Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:38

Nəsibov haqda həbs qərarı çıxarmış hakimin səlahiyyəti uzadılmadı


Nəsibov barədə həbs və 1 illik şərti cəzanı Ülvi İsmayılov vermişdi
Nəsibov barədə həbs və 1 illik şərti cəzanı Ülvi İsmayılov vermişdi

Yanvarın 18-də Məhkəmə-Hüquq Şurasının qərarı ilə iki hakim tutduqları vəzifəyə yenidən təklif edilməyiblər. Onlardan biri Naxçıvan Şəhər Məhkəməsinin (NŞM) hakimi Ülvi İsmayılov, digəri isə hərbi məhkəmənin hakimi Tariyel Həsənovdur. Onların işində olan nöqsan və çatışmazlıqlar nəzərə alınaraq, fəaliyyətləri qeyri-məqbul hesab edilib və hakim vəzifələrinə təyin edilmələri üçün yenidən təklif edilməyiblər.


Ülvi İsmayılov son zamanlar NMR Şəhər Məhkəməsinin sədrini də əvəzləyirdi. Hakimliyə təyin olunmamışdan öncə o, 2 nömrəli notariat kontorunun rəhbəri vəzifəsində işləyib. İsmayılov 10 ildi ki, hakim idi, 2 dəfə hakimliyi təsdiqlənmişdi. «Azadlıq» radiosunun müxbiri İlqar Nəsibov barədə həbs və 1 illik şərti cəzanı da məhz Ülvi İsmayılov vermişdi.


Bundan əlavə yeni təyinat da olub. Naxçıvan Şəhər Məhkəməsini sədri vəzifəsinə Hüseyn Məmmədov təyin edilib. O, bundan qabaq MR Ali Məhkəməsində hakim işləyib.


«Azadlıq» radiosunun müxbiri İlqar Nəsibov ötən il dekabrın 6-da Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə 3 aylığa həbs olunub. Naxçıvan Şəhər Polis İdarəsinin rəisi Səbuhi Novruzov iddia edirdi ki, jurnalist prezidentin elektron ünvanına göndərdiyi şikayətdə ona böhtan atıb. Elə həmin gün də onun evində axtarış aparılıb, kompyuterləri müsadirə olunub. Sonradan Polis İdarəsinin rəisi iddiasını geri götürdüyündən müxbir azadlığa buraxılsa da, müsadirə edilmiş kompyuterindən çıxmış bir yazıya görə, ona bir il şərti cəza verilib. «Azad Avropa və Azadlıq» radiolarının prezidenti Cefri Qedmin, ABŞ Dövlət Departamenti və bir sıra beynəlxalq təşkilatlar məhkəmənin qərarını qeyri-qanuni adlandırmışdılar.


Bu il yanvarın 18-də Naxçıvan Ali Məhkəməsi Nəsibovun qərardan verdiyi apellyasiya şikayətini təmin etməyib. İlqar Nəsibov onun haqqında çıxarılan bir illik şərti cəzanın ləğvini və həbs olunarkən evində aparılan axtarış zamanı ona dəymiş maddi-mənəvi ziyana görə, kompensasiya verilməsini tələb edirdi.


XS
SM
MD
LG