Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:57

Metyu Brayza sülh danışıqlarının əsas prinsiplərini açıqlayıb


«Biz birmənalı olaraq hər iki tərəfi razı salan bir anlaşmaya nail olmaq istəyirik»
«Biz birmənalı olaraq hər iki tərəfi razı salan bir anlaşmaya nail olmaq istəyirik»

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini, Amerikanın ATƏT-in Minsk qrupundakı həmsədri Metyu Brayza «Amerikanın səsi» teleradiosuna müsahibə verib. Müsahibədə Azərbaycan rəsmilərinin ABŞ-a səfərinin təxirə salınması, Ermənistan-Azərbaycan münaqişəsi və danışıqlar prosesi ilə bağlı bir sıra məqamlara aydınlıq gətirilir. Müsahibəni ixtisarla təqdim edirik.


-Dövlət Departamentinin sənədində dəyişikliyin edilməsindən sonra vəziyyəti daha da aydınlaşdırmaq üçün münaqişə ilə bağlı ABŞ-ın mövqeyini bir daha səsləndirə bilərsinizmi?


-Bizim siyasətimiz heç bir dəyişikliyə uğramayıb. İlk növbədə biz Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyimizi bir daha vurğulayırıq. Bu məsələ heç vaxt sual altında olmayıb. Biz Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olduğunu heç bir zaman inkar etməmişik və Ermənistanda insan haqlarının vəziyyətinə dair hesabatın dilində dəyişiklik edilməsi heç bir halda bu cür anlaşılmamalıdır. Mən bu nəticəni çıxarmağa əsas verən hər hansı anlaşılmazlığa görə təəssüf edirəm. Bizim siyasətimiz dəyişməz qalır. Siyasətimiz budur ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Lakin Dağlıq Qarabağın statusu Azərbaycan və Ermənistanın iştirakı ilə sülh danışıqları yolu ilə müəyyənləşdirilməlidir və bu da faktdır ki, biz əsas prinsiplər üzrə danışıqlarda nəticəyə çox yaxınıq.


-Danışıqların gedişi barədə məlumat verə bilərsinizmi?


-Danışıqlar prosesi Minsk qrupunun həmsədrlərinin ötən il təklif etdiyi əsas prinsiplərin bazasında razılaşmaya çox yaxınlaşıb. Həmin prinsiplər formal razılaşmanın əsasını təşkil edəcək. Ümid edirik, növbəti bir neçə ayda prezidentlər bu əsas prinsiplərlə razılaşsalar, bunun ardınca son sülh müqaviləsi üzrə daha dərin danışıqların getdiyi intensiv mərhələ başlayacaq. Bir sözlə baza prinsipləri bu müqavilənin əsas məqamını təşkil edir.


-Əsas prinsiplər dedikdə konkret nə nəzərdə tutulur?


-Bu əsas prinsiplər Dağlıq Qarabağ ətrafındakı beş rayonun erməni silahlı qüvvələrinin dərhal çıxarılması şərtilə yaxın gələcəkdə Azərbaycana qaytarılmasını, orada sülhməramlı qüvvələrin yerləşməsini və qaçqınların geri qaytarılmasını nəzərdə tutur. Kəlbəcər və Laçının hansı şərtlər çərçivəsində qaytarılması ilə bağlı danışıqlar hələ davam edir. Amma bu məsələdə də razılaşmaya çox yaxınıq. Prinsiplərə Dağlıq Qarabağı Ermənistanla birləşdirən, ticarət və sivil məqsədlərlə istifadə olunacaq koridorun təmin edilməsi də daxildir. Sonra isə danışıqların davam etməsi və hansısa mərhələdə ümumi səsvermənin keçirilməsi ilə Dağlıq Qarabağın statusu müəyyənləşdiriləcəkdir. Azərbaycan tərəfi referendum sözünün işlədilməsinin əleyhinədir, çünki bu ölkə konstitusiyası ilə ziddiyyət təşkil edir. Odur ki, biz nə vaxtsa səsvermənin keçirilməsi üçün müzakirə aparırıq.


-Azad olunan ərazilərdə yerləşdiriləcək sülhməramlı kontingentin tərkibi də mübahisə mövzusudur. Çünki keçmişdə məhz bu məsələnin problem olduğu ortaya çıxmışdı?


-Bəli bu əvvəllər belə olub. Bu çox önəmli məsələdir və hələ ki, biz onun üzərindən sükutla keçirik. Çünki indi geriyə dönüb baza prinsiplər üzərində müzakirə aparırıq. Ümid edirik ki, tezliklə əsas prinsiplər üzrə razılaşma əldə edib, bu məsələyə - sülhməramlı qüvvələrin tərkibi məsələsinə geri dönə biləcəyik. Bu asan məsələ deyil. Sülhməramlı qüvvələri təmin edə biləcək beynəlxalq təşkilatlar var. Biz düşünürük ki, sülhməramlı kontingentin tərkibi olduqca əhəmiyyətli məsələdir. Keçmişdə belə bir mövqe var idi ki, bu, qonşu ölkələrdən biri olmamalıdır. Ola bilsin indi də bu, ən müdrik yol olardı. Mən hər halda çox qabağa getmək istəməzdim. Biz ilk növbədə əsas prinsiplər üzərində razılaşmalıyıq.


-Sizcə səfərin təxirə salınması üçün müzakirə olunacaq təhlükəsizlik əməkdaşlığının xarakteri və xüsusilə də, məsələyə Rusiya və İranın münasibəti baxımından hər hansı bir başqa səbəb ola bilərmi?


-Düşünmürəm. Araz Əzimov da, nazir Elmar Məmmədyarov da çox səmimidirlər və onlar XİN-in bəyanatında səbəbi açıq bildiriblər. Səbəb insan hüquqları hesabatında edilən dəyişiklik və bizim bunu hansısa təzyiq altında etdiyimiz barədə yanlış təsəvvürdür. Bizə hər hansı kənar qrup tərəfindən təzyiq vardımı? Əlbəttə onlar çox narazı idilər. Amma baş verən bu deyil. Biz hesabatda dəyişikliyi öz siyasətimizi daha aydın ifadə etmək üçün etmişik. Ümid edirik ki, Azərbaycandakı dostlarımız, bizə bu məsələdə irəli addım atmağa yardımçı olacaqlar. Gəlin bu məsələni geridə qoyaq, bizim Azərbaycanın dostu olduğumuzu anlayın. Şəxsən bir insan olaraq mən özümü Azərbaycanın dostu sayıram. Mənim orada çoxlu yaxın dostlarım var və mən XİN-in bəyanatında bizim və şəxsən mənim vicdanlı vasitəçi kimi mövqeyimin sual altına qoyulmasından təəccüblənmiş və incimişəm. Mənim Azərbaycanla bağlı yalnız xoş arzularım var və mən bu dostluğu kölgə altına qoyacaq hər hansı bir şey etmək istəməzdim. Odur ki, xahiş edirəm, Azərbaycan xalqı, bizim vicdanlı vasitəçi olmağımıza inansın. Mən vicdanlı vasitəçiyəm və Azərbaycanın təhlükəsizliyini, müstəqilliyini və ərazi bütövlüyünü çox vacib hesab edirəm.


-Təhlükəsizlik danışıqlarında müzakirə ediləcək hər hansı məsələ narahatlıq mövzusu ola bilərdimi? Ümumiyyətlə, keçirilməli olan danışıqların məğzi barədə məlumat verə bilərsinizmi?


-İlk öncə deyim ki, mənim Gürcüstanda dediyim sözlər təhrif olunmuşdu. Mən ABŞ-ın hər hansı bir hərbi əməliyyat üçün Azərbaycandakı hərbi bazadan istifadə etmək niyyətində olduğunu deməmişəm. Mən sadəcə bizə Azərbaycan ərazisinin üzərindən uçmağa icazə verilməsinə görə təşəkkürümüzü ifadə etmişdim. Əgər bizim təyyarələr hər hansı problemlə üzləşsələr onların Azərbaycan və ya Gürcüstanda təhlükəsiz yerə enməsini istəyirik. Biz hava məkanının istifadəsi və ola bilsin ki, fövqəladə durumlarda təyyarələrin enmə imkanlarını müzakirə edə bilərdik. Biz Azərbaycanın özünün təhlükəsizliyi və xüsusilə də dənizdən olan təhlükələrlə bağlı narahatlığını eşitməyə hazırıq. Biz Dövlət katibi Kondoliza Raysın bir neçə ay öncə prezident İlham Əliyevə göndərdiyi çox önəmli məktubunda Azərbaycana təhlükəsizlik təminatının verilməsi ilə bağlı təklifi haqqında yenidən müzakirə apara bilərdik. Bu cür təminatı biz yalnız ən yaxın dostlarımıza veririk. Və biz Azərbaycanın nə vaxtsa təhlükəsizliyinə hədə olarsa bu ölkəyə vermək istədiyimiz təminatları müzakirə edəcəkdik.


-Yenidən dəyişikliyə qayıdaq. İndiki versiyaya görə, Ermənistan Dağlıq Qarabağı işğal etməyib. Bəs Azərbaycan hansı hərbi qüvvələrlə müharibədə Dağlıq Qarabağ üzərində nəzarəti itirib?


-Mən o zaman tələbə idim və bunda iştirak etməmişəm. Düşünmürəm ki, indi müharibədə nə baş verdiyini müzakirə etməyin mənası var. Dəhşətli müharibə olub. Erməni qüvvələri Qarabağın böyük hissəsinə nəzarət edir və Dağlıq Qarabağdan şərqə olan rayonları işğal edib. Amma qeyd etmək istəyirəm ki, biz Dağlıq Qarabağı digər ərazilərdən əlahiddə bir ərazi kimi nəzərdən keçirmirik. Biz birmənalı olaraq, var gücümüzlə hər iki tərəfi razı salan bir anlaşmaya nail olmaq istəyirik. Çətin vəziyyətdən çıxış yolu budur.


-Hər halda bu torpaqları kim işğal edib?


-Bilirsiniz, bu işğal sözü çox çətinlik törədir, həm siyasi, həm də hüquqi baxımdan məsuliyyəti ehtiva edir. Lakin diplomatiya tərəfləri digərinin mövqeyini özününkü kimi qəbul etməyə inandırmaqdır. Əgər tərəflərdən biri bir sözü tamamilə rədd edirsə, biz heç zaman nəticə əldə edə bilmərik. Hər iki tərəfin razılaşdığı söz və ifadələri, o cümlədən fəlsəfi yanaşmanı tapmaq olduqca vacibdir.


-Çətinlik törədən artıq baş vermiş hadisələr barədə gələcəkdə baş verə biləcək hadisələr baxımından fikir yürütmək məcburiyyətidir. Yəqin ki, bu cür addımları izah etmək çox çətindir?


-Siz haqlısınız. Xüsusilə də mənim kimi, uzaqdan gələn birisi, faciənin içində olmayan birisi üçün keçmişdə olanları unudun demək xüsusilə çətindir. Kiprdə də belədir. İnsanlar itirdikləri evləri, insanları unuda bilmirlər. Mən bunu hiss edirəm, bu faciədir. Amma mənim işim prosesi irəli aparmaqdır. Mən diqqətimi buna yönəltməliyəm. Heç kim keçmişdə baş verənləri xatırladığına görə, günahkar və ya səhv sayıla bilməz. Bu tamamilə insanlara xas xüsusiyyətdir, və biz bunu anlayırıq. Ancaq mən də insanam və vəzifəm prosesi irəli aparmaqdır.


XS
SM
MD
LG