Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:58

Əliyev qardaşlarının azadlığa buraxılması üçün qətnamə hazırlanıb


Konqresmenlər sabiq nazir və qardaşının dərhal azadlığa buraxılmasını tələb edirlər
Konqresmenlər sabiq nazir və qardaşının dərhal azadlığa buraxılmasını tələb edirlər

Amerika Konqresinin Nümayəndələr Palatasının üç üzvü Hastinqs, Akerman və Mak Koter Azərbaycanın keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin və onun qardaşı «Azpetrol» şirkətinin keçmiş prezidenti Rafiq Əliyevin dərhal azadlığa buraxılmasına çağıran qətnamə layihəsi hazırlayıblar.


Konqresmenlər layihəni Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinə təqdim ediblər. Qətnamə layihəsində Fərhad Əliyev Azərbaycanda bazar iqtisadiyyatının tam bərqərar olunması uğrunda mübarizə aparan islahatçı nazir kimi təqdim edilir. Nümayəndələr Palatasının üzvləri bildirirlər ki, o, dövlət çevrilişinə cəhd ittihamı ilə tutulsa da, sonradan ona qarşı mənimsəmə və başqa ittihamlar irəli sürülüb. Qətnamə layihəsində deyilir ki, Fərhad Əliyev də, iqtisadi ittihamlarla üzləşən qardaşı da bu ittihamları rədd edirlər və ittihamların saxta, siyasi motivli olduğunu bildirirlər. Bundan başqa «qardaşlara və vəkillərinə məhkəmə materialları ilə tanışlıq üçün şərait yaradılmayıb, onların ailələri hədələrə məruz qalırlar».


Nümayəndələr Palatasının üzvləri bildirirlər ki, Amerika hökuməti gərək bütün mümkün vasitələrdən istifadə edib nail olsun ki, Əliyev qardaşları hazırda gedən məhkəmə prosesindəcə azadlığa buraxılsın, onların işinin ədalətli araşdırılmasına şərait yaradılsın.


Rafiq Əliyevin vəkili Fuad Ağayev deyir ki, bəlkə də qətnamə layihəsinin Azərbaycan məhkəməsinin qərarına birbaşa təsiri olmayacaq, amma Əliyev qardaşlarının işiylə bağlı indi Avropa İnsan Haqları Məhkəməsi də kommunikasiya prosesinə başlayıb və ola bilər ki, kompleks şəkildə bu addımlar Əliyev qardaşlarının işinin «ədalətli şəkildə başa çatdırılmasına» təsir edəcək.


YAP-dan olan millət vəkili Aydın Mirzəzadə isə deyir ki, qətnamə layihəsi sadəcə o deməkdi ki, «Əliyev qardaşlarının Amerika Konqresində 3 tərəfdarı var». Millət vəkili deyir ki, Azərbaycanda kimsə Əliyev qardaşlarının azadlığa buraxılmasına çağıra bildiyi kimi, Amerikada da kimsə şəxsi fikrini deyə bilər: «Məhkəmə isə öz fəaliyyətini davam etdirəcək. Bunlar bir-birinə mane olmur».


Qətnamə layihəsi Amerika parlamentində qanunvericilik prosesinin ilkin mərhələsidir, əgər sözügedən layihə xarici əlaqələr komitəsindən keçərsə, Nümayəndələr Palatasının müzakirəsinə çıxarılacaq.


XS
SM
MD
LG