Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 18:20

Mətbuat fəaliyyəti getdikcə mənəvi aksiyaya çevrilir


Böhran mətbuatı öz həlqəsinə alıb
Böhran mətbuatı öz həlqəsinə alıb

Seçki ərəfəsində maraq kəsb edən məsələlərdən biri də müstəqil mətbuatın durumudur. Bir institut kimi müstəqil mətbuat indi ən ağır dövrünü yaşayır.


Bəlkə də bu, ilk növbədə onun nəticəsidir ki, mətbuat indi Azərbaycanda digər sosial–siyasi strukturlardan fərqli olaraq fəaliyyətdədir, funksiyasını inadla həyata keçirir. Mətbuata münasibət ikilidir. Bir tərəfdən o, inkar edilir, digər tərəfdən də hərtərəfli təzyiqə məruz qalır. «Jurnalist həbsxanası» adlandırılan ölkədə bu sfera ən risqli peşələrdən hesab edilir. Hazırda üç jurnalist həbsdədir. Onlarla jurnalist müxtəlif təzyiqlərə məruz qalıb.


Seçki ərəfəsində jurnalistika ilə bağlı problemlərə diqqət yetiriləcəyi güman edilirdi. Amma belə halın özü də problemdir. O mənada problemdir ki, təkcə seçki ərəfəsində hansısa problemə diqqət yetirmək, onu guya həll etməyə çalışmaq əslində ictimai rəylə manipulyasiyadan başqa bir şey olmur.


İndi Avropa Şurasının məruzəçiləri hökumətə yay sessiyasına qədər – bir ay vaxt veriblər. Bu müddətdə həbsdə olan jurnalistlər azad edilməsə, Azərbaycanla bağlı məruzənin sərt olacağını bildirirlər. Azərbaycan jurnalistləri artıq belə bəyanatlara çox pessimist yanaşırlar. Məsələ bundadır ki, Avropa Şurası da proseslərə real təsir etmək imkanında deyil. Hakim siyasi qüvvənin ideoloji çıxışlarında getdikcə totalitar notlar artır. Açıq şəkildə etiraf olunur ki, cəmiyyətin idarə olunmasında Rusiya təcrübəsi daha effektlidir. Rusiya təcrübəsi isə Azərbaycandakı vəziyyətin indiki ilə müqayisədə bir qədər də avtoritarlaşması demək ola bilər.



Qəzetlər siyasi partiyaların da funksiyalarını yerinə yetirməkdədirlər. Bu funksiya isə müstəqil mətbuata qarşı təzyiq və hücumları bir az da artırır. Bu prosesdən ən çox itirən mətbuatdır

Azərbaycanda müstəqil mətbuat bir neçə qəzetlə təmsil olunub. Bunların olmayacağı təqdirdə Azərbaycan digər avtoritar ölkələrdən, məsələn, Türkmənistandan heç nə ilə fərqlənməyəcək. Elə indinin özündə də bu iki dövləti fərqləndirən detalların sayı azalır. Əsas fərq ondadır ki, Azərbaycan Xəzərin qərbində, Türkmənistan isə şərqində yerləşir. Son vaxtlar hətta Türkmənistan belə ifrat dərəcədə avtoritar idarəçilikdən uzaqlaşmaq xətti tutub. Azərbaycan isə əksinə geriləməkdə davam edir. Ən maraqlısı budur ki, Azərbaycan Avropa Şurasının üzvüdür. Avropa dəyərləri isə ən azı siyasətdə və iqtisadiyyatda tükənmək ərəfəsindədir.


Seçkidə mətbuatın informasiya dəstəyi mühüm elementdir. Amma totalitar idarəçilik həvəskarları bunun fərqində deyillər. Mətbuat artıq özünün iqtisadi problemlərini dilə gətirmir, çünki siyasi təqiblər bunu unutdurub.


Böhran mətbuatı öz həlqəsinə alıb. Son günlərdə ölkənin əsas qəzetləri arasında bir soyuqluq, hətta çəkişmə yaşandı. Seçkiyə münasibət ən həmrəy qəzetləri belə qarşı-qarşıya qoyub. Bu da siyasi böhranın mühüm göstəricilərindən biridir.


Mətbuat fəaliyyəti getdikcə mənəvi aksiyaya çevrilir. Siyasi partiyaların da bütün fəaliyyəti mətbuat ətrafında və mətbuat üzərində qurulub. Hətta seçkinin yaxınlaşması siyasi partiyaları alternativ fəaliyyət imkanları axtarmağa sövq etmir. Ölkədə azsaylı qəzetlərin tamamilə siyasiləşməsi prosesi baş verir. Qəzetlər siyasi partiyaların da funksiyalarını yerinə yetirməkdədirlər. Bu funksiya isə müstəqil mətbuata qarşı təzyiq və hücumları bir az da artırır. Bu prosesdən ən çox itirən mətbuatdır. Partiyaların funksiyalarını yerinə yetirmək jurnalist həmrəyliyinə problemlər yaradır, jurnalistlər istər-istəməz siyasi məsələlərə baxışda müxtəlif mövqelər tutmağa məcbur olurlar. Bu isə sırf peşə həmrəyliyinə xələl gətirir.


Artıq aydındır ki, 2008-ci il əvvəlki illərdən fərqli olacaq. Seçki ili olmasına baxmayaraq, hər hansı siyasi mülayimləşmə hiss olunmayacaq. Sonuncu isə o deməkdir ki, hakimiyyətdən hər hansı güzəşt gözləməyə dəyməz. Bəzi ekspertlər seçkidən sonra vəziyyətin daha da mürəkkəbləşəcəyini qeyd edirlər. Hətta elə ola bilər ki, müstəqil mətbuatın fəaliyyəti tamamilə yasaq edilə bilər.


Hələlik isə mətbuat özünün adi fəaliyyəti ilə məşğuldur. «Seçki ili» adlanan illüziya da sona yetməkdədir. Amma hələ bir qədər vaxt var. Seçkiyə beş ay qalıb. Böyük səlahiyyətlərə malik hakimiyyət beş ay ərzində çox şey edə bilər. Hətta istəsə həbsdə olan jurnalistləri azad edə, təqibləri müvəqqəti dayandıra bilər. Amma bunu edəcəkmi? Bu sualın cavabını heç kim bilmir, çünki hər şey məmurların iradəsindən asılıdır. Məmurların iradəsini isə proqnozlaşdırmaq çətindir.


XS
SM
MD
LG