Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:30

Klinton debatlarda Obamaya birbaşa hücumlar etməyə başlayıb


Barak Obama hesab edir ki, Hillari Klinton köhnə isteblişmentin tərkib hissəsidir
Barak Obama hesab edir ki, Hillari Klinton köhnə isteblişmentin tərkib hissəsidir

Ayova ştatında praymeriz seçkiləri başa çatandan dərhal sonra həm respublikaçı, həm də demokrat namizədlər Nyu Hempşir ştatında keçiriləcək analoji seçkilər üçün kəskin kampaniyaya başlayıblar. Həm Ayova, həm də Nyu Hempşir kiçik ştatlar olsa da, bu ştatlarda praymeriz seçkiləri erkən keçirildiyindən hər hansı bir namizədin bu ştatlardakı uğuru onlara rəqibləri üzərində mühüm psixoloji üstünlük verir.


Ayova ştatındakı seçkilərdə demokratlardan Barak Obama 38 % səs toplayaraq ən yaxın rəqibi Con Edvardzdan 8 %-lik fərqlə qalib çıxaraq Nyu Hemşirdə yanvarın 8-də keçiriləcək seçkilərə mühüm üstünlüklə gedir. Demokratlar arasındakı seçkilərdə 29 %-lə üçüncü yeri tutmuş Hillari Klinton isə Ayovadakı seçkilərdən ağır zərbə alaraq çıxıb.


Nyu Hempşirdə məğlub olacağı təqdirdə Hillari Klinton üçün seçki kampaniyasını davam etdirmək kifayət qədər çətin olacaq. Bu səbəbdən senator Hillari Klinton seçkiqabağı debatlarda Barak Obamaya birbaşa hücumlar etməyə başlayıb. Seçicilərlə görüşündə Barak Obamanın natiqlik məharətinə rişxənd edən senator deyib: «Amerikaya yaxşı danışan yox, yaxşı iş görən lider lazımdır». Barak Obama bu hücumlara fikir verməyərək öz əsas mesajını təkrarlamaqda davam edib. Mesaj ondan ibarətdir ki, Amerika dəyişiklik istəyir. Obama dəyişiklik mesajını çatdırarkən bir şeyi xüsusi vurğulayır: Hillari Klinton da köhnə isteblişmentin tərkib hissəsidir və o, Amerikalılara onların istədiyini-dəyişikliyi verə bilməz.


Aparılan son sorğulara görə Nyu Hempşirdə demokrat seçicilərin 38 %-i Barak Obamanı dəstəkləyir. Hillari Klinton 26%-lə ikinci yerdə və Con Edvardz 20%-lə üçüncü yerdə gedir. Obamadan 12 % geri qalan Klinton bu fərqi aradan qaldırmaq üçün kifayət qədər vaxta malik deyil və onun aqressiv kampaniya aparan komandası möcüzəyə ümid edir.


Respublikaçıların arasında vəziyyət fərqlidir. 34 %-lə Ayova ştatındakı praymerizdən qalib çıxmış Mayk Hakkabi Nyu Hempşirdə 11 %-lik reytinqə malikdir. Buna səbəb odur ki, keçmiş din xadimi Mayk Hakkabi Ayovada seçkiləri udmaq üçün xristian evangelistlərə yönəlik mesajlarla çıxış etmişdi, lakin Nyu Hempşirdə evangelistlərin sayı çox azdır. Digər sosial qruplarla işləmək isə vaxt tələb edir ki, bu da çox məhduddur. Hakkabinin Ayovada Mit Romnini məğlub etməsi digər respublikaçı namizəd Con Makkeynin şanslarını artırıb. Belə ki, Ayovadakı seçkilərə qədər Nyu Hempşirdəki sorğularda Mit Romni və Con Makkeyn hərəyə 29 % səslə birinci-ikinci yerləri bölüşdürürdulərsə, artıq indi Makkeyn 33% səslə irəli çıxıb, Mit Romni isə 2 % də itirərək 27 % səslə ikinci yerdə gedir.


Son debatlarda Makkeynə hücum etməyə çalışan Mit Romni Makkeynin liberal immiqrasiya siyasətinin tərəfdarı olduğunu iddia edərək onu anti-immiqrasiya tərəfdarı olan respublikaçıların nəzərində aşağılamağa cəhd edib. Makkeyn öz növbəsində Mit Romninin həm immiqrasiya, həm də digər məsələlərdə dəfələrlə mövqeyini dəyişməsini vurğulayaraq onu arxalanması mümkün olmayan siyasətçi kimi xarakterizə edib.


Yanvarın 8-də Nyu Hemşirdə keçiriləcək praymeriz bu mübahisələrdən kimin üstün çıxdığına qismən cavab verəcək. Niyə qismən, çünki digər ştatlarda seçki kampaniyası tam gücü ilə davam edəcək.


XS
SM
MD
LG