Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 20:54

NATO-nun Buxarest sammiti nə vəd edir?


Aprelin əvvəllərində Buxarestdə NATO-nun növbəti sammiti keçiriləcək
Aprelin əvvəllərində Buxarestdə NATO-nun növbəti sammiti keçiriləcək

Aprelin əvvəllərində Buxarestdə keçiriləcək NATO-nun növbəti sammiti indi maraq doğuran əsas hadisələrdən biridir. Bəlkə də Cənubi Qafqaz dövlətləri üçün yaxın perspektivdə bundan artıq maraq kəsb edəcək ikinci bir məsələ yoxdur. Düzdür, bu ölkələr hazırda siyasi hadisələr baxımından heç də kasadlıq çəkmirlər. Amma bu respublikaları yeni səviyyəyə qaldıracaq və onları bir az da irəli aparacaq proseslər baş vermir.


NATO yeni üzvlərin qəbuluna hazırdırmı? Gürcüstana və Ukraynaya nə cavab veriləcək? Rəsmi Bakı alyansa münasibətdə hansı mövqe tutacaq? Bu suallara hər gün cavab axtarılır, baxmayaraq ki, cavabların konturları artıq aydındır. Əgər cavablar aydındırsa, bəs onda prosesə bu qədər maraq yaradan səbəb nədir?


NATO rəsmiləri suallara soyuqqanlı tərzdə cavab verməkdə davam edirlər.


Onları başa düşmək mümkündür, siyasətdə bəzən arzularla imkanlar üst-üstə düşmür. Post-sovet məkanında indi maraqlı hadisələr cərəyan edir.


Təkcə Cənubi Qafqaz sektorunu nəzərdən keçirmək kifayətdir. Bəzilərinin artıq statik və müəyyən hesab etdiyi regionda qeyri-adi proseslər baş verir.


Gürcüstan öz planlarında irəliyə doğru daha bir addım atdı. Bir çoxları güman edirdi ki, seçkidən sonra «mənim səhvlərimdən biri Rusiya ilə münasibətlərin korlanmasıdır» - deyən Mixail Saakaşvili artıq bir qədər ehtiyatlı addım atacaq. Amma bu dəfə maraqlı situasiya yaranmaqdadır. İndi Rusiya ehtiyatlı davranmır.


NATO yeni üzvlərin qəbuluna hazırdırmı? Gürcüstana və Ukraynaya nə cavab veriləcək? Rəsmi Bakı alyansa münasibətdə hansı mövqe tutacaq? Bu suallara hər gün cavab axtarılır, baxmayaraq ki, cavabların konturları artıq aydındır…

NATO üzvləri Kosovo hadisəsinə «unikal» hadisə deyirlər. Rusiya isə bununla barışmır, MDB ərazisindəki tanınmamış respublikalara münasibətdə yeni siyasət yürüdəcəyini bəyan edir, Abxaziya və Cənubi Osetiya ilə yeni əlaqələr quracağına işarə edir. Çox güman ki, bu Rusiyanın Gürcüstana inamsızlığından yaranır. Moskva əmindir ki, sonuncunun NATO-ya inteqrasiyasını ləngidən bir detal varsa bu da NATO-nun istəyidir, Gürcüstan hər an start götürməyə hazırdır.


Ən maraqlı proseslər isə Ermənistanda baş verir. Rusiyanın Cənubi Qafqazdakı dayaqları sözün əsl mənasında sarsılır. Buradakı hadisələri «ikinci milli-azadlıq hərəkatı» adlandıran müşahidəçilər də var. Bu belədirmi? Rusiyanın Ermənistanı «forpost» adlandırması, bu respublikanın iqtisadiyyatını və siyasətini özəlləşdirməsi gec-tez əks nəticə verməli idi. İndi bu əks reaksiya özünü təzahür etdirir, baxmayaraq ki, Ermənistanda açıq şəkildə anti-Rusiya çağırışları eşidilmir.


Hadisələrə münasibətdə bəlkə də Avropa və onun ekspertləri yubanırlar. Onların ən çox çəkindikləri Rusiya Cənubi Qafqazda yad ünsürə çevrilmək üzrədir. Vaxtilə Rusiya Ukraynadakı proseslərə də təsir etmək istədi. Amma bu, mümkün olmadı. Çox güman ki, Avropa siyasətçiləri və ekspertləri bunu bilməmiş deyillər. Ancaq hansısa hiss onları çəkindirir. Bu ovqat Buxarest sammitində də özünü əks etdirəcək. Artıq Gürcüstanın və Ukraynanın NATO-ya qəbulunun qeyri-müəyyən müddətə qədər uzadılacağı bildirilir. Düzdür, bu gecikmə onunla izah edilir ki, alyansa qəbul müəyyən müddət tələb edir. Amma məqamı da əldən buraxmaq olmaz. Məqam onun əlverişli olduğunu deməyə əsas verir. Fərdi əməkdaşlıq proqramları faydalı olsa da qeyri-müəyyən elementlərdən azad deyil. Cənubi Qafqaz respublikalarına NATO ordu quruculuğu və müdafiə siyasəti sahəsində sadəcə məsləhətçi timsalında deyil, yaxın tərəfdaş kimi lazımdır. Baltikyanı respublikalar NATO-ya üzv qəbul olundular. Doğrudanmı bu respublikalar Cənubi Qafqaz dövlətlərindən ordu quruculuğu sahəsində müqayisə olunmaz dərəcədə uzağa gediblər? Bunu iddia etmək çox çətindir. Hətta ordunu yenidən qurmaq və müasirləşdirmək üçün tələb olunan resurslar belə müqayisə olunan səviyyədədirlər.


Sözsüz ki, Buxarest sammiti bütün bunları nəzərə almayacaq. NATO hələ uzun müddət Cənubi Qafqaz ölkələri ilə fərdi tərəfdaşlıq qurmağa, onların ərazisində müxtəlif seminarlar keçirməyə üstünlük verəcək. Bu isə Cənubi Qafqazda Rusiya meylli rejimlərin bərqərar olmasına, yeni Belarusların yaranmasına stimul verəcək, çünki Rusiyaya rəğbət ancaq hakimiyyətlər səviyyəsində qalıb. Hal-hazırda bunun təzahürünü Ermənistanda görürük. Bir az əvvəl isə bunu təsəvvür etmək belə mümkün deyildi.


XS
SM
MD
LG