Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:17

Demokratlar və Respublikaçılar daxilində ziddiyyətlər genişlənir


Demokratlar Klinton və Obamanı neqativ kampaniyanı dayandırmağa çağırıblar
Demokratlar Klinton və Obamanı neqativ kampaniyanı dayandırmağa çağırıblar

ABŞ-da seçki kampaniyası davam etdikcə prezidentliyə namizədlər arasında rəqabət güclənir. Eyni zamanda həm demokrat, həm də respublikaçılar daxilindəki ziddiyyətlər də genişlənir.


Bu həftə sonu Nevada ştatında ilkin seçkilər keçiriləcək. Az sonra isə yanvarın 26-da Cənubi Karolinada, yanvarın 29-da isə Florida ştatında ilkin seçkilər olacaq. Bu seçkilərdə həlledici səs çoxluğunu qazanmaq hər bir namizəd üçün ona görə mühümdür ki, bu qələbə seçicilərin gözündə qalib namizədin lider imicini yarada bilər və fevralın 5-də ABŞ-ın 22 ştatında eyni gündə keçiriləcək ilkin seçkilərə bu amilin həlledici təsiri ola bilər.


Demokrat düşərgəsində Con Edvardz özünə möhkəm üçüncü yeri qazanıb və əsas rəqabət Hillari Klinton və Barak Obama arasında gedir. Seçki kampaniyasının hansısa bir mərhələsində Con Edvards öz namizədliyini geri götürüb adı çəkilən iki namizəddən birini dəstəkləsə, bu demokratların seçiminə həlledici təsir göstərə bilər. Bu səbəbdən həm Hillari Klinton, həm də Barak Obama Con Edvardza olan hücumlara ara veriblər. Ümumiyyətlə Klinton və Obamanın bir-birinin əleyhinə apardıqları neqativ kampaniya demokratik düşərgəyə o qədər mənfi təsir göstərib ki, bütün demokratlar düşərgəsi hər iki namizədə təpki göstərərək onları bu hücumlara ara verməyə çağırıblar. Nəticədə, məsələn Nevada praymerizi üçün demokrat namizədlərin LasVeqas debatı gözlənilməz dərəcədə mülayim keçib.


Aparıcı media şirkətlərinin keçirdiyi sorğulara görə Nevadada bir neçə faizlik üstünlüklə irəlidə Barak Obama gedir. Cənubi Karolinada da sorğular Barak Obamaya üstünlük verir, lakin iri ştat olan Floridada Hillari Klinton seçicilərin 40 faizindən çoxunun rəğbətini qazanmışdır ki, bu da Obamanın Nevada və Cənubi Karolinadakı mümkün qələbələrini neytrallaşdıra bilər.


Respublikaçılar arasında Miçiqan ştatında keçirilən seçkilər yeni siyasi durum yaratmışdır. İlkin seçkilərin nəticələri elan olunmazdan əvvəl demək olar ki, bütün siyasi müşahidəçilər eyni fikirdə idilər: Mit Romni bu seçkiləri uduzsa, o, seçki meydanını tərk etməli olacaq və respublikaçılar düşərgəsində əsas rəqabət Con Makkeyn, Mayk Hakkabi və Rudolf Culiani arasında gedəcək. Mit Romninin Miçiqandakı praymerizi udması məlum olandan sonra rəqabətin yenə də dörd əsas respublikaçı namizəd arasında gedəcəyi reallığı ortaya çıxdı. Qarşıdan gələn Nevada və Cənubi Karolina praymerizində azacıq üstünlüklə liderlik Con Makkeyndədir. Florida da isə vəziyyət fərqlidir. Belə ki, seçki kampaniyasının əvvəlindən stavkanı Floridadakı seçkiləri udmağa qoymuş Rudolf Culiani bilərəkdən bütün əvvəlki ştatlarda keçirilən seçkilərə ciddi əhəmiyyət verməyib və təbii ki, onları böyük fərqlə uduzub. Floridada Culiani digər respublikaçı namizədlərə ilk döyüşünü verəcək və əgər uduzsa, bu onun son siyasi döyüşü də ola bilər. Hələlik, Floridada keçirilən sorğulara görə liderlik Con Makkeyndədir, Culiani isə bir neçə faizlik fərqlə ikinci yerdə gedir.


XS
SM
MD
LG