Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:57

Üzeyir bəy Hacıbəyli. Yazıq ermənilər


Yazıq ermәnilәr!

Yenә yazıq ermәnilәr!

Axı sizә kim qarğış etmişdi?

Kimin ahü nәvası sizi tutdu?

Kim sizә dua elәdi ki, axırda siz dә mübtәla oldunuz?

-- Nәyә?

-- Operaya, operettaya!

Yazıq ermәnilәr!

Yenә yazıq ermәnilәr!

Aya siz görmәdinizmi ki, necә bu opera müsәlman millәtinin evini yıxdı?

Aya görmәdinizmi ki, müsәlmanların "millәtpәrәst" jurnalçıları operanın müsәlman millәtinә vurduğu "zәrәrlәri" bir-bir sadalayıb ağlaşma qurub oxşayırlar, başlarını yolurlar, ağızlarını açıb gözlәrini yumurlar, gözlzrini yumub ağızlarını açırlar.

Hәlә "millәtpәrәst" vә millәtin tәrәqqisini "sәmimi-qәlbdәn" arzu edәn jurnalçılar dursunlar kәnarda, aya siz özünüz görmürsünüzmü, eşitmirsinizmi ki, Qafqaz müsәlmanları bu opera meydana çıxandan bәri necә xarab olubdular? Müsәlman nә idi, musiqi nә idi! Müsәlmanın sәnәti gәrәk il uzunu ağlamaq olaydı ... ax-vay olaydı....

Halbuki indi hara gedirsәn "Әsli vә Kәrәm" yenә "dandırı, dandırı, dandırı, dan-dan"ı, "O olmasın bu olsun"un "Mәşәdi İbad, sәn bizә xoş gәlib, bizi şad elәdin"i, "Arşın mal alan"ın "Günüz axşam fikrim-zikrim arşın mal alan"ı, "Leyli vә Mәcnun"un "Söylә bir görüb әrәb, bu cavan nәdәn xәstә"si.

Tacirimizә bax, eşidibdir ki, bu gün "Әsli vә Kәrәm" oynanılır, dükanı bağlayıb, teatra yüyürür. Halbuki әvvәllәrdә tacirimiz musiqi sәsi eşidәndә qulaqlarına pambıq tıxayırdı ki, eşitmәsin.

Bәylәrimizә bax, eşidibdir ki, bu gün "Arşın mal alan" oynanılır, tәlәsir ki, tez gedib bilet alsın. Halbuki әvvәllәrdә bәylәrimiz gecәlәrini qayda ilә şantanlarda keçirirdilәr.

Qoçumuza bax, eşidibdir ki, bu gecә "O olmasın bu olsun" oynanılır, qollarını ata-ata teatra gedir. Halbuki әvvәllәrdә qoçularımız öz sәnәtlәri olan qoçuluğa mәşğul olub teatr-miyatr bilmәzdilәr.

Bәh, bәh, bәh! Arvadlarımıza bax, arvadlarımıza! Dәstә çәkib teatra gedirlәr. Halbuki әvvәllәrdә arvadlarımız haman ilә ağlaşmaqdan başqa özgә şey bilmәzdilәr....

Yazıq ermәnilәr!

Genә yazıq ermәnilәr!

Bәs siz ki, bizdәn ağıllı idiniz!

Mәgәr siz bilmirsinizmi ki, opera pis şeydir, musiqi ziyandır!

A yazıq ermәnilәr, nә üçün özünüzü bәlaya salıb "Arşın mal alan"ı, "Mәşәdi İbad"ı öz dilinizә çevirdiniz, a bәdbәxtlәr?!

Mәgәr sizin "tәrәqqipәrvәr" vә "millәtpәrәst curnalçılarınız yox idi ki, bu "bәla"dan pişәzvәxt xәbәrdar edәydilәr....

Ax, yazıq ermәnilәr!

Yenә yazıq ermәnilәr!

Hayıf, hayıf!

Әfsus, sәd әfsus!
XS
SM
MD
LG