qalxırlar. Onlar görünmürdülər, amma mən onların varlığını lap yaxından hiss eləyirdim.

- Niyə dayandın? - Güllü çiynimə qısılıb soruşdu. Üz-gözündən sevinc yağırdı.

- Heç, elə-belə, - dedim.

Birtəhər vaqona qalxdıq. Məmiş qabağa yeriyib boynumu qucaqladı:

- Boyuna qurban, ay dayı.

- Elə demə.

- Dayı, şükür, ölmədik bu günü də gördük. Əhvalatı eşidən kimi aparıb "Jiquli"ni qaytardım yiyəsinə, avçarkanı da açıb buraxdım azadlığa! Boynuəyri kişi az qalırdı məni öldürsün. Dayı, gərək bizə it otartdıranları bir də Qarabağa buraxmayaq.

- Yaxşı, Məmiş, yaxşı... Özünü ələ al.

Məmiş keçib öz yerində əyləşdi. Biz də oturduq. Qatar tərpəndi. Dinib-danışmırdıq, baş verənlər bizə yuxu kimi gəlirdi. Deyəsən maşinist də Qarabağa tez çatmağa tələsirdi. Qatar çox sürətlə gedirdi. Əyilib pəncərədən göyə baxdım, dumduru idi. Çölün-çəmənin xoş qoxusu vaqonun pəncərəsindən süzülüb içəri dolurdu.

Vaqonun üstündə qol-qola girmiş cavanlar üçrəngli bayrağı başları üzərində yelləndirərək dövlət himnini oxuyurdular:

Azərbaycan! Azərbaycan!

Ey qəhrəman övladın şanlı Vətəni!

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Üçrəngli bayrağınla məsud yaşa!

Qatardakılar da cavanlara qoşulmuşdular. Hamı oxuyurdu. Mən də oxuyurdum. Amma göz yaşlarımı heç cür saxlaya bilmirdim. Güllü tez-tez:

- Qurban olum, Mətləb, sən ağlama, qoy mən ağlayım, - deyirdi.

Məmiş:

- Bizi bu günə qoyanlar təkcə ermənilər yox, həm də bizə it otartdıranlar oldu, ay dayı. Adamı adam yerinə qoymayan, dünənin tum satanları, corab-dəsmal alveri eləyənləri görmədikləri günə düşüblər. Onlar nə bilirlər Vətən nədi, Yurd nədi. Onlarınkı var-dövlətdi, puldu, əyyaşlıqdı.

Mən ona bir söz demədim, qalxıb vaqonun balaca pəncərəsindən geriyə boylandım, qatarların sayı-hesabı yox idi. Minlərcə insan atlı-piyada, maşınla yola çıxmışdı. Deyəsən qaçqınlığın, köçkünlüyün sonuydu. Uşaqlar, yeniyetmələr əllərində məşəl tutaraq qatarın yanıyca gedirdilər. Ruhların üsyanı milləti uşaqdan böyüyə ayağa qaldırmışdı. Ölülərlə dirilərin ruhları biri-birinə qovuşmuşdu.

... Qatarlar durmadan irəliləyirdi. Səhərin açılmağına az qalırdı.

Deyirlər gecə hamilədir, sabah nə doğulacağını kimsə bilmir. Amma mən bilirdim ki, sabah torpağımızın Azadlığı doğulacaqdır.

İnanmayanlar gördüyüm son yuxunu yozsunlar.

İyul, 2006 - 30 noyabr 2007

"Azərbaycan" jurnalı
XS
SM
MD
LG