Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:59

Mirzə Ələkbər Sabir. Amma, millət a!...















Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!....
Az zamanda nə sərəncam etdi?! Amma, millət a!....
Öz gücün hər qövmə ifham etdi?! Amma, millət a!....
Varlığın mərdanə elam etdi?! Amma, millət a!....
Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!..

Basdı, keçdi əhli-İran qatladı hər milləti,
Bildi qədrin, aldı haqqın, qovzadı milliyyəti,
Aldığı məşrutəni parlatdı parlaq qeyrəti,
Əhsənüllah, himməti-tam etdi?! Amma, millət a!....
Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!....

İş başında əyləşən kəslər xəyanətdən səva,
Vay, yanıldım, qoy deyim, hə, lap sədaqətdən səva
Etməz oldu bir nəfər olsun da xidmətdən səva,
Var-yoxun həp bəzli-islam etdi! Amma, millət a!....
Moldayı, gördün nə iqdam etdi! Amma, millət a!....

Əql heyrandır ki, saysin bir-bir əhrarın işin,
Qanmaq olmur, anlamaq olmur Sipəhdarın işin,
Yefremin, ya Bağırın, yainki Səttarın işin,
Mərhəbalar! Vəh, nə əncam etdi! Amma, millət a!....
Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!....

Eyləsin Səttarü Bağır başqa bir iyma, neçin?
Ya hökumət eyləsin əhrarlə dəva, neçin?
Qanmıram, əlqissə, sərdari-Bahadir ya neçin
Bağırı təslim Səmsam etdi?! Amma, millət a!....
Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!....

Get, daha ol arxayın, yat, eyləmə sərsəm, kişi!
Parladı, meydana çıxdı millət, etmə qəm, kişi!
Qoy bizi təqdir edib də söyləsin aləm, kişi,
İktisabi-izzəti-nam etdi! Amma, millət a!....
Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!....
XS
SM
MD
LG