Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 15:29

Cənubi Qafqaz geosiyasətin düyünündə


Bu presedent özünü daha çox Gürcüstan–Rusiya münasibətlərində təzahür etdirir
Bu presedent özünü daha çox Gürcüstan–Rusiya münasibətlərində təzahür etdirir

«Kosovo kabusu» Cənubi Qafqazda dolaşmaqdadır. İndi bu presedent özünü daha çox Gürcüstan–Rusiya münasibətlərində təzahür etdirir. İki dövlət arasında ilk baxışda ziddiyyətli proseslər baş verir. Bir tərəfdən Rusiya – Gürcüstan əlaqələri bərpa edilir, o biri tərəfdən də Vladimir Putin hökumətə tanınmamış Abxaziya və Cənubi Osetiya respublikaları ilə münasibətləri yeni fazaya çıxarmaq haqqında göstərişlər verir.


Güman etmək olardı ki, Buxarest sammitindən sonra iki ölkə arasındakı ziddiyyətlərdə bir pauza yaranacaq. Ukrayna ilə Gürcüstana sammitdə «yox» deyilməsini bir çoxları Alyansın qapılarının yaxın dövrdə bu iki ölkənin üzünə bağlanması kimi yozdular. Amma elə həmin dövrdə aydın idi ki, bu, belə deyil. Ukrayna ilə Gürcüstana böyük ehtimalla yaxın bir ildə «hə» deyiləcək. Rusiyada siyasi dairələr bunu gözəl bilirlər. Məhz elə bu səbəbdən də öz bəyanatlarına sadiq qalaraq Gürcüstanı NATO-ya Abxaziyasız və Cənubi Osetiyasız yola salmaq istəyirlər.


Rəsmi Bakı artıq məsələyə münasibət bildirib və Gürcüstanı müdafiə edəcəyini bəyan edib. Gürcüstan da öz növbəsində məsələnin BMT-də müzakirəyə çıxarılmasına çalışır. Beləcə, Cənubi Qafqaz yenidən geosiyasətin düyün nöqtəsinə düşüb.


Hələki Rusiya öz bəyanatlarında və hərəkətlərində Dağlıq Qarabağın adını çəkmir. Sözsüz ki, bunun yeganə səbəbi rəsmi Bakının NATO məsələsində ehtiyatla davranmasıdır. Amma bu ehtiyatlı davranış nə vaxta qədər davam edəcək? Hiss olunur ki, Azərbaycan bununla bağlı narahat anlar yaşayır.



Ermənistanda seçkinin zorakı yollarla keçirilməsi rəsmi Bakını bu tendensiyanı təkrar etməyə həvəsləndirir. Amma bir məsələ var ki, saxta seçkidən sonra Ermənistan tamamilə Rusiyaya sığındı. Bəs Azərbaycan nə edəcək?

Kosovodan sülhməramlılarını geri çağıran, Gürcüstanın ərazi bütövlüyünü müdafiə edən Bakı özü də bir gün Rusiyanın hədəfində ola bilər. Bu yaxınlarda BMT-də qəbul edilmiş qətnamə isə həm Bakının mövqeyini möhkəmləndirir, həm də onu arxayınlaşmamağa çağırır. Məsələ bundadır ki, Azərbaycanın da diplomatik resursları bir o qədər də böyük və tükənməz deyil. «Dünya dövlətləri Ermənistanı müdafiə edir», - indi belə bəyanatlar Bakı rəsmilərinin dilindən daha tez–tez eşidilir. ABŞ-la enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq, Qərb dövlətləri üçün neft–qaz və tranzit ölkəsi olmaq – Azərbaycanın geosiyasi resursları bunlardır. Bu resurslar təminatlı təhlükəsizlik üçün çox azdır. İndi Azərbaycanın vəziyyətini azacıq da olsa yaxşılaşdıran bir amil varsa da, bu da Ermənistanda keçirilmiş anti- demokratik seçkidir. Son prezident seçkisi Ermənistanın dünyadakı dayaqlarına ciddi şəkildə ziyan vurub. Avropa Şurasında, ABŞ Konqresində Ermənistandakı seçki problemi müzakirə edilir. Sözsüz ki, belə müzakirələr digər dövlətlərlə də bağlı keçirilib və bundan sonra da keçiriləcək. Amma burada əsas məsələ Ermənistanın indiki hakimiyyəti ilə diaspor arasındakı münasibətlərin korlanmasıdır. Bu vaxta qədər diasporun təzyiqi ABŞ hökumətini Ermənistana yardım etməyə və onu müdafiə etməyə vadar edirdi. İndi isə ABŞ-ın münasibətində bir tənqidi not özünü hiss etdirir.


Gürcüstanda və Ermənistanda seçki keçirilib və bu seçkilər öz qiymətini alıb. İndi növbə Azərbaycanındır. Oktyabr ayında Azərbaycan sınaq qarşısında dayanacaq. Prezident seçkisinin gedişi və nəticəsi dünya tərəfindən ciddi şəkildə izləniləcək. Bu seçki Azərbaycanın geosiyasi resurslarını artıra da bilər, azalda da. Azərbaycanda bu məsələ ilə bağlı düşünürlərmi? Təəssüf ki, belə hal müşahidə olunmur. Ermənistanda seçkinin zorakı yollarla keçirilməsi rəsmi Bakını bu tendensiyanı təkrar etməyə həvəsləndirir. Amma bir məsələ var ki, saxta seçkidən sonra Ermənistan tamamilə Rusiyaya sığındı. Bəs Azərbaycan nə edəcək? Daha düzgün yol bu olardı ki, Azərbaycan demokratik seçki keçirməklə özünün müttəfiqləri arasındakı mövqelərini möhkəmləndirsin.


İndi Azərbaycanda dövlət müstəqilliyi ilə bağlı eyforik dövr yaşanır, dövlət rəsmiləri tez- tez, yeri gəldi-gəlmədi, «biz müstəqil dövlətik», - deməyi sevirlər. Ancaq ən optimal yol Azərbaycanın dünyadakı yerini və rolunu nə kiçiltməmək, nə də böyütməməkdir. Fövqəl müstəqillik yoxdur. Azərbaycan bir müstəqil dövlət kimi həm digər ölkələr, həm də beynəlxalq təsisatlar qarşısında öhdəliklər daşıyır. Bu, bütün dövlətlərə aiddir. Əks tendensiya və siyasət isə sonda təcrid olunmaq deməkdir.


XS
SM
MD
LG