Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:56

Mirzə Ələkbər Sabir. "Həyat" qəzetinin bağlanmasına görə















Elm ayineyi-surəti-hal idi, nədən bəs,
Əcsamdə ərvahə misal idi, nədən bəs,
Elm ilə vətən nikməal idi, nədən bəs,
Təhsili-ədəb, kəsbi-kəmal idi, nədən bəs,
Millət ümənası bu gözəl rütbəyi dandı?
Əfsus, "Həyat" isə məmat oldu, qapandı!

Elm idi əgər bəxş edən insanə şərafət--
Millət nə səbəbdən ona göstərmədi rəğbət?
İslam ülumunda gər olsaydı ləyaqət
Rusi oxumuşlar bə neçin etdilə nifrət?
Bu nifrəti hər gündə görüb axır utandı,
Əfsus, "Həyat" isə məmat oldu, qapandı!

Mey nəşəsini zövq bilər, cam nə bilsin?
Ruh anladığı ləzzəti əcram nə bilsin?
Ustadın işin, işlədiyin xam nə bilsin?
Elmin, hünərin qiymətin islam nə bilsin?
Getsin qabağa qonşular, islam dayandı,
Əfsus, "Həyat" isə məmat oldu, qapandı!

Qoy qonşular alsın hələ min dürlü fəvaid,
Qoy qonşular etsin hələ təzyidi cəraid,
Sən söylə, qəzetdən nə olur bizlərə aid?
Ancaq ikini bir elə, qoyma ola zaid,
İslamda bilmək, oxumaq çünki ziyandı;
Əfsus, "Həyat" isə məmat oldu, qapandı!

Əğyarlar indi sənə faiqmi, deyil ya?
İslamını məhv etməyə şaiqmi, deyil ya?
İbzali-himəm millətə layiqmi, deyil ya?
Ancaq əməlin qəti-əlaiqmi, deyil ya?
Çün qəti-əlaiq odu hər guşədə yandı,
Əfsus, "Həyat" isə məmat oldu, qapandı!

Gopnan əməl aşmaz, işə qeyrət gərək olsun,
Millət düyünün açmağa himmət gərək olsun,
Min elm deməkdənsə həmiyyət gərək olsun,
Sözdən nə bitər, işdə həqiqət gərək olsun!
Haqsızlığı hər gündə görüb axır usandı,
Əfsus, "Həyat" isə məmat oldu, qapandı!

Ağrıtma əbəs başını, meyl etmə ülumə,
Yox vəq qoyan elmə, kəmalata, rüsumə,
Hər kəs cibini güdmədədir baxsan ümumə,
Xərc etsə edər dolma-badımcana, lühumə.
Hop-hop, yeməyə, içməyə bu qövm yarandı!
Əfsus, "Həyat" isə məmat oldu, qapandı.
XS
SM
MD
LG