Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:37

Azərbaycan fəallarının həbsi, ailələrinə qarşı təhdidlər davam edir


Xanım Qulamini avqustun 21-dən bəri məhkəməsiz həbs altında saxlayırlar
Xanım Qulamini avqustun 21-dən bəri məhkəməsiz həbs altında saxlayırlar

Qadın hüquqları müdafiəçisi və Azərbaycan fəallı Şahnaz Qulaminin hazırda ETTELAAT-ın nəzarəti altında olduğu bildirilir.


«Azərbaycan Məhbuslarını Müdafiə Komitəsi»nin (ASMƏK) sentyabrın 7-də yaydığı məlumatda bildirilir ki, xanım Qulamini avqustun 21-dən bəri məhkəməsiz həbs altında saxlayırlar. Lakin, onun vəziyyəti və hansı təcridxanada saxlanıldığı hələ də aydın deyil.


ETTELAAT əməkdaşları avqustun 20-də xanım Qulaminin Təbrizdəki evini nəzarətə götürsələr də, onun həbs xəbəri təsdiqlənmirdi.


Məlumata əsasən, Şahnaz Qulami İranda qadınlara bərabər hüquq tələbi ilə yeni internet saytı açdıqdan sonra təqiblərə məruz qalıb. Onun azyaşlı bir qızı da var.


Bu arada, Şərqi Azərbaycan vilayətinin Qaradağ mahalının mərkəzi sayılan Əhər şəhərində 25 azərbaycanlı fəala hökm oxunub. Fəallar 2006-cı ilin may aksiyalarında iştirakda, asayişi pozmaqda, dövlət əmlakına ziyan vurmaqda təqsirli biliniblər.


Müxtəlif mənbələrin təsdiq etdiyi məlumata əsasən, Əhər şəhərinin Cəza Məhkəməsi fəallardan birini iki il yarım, qalan 24-ünü isə altı ay həbsə məhkum edib. Bundan əlavə, onların hər biri ayrı-ayrılıqda 50-dən 70-ə qədər şallaq cəzası alıb.


Eyni zamanda, ETTELAAT-ın 15 aydır axtardığı Əhər fəallarından Cavad Həsənpurun Təbrizdə ələ keçirildiyi bildirilir.


«Azərbaycan Məhbuslarını Müdafiə Assosiasiyası»nın verdiyi məlumata görə, qaçaq düşən fəal dörd aylıq körpəsinin ölüm xəbərini eşitdikdən sonra Təbrizdəki evinə qayıdıb. ETTELAAT əməkdaşları sentyabrın 4-də həmin evə hücum edərək, fəalı nəzarət altına alıblar. Cənab Həsənpurun kompyuter, CD, kitab və əlyazmaları da müsadirə edilib. Onun hazırda harada saxlandığı bəlli deyil.


Başqa xəbərə görə, ETTELAAT-ın Ərdəbil şöbəsi şəhər zindanında saxlanan tanınmış fəal Abbas Lisaninin həyat yoldaşı Ruqiyyə Lisanini (Əlizadə) həbslə hədələyib.


«Savalan Səsi» xəbər saytının verdiyi məlumata əsasən, sentyabrın 4-də ETTELAAT əməkdaşları onun atasının iş yerinə gəlib, bildiriblər ki, Ruqiyyənin həbs hökmü hazırdır. O, bir daha mətbuat və xarici informasiya vasitələrinə Abbas Lisaninin vəziyyəti haqda məlumat versə, onu da həbs edəcəklər.


İran azərbaycanlılarının milli və mədəni haqları uğrunda mübarizə aparan Abbas Lisani 1997-ci ildən başlayaraq dəfələrlə nəzarət altına alınıb, həbs və şallaq cəzasına məhkum edilib. O, 2006-cı ilin oktyabrından həbsdədir və hazırda Ərdəbilin mərkəzi həbsxanasının 7-ci bölməsində saxlanılır.


Abbas Lisani qeyri-qanuni həbs və mühakimə edilməsinə etiraz olaraq dəfələrlə aclıq aksiyası keçirib.


«Amnesty International» təşkilatı Abbas Lisanini «vicdan məhbusu» hesab edir.


XS
SM
MD
LG