Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 20:52

Mürəkkəb ölkənin bəsit seçkiləri


Rusiya demokratiya baxımından heç vaxt nümunə və örnək olmayıb
Rusiya demokratiya baxımından heç vaxt nümunə və örnək olmayıb

Rusiyadakı prezident seçkisinə qısa bir müddət qalır. Böyük şimal qonşusu siyasəti ilə həmişə diqqəti cəlb etsə də, bunu seçki haqqında demək olmur. Düzdür, Rusiyada da seçkilərin çətin proqnozlaşdırılan və məchul vaxtları olmuşdu. Amma indiki seçkilər daha çox bəsitliyi ilə yadda qalır. Hər şey müqayisəyə gəlməz səviyyədə bəsit forma alıb. Bu günlərdə baş tutan MDB sammitində maraqlı və təəccüblü hadisə baş verdi. Vladimir Putin Dmitri Medvedevi MDB dövlətlərinin başçılarına öz varisi və faktiki olaraq gələcək prezident kimi təqdim etdi.



Bu varis məsələsi artıq dünya demokratiyası üçün baş ağrısına çevrilib. Hamı özünə varis axtarır. Dünya sanki demokratik seçkidən yorulub. Bunun səbəbini siyasətin qəlizliyində axtaranlar da var. Prezidentlər o qədər qəliz siyasət yürüdürlər ki, prezidentlik müddətləri bitdikdən sonra rahat yaşamaq üçün indidən özlərinə varis axtarır, prezident kreslosunda «öz adamları»nı əyləşdirməyə çalışırlar. Qoca prezidentlərdən usanan dünya cavan prezidentlərin yaratdığı yeni fəsadları yaşamağa məcburdur.


V.Putin də birinci dəfə hakimiyyətə özünəməxsus tərzdə gəlmişdi. Elə Rusiyanın birinci prezidenti Boris Yeltsin də hakimiyyəti orijinal formada təhvil vermişdi. Hakimiyyət təhvil alınarkən verilən ilk qərarlardan biri bu idi ki, birinci prezident məsuliyyətə cəlb edilə bilməz.


V.Putin də birinci dəfə hakimiyyətə özünəməxsus tərzdə gəlmişdi. Elə Rusiyanın birinci prezidenti Boris Yeltsin də hakimiyyəti orijinal formada təhvil vermişdi
V.Putinin də öz problemləri var. Siyasi karyerasını bitirmək üçün o, hələ çox cavandır. Üstəlik, Rusiya da ziddiyyətli dövlətdir. Elə bu səbəbdən Putin həm gələcək siyasi karyerasını təmin etmək, həm də özünü sığortalamaq üçün yollar axtarmaq məcburiyyətindədir. Bu yol isə öz siyasi karyerasını D.Medvedevlə bağlamaqdadır. Belə çıxır ki, V.Putinin siyasi taleyi Rusiyanın da siyasi taleyi deməkdir.

Son vaxtlar iki keçmiş sovet respublikasında prezident seçkisi keçirilib. Söhbət Gürcüstan və Ermənistandakı seçkilərdən gedir. Qətiyyətlə demək olar ki, bu seçkilərin hər ikisi Rusiyadakı prezident seçkisindən maraqlı və mürəkkəb idi. Üstəlik, Rusiya təkcə özü üçün seçim etmir. O, həm də öz müttəfiqi Ermənistanın əvəzinə seçim edir. Seçkilərin nəticəsi elan edildikdən dərhal sonra Putin yeni Ermənistan prezidentini öz ölkəsinə səfərə dəvət etdi. Hərçənd Ermənistanda seçkilərlə bağlı narazılıq bu günə qədər davam edir.


Rusiya demokratiya baxımından heç vaxt nümunə və örnək olmayıb. Elə bu səbəbdən bu ölkədəki demokratiyanın detallarına varmağa bir o qədər də ehtiyac yoxdur.


Ona görə də Rusiyanın indiki seçiminin ancaq geosiyasi təzahürləri daha çox diqqəti cəlb edir. Əsas odur ki, Rusiya öz geosiyasi planlarında ifrata varmasın, məsələn, Kosovoya «universal presedent» deyib öz qonşularını çətin vəziyyətdə qoymasın. Güman ki, bu, olmayacaq. Rusiyadakı indiki hakim siyasi qüvvə reallıq hissini hələ itirməyib. Böyük ehtimalla əvvəlki ölçülüb–biçilmiş siyasət davam edəcək. Seçki ərəfəsində MDB-nin sammitinin keçirilməsi və orada Medvedevin varis kimi təqdim olunması da az əhəmiyyət kəsb edən məsələ deyil. Rusiya bu sammitlə onun üçün nəyin əhəmiyyət kəsb etdiyini diqqətə gətirdi.


Demokratiyaya gəldikdə isə etiraf etmək lazımdır ki, bu fenomen böhranlı çağlar yaşayır. Hətta ATƏT-in missiyaları yerlərdəki vəziyyəti tam və düzgün şəkildə əks etdirməyə çalışmırlar. Təsadüfi deyil ki, Gürcüstandakı seçki ilə bağlı ATƏT-in hesabatı müəyyən narazılıqla qarşılandı. Eyni hadisə Ermənistandakı seçki ilə bağlı baş verdi. Getdikcə passiv müşahidə missiyası daha çox üstünlük təşkil edir. Heç kim prinsipiallıq nümayiş etdirməyə, məsələnin mahiyyətinə varmağa cəhd göstərmir. Belə olan təqdirdə Rusiyanı qeyri–demokratik seçkilərə görə kim qınayacaq? Belə dövlət və ya beynəlxalq institutut tapılacaqmı? Çətin suallardır. Bəlkə bu, təsadüfi deyil. Elə zamanın özü də çətin zamandır.


XS
SM
MD
LG