Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 01:54

Jurnalistikanın payız perspektivləri


Ədəbi jurnallar, qəzetlər köşklərdə yığılıb qalır, onları alan yoxdur
Ədəbi jurnallar, qəzetlər köşklərdə yığılıb qalır, onları alan yoxdur

Dünən Milli Məclisin payız sessiyası başladı. Parlamentin sessiyaları ölkə jurnalistləri üçün təkcə informasiya mənbəyi deyil, onlar bu sessiyalardan həm də öz peşələri ilə bağlı yeni qanunların qəbul edilməsini gözləyirlər. İndi Azərbaycan jurnalistikası böhranlı günlərini yaşayır. Bir çox məlumatlara görə payız sessiyasında «Diffamasiya haqqında» qanunun müzakirə və qəbul edilməsi gözlənilirdi.


Xatırladaq ki, «Diffamasiya haqqında» qanunun qəbul edilməsi təkcə yerli jurnalistlərin arzusu deyil, bu, həm də Avropa Şurasının tələblərindən biridir. Bu qanunun qəbul edilməsi jurnalistikanın taleyinə həlledici dərəcədə təsir edən amillərdəndir. Jurnalistlərə qarşı ittihamların cinayət müstəvisindən mülki müstəviyə keçirilməsi jurnalistikanın qarşılaşdığı problemləri bir xeyli azalda bilərdi. Amma təəssüf ki, qanunun qəbulu yubanır.


Milli Məclisin payız sessiyasının gündəliyi isə hələ indi müzakirə edilir. Ona görə də «Diffamasiya haqqında» qanunun müzakirə ediləcəyi haqqında hələ ki heç nə məlum deyil. Deputatlar belə təkliflə çıxış ediblər. Ola bilsin, Milli Məclis bunu müzakirə edəcək, amma bununla bağlı dövlət rəsmiləri hələ zəruri açıqlamalar verməyiblər.


Ümumiyyətlə, bu ilin sonu media ilə bağlı bir neçə aspektdən maraq kəsb edir. Birincisi, il ərzində həbsdə olan jurnalistlərin azad olunacağı gözlənir. Bununla bağlı bir neçə dəfə müraciət olunub və həbsdə olan jurnalistlərin demək olar ki, əksəriyyəti əfv üçün müraciət ediblər.


Digər bir məsələ mətbuata dövlət yardımı ilə bağlıdır. Dövlət rəsmilərinin bildirdiyinə görə artıq belə bir proqram üzərində iş gedir. Proqram Mətbuat Şurasının təklifi ilə irəli sürülüb. Proqramda mətbuata dövlət yardımı, reklam bazarının şəffaflaşdırılması və digər məsələlər öz əksini tapmalıdır.


Bəs küləkli payız günləri Azərbaycan jurnalistikasına yeni nəfəs gətirəcəkmi? Bax, bu suala birmənalı cavab vermək olmur. Sözsüz ki, jurnalistika ilə bağlı xoş xəbərlər də var. Bu günlərdə məlum oldu ki, «Monitor» jurnalının baş redaktoru mərhum Elmar Hüseynovun adına beynəlxalq mükafat təsis olunacaq. Bu xəbər sözsüz ki, ölkənin mətbuat əhlini sevindirmək və həvəsləndirmək iqtidarındadır.


Amma problemlər qalır. Ən birinci problem odur ki, jurnalistika getdikcə perspektivsiz bir peşəyə çevrilir, onunla ancaq idealistlər məşğul olurlar.


İdealistlərin sayı isə getdikcə azalır. Həyat yeni meyarlar diktə edir, sosial problemlər öz iradəsini qəbul etdirir. Jurnalistlər də hamı kimi gündəlik problemlərin reallığını qəbul etmək məcburiyyətindədirlər. Maliyyə kasadlığı, peşə riski bir çox insanları sevdikləri işdən uzaqlaşdırır. Gənc jurnalistlər peşəkar jurnalistikaya gəlmirlər, onlar tədris ilə məşğul olmağa, başqa sahələrdə çalışmağa üstünlük verirlər. Bu tendensiya ölkə qəzetlərinin çeşidində də hiss olunur. Yeni qəzetlər yaranır, amma onlar uzunömürlü olmurlar. Şəhərdə, metroda çox az sayda adamın əlində qəzet görmək olar. Daha əvvəlki illərdə olduğu kimi insanlar səhər tezdən qəzet köşklərinin önündə toplaşmırlar.


Bəzi mütəxəssislər bunu insanların siyasətə marağının azalması kimi yozur. Amma maraqlıdır ki, digər nəşrlərə də maraq yoxdur. Məsələn, ədəbi nəşrləri götürsək, eyni mənzərənin şahidi olarıq. Ədəbi jurnallar, qəzetlər köşklərdə yığılıb qalır, onları alan yoxdur. Eyni sözləri iqtisadi nəşrlər haqqında da demək mümkündür.


Ümid etmək olar ki, yeni dövlət proqramının qəbul edilməsi mətbuatın vəziyyətini az da olsa yaxşılaşdıracaq. Amma reklam bazarının artırılması və şəffaflaşdırılması da asan məsələ deyil. Bu, bilavasitə ölkədəki siyasətin və iqtisadiyyatın şəffaflaşmasından və liberallaşmasından asılıdır.


Əgər reklam bazarından söhbət gedirsə, etiraf etmək lazımdır ki, iş adamları öz biznesini reklam etməkdə maraqlı deyil. Bunun səbəbləri çoxdur. Ən əsas səbəblərdən biri də mütəxəssislərin fikrincə iqtisadiyyatdakı inhisarçılıqdır. Onların fikrincə, iş adamları rəqabətsiz mühitdə fəaliyyət göstərdiklərindən reklama can atmırlar, çünki reklam rəqabət olan mühitdə önəm kəsb edir. Digər hallarda isə o, əlavə məsrəfdir. Və təbii ki, iş adamları əlavə məsrəf sərf etmək istəmirlər.


XS
SM
MD
LG