Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:55

Mirzə Ələkbər Sabir. Tərpənmə, amandır, bala, qəflətdən ayılma!















Tərpənmə, amandır, bala, qəflətdən ayılma!

Açma gözünü, xabi-cəhalətdən ayılma!

Laylay, bala, laylay!

Yat, qal dala, laylay!



Aldanma ayıqlıqda fəraqət ola, heyhat!

Qəflətdə keçənlər kimi ləzzət ola, heyhat!

Bidar olanın başı səlamət ola, heyhat!

At başını yat, bəstəri-rahətdən ayılma!

Laylay, bala, laylay!

Yat, qal dala, laylay!



Açsan gözünü rəncü məşəqqət görəcəksən,

Millətdə qəm, ümmətdə küdurət görəcəksən,

Qıldıqca nəzər millətə heyrət görəcəksən,

Çək başına yorğanını, nikbətdən ayılma!

Laylay, bala, laylay!

Yat, qal dala, laylay!



Bir ləhzə ayıldınsa, qutar canını, yuxla,

At tiryakını, çək, baba, qalyanını, yuxla,

İncinsə sağın, ver yerə sol yanını, yuxla,

İllərcə şüar etdiyin adətdən ayılma!

Laylay, bala, laylay!

Yat, qal dala, laylay!



Goz nurudur uyqu, onu dur etmə gözündən,

Yol vermə məbada çıxa bir ləhzə sözündən,

Amma elə bərk yuxla ki, hətta get özündən,

Afaqı dutan şurü qiyamətdən ayılma!

Laylay, bala, laylay!

Yat, qal dala, laylay!
XS
SM
MD
LG