Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:51

Mirzə Fətəli Axundov. Sərgüzəşti-mərdi-xəsis (Hacı Qara)


Təmsili-güzarişi-əcib ki, keyfiyyəti beş məclisdə bəyan olub itmamə yetir.

Əfradi-əhli-məcalis:
Heydər bəy
Əsgər bəy
Səfər bəy
Sona xanım – Heydər bəyin adaxlısı
Təyyibə xanım – Sona xanımın anası
Hacı Qara – sövdagər
Tükəz – onun arvadı
Bədəl – onun oğlu
Kərəməli – onun nökəri
Xudaverdi – müəzzin
Ohan – qaraulların yüzbaşısı
Sərkis, Qəhrəman, Karapet və başqa altı qaraul
Mkrtıç və Tuğ əkinçiləri
Arakel
Murov
Naçalnik
Xəlil – yüzbaşı, murov yanında
Murovun və naçalnikin əmaləsi
Yasavul

ƏVVƏLİNCİ MƏCLİS

Əvvəlinci məclis vaqe olur Heydər bəyin obasından kənar bir böyük palıd ağacının dibində, aydınlıq gecədə, Səfər bəy qıvraq geyinmiş, yaraqlı-əsbablı oturub daş üstə. Heydər bəy qabağında habelə yaraqlı-əsbablı qıvraq geyinmiş məlal ilə danışır.

Heydər bəy: Pərvərdigara, bu necə əsrdir? Bu necə zəmanədir? Nə at çapmağın qiyməti var, nə tüfəng atmağın hörməti var! Sabahdan axşamadək, axşamdan sabahadək arvad kimi gərək dustaq alaçığın içində oturasan. Dövlət dəxi haradan olsun, pul haradan olsun!? Ah, keçən günlər! Keçən dövrlər! Hər həftədə, hər ayda bir karvan çapmaq olurdu, bir ordu dağıtmaq olurdu. İndi nə karvan çapmaq olur, nə ordu dağıtmaq olur! Nə qızılbaş döyüşü var, nə osmanlı döyüşü var! Əgər qoşuna getmək istəsən də gərək ancaq çılpaq ləzgilərin üstünə gedəsən. Əgər yüz min zəhmətlə birisini dağların dəlik-deşiyindən çıxarsan, bir dağarcıq, bir kürkdən başqa əlinə bir zad düşməyəcək. Hanı qızılbaş və osmanlı döyüşü ki, tamam Qarabağı qızıl-gümüşə boyadı? Aslandüzün çapqınından indiyədək də çox evlər abaddır. Əmiraslan bəyin övladı genə dünən də Ağcabədi bazarında dədələri osmanlıda kəsb etdiyi gümüş rəxtlərdən satırdılar. Bir belə döyüş olsun, hamıdan irəli dəstə başında gedən mən
ollam! Bir hünər göstərrəm ki, Rüstəmi-dastan da göstərməmiş ola! Mənim işim budur! Nə ki, naçalnik məni çağırıb deyir: Heydər bəy, rahat dur-otur, quldurluq etmə, yol kəsmə, oğurluğa getmə! Peşman oldum dedim ki, naçalnik, biz də bu əmrə rağib deyilik, amma sizə lazımdır ki, bizim kimi nəcib kimsənələrə bir çörək yolu göstərəsiniz. Qulaq as, gör mənə nə cavab verdi: Heydər bəy, cüt ək, bağ becər, alış-veriş elə. Guya ki, mən Banazor ermənisiyəm ki, gərək gündüz axşamadək kotan sürəm, ya ləmbəranlıyam ki, qurd bəsləyəm və ya ləkəm ki, kəndlərdə çərçilik edəm! Ərz elədim ki, naçalnik, heç vaxt Cavanşirdən kotançı və gümçü görükməyib! Mənim atam Qurban bəy onu etməyib; mən ki, onun oğlu Heydər bəyəm, mən də etməyəcəyəm! Qaş-qabaqlı üzün çevirib atın sürdü. Səfər bəy: Bu sözlərdən fayda yoxdur. Hər kəs hər nə deyir, desin: oğurluq ət yeməyib, at minməyəndən sonra dünyada gəzməyin nə ləzzəti var? Gecə keçdi, Əsgər bəy bilmirəm niyə yubandı? Ha, odur gəlir!

Bu halda Əsgər bəy yetişir.

Əsgər bəy: Heydər bəy, mən də hazıram. Gedirsiniz, bismillah, yola düşək. Niyə belə qəmgin və fikirli görükürsən?

Heydər bəy: A kişi, bilmirəm hansı ağzı dağınıq naçalnikə məni nişan veribdir. Mahalı
gəzməyə çıxmış imiş. Bu gün obanın qırağından ötəndə məni çağırıb deyir ki: Heydər bəy, quldurluq, oğurluq eləmə!

Səfər bəy: Yəni acından öl!

Heydər bəy: Əlbəttə, elə deməkdir! Guya ki, bütün Qarabağda dana-doluq oğrusu bir Heydər bəydir! Əgər o əl çəkə, ölkə farağat olar. Dana-doluq oğurlamaq da bizə çətin olubdur. İndi məəttəl qalmışam: əgər qızı gedib götürsək, qorxuram ata-anası şikayət edə; gərək genə təzədən qaçaq olam.

Əsgər bəy: Heydər bəy, tamam Qarabağ bilir ki, o qızı ata-anası sənə veriblər; bilmirəm
götürüb qaçmağına səbəb nədir?

Heydər bəy: Səbəb odur ki, pul tapmıram xarcın çəkib, toyun edib gətirəm. Ondan ötrü Səfər bəy məsləhət görür ki, götürüm qaçım, toy xarcı aralıqda itsin. Amma bu iş mənə ölümdən bədtər görünür ki, deyəcəklər: Qurban bəyin oğlu pul tapmadı toy edə, nişanlısın götürdü qaçdı. Çün Səfər bəy dedi ki, qorxundan bu bəhanəni gətirirsən, onun üçün acığa düşüb səni çağırtdım ki, sən də mənə yoldaşlıq edəsən.

Səfər bəy: Mənim üçün təfavütü yoxdur! Mənim yanımda uf-uf elədin ki, iki ildir adaxlını
toy edib gətirə bilmirsən. Mən də dedim ki, istəyirsən, gəlim, gedək qaçıraq, gətirək. İndi özün bil! Əsgər bəy: Heydər bəy, bu niyyətdən düş! Mənə bir on beş gün möhlət ver, mən sənə toy xarcı hazır edim; ağıllı-başlı toy elə, adaxlını gətir!

Heydər bəy: Toy xarcını hardan hazır edəcəksən?

Əsgər bəy: On beş günədək Təbrizə gedərik, qayıdarıq, qaçaq mal gətirrik, birə bir qazanarıq; onun qazancı ilə toyunu elərsən!

Heydər bəy: Avazın yaxşı gəlir, oxuduğun Quran olsa! Məgər Təbrizdə müftə mal töküblər, gedib yığışdırıb gətirək, gələk?

Əsgər bəy: Əlbəttə, müftə mal harda idi; pul ilə satın allıq.

Heydər bəy: Əcəb danışırsan! Mən pulu hardan alım?

Əsgər bəy: Məgər mənim özümün pulum var? Mən dediyim budur ki, Hacı Qara
ağcabədilidən ki, sövdagər və dövlətli kişidir, pul götürrük, gedərik mal gətirrik, satarıq, onun pulunu özünə rədd edərik, qazancı bizə qalar.

Heydər bəy: Hacı Qara, deyirlər, çox xəsisdir. O adama pul verər?

Əsgər bəy: Mən onun özünü də tovlaşdırıb özümüzə şərik edə billəm. Tamahkar adamdır; ondan ötrü bizə də pul verər, özü də bizim ilə gedər.

Heydər bəy: Yaxşı, əgər özünə gümanın gəlirsə, mən razıyam. Amma gərəkdir əvvəl bir qız ilə görüşüb əhvalatı bildirəm, çünki söz vermişəm bu gecə məni gözlüyür.

Əsgər bəy və Səfər bəy: Çox əcəb, çox gözəl!

Heydər bəy: Di, bəs siz gedin, sonra mən gəlləm, sizinlə görüşərəm, bərabər gedərik Hacı Qaranın yanına!

Əsgər bəy və Heydər bəy: Salamat ol, gedirik. Amma sübh tezdən gəl. (Gedirlər.)

Bu halda məclis dəyişilir. Uzaqda bir alaçıq görünür. Alaçıqdan on qədəm kənar, kolun dalısında Sona xanım qəşəng səfər paltarını geyinib, ipək çarşabı başında, o yan-bu yana baxır; qalxır, oturur.

Sona xanım: Allah, görəsən genə nə oldu, gəlmədi! Gecə yarıdan ötübdür, hələ indiyədək görükmür. Dan yeri ağarıb, sabah indicə açılar. Bilmirəm necə edim? Bir azacıq da gözətləyim, əgər gəlməsə, çarə yoxdur, gərək alaçığa qayıdam. (Qalxır ayaqa, o yana-bu yana baxır.) Xeyir, gəlmir! Yəqin ki, dəxi gəlməz. Şəkk yoxdur ki, gəlməyəcək! Görəsən genə hansı dəli qudurmuşa rast gəldi, tovlayıb at, mal oğurluğuna götürüb getdi, yoxsa bu vaxtadək gərək idi gələydi. Öhdəsindən gələ bilmirəm. Əgər bu səfər də tanıyalar, gərək genə təzədən qaçaq ola, mənim günümü qara edə. Genə iki il evdə məni dustaq eyliyə. Vallah, dəxi gözləmənəm! Heç vaxt dəxi onun yolunda bu qədər oturmanam, gedərəm özgəsinə! Onun fikri budur ki, atam evində mənim birçəyimi ağarda. (Oturub yerə, sonra). Eh, nə vəsvəsələr gəlir könlümə! İnşallah getməz, mənə and içibdir ki, səni aparanadək heç bir quzu oğurluğuna da getmənəm. Şəksiz, yubanmağına başqa səbəb var. Ax, indi bu kolun dalında qulaq asıb eşidəydi ki, mən deyirəm: gedərəm özgəsinə. Görəsən inanardımı? Əlbəttə inanmayacaqdır, çünki bilir, yalan deyirəm. Hövsələm daralıb, ağzıma gələni söyləyirəm. Bıy, şıqqıltı gəlir.

Bu halda kolun dalısından Heydər bəy atlı üzə çıxır, atdan enir.

Heydər bəy: Sona xanım!

Sona xanım: Heydər, sənsən?

Heydər bəy: Mənəm!

Sona xanım: Yalqızsan? Bəs hanı yoldaşların?

Heydər bəy: Yoldaşım yoxdur, yalqız gəlmişəm.

Sona xanım: Bu nə sözdür deyirsən? Yalqız niyə gəlibsən? Atam da, qardaşlarım da alaçıqda yatırlar, belə ki, gec gəlibsən, indicə sabah açılacaq, məni alaçıqda görməyib duyaçaqlar, şəksiz dalımca atlanıb atın izilə gəlib məni əlindən alacaqlar. Sonra dəxi mənim üzumü qiyamətədək görməzsən!

Heydər bəy: Hələ səni aparmağa gəlməmişəm, qorxma!

Sona xanım: (qeyz ilə) Necə aparmağa gəlməmişəm? Nə söylüyürsən?

Heydər bəy: Başqa məsləhət var, qulaq as!

Sona xanım: Heç məsləhət yoxdur! Atı bəri çək, gedəcəyəm! Dəxi mən alaçığa qayıda
bilmənəm!

Heydər bəy: Bir dayan, söz deyirəm!

Sona xanım: (atın cilovundan yapışıb) Qulaq asmıram. Hələ üzəngini bas, sözünü yolda
deyərsən!

Heydər bəy: (onun qolundan tutub) A qız, bir gör nə deyirəm! Axı tələsmə!

Sona xanım: Sabah açılır. Dayanmaq vaxtı deyil. Sözünü sonra de!

Heydər bəy: A qız, belə pul tapmışam! Ağıllı-başlı, ellər adətincə toy edəcəyəm. Dəxi səni niyə götürüm qaçım? Səni ki, əlimdən alan yoxdur?

Sona xanım: Yalan deyirsən! Pul tapan bu iki ildə tapardı. Mən toy istəmirəm. Elə toysuz gedəcəyəm. Qoşulub qaçan ölkədə ki, bir mən deyiləm; gündə yüzü qoşulub qaçır. Nə ayıbzaddır? İyirmi qızdan birisinə toy olmur.

Heydər bəy: A canım, o qoşulub qaçanların ata-anası vermir, qızın da çarəsi kəsilir, qoşulub qaçır. Axı sənin atan-anan ki, səni mənə özləri verir. Deməzlərmi, utanmaz, dəxi bu nə hərəkət idi, etdin, bizi rüsvay elədin? Onda nə cavab verərəm?

Sona xanım: (bir az fikir edib) Pulu hardan tapıbsan?

Heydər bəy: Di, bir yerə otur, qulaq as, deyim ki, hardan tapmışam.

Sona xanım: (yerə oturur) Yaxşı, söylə görüm!

Heydər bəy: Sən bilirsənmi ki, qaçaq mal necə bahadır, necə qazanclıdır?

Sona xanım: Qaçaq mal ilə nə alıb-verəcəyin var? Sövdagər ki, deyilsən, bu hesabları
yoxlursan? De görüm, nə qədər pul tapıbsan?

Heydər bəy: Axı, bir qulaq ver, gör nə deyirəm! Rus firəng çitini qadağan edibdir; heç kəs qorxudan gedib gətirə bilmir; məgər handa bir rəşid və qoçaq adam cürət edib bir yük, iki yük çıxarda bilir.

Sona xanım: A kişi, mənim nə vecimə ki, rus firəng malını qadağan edibdir? Allah vara yerlidibli çit geyməyi xalqa qadağan edə! Sözünü de görüm: pulu kimdən aldın?

Heydər bəy: A qız, qoymazsan bir sözümü tamam edəm? Amma buranın xalqı belə firəng çitinə hərisdir ki, onu görəndə al-yaşılın üzünə baxmırlar! Əsgər bəy deyir ki, həm ucuzdur və həm göyçəkdir, həm də rəngi solmur. Arvadlar belə çitlərdən ötrü biixtiyardırlar. Heç rus çitini tanımırlar.

Sona xanım: Axır mənə nə, firəng çiti, ya rus çiti? İkisi də cəhənnəm olsun, sözünü de!

Heydər bəy: Belə, naçalnikin arvadı da, deyirlər, ərindən xəlvət həmişə firəng çiti alır, geyir.Hacı Əzim bu yaxında iyirmi tümənlik ona firəng çiti satıbdır.

Sona xanım: Cəhənnəmə satsın, gora satsın! Bilmirəm çit sözü haradan bunun beyninə
düşübdür! Heydər, ağlın çaşıb? Nələr söylürsən?

Heydər bəy: Hər nə isə, başa düşürsənmi ki, burada firəng çiti necə əzizdir?

Sona xanım: Nəyimə gərəkdir ki, başa düşüm?! Firəng çiti alıb-satanam?

Heydər bəy: Çox yaxşı, di indi qulaq as. Mən bir yol gedib firəng çiti gətirib sövdagərlərə versəm, iki toyun xarcı çıxar!

Sona xanım: Elə bayaqdan bəri hıqqana-hıqqana bunu deyəcəkdin? Barakallah! Mən də deyirəm ki, bəs oğlan doğrudan pul tapıbdır. Firəng malı deyəsən çöldə imiş, bu gedib yığışdırıb gətirə! Dur ayağa gedək, bəsdir, indicə sabah açılar!

Heydər bəy: Pul tapmışam, yalan demirəm!

Sona xanım: Pul tapıbsan, toyunu elə! Dəxi firəng malına niyə verirsən?

Heydər bəy: Axır borc almışam. Yiyəsi bu şərt ilə mənə verir ki, firəng malı gətirəm,
qazancını yarıya bölək, yoxsa verməz ki, toy edim!

Sona xanım: Mən elə qazanc ilə toy istəmirəm, dur gedək! Əgər firəng malında belə qazanc var, dəxi pul yiyəsi səninlə niyə bölür? Gedib özü gətirib hamı xeyrini özü görsün.

Heydər bəy: Özü sövdagər, tacir kişidir; ta mənim kimi adama yanaşmasa, nəkarədir ki,
Arazın o tayına ayaq basa bilə? Kazaklar onun tükün didərlər.

Sona xanım: Kazaklar sənin də tükünü didə bilməzlərmi?

Heydər bəy: Mən oğurluğa, quldurluğa getmiş adamam. Yüz tülkü fənni bilirəm. Kazakların gözünə görükərəmmi ki, mənim tükümü didələr?!

Sona xanım: Sən ələ oğurluğa, quldurluğa da gedəndə deyirdin ki, məni görən, tanıyan
olmaz; amma genə görürdülər, tanıyırdılar. İki il qaçaq gəzib ev üzü görmədin. İndi üzə
çıxıbsan, istəyirsən yenə bir iş tutasan, qaçaq olasan, məni ağlıya-ağlıya qoyasan? Mən razı deyiləm! Dur gedək, mən toy istəmirəm!

Heydər bəy: Deyək ki, toy istəmədin, axır gərəkməz ki, mənim bir qazanc yolum ola? Çörək istəməzsənmi?

Sona xanı: Allah kərimdir, ac ki, qalmayacayıq?

Heydər bəy: Necə ac qalmanıq? Deyirsən, oğurluğa getmə, quldurluğa getmə, qaçaq mala getmə, çörək bacadan ki, düşməz!

Sona xanım: Sabah açılır. Hələ dur gedək! Məni apar evinə qoy, iki həftədən sonra istəyirsən get qaçaq mala!

Heydər bəy: Çünki rüxsət verirsən, iki həftə atan evində otur, əgər sonra sənə toy edib
aparmasam, məndən əksik adam yoxdur!

Sona xanım: İstəmirəm! İstəmirəm! Mən indi gedəcəyəm! Dur gedək! (Qalxır ayağa.)
Heydər bəy: Belə başına dönüm, qadan alım, ayağından öpüm, yalvarıram, iki həftə səbr et! İki həftədən sonra, vallah, toy ilə səni aparram. Səni toysuz aparmaq mənə ölümdən bədtər görünür. Atan, anan yanında məni xəcil eləmə!

Sona xanım – İki həftə səbr eləmək cəhənnəm əzabından artıqdır. Dəxi dayana bilmənəm, dur gedək!

Heydər bəy: Allahı sevirsən, sözümə qulaq as!

Sona xanım: (başlayır ağlamağa) Heydər, görükür ki, məndən soyumusan?

Heydər bəy: Sona xanım, ürəyimi dağlama! Çünki tablaşa bilmirsən, atı min, gedək.

Sona xanım istəyir ayağın üzəngiyə qoya, bu halda dan yeri ağarıb Sona xanımın anası Təyyibə xanım alaçıqdan çıxır, çağırır.

Təyyibə xanım: Sona, Sona, Sona huy!

Sona xanım: Vay dədəm vay, anam çağırır, dəxi gedə bilmənəm! (Tez qısılır yerə.)

Heydər bəy: A qız, bəs mən necə edim?

Sona xanım: Dəxi burda durma, get! Anam indicə bu tərəfə gəlir!

Heydər bəy: Ha vaxt bəs gəlim?

Sona xanım: Heç vaxt, get dəxi məni görməzsən!

Heydər bəy: Sona, sözünü dəyiş, yoxsa bu xəncəri çaxaram ürəyimin başına, özümü
öldürrəm!

Sona xanım: Yox, yox, allahı sevirsən! Get qaçaq mala, sonra gəl, toyunu elə! Get, get, anam səni görməsin!

Heydər bəy: (onun boynun qucaqlayıb üzündən öpür) Bu saatda gedirəm, qadan alım, dərd eləmə, bax, özün izn verdin!

Təyyibə xanım: Ay qız, Sona, hardasan? (Heydər bəy tez atı minib tələsik uzaqlaşır.)

Sona xanım: Ay ana, burdayam, gəlirəm.

Təyyibə xanım: (yaxınlaşıb) A qız, çöldə nə qayrırsan bu qədər vaxt?

Sona xanım: Ay ana, gündüz burda xalça salıb oturmuşdum. Gecə yadıma düşdü ki, xalça burda qalıbdır. Yerdən qalxıb gəldim götürüm ki, tezdən sıqırçıya, buzovçuya rast gəlib aparmasın. Xalçanı götürüb gəlirdim, başmağımın tayı ayağımdan sürüşüb çıxdı, qaranlıqda axtarıram, tapmıram. (Əyilib başmağın axtarır.)

Təyyibə xanım: Ayağını düz yerə basa bilmirsən? Hansı tərəfdə düşdü?

Sona xanım: Elə burda düşdü ey! (Əlin yerə sürtür.)

Təyyibə xanım: (yerə əyilib) Bəs hanı, əgər burda düşübdür?

Sona xanım: Bax, budur, tapdım! (Başmağın tayın əlində göstərir.)

Təyyibə xanım: Di gey ayağına, gedək! (Sona xanım başmağı geyib anası ilə gedir.)

Pərdə salınır.

İKİNCİ MƏCLİS

İkinci məclis Ağcabədi kəndində vaqe olur. Bazarın bir küncündə tikilmiş dükanın içində qədəkdən, bezdən, şilədən, alçaq çitlərdən tökülübdür. Hacı Qara yarımarşın əlində bikef oturubdur.

Hacı Qara: Allah kəssin belə bazarı! Belə alış-verişi! İt oğlu qədək, şilə verənin əli qurquşun imiş! Üç aydır Qaladan almışam, gətirib beş top satmamışam heç kəs malın üzünə baxmır. Deyəsən ölətdən qırılanların sovxasıdır. Heç kəs yovuğuna gəlmir. Bu bazar ilə mən bir ilədək də bunları satıb qurtara bilməyəcəyəm. Evim yıxıldı getdi! Bu nə iş idi mənim başıma gəldi?! Beş yüz manat nəqd pul verəsən, faydasından, qazancından əl çəkəsən, mayan da əlinə gəlməyə, bu harda görünübdür? Evin dağılsın çit satan! Qapın çırpılsın şilə verən! Çadra verən, səni görüm ki, heç uğruna xeyir gəlməsin! Sağ-salamat satdığın malın qazancın yemiyəsən! Uf, uf! (əlin dizinə çırpır.) Zalım oğlu zalım, yüz yol qurana, peyğəmbərə and içdi ki, çox ravac maldır. Ağcabədi bazarında üç gündə hamısın satarsan! Üç gün, indi üç ay olubdur. Üç ay deyil ki, bu mal üç ilə də satılmaz. Yaxşı məni allatdı. Bu hesab ilə düz yüz manat zərərim var. Bu dərd məni şəksiz öldürəcək.

Bu halda Xudaverdi müəzzin yetişib qəflətən

Xudaverdi: Səlaməleyk! Hacı, atanızın ismi-şərifi nədir?

Hacı Qara: Əleykəssəlam! Naşurun topu neçiyədir?

Xudaverdi: Xeyir, mən soruşuram ki, mərhum atanızın adı nədir?

Hacı Qara: Nəyinə lazımdır, əzizim?

Xudaverdi: Necə nəyinə lazımdır? Axır bir sureyi-cümə oxumuşam, istəyirəm atanızın adına tapşıram.

Hacı Qara: Çox-çox razıyam, əzizim! Yaxşı, bu xeyir iş hardan sizin xəyali-şərifinizə düşdü?

Xudaverdi: Necə hardan düşdü? Bu gün səhərdən bizim evin qabağından keçəndə
bəndəzadənizə özünüz buyurmuyubsunuz ki, atana de, bu gün bir cümə surəsi mənim atama oxusun, gəlsin bir abbası verim?

Hacı Qara: Mən? Necə, nə danışırsan, dəli olubsan?

Xudaverdi: Hacı, hələ dəli olmağa bir səbəb yoxdur. Sən deyibsən, oğlum da mənə xəbər veribdir, surəni də oxumuşam, indi abbasını verməsən, bəlkə onda dəli olam.

Hacı Qara: Kişi, özbaşına sənə nə lazım olmuşdu mənim atama Quran oxuyursan?

Xudaverdi: Mən özbaşına oxumamışam, sən demisən, mən oxumuşam.

Hacı Qara: Mən heç vaxt belə sözü demənəm! Bu heç olan iş deyil! Mən həmişə özüm atama Quran oxuram. Pul ilə mən ömrümdə Quran oxutduğum yoxdur!

Xudaverdi: Hacı, bir abbası nə olacaqdır ki, bu qədər danışırsan? Deməmiş olsan da, bir abbası şəfəqət elə, gedim. Əgərçi oğlum nişanbənişan səni deyirdi.

Hacı Qara: Əzizim, oğlun yanılıbdır; olur ki, özgəsi demiş ola; get, axtar, tap, abbasını al. Bu kasad bazarda mənim bir şahı qazancım yoxdur, abbasını hardan alıram, sənə verim? Allahı sevirsən, dükanın qabağın kəsmə, müştəri gəlir.

Xudaverdi gedir.Bu halda Əsgər bəy, Səfər bəy, Heydər bəy yetişirlər.

Əsgər bəy: Səlam-əleyk, Hacı!

Hacı Qara: (başın yuxarı götürüb) Vəəleyküməssəlam! Hacı belə sizin qadanızı alsın!
Buyurun içəri, əyləşin! (Bəylər dükana girib otururlar.) Xoş gəldiniz, ağrınızı alım, səfa
gətirdiniz! Bu dükan sizə peşkəşdir! Çubuqmu çəkirsiniz, qəlyanmı istəyirsiniz?

Əsgər bəy: Qəlyan çəkirik.

Hacı Qara: Bu saatda, qadanız mənə gəlsin! (Tez qəlyanı doldurur.)

Əsgər bəy: Hacı, bazarınız necədir? Alış-veriş yaxşıdırmı?

Hacı Qara: Allah bərəkət versin! Ağrın alım, mal ki, yaxşı oldu, bazar heç vaxt kasad olmaz. Özün bilirsən ki, mən dükana pis mal qoymanam. Günbəgün satılır. Dünən dükan lap boşalmışdı. Qalaya sifariş eləmişdim, qulbeçəniz bu malı təzə göndəribdir. Elə bu gün yığıb doldurmuşam. (Qəlyanı verib əlin uzadır qədəkdən, şilədən tökür bəylərin qabağına.) Hacı qadanızı alsın, hər nə qədər istəyirsiniz, seçin. Getdiyim kəbəyi-beytüllah haqqı, Qurana and olsun, peyğəmbər haqqı, oğlum Bədəlin toyun görməyim, yalan deyirəmsə, tamam Ağcabədidə bundan yaxşı qədək və çit heç kimdə tapmazsınız! Buların qumaşı özgə qumaşdır. Müştəri macal vermir, göydə götürür. Sabah bura güzarınız düşsə, bunların birin də dükanda görməzsiniz. Alın, aparın!

Əsgər bəy: Nəyimizə gərəkdir, Hacı? Zəhmət çəkib parçaları töküb-dağıtma!

Hacı Qara: (Təəccüb və məlal ilə) Necə nəyinizə gərəkdir? Bəs sövda eləməyəcəksiniz?
Bayram ağzıdır, yalavaşlıq istəməzsinizmi?

Əsgər bəy: Xeyir, Hacı, yalavaşlıq üçün gəlməmişik, bir ayrı mətləbimiz var.

Hacı Qara: Əgər nəqd pulunuz yox isə, mən yağ ilə də sövda edərəm. Bəşərti ki, xalis inək yağı ola.

Heydər bəy: A kişi, yağ olsa, özümüz yeyərik: nə inək yağı var və nə qoyun yağı. Qulaq as, görək Əsgər bəy nə deyir.

Hacı Qara: (qaşqabaq ilə) Allahı sevirsiniz, indi zəhmət çəkin, gedin, bir özgə vaxt
gələrsiniz, danışarıq! Müştərinin gələn zamanıdır, dükanın qabağın kəsməyiniz!

Əsgər bəy: Hacı, bir çox vacib iş vardır. Alış-veriş bir az sonra olsun. Axı, biz səni deyib gəlmişik!

Hacı Qara: Vallah, indi macalım yoxdur. Sonra danışarıq. Hələ zəhmət çəkin, gedin!

Heydər bəy: A kişi, bizi qovmayacaqsan ki? Nə tövr adamsan!

Hacı Qara: A başına dönüm, mən ki qovmuram. Təvəqqə edirəm. Axı kasıb adamam, siz mənim zərərimə razı gərək olmayasınız! İndiyədək siz gəlməsəydiniz, beş-on top çit, qədək satmışdım.

Heydər bəy: Əsgər bəy əcəb adam yanına gətirdi bizi! Durun gedək, bundan fayda yoxdur!

Əsgər bəy: Heydər bəy, sən allah, sən dinmə! Hacı, incimə, bir qəlyan ver çəkək, bu saatda gedərik.

Hacı Qara: Oğlum ölsün ki, dəxi kisədə tənbəki yoxdur. Elə axırı idi ki, silkələdim,
doldurdum. Xoş gəldiniz!

Əsgər bəy: Hacı, doğru deyirmişlər ki, bir adamdan allah alsa, bəndə vermək ilə dövlət
olmaz. Mən ki, bilirəm sən Ağcabədidə üç aydır, üç top çit, qədək satmıyıbsan, dərya zərərin vardır. Biz gəlmişik ki, on beş günün içində sənə yüz manat xeyir yetirək; çifayda bəxtin işləmədi, xudahafiz!

Ayağa durub çevrilirlər getməyə.

Hacı Qara: Bura baxın görüm, nə deyirsiniz? Necə on beş günün içində yüz manat?

Əsgər bəy: Dəxi nə deyək? Sən ki, qulaq asmadın, bizi aşkara qovdun.

Hacı Qara: A kişi, nə vaxt mən sizi qovdum? Oturun, oturun aşağı, allahı sevirsiniz,
cəhənnəm olsun alış-veriş! Oturun aşağı! Mən bilmədim ki, siz inciyəcəksiniz, yoxsa yüz
tümən zərərə düşsəydim də, sizə heç deməzdim. Məndən bir kimsənə güldən ağır söz eşitdiyi yoxdur!

Əsgər bəy: İndi ki belədir, baş üstə, oturaq, deyək ki, mətləb nədir.

Hamısı təzədən otururlar. Hacı Qara: Di söyləyin görüm, Hacı qadanızı alsın, yüz manat xeyir hardan yetişəcək? Bu xeyiri yetirən kimdir?

Əsgər bəy: Bu xeyri yetirən Heydər bəydir. (İşarə edir Heydər bəyə.)

Hacı Qara: Hardan yetirəcək? Vay sənin qadan alım, Heydər bəy! Qəlyan doldurummu? Ağrın mənə gəlsin!

Heydər bəy: Tənbəki yoxdur, nədən dolduracaqsan?

Hacı Qara: Torbada var. Sən təki qəlyan çək! (Tez əlin uzadıb torbadan tənbəki çıxarıb,
qəlyanı doldurub Heydər bəyə təvazö edir, üzün çevirir Əsgər bəyə.) Di söylə görüm, necə yetirəcək?

Əsgər bəy: Hacı bu qədər mal ki, bura tökübsən, heç bir qazanc bundan varmı?

Hacı Qara: Nə bilim, varmı, yoxmu, sözünü de!

Əsgər bəy: Hacı, Heydər bəyin qoçaqlığını sən bilirsənmi?

Hacı Qara: Bəli, deyirlər ki, qoçaq adamdır!

Əsgər bəy: Hamı bilir ki, Qarabağda Heydər bəyin adı gələndə quş qorxusundan qanad salar!

Hacı Qara: Bu zəmanədə çox qoçaqlıqdan isə, ağrın alım, adamın cibi pul ilə dolu olsa
yaxşıdır.

Əsgər bəy: Qoçaqlıq da olmasa, pul olmaz. Hacı, sözümə qulaq as! İndi firəng malı
görürsənmi necə baha olub? Təbrizdə arşını bir abbasıya alınan çit burda altı şahıya satılır.Girvənkəsi bir manata alınan çay burda manat yarıma göydə gedir, heç bilirsənmi bunun səbəbi nədir?

Hacı Qara: Xeyir, bilmirəm!

Əsgər bəy: Səbəbi odur ki, qarabağlıların, erməni yasavullarının, gömrükxana qaravullarının və kazakların qorxusundan quş quşluğu ilə Arazın o tayına səkə bilmir.

Hacı Qara: Yaxşı, siz istəyirsiniz ki, quşdan da zirək olub Arazın o tayına səkəsiniz?

Əsgər bəy: Əlbəttə, bizim Araz aşığımızdandır, Kür topuğumuzdan! Heydər bəy ki, bizim yanımızda ola, qaravul bizə nə eyliyə bilər!

Hacı Qara: Olan, qaravulları, yasavulları qırağa qoy, kazaklar olmasa, vallah, ayda iki yol Təbrizə gedib qayıdaram! Qaravul, yasavul mənə nə eliyəcək? Mən allahın lütfü ilə yalqız oların iyirmisinin öhdəsindən gələrəm. Ancaq rus adı gələndə bağrım yarılır. Oların qılınctüfəngi o qədər məni qorxutmur ki, silisti, apar-gətiri canıma vəlvələ salır. Doğrusu,
kazaklardan çox xəta var!

Əsgər bəy: Eh, biz əlli yolun bilirik, kazakları alladıb elə yerdən keçərik ki, izimizi-tozumuzu görməzlər.

Hacı Qara: Bəs indi mənim yanıma gəlməkdən qərəziniz nədir?

Əsgər bəy: Qərəzimiz odur ki, milçək gözünə qona-qona sən burda nə qazanacaqsan? Dur, çoxlu pul götür, bizə də ver, özün də saxla, gedək. Bizim alış-verişdən başımız çıxmaz. Təbrizdə sən bizə də, özünə də xirid ələ. Biz də səni sağ-salamat malın ilə gətirək bura çıxardaq. On beş günə yüz qızıla əlli qızıl qazanc olur. Bizə verdiyin pulun qazancın bizə ver, öz pulunun qazancın özün götür.

Hacı Qara: Yaxşı, sizə verdiyim pulun faydası necə olsun?

Əsgər bəy: Axı, faydasının əvəzinə biz də sənə yaxşılıq edirik; səni quldurdan ötürürük,
qazanc yetiririk, dəxi artıq nə istəyirsən? On beş günə bizdən puluna fadla istəmək sənə ayıb deyilmi? Bizsiz ki, sən nə gedə bilərsən, nə mal gətirə bilərsən!

Hacı Qara: Niyə gedə bilmirəm? İstəsəm bu gün gedərəm. Heç kəs də məndən bir çöp ala bilməz! Mən özüm neçə yol quldura rast gəlmişəm, dava eləmişəm.

Əsgər bəy: A canım, yüz əjdaha olasan, bu yola yalqız gedib gələ bilməzsən! Biz ki, sənin rəşidliyini danmırıq.

Hacı Qara: Doğrusu, mən faydasız pul verməyə öyrənməmişəm. Əgər pulumun faydasın
çıxarsanız, sözünüzə qulaq asaram.

Əsgər bəy: Adama yüz qızıl versən, on beş günə nə qədər fayda istəyəçəksən?

Hacı Qara: Beş qızıl yüz qızıla fayda götürrəm. Artıq hər nə qazansanız sizin olsun.

Əsgər bəy: (Heydər bəyə, Səfər bəyə üzün çevirib) Yoldaşlar, nə deyirsiniz, razısınızmı?

Heydər bəy və Səfər bəy: Dəxi nə eyliyək, razıyıq!

Əsgər bəy: Hacı, di pul hazır elə!

Hacı Qara: Ha vaxt gedirsiniz?

Əsgər bəy: Bu axşam gərək yola düşək!

Hacı Qara: Çox yaxşı, pul hazırdır. Gedin, geyinin, axşam çağı gəlin bizim evə. Mən də
atımı, əsbabımı tədarük edim, yola düşək.

Bəylər: (ayağa durub) Xudahafiz, Hacı! (Gedirlər.)

Hacı Qara: (dallarınca)Xoş gəldiniz, axşam vaxtı qayıdın!

Bəylər: Xatircəm ol. (Uzaqlaşırlar.)

Hacı Qara: A kişi, canım çıxdı dəxi bu köpək oğlunun malının üstündə oturmaqdan!
Qiyamətədək bu satılmayacaqdır. Deyirlər firəng malı alıb satma, sövdagərlik eliyirsən,
qızılbaş, rus malı al, sat. Mən başıma nə kül töküm! Bu qızılbaş, rus malı bəs niyə satılmır? Xeyir, bir elə iş olmasa, mən bu zərəri ölüncə ödəyə bilməyəcəyəm! Durum gedim evə, tədarükümü görüm. Bir belə xeyir az ələ düşər, yoxsa qüssədən dər-dəcər ollam. (Dükanı yığışdırıb bağlayıb gedir.)

Bu vaxt məclisin vəzi dəyişilib Hacı Qaranın evi nəzərə gəlir. Hacı Qara, əlində açar, sandığın ağzın açır, torbadan qızıl çıxardır. Üç yüz qızıl sanıyıb əlahiddə kisələrə qoyur, sonra gedir tüfəng, tapançasını, xəncərini, qılıncını gətirir, yığır qabağına. Bu halda arvadı Tükəz yetişir.

Tükəz: A kişi, nə qayırırsan? Bu yaraq-əsbabı qabağına niyə tökübsən?

Hacı Qara: Səfərim var, yola çıxacağam!

Tükəz: De görüm, hara gedəcəksən?

Hacı Qara: Sənə deməli deyil!

Tükəz: Necə, deməli deyil? Quldurluğa ki getmirsən, məndən gizlirsən.

Hacı Qara: Elə bir elə zaddır!

Tükəz: Bəs elə zad isə, heç vaxt gedə bilməzsən! Dur ayağa, get dükanına malını sat!
(Yaraqları yığışdırır.)

Hacı Qara: Dükanı allah batırsın, malı yoxa çıxsın! Satılır məgər! Qoymazsan başımın
çarəsin görüm?

Tükəz: A kişi, başına nə gəlibdir, çarəsin görəsən? Nə danışırsan?

Hacı Qara: Dəxi nə gələcəkdir. Evim yıxılıb-gedib. Düz yüz manat indiyədək zərərim var. Boğazıma çörək getmir! Tükəz: Səni görüm boğazın elə tutulsun ki, su da ötməsin, ay göyərmiş! Uşaq aşıq yığan kimi, bu qədər pulu yığıb nə eləyəcəksən? Yüz il ömrün ola, yeyəsən, geyəsən, içəsən, sənin pulun tükənməz. Yüz manat zərərdən ötrü nə özünü öldürürsən?

Hacı Qara: Min kərə sənə demişəm ki, sən arvadsan, get arvadlığına, mənə öyüd, nəsihət vermə! Yaraqları yerə qoy! (Əlin uzadıb tüfəng, tapançanı dartıb alır.)

Tükəz: Yəni, sən bu yaraqları qurşanıb onlar ilə adam qorxudacaqsan? Bu tüfəng, tapançanın iyirmisin üstünə götürsən, mən bu arvadlığım ilə səndən qorxmanam! Torpaq sənin başına!

(İki əlli başına qarıyır.)

Hacı Qara: Səni lənətə gələsən, arvad! Toxumunuz yer üzündən götürülsün! İtil buradan!

Tükəz: Kişi, dəli olubsan? Mən evimdən hara itiləcəyəm? De görüm, hara gedirsən?

Hacı Qara: Cəhənnəmə, gora! Əl çəkməzsən? Nə istəyirsən məndən?

Tükəz: Kaş cəhənnəmə, gora indiyədək getmiş olaydın! O günü görərəmmi toy-bayram
edəm. Çifayda, Əzrailin yolu yumrulsun ki, sənin kimi murdarı yer üzündə qoyub gözəl
cavanları qara torpaq altına yollayır!

Hacı Qara: Yer üzündə qalan murdarların biri sən özünsən ki, tövqi-lənət olub keçibsən
mənim boğazıma! Mən ömrümdə bir kimsəni incitməmişəm, bir kimsəyə bir zərər
yetirməmişəm! Mən niyə murdar oluram?

Tükəz: Bir kimsəyə zərər yetirməmisən, xeyir də verməmisən! Ondan ötrü murdarsan ki, öz malını nə özün yeyib-içirsən, nə əyalına məsrəf edirsən. Sən ölsən, heç olmazsa arvad-uşağın doyunca çörək yeyər.

Hacı Qara: Arvad-uşaq zəhirmar yesin!

Tükəz: Sənin evində zəhirmar da tapılmaz; olsaydı, onu da qıyıb bizə verməzdin! (Bu halda bəylər çığırır.)

Bəylər: Hacı! Hacı!

Hacı Qara: Arvad, çəkil get, adamlar gəlir! (Tükəz tez uzaqlaşıb qapının dalısından qulaq asır.)

Bəylər: (geyinmiş içəri girirlər) – Səlam-əleyk, Hacı!

Hacı Qara: Əleyküməssəlam. Hacı qadanızı alsın, buyurun əyləşin!

Əsgər bəy: Hacı, hazırsanmı?

Hacı Qara: Bəli, başına dönüm, hazıram. Pulları da budur, ayırmışam; amma Hacı ağrını
alsın, üç yüz qızılı mən özüm Təbrizdə gözünüzün qabağında çaya, parçaya verrəm, əlinizə tapşırram, gətirərsiniz!

Əsgər bəy: Elə niyə, Hacı? Burda tapşıranda nə olar?

Hacı Qara: O yaxşıdır, qadan alım! Heç təfavütü yoxdur.

Əsgər bəy: Eybi yoxdur, olsun. Di dur gedək!

Hacı Qara: Bir az dayanın, qulbeçənizi göndərmişəm atlarımı, nökərimi gətirməyə.

Əsgər bəy: Neçə at götürürsən, Hacı!

Hacı Qara: Üç at, ağrın alım! Birin qulbeçəniz minəcək, birin özüm, birini də yuklərik, nökər başın çəkər. Siz neçə at göturürsünüz?

Əsgər bəy: Bizim də hər birimizin iki atı var: biri yük üçün, biri minik üçün. Bu yaraq-əsbab sənindir, Hacı?

Hacı Qara: Bəli!

Əsgər bəy: Çox yaxşı. Di bəs geyin!

Heydər bəy: Vallah, Hacı, səni tanımayan adam olsa, görəndə bağrı yarılacaq.
Səfər bəy: Vallah, mənim Hacıya bu gümanım yox idi.

Hacı Qara: Adam iş vaxtında tanınar, qadan alım! Siz məni elə arşın ölçən bilib saya
salmırsınız. Amma, inşallah, görərsiniz ki, mən qorxaqlardan deyiləm! Təəccüb edirəm bir para qaçaqçılara ki, hər yoldan yetənlərə mallarını verib boş qayıdırlar.

Səfər bəy: Hacı, mal tutanlar bilmirsən necə hiyləgərdirlər. Yasavul-qaravul libasında ki,
adamın gözünə görükmürlər. Görürsən ki, bəzi vaxt ya palanlı at, ya eşşək minib, bəzi vaxt piyada, yaraqsız-əsbabsız qabağına rast gəlirlər, nə biləsən. Deyirsən ki, fəqir yoldan ötəndir. Elə ki, qapaqap yavuqlaşanda, yaraq-əsbab bilmirsən ki, haradan tapıldı. Dəxi əl açmağa heç macal olmur; soyurlar, hər nəyin var alırlar.

Hacı Qara: Bular tamam qorxaqlıqdan və ehtiyatsızlıqdan adamın başına gəlir. Heç kəsi
gərək adam özünə yavuq qoymasın. İstər hər libasda olsa da. Bircə mənə rast gələlər, görələr onların başına nə gətirrəm! Hamısına tövbələtmə verrəm ki, dəxi heç qaçaqçının qabağın kəsməsinlər!

Səfər bəy: Bəli, doğru deyirsən, adam gərək qorxaq olmaya, ehtiyatını əldən qoymaya!

Bu halda Kərəməli—Hacının nökəri və oğlu Bədəl içəri girirlər.

Kərəməli: Ağa, atlar hazırdır, hara gedəcəksən?

Hacı Qara: Təbrizə!

Kərəməli: Təbrizə məni də istəyirsən aparasan?

Hacı Qara: Bəli!

Kərəməli: Nədən ötrü gedirsən, ağa?

Hacı Qara: Sənin nə vecinə?

Kərəməli: Necə vecimə deyil? Axı deyirsən, səni də aparıram. Bəs bilməyim ki, mən nəyə gərəyəm?

Hacı Qara: Gedirəm xiridə. Mal alıb ata yükləyəcəyəm, sən çəkə-çəkə gətirəcəksən.

Kərəməli: Ay ağa, havaxt başburt aldın ki, Təbrizə gedirsən?

Hacı Qara: Başburt lazım deyil.

Kərəməli: Elə olsa, mən getmənəm. Mən bir yol buradan Səlyana bilitsiz getmişdim, murov o qədər döydürdü ki, indi də ağrısı yaddan çıxmayıbdır.

Əsgər bəy: Qorxma, murov heç vaxt bizim getdiyimizi bilməz!

Kərəməli: Doğrusu, mənim vədəm yaxınlaşıbdır, çıxıb özgəyə nökər duracağam. Hacı çox az muzd verir; bir də, qarnım doymur. Mən gedən də deyiləm.

Əsgər bəy: Sən bu səfər get. Yolda qarnın tutduqca biz sənə çörək verərik. Hər birimiz də bir top çit bağışlarıq.

Kərəməli: Hacı da bağışlarmı?

Hacı Qara: Yükü sağ-salamat gətirib çıxarsan mən də çalışaram sənin xeyrin üçün sənə
verilən çitləri çox baha sataram.

Kərəməli: Olsun!

Hacı Qara: (hamısı çölə çıxırlar, sonra) Buyurun, gedək!

Tükəz: (məclisə gəlir, yalqız) Bay, evinizi allah yıxsın! Kişiciyi tovluyub qaçaq mala
apardılar. Başına bir iş gəlsə uşaqcıqlarım yetim qalaçaq! Vay-vay! (Dizinə çırpır gedir.)

Pərdə salınır.

ÜÇÜNCÜ MƏCLİS

Üçüncü məclis vaqe olur Arazın kənarında. Qızılbaş səmtində; bəylər və Hacı Qara Təbrizdən qaçaqmal alıb qayıdıblar Arazın kənarına, piyadalanıb yığışıblar qırağa. Araz qıjhaqıj axır; dumanlı gecədir; gah-gah ildırım çaxır.

Heydər bəy: Buradan indi keçmək olmaz. Gərək bir dörd verst aşağıda küy-qalmaqal salaq, kazaklar tamam aşağı ensinlər, sonra qayıdıb buradan keçək.

Əsgər bəy: A kişi, indi bu dumanda, çiskində kazaklar tamam dam altına yığışıblar. Arazın qırağında cin də tapılmaz, gəlmişkən keçək.

Heydər bəy: Heç vaxt olmaz! Mən Arazdan bu taya çox oğurluğa gəlmişəm; kazakların
həmişə Arazın qırağında busqusu olur.

Hacı Qara: Heydər bəy doğru deyir. Ehtiyatı əldən qoymamaq gərək! O deyən kimi edək.

Səfər bəy: Hacının sözü doğrudur. Gedək aşağıda küy salaq. Hacı, sən yüklərin yanında qal.Bəylər uzaqlaşırlar aşağı. Bir azdan sonra küy-qalmaqal qopur. Yuxarıdan kazaklar yaraqlıəsbablı başlayırlar beş bir, üç bir aşağı enməyə.

Kazaklardan birisi: Ax, məlunlar! Yəqin quldurdular, at qovub gətirib keçirmək istəyirlər!

İkincisi: Mən belə bilirəm qaçaqçıdırlar!

Üçüncüsü: Hər kim olsa, haqqına fikir çəkərik.

Kazakların dalı kəsilir. Bir azdan sonra qalmaqal sakit olur. Bəylər Hacı Qaranın yanında olurlar.


Heydər bəy: Di tez olun, keçin! Dayanmaq vaxtı deyil.

Hamı tökülürlər Araza, ortasında Hacı Qaranın atı büdrüyür. Hacı Qara atdan enib düşür suya, axır kənardan suya uzanan söyüd ağacının budağına iki əlli yapışıb sallanır, çağırır.

Hacı Qara: Ay aman, Heydər bəy, Səfər bəy, Əsgər bəy, yetişin, mən boğuldum!

Heydər bəy: Hacı, haradasan?

Hacı Qara: Burda, söyüd ağacına yapışıb sallanmışam!

Heydər bəy: Ay evin yıxılsın, bir elə dərin yerə düşübsən ki, səni çıxarmaq heç mümkün
deyil!

Bədəl: A başınıza dönüm, mənim atamı çıxardın!

Kərəməli: A gədə, qoy boğulsun, malı, dövləti tökülsün qalsın, beş gün yeyin, için, kef edin!

Nəyinə gərəkdir qaydına qalırsan!

Əsgər bəy: Gədə, danışma! Xurcundan sicimi çıxart, bura ver! (Kərəməli sicimi tez çıxardıb verir.)

Heydər bəy: Əsgər bəy, tez sicimi gətir! (Əsgər bəy sicimi yetirir.)

Heydər bəy: Hacı, sicimi atırıq, tut!

Hacı Qara: A qurbanınız olum, tuta bilmənəm. Əlimi budaqdan üzsəm, su güclüdür, məni aparacaq, halqa edin, atın, belimə düşsün!

Heydər bəy sicimi halqa edib tulluyur, düşür Hacı Qaranın boğazına, çəkir. Hacı Qara iki əlli sicimdən yapışıb boğula-boğula qırağa çıxır, suyu səpələnir.

Hacı Qara: Evin yıxılsın məni bu günə salan! Qapın çırpılsın məni dükanımdan avara qoyan!

Heydər bəy: Hacı, səfərdə adamın başına çox iş gələr, gərək darılmamaq! Söylənmək vaxtı deyil, indi üstümüzə tökülərlər. Tez gərək qıraqdan uzaqlaşaq, qamışlıqda gizlənək. Gecə yarısı adam yatan vaxtda yola düşək.

Hamısı tez qıraqdan uzaqlaşıb gözdən itirlər. Sonra on nəfər yaraqlı-əsbablı ermənilər bu yan tərəfdən yetişirlər.

Ohan: (Ermənilərin yüzbaşısı) Qoççum Sərkis, qoççum Karapet, qoççum Qəhrəman, siz mənim yanımda durun, qabaqda tüfənglərinizi hazır edin, mən havaxt deyərəm, o saatda atın, vurun! Mən sizi adbaad murova nişan verib istəmişəm, siz mənim yanımda olandan sonra yüz qaçaqçı da olsa, öhdəsindən gəlləm. Ay qalan uşaqlar, siz bizim dalımızda olun, qorxmuyun.İnşallah bizi görən kimi yükləri töküb qaçacaqlar. Qaçmasalar, əl açsalar, allah bilir, hamısını xingəl kimi doğruyacağam!

Sərkis: A yüzbaşı, hansı tərəfdən gələcəklər?

Ohan: Bax, elə qabağımızdan gələcəklər. Qasid xəbər gətirib ki, burdan başqa gələsi yolları yoxdur. Sərkis, muğayat ol! Allah qoysa, bu yüklərdən adama əlli manatdan artıq bəxşeyiş yetişəçək!

Sərkis: A yüzbaşı, elə hamı yüklərini alacaqsan?

Ohan: Allah bilir ki, xurcunlarınadək alacağam!

Sərkis: A yüzbaşı, yazıq deyillərmi? Hər necə olsa, axır qarabağlıdırlar. Biz onların tərəfin saxlamasaq, kim saxlayacaq? Genə gərək bir zad özlərinə qoyaq qalsın; yoxsa bəd dua yiyəsi olluq.

Ohan: Olan, nə danışırsan, tərəf saxlamaq bizəmi duşübdür? Tərəf saxlasan, qarabağlılığını gözətləsən, bəd duadan qorxsan, qulluq yaraşdıra bilməzsən.

Sərkis: Yüzbaşı, bir irəli gedim, baxım görüm gəlirlərmi?

Ohan: Yaxşı, ehtiyatlı ol, qorxudub geri qaçırma!

Sərkis: Xeyir, heç gözlərinə görükmənəm! (Gedir.)

Ohan: Uşaqlar, sərhesab olun! (Başlıyır adamları düzməyə, sonra.)

Sərkis: (qayıdıb) Yüzbaşı, evinə od düşsün, qaçaqlar gəlirlər! Amma qabaqlarınca bir uca boylu, qıvraq geyinmiş yaraqlı-əsbablı oğlan gəlir ki, çox heybətlidir. Gözlərindən qan damır.

Ohan: Doğru deyirsən?

Sərkis: Allah bilir ki, doğru deyirəm!

Ohan: De ki, sən öləsən!

Sərkis: Sən öləsən, sənin başın üçün!

Ohan: Üstündə doğrudan tüfəng və tapança gördün?

Sərkis: Vallah gördüm!

Ohan: Necə idilər?

Sərkis: Hamısı üç adam nəzərə gəldi, amma o bir oğlan heç birisinə bənzəməz.

Ohan: Heç qorxu yoxdur, qoy gəlsinlər. Amma, Sərkis, çox irəli durmuşuq, bu yerdə qapaqap üstümüzə çıxarlar. Bir az geri dursaq yaxşıdır ki, sərvəqt olaq.

Adamları geri durğuzur, bu halda bəylər qabaqca, dallarınca Hacı Qara və yüklər yetişirlər.

Heydər bəy: (əlində tüfəng irəli yeriyir) Ey, nə atlısınız? Yolu niyə kəsibsiniz? Çıxın yoldan!

Ohan: Ba, olan, yoldan niyə çıxırıq? Sən kimsən ki, belə ürəkli danışırsan?

Heydər bəy: Qırışmal, qara soransan, rahdarsan, bizim yolumuzu kəsdiribsən? Sənə nə,
kiməm! Demirəm çıxın yoldan, doldurummu qarnını tüstü ilə! (tüfəngi qalxızır.) A gedə,

Əsgər bəy, Səfər bəy, niyə durubsunuz, niyə bunları qırmırsınız? Vursanız buları yıxılalar!

Ohan: (yoldaşlarilə yoldan yan durub) Olan, dəli olubsunuz, qudurubsunuz? Nahaq qan
eləməyə, gümanam, çox örgənibsiniz, amma, balam, biz qırılası adamlar deyilik.

Heydər bəy: Qırışmal, siz yəni nə qoçaq adamlarsınız ki, qırılmıyasınız? Al gəldi! (Tüfəngi uzadır.)

Ohan: A balam, dəli olma! Bax, biz gedirik. Gəl yolunla düz çıx get. Allahı sevirsən, nahaq qan yiyəsi olma, bizim sizlə işimiz yoxdur!

Heydər bəy: Olmaz qırışmal, o öyünməyə səni öldürməmiş qoymuyacağam!

Ohan: A canım, mən ki, qoçaqlıqdan ötrü demirdim ki, biz qırılası adam deyilik; mən
dediyim odur ki, bizi murov göndərib, bizi öldürsəniz, murova nə cavab verərsiniz?

Heydər bəy: Qırışmal, özümüz billik murova nə cavab verrik; sənin nə borcundur
soruşursan? Silistçisən? Çıxın yoldan, yoxsa bu saatda hamınızı yarpaq kimi tökərəm!!

Ohan: Çıxırıq, çıxırıq, darıxma balam! Sərkis, Karapet, Qəhrəman, dönün, qayıdın, balam!

Bunlardan qan iysi gəlir!

Sərkis: A yüzbaşı, bəs murova nə deyək?

Ohan: Olan, nə deyəcəyik? Görünür bular quldurdular. Qaçaqçı belə olar? Qaçaqçı yarım ağaclıqda qaraltı görəndə, malın tökür qaçır, bular ha bizi də soymaq, qırmaq istəyirlər. Sarsaq köpək oğlu qasid, buları nahaq yerə qaçaqçı hesab edib, xəbər gətiribdir! (Qayıdırlar.)

Sərkis: A yüzbaşı, murov soruşsa ki, heç bir adama rast gəlmədinizmi, nə deyək?

Ohan: Deyərik ki, heç qaçaqçıya rast gəlmədik!

Sərkis: Bəs deyəkmi quldura rast gəldik?

Ohan: Balam, nə işimiz var? Deyərik: dəvə gördün, qığın da görmədim.

Karapet: Xeyir, yüzbaşı, deyərik, quldura rast gəldik, çox idilər, girişə bilmədik.

Ohan: Yaxşı, onu sonra fikir edərik, hələ gəl!

Sərkis: Qoy bir bulardan soruşum ki, qaçaq malınız varmı? (Geri dönür.)

Heydər bəy: Erməni, genə geri dönürsən? Vallah sizin əcəliniz yetib, mən sizi qırmasam, siz burdan itməzsiniz! (Ermənilərin üstə hərəkət edir. Bu halda Sərkisin papağı qaçdığı yerdə başından düşür.)

Ohan: (diltəng) A gədə, Sərkis, bu yana dön, bizi qana çalxama!

Sərkis: Yüzbaşı, papağım düşübdür, qoy bir əyilim göturüm.

Ohan: (darıxmış) A gədə, qoy gəl, qoy qalsın!

Sərkis tez dönür, hamı gedirlər.

Heydər bəy: (dallarınca) Ey, atamın goru haqqı, əgər bizi gördüyünüzü bir yerdə deyərsiniz, xəbər verərsiniz, sonra evinizin içində beşikdəki uşaqlarınızadək tamam gəlləm qırram! Özünüz bilin!

Ohan: (uzaqdan) Olan nə danışırsan? Bir elli deyilik, üz-üzə gəlmiyəcəyik? Nə işimiz var
xəbər verək. Sən elə bilirsən, biz sizin üstünüzə gəlmişdik? Yalandan sizə sataşırdıq ki, bizi murov göndərib, görək siz nə deyərsiniz. Biz Hadrutluyuq. Gəlmişdik şahsevənlərdən camış almağa, sövdamız baş tutmadı, qayıdıb gedirik.

Heydər bəy: Yaxşı, di gedin! (Heydər bəy qeyzlə ayağın yerə çırpıb.) Tez, tez gedin!
Ermənilər qədəmlərin yeyin götürürlər, uzaqlaşıb gözdən itirlər. Bundan sonra.

Hacı Qara: (irəli yeriyib yoldaşlarına) A kişi, niyə erməniləri buraxdınız? Niyə qolların
bağlayıb bu qamışlara salmadınız?

Heydər bəy: Nədən ötrü, Hacı?

Hacı Qara: Ondan ötrü ki, gedib üstümüzə kazak gətirməsinlər.

Heydər bəy: Camış alanın nəyinə lazımdır gedib özünə zəhmət verə, üstümüzə kazak gətirə?

Hacı Qara: Sən bilmirsən, şəksiz bular camış alan deyillər! Onların sözünə necə inanmaq
olar? Eşitmədin, Səfər bəy deyirdi ki, bunların yüz hiyləsi olur.

Heydər bəy: Hacı, mən zamın ki, bu səfərdə bulardan sənə heç bir xəta yetişməsin.

Hacı Qara: Olan, nə danışırsan? Məgər elə bu səfərdir? Gərək belə adamların bir neçəsinə tənbih oluna ki, qaçaqçının qabağına çıxmıyalar. Hər qabağa gələni adam sağ-salamat buraxsa, dəxi bunların əlindən qaçağa gedib gəlməkmi olar? Bundan sonra hərgiz dəxi belə qazanclı səfərdən geri qalmayacağam. Çifayda, mən sənə arxayın oldum, dalda durdum, yoxsa bulara zərbi-dəstimi göstərib bu nadürüstlərdən gələcəyinə yolları təmizlərdim!

Əsgər bəy: Yaxşı, bir özgə dəfə rast gələndə zərbi-dəstini göstərərsən, indi keçdi dəxi.

Hacı Qara: Allah qoysa, siz də eşidərsiniz. Di sürün, durmağa vaxt yoxdur; gərək bu gecə Qarğabazarına yetişək. Ordan mən Bədəli sizin yanınızda qoyub gərək Kərəməlilə ötüm

Ağcabədiyə ki, sabah cümə günüdür, bazara çatam, malı satam.

Heydər bəy: Hacı, oradan o yana yalqız gedə bilərsənmi?

Hacı Qara: Oradan o yana dəxi ki, kazak yoxdur.

Heydər bəy: Kazak yoxdur, amma murov yasavuluna tuş gələrsən, onda yaxşı olmaz.

Hacı Qara: Mən özüm tarıdan istəyirəm ki, bir murov yasavuluna rast gələm, olardan bir
qisas alam!

Heydər bəy: Barakallah, Hacı, maşallah, çox qoçaq imişsən!

Hacı Qara: Bir-iki yasavul mənə rast düşsün, onların başına bir iş gətirim ki, qiyamətədək dadı damaqlarından getməsin; bundan sonra xalq olar sarıdan farağat olsunlar! Ta bu yasavulların bir neçəsinə toy tutulmasa, ölkə oların əlindən dincəlməz!

Heydər bəy: Əcəb olar, Hacı biz də hünərini eşidərik.

Başlayırlar getməyə, bir az gedib gözdən itirlər.

Pərdə salınır.

DÖRDÜNCÜ MƏCLİS

Dördüncü məclis vaqe olur Xonaşin dərəsində, aydınlıq gecədə, iki erməni, biri piyadə, biri eşşək üstə gəlirlər.

Arakel: Mkrtıç, allah qoysa bu il səksən çuval taxılımız olar.

Mkrtıç: İnşallah olar. Üç ildir taxılımızı çəyirtkə yeyirdi, amma tarı bu il o qədər veribdir ki, keçən illərin də əvəzi çıxacaq.

Arakel: Mkrtıç, nə yaxşı deyirəm ki, bizim köhnə zamandan quyularda taxıllarımız qalırmış, yoxsa bu bahalıq illərdə çox korluq çəkərdik.

Mkrtıç: Bişək, bizim kəndin taxılı olmasaydı, Dizaq mahalı acından qırılacaq idi.

Arakel: Əkinçiliyə allah bərəkət versin. Dünyada ondan yaxşı peşə yoxdur.

Mkrtıç: At tappıltısı gəlir. Dayan görək kimdir.

Dayanırlar, bu halda qabaqda Hacı Qara görünür.

Kərəməli: Evimiz yıxıldı, ağa, qabaqda iki adam görükür! Demədimmi, yoldaşlardan
ayrılma! Tamahın güc gətirdi, gəldin, di indi yaxşı Ağcabədi bazarında malını satarsan! Bu saatda yükü alacaqlar.

Hacı Qara: Gədə, nə danışırsan? Kimin həddi var mənim malımı ala?

Kərəməli: Belə bu görükənlər! Bir irəli dur, bax! Bular şəksiz murov yasavullarıdırlar. Di
çalış görək necə yükünü saxlayacaqsan.

Hacı Qara: Allah qoysa olara bir çöp də vermənəm dişlərini qurtlayalar! Sən yükün üstündə bərk otur, qorxub yıxılma, mən buları qabaqlayım, görüm sözləri nədir. Tutub qollarını bağlayıb yıxacağam dərəyə. Ta mən özümü bir neçə beləsinə göstərməsəm, yollar əmin olmaz! Allah qoysa bir iş tutum ki, dəxi heç kəs cürət edib qaçaqlı malına tamah etməsin.

Kərəməli: Mən mıx kimi yükün üstünə qaxılmışam. Dartıb salan olmasa, yıxılan deyiləm.

Hacı Qara: Yaxşı, otur irəli! (Ermənilərlə qabaqlaşıb əlində tüfəng.) Ay adam, kimsiniz?
Dinin, yoxsa vurdum!

Mkrtıç: A canım, niyə vurursan? Biz ki, sənə yamanlıq eyləmirik? Yoldan gedənik!

Hacı Qara: Yava-yava danışma! Yoldan çox adam gedir. Doğrusun de görüm, kimsiniz? Bu gecə vaxtı burada niyə görükürsünüz?

Mkrtıç: Tuğluyuq, getmişdik çöldə taxılımızı biçirdik. Biçib qurtarıb evimizə qayıdırıq.

Hacı Qara: Bu sözlər ilə məni aldada bilməzsiniz. Mən siz deyənlərdən deyiləm. Mən
bilirəm ki, siz kimsiniz! Ta mən sizin ikinizi də şil-küt etməsəm, ölkə sizin əlinizdən
dincəlməz, gəlib gedənlər sizin əlinizdən qurtarmaz!

Mkrtıç: (təəccüb ilə) Arakel, bu nə danışır?!

Arakel: Bir ağıllı-başlı soruş, gör sözü nədir, nə istəyir?

Mkrtıç: Ay qardaş, biz fağır, padşah rəiyyətiyik. Öz kasıblığımız ilə başımızı saxlayan
adamıq. Biz ömrümüzdə bir kəsə zərər yetirməmişik. Yol kəsmirik, bunt salmırıq. Biz
neylirik ki, ölkə bizim əlimizdən dincələ bilmir?

Hacı Qara: Mən sizin tamam hiylələrinizdən xəbərdaram! Əgər siz dürüst adam olsaydınız, bu gecə vaxtı bu yolda görükməzdiniz. Sizin fikriniz həmişə xalqa zərər yetirməkdir, xalqın evin yıxmaqdır. Tüfənglərinizi yerə salın, yoxsa vurdum!

Mkrtıç: A canım, tüfəngimiz harda idi ki, yerə salaq! Bir cüt oraqdan başqa bizdə bir zad yoxdur. Əgər qərəzin bizi soymaqdır, onu bildir.

Hacı Qara: Mən adam soyan deyiləm. Sizin kimi özgə malına tamah edənlərin canını
alanam!

Arakel: Mkrtıç, bu necə quldurdur? Mən heç bunun sözlərin başa düşmürəm.

Mkrtıç: Heç mən də başa düşmürəm. Dinmə görüm nə danışır. (Hacı Qaraya mütəvəcceh olub) Qardaş, biz kimin malına tamah eləmişik? Biz bir əkinçi xalqıq. Allaha şükür, padşaha xarc və tövcü veririk. Biyara gedirik. Bacardıqca xalqa da xeyrimiz dəyir. Bu qış bahalıqda tamam qonşu müsəlman obalarına taxıl borc verdik ki, aclarından qırılmasınlar. Əgər bu zamanadək Tuğlu bir adamın bir quruşunu yeyibsə, qanımız sənə halaldır!

Hacı Qara: Sizin qanınız çoxdan halaldır. Amma bu zamanadək tökən olmuyub, indi sizi əcəl çəkə-çəkə mənə düçar edibdir. Özgəyə quyu qazan özü düşər. Çox adamların evin yıxıbsınız. İndi cəzanıza yetişərsiniz! Yaraqlarınızı salın! Yoxsa, vallah, tüfəngi bu saatda ürəyinizin başına boşaldaram!

Ermənilər başlayırlar qorxmağa.

Mkrtıç: Ay qardaş, yer haqqı, göy haqqı, bizim yarağımız yoxdur! Axır bizim təqsirimiz
nədir ki, sənin bizə belə qəzəbin tutur?

Hacı Qara: Sizin təqsiriniz nə yerə sığışar, nə göyə! Qurumsaq uşağı, başınıza sənət qəhət olubdur?

Mkrtıç: A canım, dünyada bizim sənətimizdən yaxşı sənət varmı? Bizim peşəmiz olmasa,
aləm çörək tapmaz.

Hacı Qara: Bax, bax, cürətinə bax, sənətini tərif də edir! Qırışmal uşağı, xalq əzab çəksin, alın tərilə mal qazansın, siz müftə yerə sahiblik edin! Bu harda görünüb?

Mkrtıç: A qardaş, allahı sevirsən, bizi incitmə, qoy ötək, çıxaq gedək! Sənin işin zarafata bənzir.

Hacı Qara: Vallah, əgər ayaq-ayaqdan tərpədibsiniz, cəmdəklərinizi yerdə sərilmiş bilin!
Mənim sözlərimi zarafat sayırsınız? Qərəziniz budur ki, mən sizin kimi sarsaqlara allanam, yaxın gəlib öz bildiyinizi edəsiniz? Yaraqlarınızı tulluyun, deyirəm!

Mkrtıç: Arakel, nə eyliyək?

Arakel: Vallah, mən özüm də mat qalmışam.

Mkrtıç: Pərvərdigara, nə iş idi düşdük! A canım, irəli qoymursan ötək, bəs qoy geri qayıdıb, başqa yol tapıb gedək.

Hacı Qara: Heç vaxt olmaz! Ayaq tərpədə bilməzsiniz. Fikriniz odur ki, gedib murova xəbər verəsiniz, özü gəlib mənim üstümə tökülə? Allah qoysa, sizin ölüm xəbəriniz murova çatar! Bundan sonra qalan yoldaşlarınıza ibrət olar!

Mkrtıç: A canım, sən bizi kim hesab edirsən ki, bu oyunu bizim başımıza gətirirsən?

Hacı Qara: Mən sizi hesab edirəm quldura, yol kəsənə, xalqın evin yıxana, zalimə,
müftəxora, dar ağacına layiq olana!

Mkrtıç: Bəs sən özün kimsən?

Hacı Qara: Məni siz özünüz yaxşı bilirsiniz. Bilməsəydiniz bu gecə vaxtı bu dərənin
ortasında məni qabaqlardınızmı?

Mkrtıç: Vallah, biz özümuz də çox-çox peşmanıq ki, bu yol ilə gəldik, sənə düçar olduq. Biz heç səni tanımırıq və xəyalımızdan da keçməzdi ki, səni görəcəyik.

Hacı Qara: Bu sözlər bir pula dəyməz! Axırıncı sözümdür: məni mətəl eləməyin! Tez olun, yaraqlarınızı salın!

Mkrtıç: Arakel, nə çarə edək?

Arakel: Vallah, yarağımız yoxdur! Bu iki oraqdan başqa bizdə bir kəsər tapılmaz; istəyirsən tulluyaq, aha! (Oraqları qabağa tullayırlar.)

Hacı Qara: Tüfənginizi, tapançanızı, qılıncınızı tulluyun, yoxsa od ələdim!

Arakel: A kişi, sən necə adamsan? Allah haqqı, peyğəmbər haqqı tüfəng, tapança yoxdur!

Hacı Qara: İnanmanam, yalan deyirsiniz, gizliyibsiniz, tulluyun.

Mkrtıç: Çünki inanmırsan, özün bil, hər nə eləyəcəksən, elə! Allah cəzanı versin!

Hacı Qara: Belə bəs? Görün nə eylərəm! (Başlarının üstündən tüfəngi atır. Eşşək ürkür.
Arakel qorxusundan eşşəyin üstündən yumbalanır. Hacı Qara tapançanı çəkib buların üstünə yüyürür, çığırır:) Tərpənməyin!

Biçarə ermənilərin biri yıxılmış, biri ayaq üstə.

Mkrtıç: Ay allah bəndəsi, bizi nahaq yerə niyə öldürürsən?

Hacı Qara: Tərpənməyin! (Sonra üzün Kərəməliyə tutub) A gədə, Kərəməli, mən buları
əyləmişəm, tez qaç qurtar!

Kərəməli: Ay ağa, geri qaçım, ya irəli?

Hacı Qara: Gic oğlu gic, geriyə hara qaçacaqsan? Genə Araza qayıdıb gedəcəksən? İrəliyə qaç, qurtar, tez!

Kərəməli: Yəni yük ilə qaç demirsənmi?

Hacı Qara: Fu, gic balası gic! Əlbəttə, yüksüz necə gedərsən?

Kərəməli: Mən özüm də belə bilirəm. (Atı çubuqlayıb qabağa, gözdən itir. Bu halda Arakel istəyir ayağa dursun.)

Hacı Qara: (qaim sövt ilə) Ay, tərpənmə, yoxsa vurdum!

Arakel genə yerə enir. Bu əsnada murov, üstüncə bir dəstə adam yetişir.

Xəlil yüzbaşı: (murova) Ay ağa, burdadırlar, tapmışam, gəlin!

Mkrtıç: Ay başınıza dönüm, gəlin bizi bu zalımın əlindən qurtarın!

Arakel: (ayağa durmuş) Ay qurbanınız olum, yetişin, bizə bu quldurdan nicat verin!

Hacı Qara: Gözünüzə dönüm, hər kimsiniz gəlin! Bular mənim qorxumdan tərpənə bilmirlər. Buların qolun bağlıyın, eliyin, mən çıxım gedim.

Bu halda murov adamları ilə bulara tərəf çevrilir.

Murov: Haramzadalar, mənim əlimdən hara gedəcəksiniz? Sorağınızı alıb dalınızca
gəlmişəm! Xəlil yüzbaşı, qoyma!

Xəlil yüzbaşı: (irəli yeriyib ermənilərə) Ey, vallah tərpənərsiniz, hamınızı qırrıq, yarağınızı
salın!

Mkrtıç: Ay başına dönüm, biz quldur deyilik. Bizim üstümüzə tökülən bu kişidir.

Hacı Qaraya işarə edir. Xəlil yüzbaşı onun tərəfinə çevrilir.

Xəlil yüzbaşı: A kişi, tərpənmə, yarağını sal!

Hacı Qara: A qardaş, mən dinc, farağat kəsb əhliyəm. Yoldan ötdüyüm yerdə bular məni qabaqlayıb eyliyiblər, istəyirdilər soyalar, çalışıb özümü soydurmamışam.

Murov: Xəlil yüzbaşı, buyur ki, hamınız yarağınızı salın! Sonra hər kim təqsirlidir, məlum
olar!

Mkrtıç və Arakel: Ay ağa, vallah bizim yarağımız yoxdur! İstəyirsən, yaxın gəlin, baxın.

Xəlil yüzbaşı: (Hacı Qaraya) A kişi, sən yarağını sal, murov buyurur!

Hacı Qara: A başına dönüm, murov burdadır? Başım üstə, budur saldım! Mənim canım və malım murova peşkəşdir. Amma bunlar yalan deyirlər, yaraqları gizliyib. (Yaraq-əsbabın yerə salır, sonra murov öz adamları ilə yavuqlaşıb Hacı Qaraya)

Murov: A kişi, mən səni üç kecədir, axtarıram. Xəlil yüzbaşı, bağla bunun qolların! (Xəlil yüzbaşı Hacı Qaranın qolların bağlayıb.)

Hacı Qara: A başına dönüm, mənim təqsirim nədir?

Murov: Çox danışma, yoldaşlarını de, yoxsa sabah səni dar ağacından asdırram!

Hacı Qara: Ağa, məni niyə dar ağacından asdırırsan? Mən quldur deyiləm, yol kəsən
deyiləm. Quldur, yol kəsən dar ağacından asılar.

Murov: Necə quldur deyilsən? Bəs sən Əylis ermənilərini soyub ipəklərini aparanların
yoldaşı deyilsən?

Hacı Qara: Ay ağa, başına dönüm, mən bir fağır adamam, peşəm sövdagərlikdir. Adam
soymaq bacarmanam.

Murov: Bəs yaraqlı-əsbablı bu gecə vaxtı burda nə qayrırsan? Düz adam burda gəzməz. Ay uşaqlar, bunu bərk saxlayın, görüm bu adamlar kimdir. (Üzün çevirir ermənilərə) A kişi, siz kimsiniz?

Mkrtıç: A qurbanın olum, biz tuğlu fağır biçinçiyik, əkindən evimizə qayıtdığımız yerdə bu kişi bizi əyliyib, qoymuyub gedək. Sən yetişməsəydin, bunun əlində dustaq idik.

Murov: (Hacı Qaraya) A kişi, buları sən burda saxlamışdın?

Hacı Qara: Mən buları saxlamışdım? Yalan isə allah buların evin yıxsın! A başına dönüm, bular mənim yolumu kəsib məni soymaq istəyirdilər.

Mkrtıç: Ağa, yalan deyir, o bizi soymaq istəyirdi!

Hacı Qara: Bularda çox hiylə var, ağa! Bulara inanma! Deyirdilər ki, guya sizin
yasavullarınızdırlar. İndi öz sözlərini gizlirlər.

Mkrtıç: Ay ağa, vallah bu kişi yalan deyir! Bunun sözünə inanma! Biz əvvəldən axıra
özümüzə tuğlu biçinçi deyib buna yalvarmışıq ki, bizdən əl çəksin. Bunun bir yoldaşı da var idi qaçdı.

Murov: Xəlil yüzbaşı, di gəl qan ki, bunların hansı doğru deyir. Şeytan da bunların sözündən baş aça bilməz. Kim bilsin bular necə adamdırlar? Buların üçün də götürün gedin, sabah naçalnikə göstərrik, silist olunar. Hər necə buyursa, əməl edərik.

Xəlil yüzbaşı hamısını dustaq edir.

Hacı Qara: (başlayır ağlamağa) Evin yıxılsın mənim evimi yıxan! Qan qusasan məni qana
çalxayan! İmansız öləsən məni bəlaya salan! Mən harda, divan harda! Mən silistdən qaçırdım, yenə silistə düşdüm! Cibindən birəyədək başlayacaqlar soruşmağa. Di gəl boş-boş suallara cavab ver! Gözlə ki, axırı nə olacaq!

Ermənilərdən birisi: A kişi, səni görək könlün şad olub, üzün gülməsin ki, bizi nahaq yerə
müsibətə saldın. Kim bilsin indi silistdən havaxt qurtaraçağıq! Urusun silisti beş ilə
qurtarmaz. Taxılımızı kim yığacaq, xırmanımızı kim döyəcək. Ax-ax!

Xəlil: A kişi, az danışın, yeriyin!

Hamı gedirlər, gözdən itirlər.


Pərdə salınır.

BEŞİNCİ MƏCLİS

Beşinci məclis vaqe olur obada. Heydər bəy alaçığın içində oturubdur, bir gün irəli toy edib gətirdiyi gəlini ilə. Çöldə zurna-qaval çalırlar. Cahıl uşaqlar oynuyub söz oxuyurlar.

Heydər bəy: Allah, kərəminə şükür! Yuxudur, görəsən, ya zahirəndir ki, mən səninlə qabaqqabağa oturmuşam. İki il çöllərdə dərdinlə gün keçirib axır ki, arzuma yetişdim. Bu nemətin şükrünü yerinə yetirə bilmənəm.


Sona xanım: Heydər bəy, səni allaha and verirəm ki, bundan sonra dəxi gəzməyə
getməyəsən! Vallah, dəxi mənim ayrılığa tabım yoxdur. Allah eləməmiş, əgər sənin başına bir iş gələ, ya qaçaq olasan, ya tutulasan, mən dünyada sağ qala bilməyəcəyəm. Bundan sonra səni bir gün görməsəm, öləcəyəm!

Heydər bəy: Xatircəm ol! Quldurluğa, oğurluğa hərgiz getməyəcəyəm. Naçalnik də mənə dililə tapşırıbdır. Amma bir yaxşı qazanc yolu tapmışıq. İnşallah sən özün də ona mane olmazsan. Bir artıq iş deyil.

Sona xanım: De görüm, necə işdir?

Heydər bəy: Özün bilmirsən? İyirmi beş gün bundan irəli sənə demədim ki, Hacı Qaradan pul götürüb qaçaq mala gedirik? Onda razı olmurdun. İndi xeyrini gördünmü? Gedib gətirənkimi Qarbağ bazarında satıb mayasını verdik Hacı Qaranın oğluna, qazancını götürüb gəldik. Yoldaşlarım da bu səfər paylarını mənə verdilər. On günün içində xarc çəkib el adətincə toy edib səni gətirdim. Əgər sənin sözünə baxıb getməsəydim, ya gərək səni götürüb qaçaydım, ya indiyədək gərək atan evində qalaydın.

Sona xanım: Bəs deyirlər ki, axır qadağandır, gedib gələnlərə tənbih edirlər.

Heydər bəy: Əlbəttə, acizləri həmişə tuturlar. Malını alıb tənbih edirlər. Amma mənə kim
yavuq gələ bilər!

Sona xanım: Bəs sənin qabağına heç çıxan olmadı?

Heydər bəy: Niyə olmadı? Onu birdən çıxdı, qorxutdum, hamısı qaçdı, getdi.

Sona xanım: Ay aman, Heydər bəy, bu iş də xatalı işə bənzəyir! Doğrusu, mən buna da razı deyiləm! Hacı Qaraya sifariş edəcəyəm ki, dəxi sizə pul verməsin, sizi tovlaşdırıb aparmasın. Vallah bu işi də fikir edəndə ürəyim əsir!

Heydər bəy: A qız, nə var ki, ürəyin əsir? (Sona xanımın boynunu qucaqlayıb üzündən öpür.) A qurbanın olum, bəs nə işə yapışım? Bəs nə ilə səni saxlayım?

Sona xanım: (başlayır ağlamağa) Əl çək, bu işdən də əl çək! Mən atam evindən gətirdiyim cehiz ilə bir il yaxşı dolannıq. Sonra bir yaxşı iş tapmasan, özün bil!

Heydər bəy: Bəs qoy, bir-iki dəfə də gedim, yoldaşlarımın borcun verim, sonra deyərsən dəxi getmənəm.

Sona xanım: (ağlaya-ağlaya) Heç bir dəfə də qoymanam! Yarım dəfə də qoymanam! Qoy yoldaşların gözləsinlər!

Heydər bəy: Axır şərtimiz belə idi. Getməsəm, pullarını istəyirlər, gözləməzlər.

Sona xanım: Sənin işin olmasın, anama sifariş edərəm, atama deyər, onları sakit edər.

Heydər bəy: Yaxşı, amma mən heç bilmirəm ki, sən nədən ehtiyat edirsən?

Sona xanım: Mən ondan ehtiyat edirəm ki, genə sənin adın çəkilə, işə düşəsən, mən günü qara olam.

Heydər bəy: Boş-boş xəyal eləmə. Bu heç vaxt olmaz!

Sona xanım: Çifayda mən dincələ bilmirəm. Ürəyim yarpaq kimi əsir. Elə bilirəm ki, səni
əlimdən alacaqlar.

Bu halda Hacı Qaranın arvadı Tükəz içəri girir.

Tükəz: A başına dönüm, mənim ərimi neylədiniz, mənim ərimin başına nə iş gəldi? Siz
hamınız gəlibsiniz. Onun nə özü var, nə nökəri var!

Heydər bəy: Ay arvad, hələ bu vaxtadək gəlib çıxmayıbdır?

Tükəz: Xeyir. Axır bu nə iş idi eylədiniz? Kişiciyi tovluyub aparıb avara saldınız! Yoxsa
ölümə verdiniz?

Heydər bəy: Ay arvad, qorxma, görəsən kəndlərin hansında əylənibdir, gələr çıxar, fikir
eləmə!

Tükəz: Kəndlərdə əylənməz. İndiyədək başı əlində olsaydı, gələrdi. Mən ərimi sizdən
istəyirəm! Gərək mənim ərimi necə ki, aparıbsınız, elə də mənə tapşırasınız! Heydər bəy: Bizə məhsil vaqe oldun? Ərin uşaq deyildi, nabaliğ deyildi, biz onu tovluyub aparaydıq. Biz ona bir təklif elədik, öz xeyrini yoxladı, qoşuldu bizə getdi hər yerdə muğayat olub, qorxulu yerlərdən ötürüb yola saldıq. Dəxi biz nə eləyək ki, gəlib çıxmayıbdır. Çıx get, başımı ağrıtma!

Tükəz: Gedirəm murova, naçalnikə şikayət etməyə. Mənim ərimi siz itiribsiniz!

Bu halda qışqırıq qopur, murov və naçalnik adamları ilə alaçığı çevirirlər.
Murov: Naçalnikin buyuruğudur ki, heç kəs yerindən tərpənməsin.


Heydər bəy: (qabağa çıxıb) Murov, naçalnikin qərəzi nədir, buyursun görüm! Burada təqsirli yoxdur ki, ondan qaça.

Murov: Təqsirli var, ya yoxdur, ancaq naçalnik Heydər bəyi görmək istəyir.

Heydər bəy: Heydər bəy mənəm, hər nə qulluğunuz var, buyurun!

Naçalnik: (irəli yeriyir) Heydər bəy, sən mənim nəsihətimi eşitməyib genə yaman işə
qoşuldun? İndi gərək mənim ilə qalaya gedəsən!

Sona xanım başlayır titrəməyə, ağlamağa.

Heydər bəy: Naçalnik, sən mənə buyurmuşdun ki, oğurluğa, quldurluğa getmə. Əgər mən sənin sözündən çıxmışam, mənim yerim Sibirdir.

Naçalnik: Bəli, çıxıbsan! On gün bundan irəli Arazdan bir az yuxarı Əylis ermənilərini soyub ipəklərini alıbsınız. İş aşkar olubdur. Yaxşısı odur ki, tənbihin yüngül olmaq üçün boynuna götür, yoldaşlarını nişan ver.

Heydər bəy: Naçalnik, buyurursan ki, bu iş aşkar olubdur. Amma mən bir adamı
soymamışam. Əgər bir kəs məmim üzümə durub bu sözü desə, mən qanımı sənə halal
eylədim.

Naçalnik: Yaxşı, Xəlil yüzbaşı, o erməniləri bura çağır!

Xəlil yüzbaşı Ohan yüzbaşını öz dəstəsi ilə irəli gətirir.

Naçalnik: Ohan yüzbaşı, bu idimi sizə rast gələn?

Heydər bəy: Naçalnik, hər belə mujik sözünə etibar edib məni bədbəxt etməyin!

Ohan: Başına dönüm, mən hərgiz mujik deyiləm. Mən iyirmi ildir vilayət böyüklərinə qulluq edirəm. İyirmi rizaməndlik kağızım var. Keçən il mənə gümüş medal yazmışdılar! Alın, bu kağızları bir oxuyun, görün! (Kağızları göstərir.)

Naçalnik: Hələ mənə sənin qulluqlarını bilməyə vaxt yoxdur. Gördüyün işi söylə!

Ohan: Başına dönüm, mənim bəylik üçün şəhadətnaməm dəxi var! Alın, oxuyun! Şəhadətnaməsini cibindən çıxarıb uzadır naçalnikə.Naçalnik: Olan, sözünü de, nəcabətini isbat eləmək qoy sonraya qalsın!

Heydər bəy: Naçalnik, bu şəhadətnamələrin yüzü bir pula dəyməz. Zatında şübhə olanlar öz həsəbləri üçün şəhadətnamə qayırarlar.

Ohan: Bu sözü naçalnik hüzurunda deməyib bir başqa yerdə mənə desəydin, bu tüfəng ilə sənə cavab verərdim! (Əlin uzadır tüfənginə, sonra naçalnikə mütəvəcceh olub) Başına dönüm, mən bu axırıncı nüfus dəftərində bəy yazılmışam. İndi bu mənim bəyliyimi istəyir batırsın. Haqq elə, mən bədbəxt olmuyum.

Naçalnik: Bu saatda buyuraram sənə əlli çubuq vurarlar. Bəyliyi lap unudarsan, əgər sualıma cavab verməsən! Səndən mən soruşuram ki, bu idimi sizə rast gələn?

Ohan: Bəli, başına dönüm, bu idi bizim üstümüzə yoldaşları ilə tüfəng və qılınc çəkən! İyirmi yaraqlı-əsbablı atlı idilər. Biz ancaq on adam idik. Əgər bizdən çox olmasaydılar, sizin dövlətinizdən, buları tutardıq. Elə ki, bizdən ötüblər, gedib Əylis ermənilərini soyublar.

Heydər bəy: Naçalnik, tamam danışdığı sözlər böhtandır!

Naçalnik: Tatar tayfası tamam yalançı olar. Sən də o cümlədənsən, sözünüzə etibar eyləmək müşgüldür. Birisi də yaraqlı-əsbablı, iki tuğlu ermənini əyliyib soyurmuş. İndi aşkara yalan deyir ki, guya ermənilər onu soymaq istirlərmiş.

Heydər bəy: Mən bilmirəm ki, o kişi kimdir. Mən Qarabağın tamam yaxşı-yaman adamların tanıram. Onu görsəm billəm ki, onun sözü doğrudur, ya yalandır. Sənin başına and olsun ki, həqiqətini ərz eylərəm!

Naçalnik: Xəlil yüzbaşı, o tutulan kişini bura gətirin! (Xəlil yüzbaşı gedib Hacı Qaranı
hüzura gətirir.)

Naçalnik: De görüm, bu kimdir, necə adamdır?

Heydər bəy: Naçalnik, mən bunu tanıyıram. Sənin başına and olsun ki, bu adam soyan deyil, ermənilər xilaf ərz ediblər.

Naçalnik: Xəlil yüzbaşı, erməniləri gətir.

Xəlil yüzbaşı tuğluları gətirir.

Naçalnik: Heydər bəy, odur ki, sənin sözünə etibar etmirəm! Axır özün bir fikir elə: bu
ermənilər adam soyandırmı? Amma bu kişi deyir ki, guya bunlar onu soymaq istəyirlərmiş!

Heydər bəy: Belə deyil, bu kişi də yalan danışır.

Naçalnik: (acıqlanmış) Bəs necə olmaq gərək? Məlum ki, hamınız yalan danışırsınız!
Hamınız tənbihə layiqsiniz! Mən gərək səni aparam!

Heydər bəy: İxtiyar sənindir.

Sona xanım başlayır titrəməyə.

Naçalnik: (Hacı Qaraya) A kişi, sən axır nə səbəbə bu erməniləri əyləmişdin?

Hacı Qara: Başına dönüm, mən öz kəsb-karım ilə dolanan adamam, heç vaxt yol kəsmək mənim işim deyil. Həmişə alış-veriş eylərəm. Padşaha çox qulluqlar etmişəm.

Naçalnik: Padşaha sən nə qulluq etmisən, a kişi?

Hacı Qara: Başına dönüm, on beş ildir padşah gömrüyünə ildə əlli tümən xeyir verirəm.

Naçalnik: Bəli, çox böyük qulluqlar edibsənmiş! Əlhəq böyük mərhəmətə nail imişsən!

Hacı Qara: Bəli, başına dönüm, bu qulluqlarıma görə gərək mənə qızıl medal veriləydi,
nəinki...

Naçalnik: Bəli, sənin kimi qulluq edənlər çoxdur. Verdiyiniz pulları da gərək verib qızıl
medal qayıtdıraq, genə özünüzə dağıdaq. Cəfəngiyyat danışma! De görüm, erməniləri niyə əyləmişdin?!

Hacı Qara: Başına dönüm, onlar məni əyləmişdilər.

Mkrtıç: Qurbanın olaq, yalan deyir, bu bizi soymaq istəyirdi!

Bu halda Cavanşir murovun yasavulu yetişib.

Yasavul: (naçalnikə) Ağa, murovunuz əylisliləri soyan quldurları tutub, tamam ipəkləri alıb, özlərini dustaq edib. Məni qulluğunuza göndərdi ki, bu xüsusda ərz edim. Dalınca əhvalatı yazı ilə bildirəcək.

Murov: Yəqin ki, genə tatardırlar.

Yasavul: Bəli.

Naçalnik: Yoxsa xəyal edirdin ki, ingilis ya firəngdirlər?

Ohan: Başına dönüm, quldur həmişə tatardan olar. Bizlərdən heç vaxt quldur olmaz!

Naçalnik: Kəs səsin, bu sizin doğruluğunuzdan deyil. Ondan ötru ki, cürət edə bilmirsiniz və bacarmırsınız!

Yasavul: Ağa, murov bir qaçaqçı da yük ilə tutub göndəribdir.

Hacı Qaranın rəngi qaçır.

Naçalnik: Hardadır? Hüzura gətir!

Yasavul gedir

Heydər bəy: Naçalnik, indi sizə məlum oldu ki, mən quldur deyiləm?

Ohan: Ağa, o tutulan quldurlar bişək bunun yoldaşlarıdırlar.

Naçalnik: Həqiqət olunar.

Bu halda yasavul Kərəməlini hüzura gətirir. Hacı Qara onu görən kimi «vay» edib özündən gedir.

Naçalnik: (təəccüblə) Bu necə işdir? Bu kişi niyə özündən getdi? Bunu ayıldın görək!

Murov su tökür, Heydər bəy, Xəlil yüzbaşı qolun boğur, Hacı Qara gözün açır.

Naçalnik: A kişi, sənə nə gəldi özündən getdin?

Hacı Qaranın dili tutulur.

Naçalnik: A gədə, doğrusunu de, səni buraxaram. Bu kişi səni görəndə niyə özündən getdi?

Kərəməli: Bilmirəm, başına dönüm.

Naçalnik: Sən kim ilə, haçan qaçaq mala getmişdin?

Kərəməli: Mən heç kim ilə və heç vaxt qaçaq mala getməmişdim.

Naçalnik: Nə danışırsan? Səni yükün üstündə tutublar, necə dana bilərsən?

Kərəməli: Mənim o yükdən heç xəbərim yoxdur.

Naçalnik: Bəs o mal kimindir?

Kərəməli: Bilmirəm.

Naçalnik: Bəs sən at üstündə deyildin?

Kərəməli: Bəli.

Naçalnik: Bəs yükü atın üstünə kim qoyubdur?

Kərəməli: Şeytan qoyubdur, mənim ondan xəbərim yoxdur.

Naçalnik: Əzizim, biz şeytanı səndən yaxşı tanıyırıq. Ondan çox iş baş verər. Amma o qaçaq mal alış-verişi eləməz. Doğrusunu de, yoxsa dərini soyaram.

Heydər bəy: Naçalnik, bir ərzim var.

Naçalnik: De görüm.

Heydər bəy: Qulluğunuzda çox-çox müqəssirəm, amma təqsirimi boynuma götürürəm. Bu kişini mən iki yoldaşım ilə qaçaq malı gətirməyə aparmışdım. Bu tutulan onun nökəridir. Çün bu çox xəsis olduğu üçün malı tutulduğundan ötrü özündən getdi. Erməniləri də malının qorxusundan yolda əyləmiş imiş.

Naçalnik: (Heydər bəyə) Mətləb məlum oldu. Bəs yoldaşların kim idi?

Heydər bəy: Əsgər bəy, Səfər bəy.

Naçalnik: (murova) Onları çağır, gətir!

Murov: Bu saatda! (Murov bir yasavul göndərir.)

Naçalnik: (Heydər bəyə) Bəs niyə utanmadın, dedin ki, Ohan yalan danışır?

Heydər bəy: Ohan həqiqətdə yalan danışdı. Ondan ötrü ki, hamı bir yerdə altı adam idik, qaçaq mal gətirirdik. Dörd yükümüz var idi. Bunlara rast gəlib qorxudub qovduq, çıxıb getdik. Sənin başın üçün. Əylis ermənilərinin soyulmağından bizim xəbərimiz yoxdur! (Bu halda yasavul Əsgər bəyi, Səfər bəyi gətirir.)

Naçalnik: Heydər bəy, yoldaşların bulardımı?

Heydər bəy: Bəli, bulardır!

Naçalnik: Heydər bəy, əgərçi quldurluq cəhətindən sənin təqsirin yoxdur, amma çün
başbortsuz sərhəddən o taya keçib, qaçaq mal keçirib, murov göndərən qarovulların üstünə qılınc və tüfəng çəkibsiniz, zakona görə gərək mən bu saat sizi dustaq edib qalaya aparam.

Heydər bəy: İxtiyar sənindir, naçalnik!

Sona xanım: (yeriyib naçalnikin ətəyindən tutur) Qurbanın olum, məni öldür, onu aparma!

Məni bisahib qoyma!

Naçalnik: Heydər bəy, bu kimdir?

Heydər bəy: Naçalnik, bu mənim arvadımdır. Dünən toy edib gətirmişəm. Bu bədbəxtliyimə bais budur!

Naçalnik: Necə məgər?

Heydər bəy: Naçalnik, biz bir-birimizi nəhayətdə sevirdik. İki il idi qovuşmaq həsrətini
çəkirdik. Pul tapmırdım toy edim. Axır ki, qaçaq mal gətirib satdıq, qazancı ilə toy elədim, bunu gətirdim. Kaş öləydim, bu günü görməyəydim.

Sona xanım: Başına dönüm, padşahın başına çevir! Qul xatasız olmaz, ağa kərəmsiz. Yaz bu işi yuxarı bildir, bəlkə mənim göz yaşıma rəhm eləyələr. Mən dilimdən kağız verirəm ki, bundan sonra Heydər bəyi heç bir yaman işə qoymuyam.

Heydər bəy: Naçalnik, mən hazıram ki, bu təqsirimi öz qanım ilə Dağıstanda padşahın
düşmənlərinin qabağında yuyam.

Naçalnik: (murova) Vallah yazığım gəlir bu biçarələri bir-birindən ayırmağa. Görəsən mən bu işi yuxarı bildirənədək bunları zaminə vermək olarmı?

Murov: Olar.

Əsgər bəy: Naçalnik, biz də düşmən qabağında qılınc çalmağa hazırıq!

Naçalnik: (murova) Bunları zaminə ver, ta yuxarıdan cavab gəlincə.

Murov: Baş üstə!

Bu halda Hacı Qaranın arvadı Tükəz içəri girib, naçalnikin ayağına düşüb

Tükəz: Başına dönüm, mənim ərimi mənə ver!

Naçalnik: (Hacı Qaraya) Kişi, dəxi qaçaq mala getməzsən ki?

Hacı Qara: Tövbə olsun, naçalnik! Tövbə, tövbə! Gecə-gündüz sənə dua edəcəyəm ki, məni bu əməldən qaytardın!

Naçalnik: (murova) Bunu da zaminə ver.

Hacı Qara: Başına dönüm, bəs malım necə olsun?

Naçalnik: O barədə səbr elə.

Hacı Qara: Qurbanın olum, malım yetişməsə ölləm!

Naçalnik: Özün bil. Xəlil yüzbaşı, Hacı Qaranın nökərin və tuğluları da burax getsinlər.
(Bəylərə) Sizin nəcabətinizə hərgiz layiq deyil ki, yaman əməllərlə özünüzü bədnam edib
ümənayi-dövlətin nəzərində xar və zəlil olasınız. Necə ki, oğurluq, elə də qaçaq mala getmək dövlət tərəfindən qadağandır. Padşahın əmrindən çıxan—allahın əmrindən çıxan kimidir. Allahın əmrindən çıxana o dünyada qəzəb yetişər; padşahın əmrindən çıxana bu dünyada; allahın əmrin bitirənə behişt var, padşahın əmrini bitirənə mərhəmət və şəfəqqət. Ümənayidövlətin rəhmi çoxdur; olur ki, sizin bu təqsirinizi bağışlanlar. Amma bundan sonra gərəkdir niyyəti-xalis ilə dövlətə sədaqətəndiş olub, hər bir xüsusda yaman xəyalları başınızdan çıxardasınız!

Bəylər: Can-baş ilə nəshətini qəbul edirik, naçalnik!

Naçalnik: (Sona xanımın əlindən tutur) Bax, sənin gözəlliyinə və göz yaşına Heydər bəyi
səndən ayırmadım. Ondan yaxşı muğayat ol, genə bir pis iş tutmasın! Ta yuxarıdan cavab gəlincə.

Sona xanım: Mənim başım üstə, naçalnik! Arxayın ol! Özümü öldürrəm ki, onu yaman işə qoymanam.

Naçalnik: Çox-çox razıyam! Sənin zamınlığın hər kəsin zamınlığından etibarlıdır. Xudahafiz!

(İstiyir getsin.)

Hacı Qara: Başına dönüm, naçalnik, murovun yasavulları məni tutanda cibimdən yarım abbasımı çıxardıblar, buyur versinlər!

Naçalnik: (murova) Buyur, bu saatda bunun pulunu versinlər! Yasavulların gərək belə
əməlləri tərk ola!

Hacı Qara: Allah sənin ömür və dövlətini artıq eləsin, ağa! Nə qədər bədənimdə canım var, sənin bu şəfəqqətini unutmayacağam!

Naçalnik uzaqlaşır, dalısınca da adamlar.

Pərdə salınır.

TAMAM OLDU

Mənbə: AZERİ.org
XS
SM
MD
LG