Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 20:56

Yeni komanda, köhnə adamlar və köhnə problem


Sarkisyan böyük ehtimalla Koçaryanın siyasi kursunu və ritorikasını davam etdirəcək
Sarkisyan böyük ehtimalla Koçaryanın siyasi kursunu və ritorikasını davam etdirəcək

İndi diqqətlə izlənilən siyasi proseslərdən biri də Ermənistanda yeni hökumətin formalaşmasıdır. Bu hakimiyyətlə bağlı hər bir detal xüsusi maraq kəsb edir. Onun dayanıqılığı, əvvəlki siyasətə münasibəti, kompromis və konsensus potensialı, ölkə daxilində həmrəylik yarada bilmək imkanları, Qarabağ məsələsində yürüdəcəyi siyasət, regional proseslərə baxışı-bütün bunlar ciddi şəkildə araşdırılır. Bu hakimiyyət Ermənistan müstəqil olandan bəri ölkədə mövcud olan hakimiyyətlərin bəlkə də ən zəifidir. Cəmiyyət arasında dayaqları olmayan, diasporun müdafiəsindən məhrum olan və Rusiyaya sığınmaqdan başqa çarəsi qalmayan bu hakimiyyətin hətta nə qədər davam gətirəcəyi və siyasi həyatda qalacağı da mübahisəlidir. Hakimiyyətin, daha doğrusu, yeni kabinetin yeniliyi də şərti xarakter daşıyır-dəyişən adlar və familiyalardır, prezident də daxil olmaqla yeni kabinetin üzvləri əslində tanış və köhnə komandanın üzvləridir.


Elə bu səbəbdən yeni hakimiyyətin Dağlıq Qarabağla bağlı hansı siyasət yürüdəcəyi haqqındakı söhbətlər bir qədər təəccüblüdür. Ona görə ki, indiki prezident Serj Sarkisyan Robert Koçaryan dövründə müdafiə naziri və baş nazir olub, uzun müddət onunla birlikdə çalışıb. Serj Sarkisyan böyük ehtimalla Koçaryanın siyasi kursunu və ritorikasını davam etdirəcək. Amma bu hakimiyyətin bir özəlliyi var ki, bu da onun zəifliyidir.


Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllində irəliləyiş o vaxt ola bilər ki, Ermənistanda hakimiyyətə yeni dünyagörüşlü adamlar gəlsinlər. İndiki siyasi komanda haqqında isə bunu demək mümkün deyil

Təsadüfi deyil ki, Sarkisyanın inauqurasiya mərasimində dünyanın tanınmış simaları iştirak etmədilər. Xaricdəki ermənilər artıq Ermənistana yardımların dayandırılması çağırışları ilə çıxış edirlər. Avropa Şurası Ermənistandakı vəziyyəti müzakirə edir. Əksər ölkələrdə belə bir rəy formalaşıb ki, Ermənistanda seçkilər saxtalaşdırılıb, müxalifət təqib edilir, mətbuatın fəaliyyəti məhdudlaşdırılıb. Belə olan təqdirdə Ermənistana qarşı müəyyən təzyiqlərin ediləcəyini istisna etmək olmaz. Bəs bütün bunlar Qarabağ probleminin həllinə necə təsir edə bilər?


ABŞ-ın dövlət katibi bildirib ki, Azərbaycan və Ermənistan azacıq iradə nümayiş etdirsə problemi yaxın müddətdə həll etmək olar. Bu, xüsusilə Ermənistana yönələn bir işarədir. Bu vaxta qədər bu cür müraciətlərdə daha çox «tərəflər» sözündən istifadə edilirdi. Getdikcə aydın olur ki, problemin həlli daha çox Ermənistandan asılıdır.


Zəif hakimiyyətlə danışıqlar aparmağın sözsüz ki, müsbət və mənfi tərəfi var. Müsbət tərəfi odur ki, rəqib nə qədər zəifdirsə, daha çox özünün daxili problemləri ilə məşğuldursa onu güzəştlərə məcbur etmək bir o qədər asandır. Üstəlik, Ermənistandakı yeni siyasi elita intellektual potensial baxımından diqqəti cəlb etmir. Bu da üstünlük yarada bilən detallardandır.


Mənfi tərəfi isə belə hakimiyyətin müstəqilliyinin az olması ilə bağlıdır. Serj Sarkisyanın hakimiyyəti daha çox hərbi xuntanı xatırladır. Bundan sonra Ermənistana Rusiyanın diktəsi bir qədər də artacaq. Elə əvvəllər də Rusiya Ermənistanı açıq-aşkar özünün Qafqazdakı «forpost»u adlandırırdı. İndi isə Ermənistan Rusiyanın siyasi əyalətinə çevriləcək. Amma Ermənistan ABŞ-ın yardımından da asılı olan dövlətdir. Serj Sarkisyan hakimiyyətinin bu labirintdən necə çıxacağı hələ mübahisəlidir.


Yaxın gələcək üçün demək olar ki, Minsk prosesi davam edəcək. Bununla bağlı narahatlığa əsas yoxdur, çünki Ermənistan üçün də bundan məqbul formul və format mövcud deyil. Ən azı ona görə ki, BMT-dəki səsvermə zamanı Minsk Qrupunun həmsədrləri məlum qətnamənin əleyhinə səs vermişdilər. Sözsüz ki, bu, Ermənistanın maraqlarına cavab verir. Amma hər hansı irəliləyişin baş verəcəyini güman etmək çətindir, çünki siyasi psixologiya dəyişməyib. Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllində irəliləyiş o vaxt ola bilər ki, Ermənistanda hakimiyyətə yeni dünyagörüşlü adamlar gəlsinlər. İndiki siyasi komanda haqqında isə bunu demək mümkün deyil.


Elə bu səbəbdən müəyyən fasilədən sonra yenə də məlum Minsk Qrupu çərçivəsində üzücü danışıqlar prosesinin davam edəcəyini söyləmək olar.


Bu danışıqlar isə həqiqətən də üzücüdür, çünki nəticəsi məlum deyil. Artıq problemin yaşı iyirmi ilə çatıb. Bu isə bir nəslin ömrüdür.


XS
SM
MD
LG