Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:43

Ermənilər Antalyada dincəlməyə daha çox üstünlük verirlər


«Sevan sahilində istirahət xoşuma gəlir, amma onların xidməti məni qane etmir»
«Sevan sahilində istirahət xoşuma gəlir, amma onların xidməti məni qane etmir»

Son illər Ermənistana gələn turistlərin sayı artıb. İl ərzində onların artımı 25 faiz təşkil edir. Proqnozlaşdırılır ki, indiki tempi qorumaqla 2010-cu ildə ölkəyə gələn xarici turistlərin sayı 500 mini ötə bilər. Beynəlxalq Turizm Təşkilatının məlumatına görə, hər turist Ermənistanda 5 və ya 7 gün keçirməklə orta hesabla 800-1000 dollar xərcləyir. Bura nəqliyyat xərcləri, aviabilet daxil deyil.


Beynəlxalq turizmlə yanaşı ölkədə daxili turizm də inkişaf etməkdədir. Bu da turizm infrastrukturun yaxşılaşdırılması nəticəsində mümkün olub. 1997-ci ildə daxili turistlərin sayı 53 min nəfər idisə, 2005-ci ildə 205 mini ötüb.


Elə yerli erməni turistlər də beynəlxalq turistlərdən geri qalmırlar. Onlar Ermənistanın özündə olduğu kimi xaricdə dincəlmək üçün az pul xərcləmirlər. Ölkədə 150 turist agentliyi var. Janna Qriqoryan belə agentliklərdən birində işləyir, o deyir ki, ermənilərin 40 faizi Ermənistanda dincəlməyə üstünlük verir, yerdə qalan 60 faiz isə beynəlxalq kurortlara üstünlük verirlər. Səbəbinə gəlincə: «Ermənistanda yay istirahəti başqa ölkələrlə müqayisədə bahadır»- deyirlər.


Yerli əhalinin dincəlməsi üçün günəş, çimərlik, qida və içkilərin olması lazımdır və üstəlik bütün bunlar ucuz olmalıdır.


«Yemək və içkilər ucuz olsun, ya da tamam pulsuz-yerli turistə bu lazımdır».


27 yaşlı Diana əmindir ki, yaxşı yay istirahəti bir il ərzində fəal və şad-xürrəm işləməyə bəs edir. Buna görə də istirahətinə az pul xərcləmir. «Yay istirahətini dənizsiz təsəvvür edə bilmirəm»-deyir Diana. Hər il Ermənistanda olduğu kimi başqa ölkələrdə də dincəlir. Bu il bir həftə İtaliyada dincəlib və buna təxminən 3 min avro xərcləyib: «Biz istirahətə gedəndə təxminən 5 min avro götürürük. Qayıdanda ondan 200-300-ü qalır».


14 günlük normal istirahət üçün erməni turist orta hesabla 2500 dollar xərcləyir. Janna Qriqoryanın məlumatlarına görə, bu il erməni turistlər Antalya, Xorvatiya, Kipr və Bolqarıstanda dincəlməyə üstünlük verirlər.


«Əsasən Şengen zonasına daxil olmayan ölkələrə üstünlük verirlər ki, viza problemi ilə üzləşməsinlər».


«7 gün» turist agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arşak Balayan deyir ki, ötən illərlə müqayisədə bu il Avropa ölkələrinə getmək istəyənlərin sayı artıb. Xüsusən də Yunanıstana, İspaniyaya və Fransaya getmək istəyirlər. Amma erməni turistlərin əksəriyyəti son illər Kobuletti və Antalyada dincəlirlər. Turist şirkəti artıq Kobuletti ilə bağlı xeyli sifariş alıb, xüsusən də iyul və avqust ayları üçün.


«Mövsüm yenicə başlayır, amma indidən xeyli sifariş var. Birinci yerdə Qara Dəniz sahilindəki Gürcüstan kurortlarına, ikinci yerdə nə qədər qəribə səslənsə də, Türkiyə, üçüncü də Rusiya kurortlarına sifarişlər gəlir».


Ermənistanın özündə sevimli yay kurortları Sevan gölü, müalicəvi əhəmiyyətli Cermuxdur, daha sonrakı yerlərdə Dilican, Çaxkadzor, Ankavan və Aqveran gəlir.


«Ermənistanda istirahət edənlərə lazım olan budur-sakitlik, gözəl təbiət, rahatlıq və yaxşı yemək».


Turizm agentliklərinin məlumatlarına görə, ötən il də, bu il də maraqlı hal qeydə alınıb. Qara Dəniz sahilində dincəlmək Cermux və ya Sevan gölü ətrafında dincəlməkdən ucuzdur. Buna görə də əksər ermənilər Qara Dəniz sahillərindəki kurorta gedirlər.


«Beləliklə də, ermənilər pullarını Ermənistanda xərcləmirlər, gürcü biznesmenlərə verirlər».


Diana avqustda ailəsi ilə birgə Soçiyə gedəcək. Buna qədər isə mütləq Sevana baş çəkəcək. Doğma sahildə dincəlmək üçün xərclədiyi pula heyfi gəlmir, amma aşağı keyfiyyətli erməni xidmətindən narazıdır.


«Mən Ermənistanda dincəlmək üçün də xeyli pul xərcləyirəm. Sevana gedəcəyəm, təxminən bir ay orda olacağam, minimum 1500 dollar xərcləməyi planlaşdırıram. Sevan sahilində istirahət xoşuma gəlir, amma onların xidməti məni qane etmir».


Ermənistanda turizm Ermənistan iqtisadiyyatının əsas sahələrindədir və rəsmi səviyyədə prioritet sahə elan olunub. Onun prioritet sahə olması Ermənistanın turizm və turizm fəaliyyəti haqqında qanunda da əksini tapıb.


XS
SM
MD
LG