Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 23:01

Norveçdə Azərbaycan dili tədris edilir


Oslo şəhəri, 2007
Oslo şəhəri, 2007

Xaricdə yaşayıb, çalışan azərbaycanlıların hansı hüquqları var? Mənzər Cəfərova 10 ildən çoxdur ki, Norveçdə yaşayır. O, məktəbdə müəllimə işləyir. Özü də ana dili müəllimi. Amma ən maraqlısı odur ki, Mənzər xanım uşaqlara Norveç yox, Azərbaycan dilini öyrədir. Çünki çoxlu mühacirləri olan Norveç hökuməti gəlmələrin yerli cəmiyyətə daha yaxşı inteqrasiyası üçün Norveç diliylə yanaşı, öz dillərini də bilmələrini vacib sayır. Bundan ötrü gəlmələrə həftədə iki dəfə bu dildə təhsil almaq haqları verilir. Elə Mənzər Cəfərova da bu haqdan yararlananlara ana dilini öyrədir. Amma o, deyir ki, Norveçdə işə başlayan kimi hər bir əməkçiylə ilk əlaqə yaradanlardan biri də yerli həmkarlar təşkilatı olur.


Mənzər xanımla söhbətdən o da aydın oldu ki, Azərbaycanda olduğu kimi, Norveçdə də uşaq dünyaya gətirən analara məzuniyyət hüququ tanınır. Düzdür, müddətlər, şərtlər və bu hüququn adında müəyyən fərqlər var. Norveçdə bu cür məzuniyyətlər analıq yox, valideynlik məzuniyyəti adlanır. Həmin məzuniyyətdən isə hər iki valideyn istifadə edə bilər.


Ataların məzuniyyətə çıxmasıyla bağlı bir maraqlı faktı da deyək. Norveçdə valideynlər bu hüquqdan yararlanmağın maraqlı üsulunu tapıblar. Bu ölkədə qadının işləyib, kişinin evdə uşağa baxması Azərbaycandakı kimi anormal sayılmır. Ər və arvaddan kimin maaşı çoxdursa valideynlik məzuniyyətinə də o çıxır. Nəticədə ailə büdcəsi daha çox qazanır. Üstəlik, ata məzuniyyətə çıxırsa, bu zaman onun məzuniyyət müddətinə də həvəsləndirmə tədbiri kimi dövlətin hesabına bir-iki həftə əlavə olunur.


Amma Norveçdə işçilərin hüquqları bununla məhdudlaşmır. Bu ölkədə çalışanlar işdə nədənsə narazı qalanda tətil edib məqsədlərinə nail olmaq üçün sivil mübarizə də apara bilirlər. Elə Mənzər xanım da çalışdığı məktəbdəki müəllimlərlə bir yerdə az əvvəl 10 günə yaxın tətildə iştirak edib. Azərbaycancandakı tətillərdən fərqli olaraq, buna görə burda heç kimi işdən çıxarmayıblar.


Bəs Amerikada əməkçilərin hansı haqları var? Vaşinqtondakı həmkarımız Qorxmaz Əsgərov deyir ki, ABŞ-da pensiya məsələsində durum Avropadakından fərqlənir. Burda dövlətin verdiyi pensiya təxminən 800-1000 dollar civarında olur. Amma işçilər özəl pensiya fondlarına da müəyyən vəsait yatıra bilərlər. Sonra həmin fondlar işçi pensiyaya çıxanda ona əlavə müavinət ödəyir.


XS
SM
MD
LG